Məhkəmə qərarları › İş №2(001)-3133/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-3133/2021

26.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3133/2021 26.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbi barədə mülki işə 26 aprel 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun cavabdehlə birgə nikahlarından olan 30 sentyabr 2009-cu il təvəllüdlü X2 və 14 yanvar 2011-ci il təvəllüdlü X1 adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, cavabdehlə 02 may 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 30 sentyabr 2009-cu il təvəllüdlü X2 və 14 yanvar 2011-ci il təvəllüdlü X1 adlı uşaqları vardır. Hal-hazırda cavabdehlə aralarındakı nikahın pozulması tələbinə dair iddia ərizəsinə məhkəmə qaydasında baxılmaqdadır. O, cavabdehlə ailə qurduqdan sonra Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, bütün cehiz əmlakını da həmin evə yerləşdirmişdir. Sonradan həmin ev satılmış, bir neçə ayrı ünvanlarda yaşadıqdan sonra hazırki iddia tələbində göstərilən mənzilə köçmüşlər. Hazırda onun cehiz əmlakı da sözügedən evdədir. O özü, eləcə də uşaqları həmine evdə qeydiyyatdadırlar. Cavabdehlə ailə münasibətləri pozulduğundan sonuncu valideynləri ilə birlikdə ona həmin evdə yaşamağa imkan vermirlər. O, məcburiyyətdən anası ilə yaşamalı olmuş, buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarıının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materiallarında olan: - DİN-in BPMQİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli arayışlardan görünür ki, iddiaçı ilə cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. - Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 30 sentyabr 2009-cu il təvəllüdlü X2 və 14 yanvar 2011-ci il təvəllüdlü X1 adlı uşaqları vardır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43.1-ci maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd olunan konstusion normanın tələbinə əsasən yaşayış sahəsinə köçürülmə ilə bağlı iddialara mahiyyəti üzrə baxılarkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: - şəxs köçürülmək istədiyi yerdə yaşamışdırmı? - şəxs yaşadığı yerdən məhrum edilmişdirmi? - şəxsin yaşadığı yerdən məhrum edilməsi qanuni olmuşdurmu? İddiaçının mübahisə predmeti olan özbaşına tikilidə yaşaması, yaşadığı yerdən məhrum edilməsi və bunun qanuni olmaması işin halları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Odur ki, məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqlar da iddiaçı ilə birlikdə iddia tələbində göstərilən mənzilə köçürülməlidirlər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmamış 30 sentyabr 2009-cu il təvəllüdlü X2 və 14 yanvar 2011-ci il təvəllüdlü X1 adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülsün. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar