Məhkəmə qərarları › İş №2(001)-3427/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3427/2020

22.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3427/2020 22.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nəsirov Nicat Abbas oğlunun katibliyi ilə, iddiaçının vəkili X21, müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili X19 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə, mənzildən istifadə hüququnun tanınması və mənzildə yaşayı şəraitinin müəyyən edilməsi”, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində X3 İddiaçı qarşı “mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2009-cu il təvəllüdlü X13 ilə birlikdə ünvan 1 ünvanına istifadə hüquqnun tanınması, mənzilə köçürülməsi və həmin mənzildə yaşayış şəraitinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Şəhla Hidayət qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və X10 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi, 19 saylı evin 17/16 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclası keçirildiyi müddətdə Naxçıvan şəhərində olmasını, buna görə də, məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib işə onun iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X26 iddia ərizəsində göstərilənləri təsdiq edərək izahatında bildirdi ki, İddiaçı Heydər qızı Cavabdeh ilə xx xxxxxxx 2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, həmin gündən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi, 19 saylı evin 17/16 saylı mənzilinə köçərək orada yaşamışlar. Birgə nikahlarından xx xxxx 2005-ci il təvəllüdlü Məhərrəm, xx xxxxxx 2009-cu il təvəllüdlü Fatimə adlı uşaqları doğulmuşdur. Tərəflərin münasibətləri ailə qurduqları ilk vaxtlar yaxşı olsa da, sonradan pisləşmiş, xx xxxxxxx 2018-ci il tarixdə iddiaçı qızı Fatimə ilə birlikdə yaşadıqları evi məcburi tərk etməli olub atasının evinə, Naxçıvan Muxtar Respublikasına getmişdir. Ailəsinin dağılmaması, uşaqlarının atasız böyüməmələri üçün İddiaçı Cavabdehla münasibətlərini bərpa etməyə çalışsa da, Cavabdeh məhkəməyə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən, aralarındakı nikah pozulmuş, birgə nikahlarından olan Məhərrəm adlı uşaqlarının atasının, Fatimə adlı uşaqlarının isə anasının yanında saxlanmaları qərara alınmışdır. İddiaçı Naxçıvan şəhərində, atasının evində yaşaması onu bir sıra maddi və mənəvi problemlərlə üzləşməyə vadar etmişdir. Belə ki, o, öz uşağından faktiki olaraq ayrı qalmaq məcburiyyətində olmuşdur. Həmçinin, atasının evi 2 otaqlı olmaqla orada atası, evlənmək yaşında olan qardaşı yaşayır. İddiaçının 1 uşağı ilə həmin evdə qalması isə evdə yaşayış şəraitini çətinləşdirir. İddia tələbində göstərilən mənzil X5 məxsus olsa da, paylı mülkiyyətdədir. Cəngayə İsmayılova öz əri, mənzilin paylı mülkiyyətçisi İbrahim İsmayılovu da evə buraxmır və İ.İsmayılov hazırda Naxçıvan şəhərində kirayədə yaşayır. Bundan başqa, evin digər gəlini də Cəngayə İsmayılova ilə yola gedə bilməyib evi tərk etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, İddiaçı öz himayəsində olan Fatimə adlı uşağı ilə birlikdə iddia tələbində göstərilən mənzilə köçürülməli, onların həmin mənzildən istifadə hüquqları tanınmalı və yaşayış şəraiti müəyyən edilməlidir. Cavabdeh X14 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili X2 Şəhla Heydər qızının iddiasının qəbul etmədiyini, iddiaçıya qarşı irəli sürdüyü müstəqil tələbi müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı tələbində göstərilən mənzil Cavabdeh yox, X4 mülkiyyəti kimi xx xxxxxxx 2003-cü ildə dövlət qeydiyyatına alınmışdır. Cavabdehla İddiaçı xx xxxxxxx 2004-cü ildə evlənmiş, həmin mənzildə yaşamağa başlamışlar. xx xxxxxxx 2018-ci ildən bəri İddiaçı həmin mənzildə yaşamır. Bunu qonşuluqda yaşayan şəxslər də təsdiq edə bilərlər. Belə ki, sonuncu həmin mənzildən məcburi deyil, öz xoşu ilə getmişdir. Mənzil 43 kv.metr olmaqla orada 8 nəfər faktiki olaraq yaşayır ki, belə olan halda İddiaçı həmin mənzildə yaşaması qeyri-mümkündür. Sonda R.R.Sadıqova məhkəmədən göstərilənləri nəzərə alıb İddiaçı iddiasının rədd, X3 iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasnı, ödənilmiş dövlət rüsumunun Cəngayə İsmayılovya aid edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx xxxxxxx 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdehla İddiaçı birgə nikahlarından xx xxxx 2005-ci il tarixdə X12, xx xxxxxx 2009-cu il tarixdə X13 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 2839/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasındakı nikah pozulmuş, birgə nikahlarından olan Məhərrəm adlı uşağın atasının, Fatimə adlı uşağın anasının himayəsində qalması qərara alınmışdır. ÖM seriyalı, 168884 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi, 19 saylı evin 43 kv.metr ölçülü 3 otaqlı 17/16 saylı mənzili xx xxxxxxx 2003-cü il tarixdə X4 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı iddiası rədd, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinə nəzər salaraq hesab edir ki,tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən qabaq yaranmışdır. Cavabdehin mubahisəli mənzildə istifadə hüququ yarandığı vaxt mübahisəli mənzilin hüquqi rejimi 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları ilə müəyyən edilirdi və hal hazırda mənzilin xüsusi mülkiyyətdə olması qüvvədə olan Mülki Məcəllənin normalarının bu mübahisəyə tətbiq edilməsi məqsədəmüvafiq deyil. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir . Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx xxxx 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının qızı ilə birlikdə ünvan 1 ünvanında pasport qeydiyyatında olması onların həmin mənzildə istifadə hüququnun yaranması üçün əsas hesab edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli ev 2003-cü ildən etibarən müstəqil tələb irəli sürən üçüncü şəxs X3 mülkiyyətindədir və iş üzrə Cavabdeh onun oğludur. Cavabdeh 2004-cü ildə iddiaçı ilə nikaha girərək onların birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X15 adlı uşaqları anadan olmuşdur. xx.xx.2019-cu ildə Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə onların arasında olan nikaha xitam verilmiş, X7 atasının, X11 anasının yanında qalması qət edilmişdir. İddiaçı xx.xx.2018-ci ildən mübahisəli mənzildə yaşamır. Nəzərə alınmalıdır ki, 1982-ci ildə qəbul edilmiş Mənzil Məcəlləsinin müddəalarına əsasən mənzildə istifadə hüququnun yaranması üçün şəxsin həmin mənzildə digər şəxslər ilə birlikdə birgə təsərrüfatın aparılması zəruridir. Lakin hazırkı halda iddiaçının keçmiş qaynanası olmuş C.İsmayılova ilə birlikdə sonuncunun mülkiyyətində olan mənzildə birgə təsərrüfat aparması öz təstiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə qeyd edir ki, İddiaçı mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Belə ki, o 2018-ci ildən həmin mənzildə yaşamır və ya mülkiyyətçi ilə evdən istifadə hüququnun yaranması barədə müqavilə bağlamayıblar. Onun istifadə hüququnun yaranması üçün əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsində, hazırkı Mənzil Məcəlləsinin 30-cu maddəsində, hazırkı Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Hər hansı hüquqa xitam verilməsi üçün əvvəlcə həmin hüququn yaranması müəyyən edilməlidir. Yaranmayan hüquqa xitam verilə bilməz. Məhkəmə onu da qeyd edir ki, bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Ş. İsmayılovanın qızı ilə birlikdə mübahisəli mənzildə qeydiyyatda qalması C.İsmayılovanın mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehlərin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehlərin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehlərin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehləri yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin olunmalı, İddiaçı və X10 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi, 19 saylı evin 17/16 saylı mənzilindən istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Qətnamə həmin şəxslərin həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə, mənzildən istifadə hüququnun tanınması və mənzildə yaşayı şəraitinin müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində X3 İddiaçı qarşı “mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Bu qətnamə İddiaçı və X10 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi, 19 saylı evin 17/16 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilsin. İddia digər hissədə rədd edilsin, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu X6 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar