Məhkəmə qərarları › İş №2(001)-3276/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3276/2020

26.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3276/2020 26.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslanırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, keçid 1410, 3215-ci məhəllə ev 2A, 50 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur .Hal-hazırda qeyd olunan mənzil iddiaçının adına sənədləşdirilmiş və onun mülkiyyətindədir. İddiaçı uzun müddətdir ki, həmin mənzildə yaşayır. Lakin cavabdehlər xx.xx.1969 təvəllüdlü Cavabdeh1, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh3 həmin mənzildə formal olaraq pasport qeydiyyatında qalmaları bir mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Belə ki, cavabdehlər faktiki olaraq xeyli müddətdir ki, həmin mənzildə yaşamırlar. Mənzilin bütün kommunal xərclərini iddiaçı ödəyir, cavabdehlərin əvəzinə artıq olaraq kommunal xidmət xərcləri ödəmək iddiaçı üçün böyük maddi çətinliklər yaradır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, Cavabdeh1 onun qızıdır, digər cavabdehlər isə nəvələri. Mübahisəli mənzilə dair onun adına çıxarış 2011-ci ildə alınsa da, onlar ailəlikcə həmin mənzildə 80-ci illərdən yaşayırlar. Cavabdeh1 otuz ilə yaxındır ki, daimi yaşamaq üçün Rusiya Federasiyasına köçüb gedib. Ailə üzvləri də həmçinin Rusiya Federasiyasında yaşayırlar. Onlar mübahisəli mənzildə yalnız formal olaraq qeydiyyatdadırlar. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdehlərin istifadə hüququ olub, lakin onlar evi tərk edib daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməklə evdən istifadə hüquqlarını itiriblər. Belə ki, həmin şəxslərin evdən istifadə etməsi ilə bağlı münasibətlər əvvəlki Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman yarandığından mübahisə həmin Məcəllənin müddəalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Odur ki, əvvəlki Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edildikdə icarədar və ya onun ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüququ itirilmiş sayılır. Həmin əsas isə ondan ibarətdir ki, icarədar və ya onun ailə üzvləridaimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Bu qayda qanununanalogiyasına əsasən xüsusi mülkiyyətdə olan yaşayış sahələrinə də tətbiq edilir. Odur ki, göstərilən əsasla cavabdehlərin mənzildən istifadə hüquqları xitam olunmuşdur. “Köçmə” istifadə hüququna xitam verən hüquqi faktdır, faktın baş verməsi ilə hüquqa xitam verilir. Hüquq xitam olduğuna görə artıq mövcud deyildir, hüquqa xitam verilməsi nəticəsində hüquq itirilmiş hesab olunur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə 2011- 2020-ci ilə dair sorğu verilmiş və sorğuya xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, hər üç cavabdeh həyatlarının əksər vaxtını Rusiya Federasiyasında keçirir, lakin mütəmadi olaraq Azərbaycan Respublikasında da gəlib gedirlər. Cavabdeh1 xx.xx.2019-cu il, Cavabdeh3 xx.xx.2020-ci il, Cavabdeh2 isə xx.xx.2016-cı il tarixdə sonuncu dəfə Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində çıxmışlar. Eyni zamanda Dövlət Sərhəd Xidmətinin cavabından görünür ki, İddiaçı adına xx.xx.2011-ci il tarixdə çıxarış verilərkən cavabdehlərdən heç biri Azərbaycan Respublikasının ərazisində yaşamamış, onlar üçü də xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində çıxmış və xx.xx.2012-ci il tarixdə geri qayıtmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə müvafiq olaraq, şəxs yaşayış yerini dəyişdikdə ... yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə ... müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar