Məhkəmə qərarları › İş №2(001)-341/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-341/2022

29.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-341/2022 29.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Vaqı̇ f oğlu, onun vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanuni sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanuni sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu X1 xx.xx.2005-ci il tarixli, 1141/1 saylı Qərarı ilə Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Xırdalan-Binəqədi yolunun üstündə 300 kv.m. torpaq sahəsi iddiaçının mülkiyyətinə ayrılmışdır. X3 ilə iddiaçı arasında bağlanmış Torpaqların alqı-satqısına dair müqavilə ilə iddiaçı tərəfindən ******* manat haqq ödənilməklə həmin 300 kv.m. torpaq sahəsi iddiaçıya satılmışdır. Həmçinin həmin torpaq sahəsi ilə bağlı X3 tərəfindən iddiaçıya Azərbaycan Respublikası ƏMDKY DƏDRX-yə təqdim etmək üçün arayış verilmişdir. Lakin, iddiaçıdan asılı olmayan bir sıra səbəblərdən orada hər hansı bir tikinti işləri apara bilməmişdir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinin arxasında 600 kv.m. torpaq sahəsi olan Cavabdeh bunun üçün əlində heç bir hüquqi əsas olmadan çəpər çəkərək iddiaçıya məxsus torpaq sahəsini öz torpaq sahəsinə birləşdirmişdir. İddiaçı tərəfindən X2 müraciət edilərkən cavabdeh onda olan sənədləri də gətirməklə bələdiyyəyə dəvət olunsa da, o bələdiyyəyə gəlməkdən yayınmış və beləliklə də hər hansı bir sənəd təqdim edə bilməmişdir. Həmçinin də bu özbaşınalıqla bağlı DİN orqanlarına müraciət etdikdə iddiaçıya bildirdilər ki, bu mübahisə mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etməlidir və işə məhkəmədə baxılmalıdır. Qeyd olunanlara əsasən iddiaçı Binəqədi rayonu X1 xx.xx.2005-ci il tarixli, 1141/1 saylı qərarı ilə Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində iddiaçıya ayrılmış 300 kv.m. torpaq sahəsindən Cavabdeh çıxarılması, çəpərin onun vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Vaqı̇ f oğlu izahatında məhkəməyə bildirdi ki, onun və cavabdehin torpaq sahələri yanaşı yerləşir. Həmin torpaq sahələrinin bir-birinə heç bir aidiyyəti yoxdur. Buna baxmayaraq, cavabdeh qanunsuz olaraq iddiaçının torpaq sahəsini məftil hasara almışdır. Hal-hazırda cavabdeh iddiaçıya aid torpaq sahəsini icarəyə vermiş və həmin sahədə metalların qəbulu məntəqəsi fəaliyyət göstərir. İddiaçı içəri keçib qıfılı dəyişəndən sonra, onunla həmin metalların qəbulu məntəqəsini işlədən adamlar əlaqə saxlamışdır. Onlar bildirdilər ki, həmin ərazini onlar Rüfət adlı şəxsdən icarəyə götürmüşlər. Rüfət isə cavabdehin yaxın adamıdır. Cavabdehin Rüfətlə pul haqqhesabı var və iddiaçının bildiyinə görə, cavabdeh həmin pulun müqabilində ona aid torpaq sahəsini Rüfətə verib. İddiaçı torpaq sahəsinə daxil olanda və qıfılı dəyişəndə cavabdeh buna hər hansı formada müdaxilə etmədi. Sadəcə həmin torpaq sahəsində metalların qəbulu məntəqəsini işlədən şəxslər iddiaçıdan xahiş etdilər ki, onlara vaxt versin, özlərinə aid əşyaları torpaq sahəsindən çıxarsınlar. İddiaçı da onlara vaxt verdi. Həmin torpaq sahəsi ona məxsusdur və bunu bələdiyyə tərəfindən verilmiş sənədlər təsdiq edir. Məhkəmə iclasında iştirak edən İddiaçı Vaqı̇ f oğlunun vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, hazırkı iş üzrə iki dəfə ekspertiza keçirilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, tərəflərin torpaq sahələrinin bir-birinə hər hansı aidiyyəti yoxdur. Sadəcə Cavabdeh güclü, əli hər yerə çatan adamdır və özünə aid torpaq sahəsindən əlavə olaraq, İddiaçı Vaqı̇ f oğluna da aid torpaq sahəsini ələ keçirmək istəyib. Əgər İddiaçı Vaqı̇ f oğluna məxsus torpaq sahəsini Cavabdeh zəbt etməyibsə, niyə vəkillə müqavilə bağlayaraq var gücü ilə iddia ərizəsinin rədd edilməsinə çalışdığı aydın deyil. Cavabdehin vəkili gah dedi ki, mübahisəli torpaq sahəsi cavabdehə aiddir, gah da fikrini dəyişib bildirdi ki, mübahisəli torpaq sahəsi cavabdehə məxsus torpaq sahəsinin qabağında yerləşir və orada tikintinin aparılması cavabdehin maraqlarına toxunur. Hal hazırda isə ümumiyyətlə “X6” Şirkəti məsələyə qarışıb və onlar da iddiaçıya məxsus sənədi mübahisələndirir. Bunun mübahisənin cavabdehin xeyrinə həll edilməsinə yönəlmiş olması aşkardır. Hazırkı vəziyyətdə iddiaçının hüquqlarının bərpası və onun cavabdehin özbaşınalığından qorunması yalnız məhkəmə yolu ilə mümkündür. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, iş üzrə iki dəfə ekspertiza təyin edilmiş və torpaq sahəsinin “X6” Şirkətinin kontrakt ərazisi hüdudlarında yerləşdiyi müəyyən edilmişdir. Bu zaman artıq iddiaçının bu iddianı qaldırmağa subyektiv hüquququn olmaması aydın olur. Cavabdehin iddiaçıya məxsus olması iddia edilən torpaq sahəsinə dair hər hansı tələbi və aidiyyəti yoxdur. Həmin torpaq sahəsinin kim tərəfindən hasara alınmasını da bilmir. Lakin bir məqam da qeyd olunmalıdır ki, iddiaçıya bələdiyyə tərəfindən verilmiş sənədin mötəbərliyi şübhə doğurur. Belə ki, torpaq sahəsi güya 2005-ci ildə ayrılsa da, Torpaqların alqısatqısına dair müqavilədə “Torpaqların alqı-satqısı qaydaları”na əlavə dəyişikliyə dair xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Qanununa istinad edilmişdir. Bundan əlavə hər iki ekspert rəyində göstərilmişdir ki, bələdiyyə sənədi ilə iddiaçıya məhz halhazırda mübahisələndirdiyi torpaq sahəsinin ayrılması müəyyən etmək mümkün deyil. Belə olan halda hazırkı vəziyyətdə iddia ərizəsinin təmin edilməsi üçün hər hansı qanuni əsas mövcud deyil. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X6” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X6” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X4 izahatında məhkəməyə bildirdi ki, ekspertiza nəticəsində müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi “X6” Şirkətinin kontrakt ərazisi hüdudlarında yerləşir. Belə olan halda hazırkı iddia ərizəsinin təmin edilməsi gələcəkdə yeni məhkəmə mübahisələrinə yol açacaq və iddiaçıya “X6” Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinə hüquq tanıyan sənəd olaraq qəbul edilə bilər. Halhazırda iddiaçıya bələdiyyə tərəfindən verilmiş sənəd “X6” Şirkəti tərəfindən Bakı İnzibati Məhkəməsində mübahisələndirilir. Ona görə də, iddia ərizəsi rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “ ... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. İş materiallarından göründüyü kimi, xx.xx.2021-ci il tarixdə məhkəmə öz təşəbbüsü ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 10/480 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ … Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin xx.xx.2021-ci il tarixli, **********39 №-li arayışına əsasən, Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2005-ci il tarixli, 1141/1 saylı sərəncamı ilə İddiaçı Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən ayrılmış 300 kv.m torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə olmaması səbəbindən, İddiaçı Binəqədi qəsəbəsi ərazisindən ayrılmış 300 kv.m torpaq sahəsinin hər hansı hissəsinin Cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır”. İddiaçı ekspertizanın nəticələri ilə razılaşmamış və xx.xx.2022-ci il tarixdə məhkəmə İddiaçı Vaqı̇ f oğlu, onun vəkili Vəkil1 vəsatəti əsasında iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5506 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 1141/1 saylı sərəncamı ilə Binəqədi qəsəbə ərazisindən İddiaçı mülkiyyətinə ayrılmış 300 kv.m torpaq sahəsinin təqdim olunmuş cizgisi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən və eyni zamanda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 360 saylı qərarı ilə Binəqədi-Biləcəri şosesinin sağ tərəfindən Cavabdeh ayrılmış 600 kv.m. torpaq sahəsinin hüquqmüəyyənedici və texniki sənədləri təqdim olunmadığından üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin naturada tərəflərin göstərdikləri, iddiaçının istifadəsində olan hasara alınmış 351 kv.m. torpaq sahəsi ilə cavabdehin istifadəsində olan hasara alınmış 663 kv.m. torpaq sahələrinin döngə nöqtələrinin təyin olunmuş koordinatlarına əsasən üst-üstə düşmə faktı qeydə alınmamışdır. İddiaçı istifadəsində olan hasara alınmış torpaq sahəsinin faktiki ölçüsü 351 kv.mdir. Cavabdeh istifadəsində olan hasara alınmış torpaq sahəsinin faktiki ölçüsü 663 kv.m-dir. İddiaçı istifadəsində olan hasara alınmış 351 kv.m. torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətində olmaqla, ARDNŞ-nin (“X6” Şirkətinin kontrakt ərazisinin) hüdudları daxilində yerləşir”. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2005-ci il tarixli, 1141/1 saylı Sərəncamından görünür ki, həmin sərəncamla Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 300 kv.m. boş torpaq sahəsi alqı-satqı qaydasında İddiaçı Vaqı̇ f oğlunun mülkiyyətinə ayrılmışdır. İş materiallarına həmçinin həmin torpaq sahəsinə aid olması bildirilən miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilməyən eskiz-sxem də əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2003-cü il tarixli, 360 saylı Qərarından görünür ki, həmin qərarla Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi-Biləcəri şossesinin sağ tərəfindən 600 kv.m. boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh alqı-satqı qaydasında ayrılmışdır. İş materiallarında olan iddia ərizəsindən görünür ki, ''X7” Şirkəti cavabdeh X2 qarşı və İddiaçı üçüncü şəxs qismində qeyd etməklə, X1 İddiaçı istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 1141/1 saylı, 30 dekabr 2005-ci il tarixli sərəncamının qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və iş haı-hazırda 2-1(112)-14444/2022 nömrə ilə məhkəmənin icraatındadır. Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçıya 2005-ci ildə 300 kv.m., cavabdehə isə 2003-cü ildə 600 kv.m. torpaq sahəsi X3 tərəfindən ayrılmış, halhazırda tərəflərin faktiki olaraq istifadəsində olan torpaq sahələrinin bir-birinə aidiyyətinin olmaması həm tərəflərin izahatları, həm də ekspert rəyi ilə təsdiq olunur. İddiaçı Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2005-ci il tarixli, 1141/1 saylı Sərəncamı ilə onun mülkiyyətinə ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini iddia etsə də, iş materiallarında nə hal-hazırda faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin məhz Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2005-ci il tarixli, 1141/1 saylı Sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsi olması, nə də ki, həmin torpaq sahəsinin məhz cavabdeh tərəfindən zəbt edilməsinə dair hər hansı sübut mövcud deyil. Eyni zamanda müəyyən edilir ki, hal-hazırda faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, ARDNŞ-nin (“X6” Şirkətinin kontrakt ərazisinin) hüdudları daxilində yerləşir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi irəli sürülməzdən əvvəl Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2005-ci il tarixli, 1141/1 saylı Sərəncamı ilə İddiaçı mülkiyyətinə ayrılmış torpaq sahəsinin bələdiyyə tərəfindən ona naturada təhvil verilməsi və torpağa dair miqyas, koordinat, hər hansı istinad nöqtəsindən məsafə göstərilən cizginin tərtib edilməsi zəruri idi. Hazırkı vəziyyətdə isə iddiaçının məhz mübahisələndirdiyi torpaq sahəsinə hər hansı hüqunun olmasını iş materiallarında olan sənədlərə əsasən müəyyən etmək mümkün deyil. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanuni sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanuni sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar