Məhkəmə qərarları › İş №2(001)-3340/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3340/2021

17.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3340/2021 17.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 172 saylı evin 26 saylı mənzilinə istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 172 saylı evin 26 saylı mənzilinə istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 172 saylı evin 26 saylı mənzili hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən hüquqi qeydiyyatdan keçirilərək müvafiq olaraq onun adına çıxarış verilmiş və həmin mənzil onun şəxsi mülkiyyətindədir. Cavabdeh 13.07.2007-ci il tarixdə X6 ilə rəsmi nikaha girərək evlənib ailə qurmuş və həmin tarixdən də Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 172 saylı evin 26 saylı mənzilini tərk edərək daimi yaşamağa ərinin evinə köçmüş, həmin vaxtdan da bu ünvanda yaşamır. Cavabdehin bu mənzilə heç bir aidiyyatı yoxdur, artıq 14 ilə yaxındır ki, bu ünvanda yaşamır və cavabdehə aid bu mənzildə heç bir əşya və əmlak qalmamışdır. Cavabdeh hazırda ABŞ-ın vətəndaşı olmaqla həmin dövlətdə yaşayır. Uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamayan cavabdehin formal pasport qeydiyyatı onun mənzilinə olan mülkiyyət hüquqularını məhdudlaşdırır. Ona görə də Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 172 saylı evin 26 saylı mənzilinə istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığına görə məhkəmə Cavabdeh sonuncu qeydiyyatda olduğu ünvana bildirişlər göndərmiş, 1 saylı MKİS tərəfindən bildirişdə cavabdehin qeyd edilən ünvanda yaşamadığı barədə qeyd aparılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № ******* seriyalı 02.07.2018-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 172 saylı evin 26 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 333 nömrəli reyestr kitabının 31197 nömrəli vərəqində qeydiyyata alınmışdır. 1 saylı MKİS tərəfindən verilmiş 10.02.2021-ci il tarixli 99 saylı arayışdan müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Binəqədi rayonu 8-ci mkr., Azadlıq prospekti 172 saylı evin 26 saylı mənzilində 1972-ci il təvəllüdlü Cavabdeh 2007-ci ildən daimi qeydiyyatdadır. Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş 25.08.2006-cı il tarixli № 1944/12 saylı arayışın surətindən müəyyən olunur ki, X7 30.01.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 740 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X10, anası İddiaçıdır. Azərbaycan Respublikasının Vaşinqton şəhərində yerləşən ABŞ-dakı səfirliyi tərəfindən verilmiş 13.07.2007-ci il tarixli Vİİ - ЖГ № 377757 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 ilə X5 13.07.2007-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında VŞN/01-07 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Bağırova soyadı verilmişdir. 1 saylı MKİS tərəfindən verilmiş 16.05.2021-ci il tarixli 326 saylı arayışdan müəyyən olunur ki, Bağırova X3 rayonu 8-ci mkr., Azadlıq prospekti 172 saylı evin 26 saylı mənzilində qeydiyyatdadır, lakin ünvan 1 ünvanda yaşamır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA № ******* seriyalı 18.01.2012-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 16/172 saylı evin 25 saylı mənzili X1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1208 nömrəli reyestr kitabının 109844 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, o, 10 ildir P.M. Balayeva ilə qonşudur. Belə ki, o, mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 16/172 saylı evin 25 saylı mənzilində, İddiaçı isə öz mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 172 saylı evin 26 saylı mənzilində yaşayır. Qonşu kimi bilir ki, İddiaçı qızı Cavabdeh 10 ildir ki, anasının evində yaşamır. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, o, 15 ildir ki, İddiaçı ilə qonşudur. Ona görə də bilir ki, İddiaçı Təranə və Yeganə adlı iki qızı vardır. Cavabdeh 10- 15 ildir ki, ABŞ-da yaşayır. İddiaçı Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 172 saylı evin 26 saylı mənzilində tək yaşayır. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, o, 1981-ci ildən Bakı şəhəri Azadlıq pr, 172 saylı evin 23 saylı mənzilində yaşayır, P.M. Balayeva ilə qonşudur. Qonşu kimi ona İddiaçı Təranə və Yeganə adlı iki qızının olması, Cavabdeh uzun müddətdir ABŞda yaşaması, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 172 saylı evin 26 saylı mənzilində tək yaşaması məlumdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh qeydiyyatda olduğu ünvanda 2007-ci il tarixdən etibarən yaşamır, daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Azərbaycan Respublikası MPM-nin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 87-ci maddəsinə müvafiq olaraq icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12.03.1999-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 172 saylı evin 26 saylı mənzilində 2007-ci ildən yaşamamaqla, daimi yaşamaq üçün başqa ünvana köçməklə bu mənzilə istifadə hüququnu itirmişdir. Ona görə də iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 172 saylı evin 26 saylı mənzilinə istifadə hüququ itirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar