Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3048/2021 06.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məmmədli Elnurə Həbib qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə) manelərin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 25F ünvanında yerləşən fərdi yaşayış evindən 20 sm-lik boru ilə çəkilmiş kanalizasiya xəttinin sökülməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında olan razılaşmaya əsasən o, 127.000 manat pul ödəyərək cavadehdən Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsi Sulutəpə yaşayış sahəsi R.Allahverdiyev küçəsi 25F-də yerləşən 600 kv.m. sənədli, 100 kv.m. isə sənədsiz torpaq sahəsini satın almışdır. Bununla bağlı onun həyat yoldaşı X4 ilə cavabdeh arasında xx xxxx 2018ci il tarixli alqı-satqı (beh) müqaviləsi bağlanmış və cavabdehə 5.000 manat pul ödənilmişdir. Daha sonra cavabdehə əlavə olaraq nağd qaydada 2.000 manat pul ödənilmişdir. Bundan sonra, onunla cavabdeh arasında notarial qaydada təsdiq olunan AN-10695735 saylı,xx xxx 2018-ci il tarxli alqı satqı müqaviləsi imzalanmış və bank vasitəsilə cavabdehə 120.000 manat da pul ödənilmişdir. Alqı-satqı zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsinin relyefinə görə kanalizasiya xətti ancaq cavabdehin zəbt etdiyi qonşu torpaq sahəsindən keçməklə ümumi kanalizasiya sisteminə qoşula bilər. Cavabdeh onun zəbt etdiyi torpaq sahəsinin qıraq hissəsindən, torpağın altından 20 metr uzunluqda kanalzasiya xəttinin çəkilməsinə görə də əlavə olaraq ondan 1.500 manat nağd pul, 500 manat dəyərində armatur və iki yük maşını dolu mişar daşı almışdır. O, torpaq sahəsini cavabdehdən məhz ona görə satın almışdır ki, cavabdeh kanalizasiya xəttinin onun zəbt etdiyi torpaq sahəsindən keçməsinə razılıq vermişdir. O, aldığı torpaq sahəsində fərdi yaşayış evi tikdirmiş və əlavə vəsait sərf edərək 20 sm-lik boru ilə cavabdehin zəbt etdiyi torpaq sahəsinin kənarı ilə torpağın altından tikdiyi binanın kanalizasiya xəttini çəkərək ümumi kanalizasiya xəttinə qoşulmuş, “xxxx” ASC ilə “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair” xx xxx 2020-ci il tarixli müqavilə bağlamışdır. Sonradan cavabdeh ondan əlavə pul əldə etmək məqsədilə kanalizasiya xəttini dağıdacağını bildirmiş, onun ailə üzvlərini vaxtaşırı narahat etmişdir. Sonuncu dəfə cavabdeh xx xxxxxx 2021-ci il tarixdə özünə məxsus ********** saylı telefonla anası X1 adından göndərdiyi mesajda onun qaynatasını təhqir edərək onu “qaniçən” adlandırmış, qayınları barədə şantaj xarakterli ifadələr işlətmiş, sonra da öz həyətindən atdığı daşla onun evinin pəncərəsinin şüşəsini sındırmışdır. Torpaq sahəsinin relyefinə görə onun cavabdehin zəbt etdiyi torpaq sahəsinin kənar hissəsi ilə çəkdiyi kanalizasiya xəttini başqa ərazidən çəkməsi mümkün deyil. Qanunun tələbinə görə iddiaçı servitut hüququ ilə cavabdehin zəbt etdiyi torpaq sahəsinin bir hissəsindən istifadə edə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, o, cavabdehlə qonşuluq münasibətlərini pozmaq istəmir, ona görə də cavabdeh iddiaçıya məxsus kanalizasiya xəttini sökməməsi şərti ilə özü də həmin xəttə qoşula bilər. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, o, iddianı qəbul edir. İddiada qeyd edilən torpaq sahəsi onun mərhum atasına məxsus olmaqla, onun yaşadığı fərdi yaşayış evinin arxa həyətidir. O, iddianın etiraf edilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsinə hər hansı etirazı yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 25F saylı ev xüsusi mülkiyyət hüququ ilə xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan xx xxxx 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, bu müqavilə müəssisənin su təchizatı sisteminin istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə Dövlət standartının tələblərinə uyğun məişət (təsərrüfat) – içməli və istehsalat məqsədli suyun təchizatı,tullantı sularının kanalizasiya sisteminə qəbulunu, təmizlənməsini və suyun axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1-cu maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığına və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə qəbul edilməli, iddia təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 25F ünvanında yerləşən fərdi yaşayış evindən 20 sm-lik boru ilə çəkilmiş kanalizasiya xəttinin sökülməsi Cavabdeh qadağan edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 25F ünvanında yerləşən fərdi yaşayış evindən 20 sm-lik boru ilə çəkilmiş kanalizasiya xəttinin sökülməsi Cavabdeh qadağan edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3048/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3048/2021
06.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver