Məhkəmə qərarları › İş №2(001)-3153/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3153/2021

23.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3153/2021 23.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi,vəkil X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “məcburi iş buraxmaya görə əmək haqqının, maddi-mənəvi zərərin əvəzinin, çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış sonuncu əmək müqaviləsinə əsasən tutduğu vəzifədə əmək funksiyalarının icrasına buraxılmağı, məcburi işdən kənarlaşdırılan dövr üçün 2020-ci ilin iyun ayından hesablanmaqla 8 ay üzrə(iyun 2020-fevral 2021) 6136 manat(8X767=6136) ödənilməmiş əmək haqlarının, 613 manat vurulmuş maddi zərərin, 500 manat vurulmuş mənəvi zərərin əvəzinin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək məhkəmədən 2020-ci ilin iyun ayından hesablanmaqla 2021-ci ilin aprel ayına kimi müqavilə üzrə ödənilməmiş əmək haqlarının hər ay üçün 767 manat olmaqla, cəmi 11 ay üçün 8437 manatın və gecikdirilmiş əmək haqqı üçün illik 6.5 %(AR Mərkəzi bankının 2020-2021-ci il üçün uçot dərəcəsi) 502.7 manat vurulmuş maddi zərərin və 150 manat hüquqi xidmətlər üçün çəkilmiş xərcin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən edilir ki, 07 mart 2018-ci il tarixli, 18/2368 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də anbardar vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 3 ayı sınaq müddəti olmaqla müddətsiz bağlanmışdır. Əmək müqaviləsində əmək haqqı 140 manat müəyyən edilmişdir. 06.02.2019-cu il tarixdən Əmək müqaviləsinə dəyişiklik edilərək 06.02.2019-cu il tarixdən İddiaçı əmək haqqı ştat cədvəlinə uyğun olaraq 767 manat müəyyən edilmişdir. Əmək müqaviləsinin elektron bildirişindən görünür ki, əmək müqaviləsi qüvvədədir. “Paşa Bank”-ın 01.05.2019- 26.01.2020-ci il dövrü üçün hesabdan çıxarış məlumatlarından müəyyən edilir ki, İddiaçı sonuncu dəfə 2020-ci ilin iyun ayı üçün 242.82 manat əmək haqqı ödənilmişdir. İddiaçı və onun nümayəndəsi həm iddia ərizəsində, həm də məhkəmə iclaslarında bildirirlər ki, 2020-ci ilin iyun ayında iddiaçıya bildirilmişdir ki, bir müddət işlər azaldığı üçün hələlik məzuniyyətə getsin, bundan sonra işə nə vaxt qayıdacağı barədə soruşduqda natamam cavablar almış, konkret olaraq işə çıxacağı vaxt barədə məlumat verilməmişdir. Bir müddətdən sonra işdən xəbərsiz olaraq azad edildiyindən şübhələnmiş və dəfələrlə kadr məsələlərinə baxan şəxslərə şifahi müraciət etmişdir. Lakin onu nə işə buraxmışlar, nə də konkret olaraq işdən azad edildiyinə dair məlumat verməmişlər. O da rəhbərliklə münasibətlərini korlamamaq üçün həmin vaxt heçnə etməmiş və mütəmadi olaraq işə çıxması barədə məlumat tələb etmişdir. Lakin nə kadrlar idarəsindən, nə də işlədiyi yerdən ona işə çıxması barədə tələb irəli sürməmiş və onun da işə qayıtmasına mane olmuşlar. Həmin müddət ərzində o əmək haqqı almamış və ailə vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Artıq həmin idarədə olanlardan sonra işləyə bilməyəciyini və yalnız məcburi iş buraxmaya görə əmək haqqını və bank uçot faizi ilə zərəri tələb edir. Cavabdeh tərəf məhkəmə iclaslarında iddianı qəbul etmədiyini bildirmişdir. Belə ki, şəxsi işdən azad etmədiklərini, şəxsin özünün uzun müddət işə çıxmadığını bildirmişlər. Ona heç kimin mane olmadığını, o cümlədən onun işlədiyi anbara deyil, niyə inzibati binanın olduğu yerə gedərək işə buraxılmasını tələb etməsini anlaya bilməmişlər. Həmin anbarın rəisinə rəhbərlik tərəfindən iddiaçının işə buraxılmamağı barədə göstəriş vermədiklərini bildirmişlər. Şəxs tələb etdiyi müddət üçün işə çıxmadığından ona haqlı olaraq əmək haqqı ödənilməmişdir. Belə ki, işləmədiyi dövr üçün işçi əmək haqqı tələb edə bilməz. Məhkəmənin işçinin uzun müddət ərzində işə çıxmamasına baxmayaraq, əmək münasibətlərinə hansı səbəbdən xitam verilmədiyi sualına cavabdehin nümayəndəsi cavab olaraq bildirmişdir ki, bu onların hüququdur, vəzifəsi deyildir. Eyni zamanda məhkəmə prosesləri gedişində tərəflərə təklif olunmuş barışıq üçün, cavabdehin nümayəndəsi əvvəlki dövr üçün əmək haqqı ödənilməyəcəyi halda iddiaçının işə çıxmasına etiraz etməyəcəklərini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin halları ilə təsdiq olunur ki, iddiaçının əmək müqaviləsi qüvvədədir amma 2020-ci ilin iyun ayına məzuniyyətə getdikdən sonra işə çağırılmamış və ona əmək haqqı ödənilməmişdir. İşəgötürən işçinin uzaqlaşdırılmadığını bildirsə də, həmin dövrdən təqribən 9 ay üçün(iddia ərizəsi məhkəməyə daxil olana kimi) işçiyə əmək haqqı ödənilməmiş, işçidən işə çıxması tələb edilməmiş və işçi ilə əmək münasibətlərinə xitam verilməmişdir. Bu fakt özlüyündə işçinin iradəsi əleyhinə işə çıxa bilmədiyini təsdiq edir. Yəni əgər işçi faktiki olaraq işə gəlmirsə, işəgötürən isə işçiyə əmək haqqı ödəmir və işə çıxma barədə hər hansı maneə törətmədiyini bildirirsə, o cümlədən işəgötürən işçidən işə çıxmasını tələb etmirsə, əmək münasibətlərinə xitam verildiyi halda həmin dövr üçün əmək haqqının ödənilməməsinin səbəbini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə həmin dövr üçün əmək haqqı ödənilməməsinin üzrlü səbəbinə dair hər hansı sübut təqdim edə bilməmiş, bunu işçinin həmin dövrdə işləmədiyi və əmək münasibətlərinə xitam verməyin onun hüququ olduğunu bildirməklə kifayətlənmişdir. Bu isə mübahisəni ədalətli həll etməli olan məhkəmə üçün kifayətedici hesab edilə bilməz və hüquqdan sui istifadə kimi qiymətləndirilməlidir. Belə ki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, işçinin iradəsi əleyhinə işə cəlb olunmadığı müddət onun işdən kənarlaşdırılması kimi qiymətləndirilməli və həmin dövr məcburi iş buraxma deyil, boşdayanma hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsində qeyd edilmişdir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 154-cü maddəsində əmək haqqının anlayışı verilmiş və qeyd edilmişdir ki, Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Göründüyü kimi məcburi iş buraxma dövrü işçi ilə əmək münasibətlərinə qanunsuz olaraq xitam verildiyi gündən işə bərpa edildiyi günədək olan dövrü əhatə edən anlayışdır. Eyni zamanda əmək haqqı işçinin gördüyü işə görə ödənilən məbləğdir. Lakin hazırki mübahisədə işçi ilə əmək münasibətlərinə xitam verilməmiş və işçi faktiki olaraq hər hansı iş görməmişdir. Həmin Məcəllənin 62-ci maddəsində işəgötürənin mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilməsinin halları müəyyən edilmişdir. Lakin hazırki mübahisədə həmin halın mövcudluğu müəyyən edilmir. Həmin maddənin 5-ci bəndində qeyd edilmişdir ki, işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Bundan başqa həmin Məcəllənin 149.2-ci maddəsində qeyd edilmişdir ki, işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169-cu maddəsində isə qeyd edilmişdir ki, Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Yuxarıda göstərilənlərə əsasən işçinin iradəsi əleyhinə işdən kənarlaşdırıldığı və əmək haqqı almadığı nəzərə alınarsa, ona 2020-ci ilin iyun ayından 2021-ci ilin aprel ayınadək boşdayanma qaydasında tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarda əmək haqqı ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, vəzifə maaşı və.s tutulmalar, o cümlədən 2020-ci ilin iyul ayında ödənilən məbləğ və.s hallar ştat cədvəlinə uyğun olaraq hesablanmalı olduğundan, həmin məbləğ icra qaydasında müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin bank uçot dərəcəsi faizi ilə pulun tutulması hisəsində də iddianı qismən əsaslı hesab edir. Belə ki, iddiaçı ona ödənilməyən əmək haqqının cəminin Mərkəzi Bankın 2020- 2021-ci illər üçün müəyyən etdiyi uçot dərəcəsi(6.5%) ilə tələb etsə də, məhkəmə hesab edir ki, həmin məbləğ Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq 5%-lə müəyyən edilməlidir. Əmək Məcəlləsinin 172.5-ci maddəsində qeyd edilmişdir ki, Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 288-ci maddəsində qeyd edilmişdir ki, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması fərdi əmək mübahisələrinin predmetidir. Bu normaların məzmunundan göründüyü kimi əmək qanunvericiliyi fərdi əmək mübahisəsi hesab olunan məsələlərlə bağlı əmək haqqının gecikdirilməsinə görə xüsusi faiz dərəcəsi müəyyən etməmişdir. Bu səbəbdən həmin məsələyə qiymət verilməsi üçün Mülki Məcəlləyə istinad edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsində qeyd edilmişdir ki, Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki qanunvericilik isə pul məbləğinin gecikdirilməsinin nəticələri ilə bağlı iki halı təsbit etmişdir. Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsində qeyd edilmişdir ki, Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. İddiaçı da bu hala istinad edərək bank uçot dərəcəsi ilə cavabdehdən pul tələb edir. Lakin məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ondan tələb olunan əmək haqqını saxlamaqla ondan fayda götürməsinə dair hər hansı sübut təqdim etməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, həmin mövqə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09.07.2009-cu il tarixli qərarında öz əksini tapmışdır. Lakin məhkəmə hesab edir ki, həmin məbləğ Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tutula bilər. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd edilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bu baxımdan məhkəmə hesab edir ki, 2020-ci ilin iyun ayından 2021-ci ilin aprel ayınadək boşdayanma qaydasında tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarda tutulmalı olan məbləğin 5 faizi miqdarda da əlavə vəsait iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmənin bu mövqeyi Əmək Məcəlləsinin 290.2-ci maddəsinin tələbinə də uyğundur. Həmin normada qeyd edilmişdir ki, işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 07 mart 2018-ci il tarixli, 18/2368 nömrəli əmək müqaviləsi(əlavələr nəzərə alınmaqla) üzrə 2020-ci ilin iyun ayından 2021-ci ilin aprel ayınadək boşdayanma qaydasında tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarda əmək haqqı və həmin vəsaitin 5 faizi miqdarda pul məbləği İddiaçı xeyrinə tutulmalı,iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hüquqi yardıma görə 150 manat xərcin cavabdehdən tutulması hissəsində tələbi əsaslı hesab etmir. Belə ki, çəkilmiş xərclə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 07 mart 2018-ci il tarixli, 18/2368 nömrəli əmək müqaviləsi(əlavələr nəzərə alınmaqla) üzrə 2020-ci ilin iyun ayından 2021-ci ilin aprel ayınadək boşdayanma qaydasında tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarda əmək haqqı və həmin vəsaitin 5 faizi miqdarda pul məbləği İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar