Məhkəmə qərarları › İş №2(001)-3221/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3221/2022

20.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3221/2022 20.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğum akt qeydinin bərpa edilməsi, onun xx.xx.1958-ci il tarixdə anadan olması, atasının X5, anasının X6ması faktını müəyyən etməklə həmin aktda göstərilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, X5 onun atası, X7 isə onun anası olmuşdur. Onlar ümumilikdə 6 uşaq olmuşlar. 01 yanvar 1952-ci il təvəllüdlü qardaşı Nəriman, 15 avqust 1953-cü təvəllüdlü bacısı Rozmari, 06 oktyabr 1956-cı il təvəllüdlü qardaşı Arif və o, Ermənistan Respublikasının Sisiyan rayonunda anadan olmuşlar və rəsmiləşdirmə tələb olunan səviyyədə aparılmadığından onların soyadı babalarının adına uyğun Nərimanov olmuşdur. Sonradan onlar Bakı şəhərinə köçmüşlər və 06 avqust 1962-ci il təvəllüdlü qardaşı Rüstəm və xx xxx 1964-cü il təvəllüdlü bacısı Məryəm artıq Bakı şəhərində anadan olmuşdur. Bu səbəbdən onlar atalarının soyadına uyğun olaraq Hüseynov kimi qeydiyyata alınmışdılar. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin kiçik qardaşıdır. Onun atası X5, anası X4. Onun ailəsi Ermənistan Respublikasının Sisiyan rayonunda yaşamış və 1960-cı illərin əvvəllərində Azərbaycan Respublikasına köçmüşlər. O və bacısı Şahid2 artıq Bakı şəhərində anadan olmuşlar və onların doğumu qeydə alınan zaman soyadları atalarının soyadına uyğun “Hüseynov” kimi qeyd edilmişdir. Lakin ondan böyük qardaşları Nəriman, Arif və ərizəçi Rafiq, habelə bacıları Rozmari babalarının adına uyğun olaraq “Nərimanov” soyadını daşımışdılar. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş Şahid2 məhkəməyə verdiyi ifadəsində ərizəçinin bacısı olduğunu bildirmiş və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin lazımi qaydada xəbərdar edilməsini nəzərə alıb, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini, habelə şahidlərin ifadəsini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verib, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikası, Sisiyan rayonunda doğulmuşdur. Ərizəçi hazırda ünvan 1 ünvanında pasport qeydiyyatındadır və bu ünvanda yaşayır. Şəxsiyyət vəsiqəsinə əsasən atasının adı Mikayıldır. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmiş və bu səbəbdən doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin şöbə doğum akt qeydinin bərpa edilməsi üçün kifayət qədər əsas olmadığından doğum akt qeydinin bərpa edilməsindən imtina etmiş və ona məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ərizəçi də məhkəməyə müraciət edərək, onun, yəni Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunda doğulması, atasının X5, anasının X6ması faktının müəyyən edilməsini və buna uyğun olaraq ona aid doğum akt qeydinin bərpa edilməsini xahiş edir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Bu sənədin alınması ərizəçiyə bir sıra hüquqi məsələlər üçün lazımdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 və Şahid2 müvafiq olaraq ərizəçinin qardaş və bacısı olduqlarını, atalarının X5, analarının X1 bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Qərarın 1.6-cı bəndində isə məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə əldə edə bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə valideynləri öldükdən sonra yaranmış bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Belə ki, ərizəyə əlavə edilmiş və ərizəçi tərəfindən valideynləri olduğu bildirilən X5 xx.xx.2021-ci il tarixdə, X7 isə xx.xx.2021-ci il tarixdə ölmüşdür. Ərizəçinin xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının, Sisiyan rayonunda doğulması, atasının X5, anasının isə X6ması araşdırma zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Hər bir halda, ərizəçinin soyadı Nərimanov olsa da, iş materialları, o cümlədən cinayət məsuliyyəti haqqında xəbərdar edilməklə iltizama imza etmiş şahid ifadələri (şahidlərin, habelə ərizəçinin Arif adlı qardaşının oğluna məxsus doğum haqqında şəhadətnamələrlə) ilə X3 onun atası, X7 isə onun anası olması öz təsdiqini tapır. Bu şəxslərə aid bütün sənədlər məhkəməyə məhz ərizəçi tərəfindən təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1958-ci il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunda doğulması, atasının X5, anasının X6ması faktı müəyyən edilməli, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi və ona doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1958-ci il tarixdə Ermənistan Respublikasının Sisiyan rayonunda doğulması, atasının X5, anasının X6ması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi və ona doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar