Məhkəmə qərarları › İş №2(001)-3385/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3385/2024

09.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3385/2024 09.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı məhkəməyə müraciət edərək, daha sonra tələbini azaldaraq, məhkəmədən Cavabdeh ünvan 2(yeni qaydalarla AZ 117, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat keçmişdir və şəxsi mülkiyyətindədir. Cavabdehin yaşaması üçün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni massivdə yerləşən 3 otaqlı fərdi yaşayış evi almışıq və bu fərdi yaşayış evi onun hesabına alınmışdır. Həmin evə dair kommunal xidmət üzrə sayğaclar İlqarın adına rəsmiləşdirilmişdir. Cavabdeh birgə yaşayış qaydasını pozur və ona rahat yaşamağa imkan vermir. Cavabdehə alınmış evin yaşamaq üçün bütün kommunal şəraiti vardır. Cavabdehə köçüb orada yaşamasını dəfələrlə bildirsə də, könüllü qaydada mənzildən çıxmamışdır. Cavabdehin onun iradəsinə zidd olaraq mənzildə yaşaması mülkiyyətçi kimi hüquqlarını pozur. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh onun oğludur, 2.5 ildir ki əri vəfat etmişdir. Oğlu evləndikdən sonra onun adına olan Biləcəri qəsəbəsində yerləşən 1 otaqlı evi ona vermişdir. Lakin oğlu 2 dəfə nikaha daxil olub boşandıqdan sonra onların yaşadığı evə gələrək onlarla bir yerdə yaşamağa başladı. Daha sonra oğlunu 3-cü dəfə evləndirmiş və ona aldıqları 1 otaqlı evi satıb Biləcəri qəsəbəsində 57000 manata 3 otaqlı fərdi yaşayış evi almışdır. Buna baxmayaraq cavabdeh onun evində çıxmır. Belə ki, oğlu həmin evi kirayə verərək, ailəsi ilə birlikdə onunla yaşayır. Cavabdeh onu evdə rahat yaşamağa qoymur. Gecə durub tez-tez siqaret çəkir, səs küy salır, onun əsəblərini korlayır. Hətta onu oğlu ilə hədələyir. Evdə başqa adam olmayanda qorxudan həyətə düşür. Bundan əlavə cavabdeh 700-800 manat pensiya alır. Halbuki oğlunun gözünün müalicəsi ilə bağlı onu dəfələrlə xarici ölkələrə aparmış, müalicə xərclərini qarşılamışdır. Hazırki mənzil ərinin vəfatından və vərəsələrin imtinasından sonra onun mülkiyyətinə keçmişdir. Oğlunun əvəzinə arvadı hamımızın iştirakı ilə notariusda imza çəkmişdir. Hazırki mənzil onun ərinə bağışlama yolu ilə qardaşından keçmişdir. Əri xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

4. Məhkəmə iclaslarında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, atası vəfat etdikdən sonra anası onu vərəsəlikdən imtina etməyə məcbur etmişdir. İddiaçı onun xəbəri olmadan atasının ona aldığı 1 otaqlı evi ondan xəbərsiz satmışdır. Hansı ki, həmin evdə o, artıq 15 il idi ki yaşayırdı. 1-ci və ikinci arvadı ilə həmin evdə yaşamışdır. 2023-cü ildə Biləcəridən alınan evin isə 3000 manatını o kredit götürərək vermişdir. Atasından kifayət qədər pul və 3 ev miras qalmışdır. O, Biləcəridəki evi kirayə vermişdir və ordan aldığı pulu müalicəsinə xərcləyir. Əgər anası ona əlavə 1 otaqlı ev alarsa evdən çıxmağa razı olar. O, Biləcəridəki evi 300 manat kirayəyə vermişdir, əlilliyi ilə bağlı isə 700 manat pensiya alır. Həmin məbləğ onun xərclərini ödəmir.

5. Bundan əlavə cavabdeh məhkəməyə göndərdiyi yazılı ərizəsində bildirmişdir ki, atası vəfat edəndən sonra anası bundan istifadə edərək, atasının ona aldığı 1 otaqlı mənzili ondan xəbərsiz sataraq aradan çıxmışdır. Bu xəbər ona çox pis mənəvi və psixoloji zərbə vurmuşdur. Atasından bankda olan təxminən 100000 manat pul və 3 ev və torpaq sahəsi qalmışdır. Anası onu şantaj edərək onun vərəsəlikdən və bankdakı puldan imtina etməsinə nail olmuşdur. Onu aldadaraq söz verdi ki, ehtiyaclarını ödəmək üçün ona əlavə ev alacaqdır. Ona mənəvi və psixoloji təsir etdikdən sonra notariusda yoldaşı yerinə qol çəkmişdir. Bundan sonra vədinə əməl etməmişdir. O, kor olduğu üçün ya atasından qalan Sumqayıtdakı evi, ya da 60000 manat pul istəyir. Bilir ki, anasının buna gücü çatar.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil iddiaya etiraz edərək bildirmişdir ki, cavabdehə alınan ev daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata keçməmişdir və mübahisəli evin iddiaçının adına özəlləşdirilməsində cavabdehin razılığı olmamışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

7. Cavabdeh iddiaçının oğludur. Cavabdeh görmə qabiliyyətinin 95 faizini itirmişdir, buna görə 700 manat pensiya alır.

8. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev3, mənzil 21 iddiaçının mərhum əri, cavabdehin atasından miras əmlak kimi qalmış və hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə ona xx.xx.2024-cü il tarixdə çıxarış verilmişdir.

9. Cavabdeh nikaha daxil olduqdan sonra hazırki mübahisəli evdən çıxaraq atasının adına olan digər mənzildə yaşamağa başlamışdır. Həmin evdə 15 ilə yaxın yaşamış və nikahı pozulduqdan sonra təxminən 4 il əvvəl mübahisəli mənzildə yeni ailəsi ilə yaşamağa başlamışdır. İddiaçının əri vəfat etdikdən sonra cavabdehin əvvəllər yaşadığı həmin mənzil satılmış və cavabdehə Biləcəri qəsəbəsində sənədsiz 3 otaqlı fərdi yaşayış evi alınmışdır. Həmin evi cavabdeh 300 manata kirayə vermiş və iddiaçı ilə birlikdə yaşamağa davam etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

10. Məhkəmə əvvəla qeyd edir ki, mənzildən çıxarılma tələbi mülkiyyət hüququnun müdafiəsindən irəli gəlir. Hansı ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bundan başqa vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Hazırki mübahisənin mahiyyəti baxımından isə qeyd edilməlidir ki, istifadə hüququnun mövcudluğu mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas hesab edilə bilər.

11. Bu səbəbdən də məhkəmə ilk öncə “istifadə hüququnun” hüquqi mahiyyətinə aydınlıq gətirilməsinə və həmin məsələ barədə Konstitusiya Məhkəməsi Plenumunun aşağıda göstərilən qərarlarına nəzər yetirilməsini zəruri hesab edir.

12. Yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Bu mənada qeyd edilməlidir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi birbirindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.(xx.xx.2014-cü il tarixli Konstitsuya Məhkəməsi Plenumunun qərarı)

13. Mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Qanunvericilik cəmiyyətdə gedən dəyişiklikləri və ümumiyyətlə, ictimai münasibətlərin müxtəlifliyini tam axıra kimi nəzərə ala bilməz. Qanunverici bütün halları əhatə edən və daim inkişafda olan hüquq münasibətlərini tənzimləyən hüquq normalarının qəbul olunmasına çalışsa da, bəzən bu obyektiv olaraq mümkün olmur. Bəzən elə əmlak və şəxsi qeyri-əmlak münasibətləri yaranır ki, bu münasibətlər müvafiq qanun qəbul olunduğu anda mövcud olmamış və ya onların mövcudluğu həmin qanun qəbul olunarkən qanunverici tərəfindən nəzərə alınmamışdır. Belə hallarda hüquqtətbiqetmə təcrübəsində aşkar olunur ki, qanunvericilikdə boşluq mövcuddur. Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır. Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Beləliklə, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər.(xx.xx.2007-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarı)

14. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.(xx.xx.2016-cı il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarı)

15. Yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.(xx.xx.2013-cü il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarı)

16. Yuxarıda göstərilən hüquqi mövqedən aydın olduğu kimi ümumiyyətlə istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq, yəni həmin sahədə yaşamaq imkanını təmin edir. Bu imkan isə ehtiyacdan(məcburiyyətdən) yaranır və ehtiyacın aradan qalxması ilə itir. Hüququn yaranması əsası isə yuxarıda göstərildiyi kimi müxtəlif ola bilər. Bunlara etibarlı ailə münasibətlərinin mövcudluğunu, müqavilə və digər razılaşmaları aid etmək olar. Lakin hər bir halda həmin hüquq mülkiyyət hüququnun mütləq şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilməz. Yəni mülkiyyətçinin iradəsinə əsasən mənzildə onunla birlikdə yaşamağa icazə verilmiş şəxslərin, sonradan mülkiyyətçinin iradəsinə əsasən evdən çıxarılmaları mülkiyyət hüququnun müdafiəsindən irəli gəlir və hüquqi baxımdan əsaslıdır.

17. Hazırki mübahisənin də mahiyyətindən aydın olur ki, mübahisəli mənzil əvvəlcə tərəflərin müvafiq olaraq ər və atasının mülkiyyətində olmuş və həmin şəxslər bir yerdə həmin mənzildə yaşamışlar. Lakin cavabdeh daimi əsasla mənzili tərk edərək başqa yerdə yaşamışdır. Cavabdehin həmin vaxtdan istifadə hüququ itirilmişdir. Bununla belə cavabdeh Mənzil Məcəlləsinin qüvvəyə mindiyi vaxtdan, yəni 2009-cu ildən sonra əvvəlki mülkiyyətçinin, daha sonra iddiaçının razılığı ilə həmin mənzildə yenidən yaşamağa başlamışdır. Halbuki, cavabdehin bu zaman da, indi olduğu kimi yaşamağa başqa yeri olmuşdur.

18. İşin mübahisəsiz halı olaraq müəyyən edilir ki, cavabdehin Biləcəri qəsəbəsində 3 otaqlı fərdi yaşayış evi vardır və həmin evdən istifadə etməsinə hər hansı maneə yoxdur. Cavabdehin həmin evi kirayəyə verərək iddiaçının xüsusi mülkiyyətində olan evdə yaşaması və mənzildən çıxmaq üçün 60000 manat kompensasiya tələb etməsi hüqudan sui-istifadədir. Bundan əlavə qeyd edilməlidir ki, başqa yaşayış sahəsi olan cavabdehin maddi və fiziki durumu mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas vermir. Odur ki, cavabdehin ona mənzil alınaraq daimi əsaslarla köçdüyü vaxtdan istifadə hüququ itirildiyindən, hal-hazırda da başqa evi olmaqla yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün onun istifadə hüququnun saxlanması üçün əsas olmadığından iddiaçının tələbi əsaslıdır.

19. Bundan əlavə məhkəmə qeyd edir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir və iddiaçının adına qeydə alınmış hüququn əsassızlığı hazırki mübahisənin predmeti deyildir.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.

22. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

23. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93) Tətbiq edilən prosessual normalar:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

28. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

29. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 2(yeni qaydalarla AZ 117, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdır.

30. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh ünvan 2(yeni qaydalarla AZ 117, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar