Məhkəmə qərarları › İş №2(001)-3179/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3179/2021

20.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3179/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun olmamış hesab edilməsi barədə iddia ərizəsinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bacısı Cavabdeh1, bacısı oğlu Cavabdeh2 himayəsində olan yetkinlik yaşına çatmamış uşağı X1 ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, 8-ci mkr., Azadlıq pr., 22\182 saylı evin 40 saylı mənzildən istifadə hüquqlarının olmamış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 2006-cı ildə bacısı Cavabdeh1 özünə məxsus mənzili satmış, ondan iddia ərizəsində göstərilən mənzilə formal qeydiyyata düşmələrinə icazə verməyi xahiş etmişlər. O, buna etiraz etməmiş və həmin vaxtdan cavabdehlər ona məxsus evə qeydiyyata alınsalar da, bir gün belə həmin evdə yaşamamışlar. Hazırda cavabdehlərin ona məxsus evdə qeydiyyatda qalmaları ona mülkiyyət hüquqlarının həyata keçirilməsində maneələr yaratdığından o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışlar. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdehlər iddianı qəbul etdiklərini bildirmişlər. Mülki işin materiallarında olan: - ÖM seriyalı, 156139 nömrəli “qeydiyyat vəsiqəsi”ndən görünür ki, Bakı şəhəri, 8-ci mkr., Azadlıq pr., 22\182 saylı evin 40 saylı mənzili xx xxxx 2003-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti MTKB-nin 1 saylı MKİS tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli, 178 nömrəli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 2006-cı ildən, Cavabdeh2 yetkinlik yaşına çatmamış uşağı 2014-cü il təvəllüdlü X1 doğulduğu vaxtdan iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; - 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; - 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; - 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 228.5-ci maddəsində, Mənzil Məcəlləsinin 30-cü maddəsində və buna uyğun olaraq Konstitusiya Məhkəməsinin aidiyyəti Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", "qohumluq" və "digər şəxslər" prizmasından yanaşılır. Eyni yanaşma qismən Mülki Məcəllənin 228.1-ci maddəsində də müşahidə olunur. Belə ki, bu maddədə "ailə üzvləri" məfhumu ilə yanaşı "digər şəxslər" məfhumu da təsbit edilmişdir və Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən digər şəxslər, bir mənalı olaraq yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə qeydiyyata alınmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin tələbləri baxımından onların vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onların qeydiyyata alınmaları həmin mənzildən istifadə hüquqlarının yaranması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 himayəsində olan yetkinlik yaşına çatmamış uşağı X1 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, 8-ci mkr., Azadlıq pr., 22\182 saylı evin 40 saylı mənzildən istifadə hüquqları olmamış hesab edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 himayəsində olan yetkinlik yaşına çatmamış uşağı X1 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, 8-ci mkr., Azadlıq pr., 22\182 saylı evin 40 saylı mənzildən istifadə hüquqları olmamış hesab edilsin. Bu qətnamə Cavabdeh1 və Cavabdeh2 himayəsində olan yetkinlik yaşına çatmamış uşağı X1 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, 8-ci mkr., Azadlıq pr., 22\182 saylı evin 40 saylı mənzildən pasport qeydiyyatından çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar