Məhkəmə qərarları › İş №2(001)-3058/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3058/2021

30.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3058/2021 30.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Təbiətin Mühafizəsi İdarəsinin inzibati binasında cavabdehin istifadəsində olan 3 otaqlı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, onların ataları Cavabdeh ilə anaları X1 1997-ci ildə birgə nikaha daxil olmuşlar və Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Təbiətin Mühafizəsi İdarəsinin inzibati binasında yaşamaqla birgə təsərrüfatı idarə etməyə başlamışlar. Onlar həmin ünvanda anadan olmuş, onların uşaqlıq, yetkinlik və cavanlıq illəri həmin ünvanda keçməklə, böyüyüb boya-başa çatmışlar. Lakin, valideynlərinin münasibətləri pozulduğundan, onlar məhkəmə qaydasında boşanmışlar. Boşandıqdan sonra isə ataları Cavabdeh onları qeyd olunan ünvanda yaşamağa imkan verməmiş və hazırda da həmin mənzilə buraxmamaqdadır. Dəfələrlə mənzilə qayıtmaqlarını tələb etsə də heç bir nəticə əldə edə bilməmişdir. Bununla da cavabdeh tərəfindən onların mənzil hüquqları pozulmuş, sonda isə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddiasını müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, anası və digər iddaçı olan bacısı ilə birlikdə 7-8 ildir ki, Hökməli qəsəbəsində inşa edilmiş fərdi yaşayış evində yaşayırlar. Valideynlərinin nikahı pozulandan sonra da həmin ünvanda yaşamağa davam etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddiasını müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçılar mübahisəli yaşayış sahəsində qeydiyyatdadırlar. İddiaçının bildirdiyinə görə, o, iki ilə yaxındır ki, Hökməli qəsəbəsində inşa edilmiş fərdi yaşayış evində yaşayır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, 1998-ci ildə ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Təbiətin Mühafizəsi İdarəsinin inzibati binasında yerləşən evə köçmüşlər. Daha sonra 2012-ci ildə keçmiş həyat yoldaşının adına Hökməli qəsəbəsində fərdi yaşayış evi inşa etmiş, 2013-cü ildən isə həmin fərdi yaşayış evinə köçmüşlər. 2018-ci ildə həyat yoldaşından ayrılsa da, Hökməli qəsəbəsində yerləşən evi 2020-ci ilin yanvar ayında tərk etmişdir. Həmçnin ona verilmiş suallara cavab olaraq bildirdi ki, Təbiətin Mühafizəsi İdarəsinin inzibati binasında mühafizə otağına ayrıca iki otaq əlavə etməklə ev kimi istifadə edir. O, yenidən ailə qurmaq niyyətindədir. O, Hökməli qəsəbəsindəki evi keçmiş həyat yoldaşı və uşaqları üçün buraxmaqla tərk etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respubliksı Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binəqədi sektoru tərəfindən verilmiş 02 fevral 2021-ci il tarixli 952 və 953 nömrəli arayışlardan görünür ki, İddiaçı2 və İddiaçı1 Füzuli rayonundan məcburi köçkün kimi 6-cı mikrorayon, Təbiətin Mühafizəsi İdarəsinin inzibati binasında kommunal qeydiyyatdadırlar. AZ-İ seriyalı 306503 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında olan nikah 22 dekabr 2018-ci il tarixdə ləğv edilmişdir. 02 mart 2021-ci il tarixli saylı ödəniş qəbzinə əsasən, İddiaçı1 iddianın məhkəmədə qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiyası Qanununun 13.1-ci maddəsinin tələbinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçılar cavabdehin övladlarıdır, onlar ailəvi olaraq 1998-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Təbiətin Mühafizəsi İdarəsinin inzibati binasında məskunlaşmış, daha sonra Hökməli qəsəbəsində fərdi yaşayış evi inşa etmiş və 2013-cü ildən isə həmin fərdi yaşayış evinə köçmüşlər. Daha sonra cavabdehin nikahı pozulmuş və o, Təbiətin Mühafizəsi İdarəsinin inzibati binasına qayıdaraq orada yaşamağa bağlamışdır. Hazırda iddiaçılar həmin sahəyə köçmək istəyirlər, cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə, mübahisəli hüquq münasibətlərinin 1998-ci ildə yarandığını nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıda qeyd olunan maddi hüquq normaları analogiya üzrə tədbiq edilməlidirlər. Belə ki, həmin Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İş materiallarından müəyyən olunduğu kimi, iddiaçılar artıq bir neçə ildir ki, Hökməli qəsəbəsində inşa edilmiş fərdi yaşayış evinə köçmüş və hal-hazırda da anaları ilə birlikdə həmin evdə yaşayırlar. Belə olan halda, məhkəmə mənzil qanunvericiliyinin yuxarıda göstərilən normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçıların hazırki iddiları təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar