Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3341/2021 04.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 30.10.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan iddiaçı cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülmüş və ona məxsus cehiz əşyaları da həmin yaşayış sahəsinə yerləşdirilmişdir. Orada bir müddət yaşayaraq cavabdehlə birgə təsərrüfat aparmışlar. Həmin evin əsaslı təmirinə iddiaçı və onun ailə üzvləri tərəfindən pul xərclənmişdir. Qeyd olunanlara əsasən iddiaçı xahiş etmişdir ki, məhkəmə onun azyaşlı övladı ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnu tanımaqla, onların həmin yaşayış sahəsinə köçürülməsinə dair qətnamə qəbul etsin. İddiaçı 04.05.2021-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddiaçının köçürülməsini tələb etdiyi ev özbaşına tikilidir və ona məxsusdur. Həmin ev tərəflər rəsmi nikaha daxil olanadək onun tərəfindən tikilmiş, iddiaçı tam hazır evə gəlin gəlmişdir. Nə iddiaçı, nə onun ailə üvləri evin tikilməsində və ya təmir olmasına iştirak etməyib. İddiaçı ilə nikahları 2019-cu ildə pozulmuşdur. O, iddiaçı və uşağını evlə təmin edib, yaşamaqlara yerləri var. İddiaçının köçürülməsini tələb etdiyi evdə hal-hazırda o tək yaşayır və iddiaçının gəlib həmin evdə yaşaması cinayət hadisəsinin baş verməsinə səbəb ola bilər. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddia ərizəsində qeyd olunduğu və cavabdehin də təsdiq etdiyi kimi, tərəflər 30.10.2009-cu il tarixdə rəsmi nikaha daxil olarkən cavabdehə məxsus olan mübahisəli ev hazır və yaşamağa yararlı olmuşdur. İddiaçı həmin evə gəlin olaraq köçürülmüş və cehiz əşyaları həmin evə yerləşdirilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflərin rəsmi nikaha 30.10.2009-cu il tarixdə daxil olması və tərəflər arasındakı nikahın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.10.2019-cu il tarixli, 2(001)- 7049/2019 saylı qətnaməsi ilə pozulması işin mübahisəsiz hallarındandır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Beləliklə, maddənin məzmunundan göründüyü kimi, iddiaçının köçürülməsi tələb edilən evin özbaşına tikili olması nəzərə alınmasa və analogiya üzrə Mənzil Məcəlləsinin müddəaları tətbiq edilsə belə, iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququnun tanınması və həmin yaşayış sahəsinə köçürülməsi üçün əsas yaranmır. Eyni zamanda məhkəmə iddia ərizəsinin “yaşadığımız cavabdehə məxsus evi əsaslı təmirinə mənim və ailəmin köməkliyi ilə təmirinə pul xərcləmişik” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdehə məxsus evin təmirinə iddiaçı (və ya onun ailə üzvləri) tərəfindən pul xərcləndiyi təqdirdə, pul xərcləmiş şəxsin cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ var. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3341/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3341/2021
04.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver