Məhkəmə qərarları › İş №2(001)-3359/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3359/2025

19.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3359/2025 19.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) “əmək müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı sonradan tələbini dəyişməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onunla cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməsini və bu barədə qeydiyyatın aparılmasının Əmək Müfəttişliyinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, məlumat və razılığı olmadan Cavabdehndə rəngsaz vəzifəsində rəsmi işçi kimi qeydiyyata alınmışdır. Lakin bu müddət ərzində heç bir müəssisədə işləməmiş və əmək haqqı almamışdır. Bu fakt onun xəbəri olmadan baş vermiş və qanunsuz olaraq adı qeydiyyata salınmışdır.Bundan əlavə qeyd edilən müəssisədə rəsmi işçi olması səbəbindən başqa iş yerinə rəsmi qəbul ola bilmir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, Həmin adda MMC-ni ümumiyyətlə tanımır, heç vaxt orada işləməmişdir, DOST Agentliyinə işlə təmin olunma barədə müraciəti zamanı onun adına aktiv əmək müqaviləsinin olduğunu öyrənmiş, Agentlikdən verilən məlumatlar əsasında MMC-nin hüquqi ünvanına getmiş, lakin həmin ünvanda heçkimin yaşamadığı mənzil olduğunu aşkar etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi əsasında rəngsaz vəzifəsinə işə qəbul edilmişdir.

6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "xxxx" altsisteminə daxil edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC-də xx.xx.2023-cü il tarixindən, aylıq 420 manat əmək haqqı müqabilində rəngsaz kimi işə götürülmüşdür.

7. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilən X1 edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-00228 saylı arayışdan görünür ki, İddiaçı X1 etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. “GCS Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 etməmişdir.

8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir: Sizin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək hüquqlarınızın pozulması barədə 4 saylı Bakı DOST Mərkəzinə ünvanladığınız müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətiniz ilə əlaqədar ətraflı məlumat verməyiniz, əmək haqqı bank hesabından çıxarış verməyiniz, pozuntuların dəqiqləşdirilməsi və izahatınızın alınması məqsədi ilə DOST Mərkəzinə dəvət olunmağınız barədə ünvanınıza (ünvan 22024 nömrəli xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, Siz araşdırmaya müvafiq qaydada izahatınızı təqdim etmisiniz. Araşdırma zamanı "xxxx" MMC-nin ünvan 3 ünvanına 3-17-5/2-44045/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla müraciət olunaraq Sizə aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin müəssisə tərəfindən sənədlər təqdim edilmədiyindən müraciətinizin araşdılırmasını başa çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "xxxx" altsisteminə tərəfimizdən baxış keçirilərkən Sizinlə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. Nəzərinizə çatdırırıq ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. "xxxx" MMC tərəfindən X3 Xidmətinin Bakı şəhər İdarəsinə sənədlər təqdim ediləcəyi təqdirdə müracətiniz yenidən araşdırılaraq cavablandırılacaqdır. Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətləri xaricindədir.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilati-hüquqi forması MMC-dir, qanuni təmsilçisi X2r. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları

10. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işçi kimi rəsmiləşdirilsə də, onunla MMC arasında qarşılıqlı razılıq əsasında əmək müqaviləsinin bağlanması müəyyən edilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "xxxx" altsisteminə əmək müqaviləsi isə işəgötürən MMCnin qanuni təmsilçisi tərəfindən daxil edilmişdir. Cavabdeh MMC məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, həmin MMC-nin faktiki mövcudluğu isə şübhə yaratmışdır. Tətbiq edilən maddi hüquq normaları:

11. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

12. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.( maddə 3.5)

13. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.(maddə 3.5-1)

14. Fərdi əmək mübahisəsi — əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır.(maddə 3.16)

15. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir.(maddə 15.2)

16. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.(maddə 43.1)

17. Əmək müqaviləsi yazılı formada bağlanır.(maddə 44.1)

18. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.(maddə 46.1)

19. Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur.(maddə 46.5)

20. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.(maddə 49.1)

21. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.(maddə 69.1)

22. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.(maddə 69.2)

23. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.(maddə 69.5)

24. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 8.1-ci maddəsində göstərilmişdir ki, bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır. Tətbiq edilən prosessual hüquq normaları:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

28. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

29. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

30. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi).

31. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir.

32. Əmək Məcəlləsinin yuxarıda sadalanan normalarından aydın olur ki, əmək münasibətlərinin yaranması üçün işəgötürənlə işçi arasında yazılı qaydada əmək müqaviləsi bağlanmalı və bunun davamı olaraq əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə işəgötürən tərəfindən daxil edilməlidir. Bununla belə qanunverici bağlanmış əmək müqaviləsinin etibarsız sayılmasını da mümkün hesab edir.Lakin tədqiq edilmiş sübutlarla qarşılıqlı razılıq əsasında əmək müqaviləsinin bağlanmış olması müəyyən edilmir, sadəcə işəgötürənin qanuni təmsilçisinin elektron imzaladığı əmək müqaviləsi "xxxx" altsisteminə daxil edilmişdir.

33. Məhkəmə əmək müqaviləsinin etibarsızlığı tələbini əmək müqaviləsi bildirişinin, yəni əmək müqaviləsinin bağlanılmasının elektron sistemdə qeydiyyata alınması ilə bağlı edilən hərəkətlərin etibarsız hesab edilməsi kimi qiymətləndirir və iddianı əsaslı hesab edir. Belə ki, birtərəfli iradə ifadəsi əsasında tərtib edilən sənəd müqavilə anlayışına uyğun olmasa da, hüquq və vəzifələrin dövlət qeydiyyatı baxımından nəticə doğurmuşdur. Hansı ki, hüquq nəzəriyyəsində etibarsızlıq ümumi mənada hər hansı hüquqi nəticə doğurmayan fəaliyyət kimi də qəbul edilir. Kökündə duran və ya durmalı olan faktların mövcudluğunun istisna edilməsi həmin fakta əsaslanan hərəkətlərin etibarsızlığı hüquqi nəticəsini doğurur. Yəni hüquqi əsası olmadan edilən hərəkət də hər hansı hüquqi nəticə yaratmadığından özlüyündə etibarsız fəaliyyət kimi qəbul edilir. Bu səbəbdən də özlüyündə hər hansı hüquqi nəticə doğurmayan əmək müqaviləsinin mövcudluğuna əsaslanan hərəkət də etibarsız sayılmalıdır.

34. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi etibarsız hesab edilməli və bu barədə qeydiyyatın aparılması X3 Xidmətinə həvalə edilməlidir. Nəticə:

35. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi etibarsız hesab edilməli, bu barədə qeydiyyatın aparılması X3 Xidmətinə həvalə edilməlidir.

36. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi etibarsız hesab edilsin və bu barədə qeydiyyatın aparılması X3 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar