Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3122/2025 18.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsi və sistemdə yazılmış əmək stajının silinməsi; əgər ona hər hansı vegi borcu və ya digər maliyyə öhdəlikləri yazılıbsa, onların silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, onun məlumatı və razılığı olmadan Cavabdeh MMC şirkətində rəngsaz vəzifəsində rəsmi şəkildə işçi kimi qeydiyyata alınmışdır. Bu müddət ərzində o, həmin müəssisədə heç bir iş görməmiş və əmək haqqı almamışdır. Bu fakt onun xəbəri olmadan baş vermiş və qanunsuz olaraq adı qeydiyyata alınmışdır. Bundan əlavə, onun bu müəssisədə işçi kimi qeydə alınmağı səbəbindən başqa iş yerinə rəsmi olaraq qəbul olunma imkanı məhdudlaşmışdır. Bunun nəticəsində maddi ziyan çəkmişdir. Göründüyü kimi iddiaçının tələbi qeyri-müəyyən olmaqla əldə etməyə çalışdığı hüquqi nəticəyə uyğun deyildir. Belə ki, iddiaçı tərəflər arasında əslində hər hansı əmək müqaviləsinin bağlanmadığına əsaslanaraq cavabdehin hərəkətlərinin qanunsuzluğunu iddia etsə də, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş edir. Hansı ki, müqavilənin ləğvi onun həqiqətən bağlandığı faktından irəli gəlir. Bundan başqa iddiaçı ikinci tələbində ehtimala əsaslanan tələb irəli sürmüşdür, halbuki Mülki-prosessual qanunvericiliyin mənasına görə iddiaçının tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür və bir qayda olaraq, tələb iddia ərizəsində konkret formada ifadə olunmalıdır. Tələbin konkret göstərilməsinin zəruriliyi həmçinin ondan irəli gəlir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi fakt və halları və onları təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməlidir. Yəni iddiaçı ərizəsində istinad etmədiyi fakt və hallarla bağlı tələb irəli sürə bilməz. Lakin iddia ərizəsinin əsaslandırılmasından da aydın olduğu kimi iddiaçı mövcudluğu özünə də məlum olmayan öhdəliyin pozulması tələbini irəli sürmüş və bununla bağlı hər hansı fakta və hala istinad etməmişdir. Odur ki, aşağıda göstərilən normalara əsasən iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya nöqsanları aradan qaldırmaqla məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3122/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3122/2025
18.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver