Məhkəmə qərarları › İş №2(001)-3438/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3438/2020

10.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3438/2020 10.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni massiv 3-cü küçə, 3 saylı evin 41 saylı mənzili ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələrinə və həmin yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh Cavabdeh İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni massiv 3-cü küçə, 3 saylı evin 41 saylı mənzili ünvanında yerləşən fərdi yaşayış evindən əmlakların çıxarılmasına dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni massiv 3-cü küçə, 3 saylı evin 41 saylı mənzili ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə və həmin yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni massiv 3cü küçə, 3 saylı evin 41 saylı mənzili ünvanında yerləşən fərdi yaşayış evindən əmlakın çıxarılmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, cavabdehin oğlu X2 ilə xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. Ailə qurduqları gündən o, həyat yoldaşı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni massiv 3-cü küçə, 3 saylı evin 41 saylı mənzilində yaşamışdır. Binə qəsəbəsində yerləşən məktəbdə müəllimə işlədiyinə görə o, həyat yoldaşı və uşaqları ilə birlikdə 2019-cu ilin sentyabr ayından məktəbə yaxın olan ərazidə kirayə ev tutub yaşamağa qərar vermişlər. Birlikdə kirayə yaşadıqları müddət ərzində həmin evin kirayə haqqı onun tərəfindən qarşılanmışdır. 2020-ci ilin fevral ayında həyat yoldaşı ailədə yaranan söz-söhbətlərə görə onu və iki övladını tərk edib getmiş, daha sonra nikahının pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, da öz növbəsində aliment və əmlak bölgüsünə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Onların nikahı pozulmuş, T.M.Haqverdiyev evi tərk edib getdiyi gündən uşaqlarının saxlanması üçün ona hər hansı maddi köməklik göstərməmişdir. O, artıq neçə vaxtdır ki, azyaşlı övladları ilə birgə kirayədə yaşayır, belə ki, mübahisəli fərdi yaşayış evinin giriş qapısının açarları dəyişdirilmiş, ona gəlin köçdüyü, cehizlərinin yerləşdiyi və iki övlad dünyaya gətirdiyi evə daxil olmağa cavabdeh tərəfindən icazə verilmir. Biləcəri qəsəbəsi Yeni massiv 3-cü küçə 3 sayl evin 41 saylı mənzili ünvanında yerləşən fərdi yaşayış evi 2011-ci ildə alınmış, 3 sot torpaq sahəsi üzərində inşa edilmiş özbaşına inşa olunan qanunsuz tikilidir. Bu tikili 3 otaq, 1 mətbəxdən ibarətdir. Valideynləri tərəfindən ona verilmiş cehiz əşyaları da həmin mübahisəli fərdi yaşayış evində qalmaqdadır. Birgə nikah dövründə bu evdə o, həyat yoldaşı və övladları ilə birlikdə yaşamış, evdə bəzi tikinti təmir işləri aparmış, birlikdə eyvan inşa etmişlər. Cavabdeh heç vaxt onunla yaşamamışdır. Belə ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu 9-cu mik, H.Babaşov küçəsi 6 saylı evin 26 saylı mənzili, Hövsan qəsəbəsində bağ evi, Ağstafa rayonunda fərdi yaşayış evi vardır. Həyat yoldaşı onu və övladlarını kirayədə yaşadığı evdə qoyub getdiyindən, maddi imkanı olmadığı üçün o, kirayə haqqını ödəyə, iki övladını maddi cəhətdən təmin edə bilmir. Hal-hazırda işlədiyi orta məktəbdə dərslər onlayn keçirildiyindən, o, iş yerinin yaşadığı ünvana dəyişdirilməsinə dair müraciət etdiyindən Binə qəsəbəsinə getməsinə zərurət yoxdur. Ona görə də onun xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri Biləcəri qəsəbəsi Yeni massiv 3-cü küçə 3 saylı evin 41 saylı mənzili ünvanında yerləşən özbaşına tikili hesab olunan fərdi yaşayış evinə köçürülməsinə və həmin evin 3 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşağından istifadə qaydalarının müəyyən edilməsinə, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi X3 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək ilk iddia ərizəsi üzrə İddiaçı izahatını təsdiq etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərk izahatında göstərmişdir ki, o, Bakı şəhəri Biləcəri qəsəbəsi Yeni massiv 3-cü küçə 3 saylı evin 41 saylı mənzili ünvanında yerləşən özbaşına tikili hesab olunan fərdi yaşayış evini 2011-ci ildə almış, oğlu X1 Nərgiz Qüdrət qızı ilə 2013-cü ildə nikaha daxil oldan sonra o, müvəqqəti olaraq oğluna ailəsi ilə birlikdə Bakı şəhəri Biləcəri qəsəbəsi Yeni massiv 3-cü küçə 3 saylı evin 41 saylı mənzili ünvanında yerləşən özbaşına tikili hesab olunan fərdi yaşayış evində yaşamağa icazə vermişdir. Binə qəsəbəsində yerləşən orta məktəbdə işlədiyindən 2019-cu ildə iddiaçı orada kirayə ev tutub ailəsi ilə birlikdə həmin evdə yaşamış, özünə məxsus əşyaların bir hissəsini də aparmışdır. Onun evində iddiaçıya məxsus mebel dəsti və digər cehiz əşyaları qalmışdır. İddiaçı ona məxsus evdə yaşadığı müddətdə o, kirayə tutduğu evdə yaşamışdır. Evinin giriş qapısının açarlarını dəyişməkdə məqsədi iddiaçının özünə məxsus olan əşyaların ondan xəbərsiz apara bilməməsi olmuşdur. İddiaçının onun oğlu ilə ailə nikah münasibətləri pozulduğundan o, iddiaçının övladları ilə birlikdə onun evinə köçmələrinə razı deyildir. Ona görə də ilk iddia ərizəsinin təmin edilməməsini, qarşılıqlı iddia ərizəsinin isə təmin edilərək İddiaçı məxsus əmlakın ona məxsus evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi X2 ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. Ailə qurduqdan sonra onlar Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni massiv 3-cü küçə 3 saylı evin 41 saylı mənzilində yaşamışlar. Lakin bir müddət sonra İddiaçı Binə qəsəbəsində müəllimə işləməsi ilə bağlı onlar Binə qəsəbəsində kirayə ev tutub oraya köçmüşlər. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni massiv 3-cü küçə 3 saylı evin 41 saylı mənzili ünvanında yerləşən fərdi yaşayış evi onun anası tərəfindən 2011-ci ildə alınmış özbaşına tikilidir. Həmin ev 3 sot torpaq sahəsi üzərində inşa edilmiş, 3 otaq, 1 mətbəxdən ibarətdir. İddiaçı Binə qəsəbəsində müəllimə işlədiyinə görə hər gün Biləcəri qəsəbəsinə gedib-gəlməsi qeyri-mümkündür. O, məhkəmələrin icraatında olan iddia tələbləri ilə bağlı iddiaçıya mübahisələrin sülh yolu ilə həll edilməsi, Binə qəsəbəsində ev almaq üçün maddi yardım göstərməsini təklif etsə də iddiaçı bu təklifi qəbul etməmişdir. Ona görə də İddiaçı mənzilə köçürmə və istifadə qaydalarının müəyyən edilməsinə dair ilk iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilərək Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni massiv 3-cü küçə 3 saylı evin 41 saylı mənzili ünvanından İddiaçı əmlakının çıxarılmasına dair qətnamə qəbul edilməsi xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2011-ci il № 5/5 saylı qərarının surətindən müəyyən olunur ki, X4 istifadəsinə verilmiş 300 m2 torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. PRO BONO Vəkil Bürosunun Bakı şəhəri Biləcəri Bələdiyyəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli sorğudan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni massiv 3cü küçə 3 saylı evin 41 saylı mənzili ünvanından yerləşən fərdi yaşayış evinin Cavabdeh məxsus olub-olmaması barədə məlumatın Büroya təqdim olunması xahiş olunmuşdur. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Biləcəri Bələdiyyəsinin arxivində sorğuda qeyd olunan ünvan və şəxs barəsində məlumatın aşkar olunmadığı PRO BONO Vəkil Bürosunun vəkili M.İsmayılova bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, 2013-cü ildən həyat yoldaşı, daha sonra övladları ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni massiv 3-cü küçə 3 saylı evin 41 saylı mənzili ünvanında yerləşən özbaşına inşa olunan fərdi yaşayış evində yaşamış, 2019-cu ildə işi ilə bağlı kirayə tutduğu mənzildə ailəsi ilə birlikdə yaşamış, daha sonra ailə nikah münasibətləri pozulduğundan özünün və övladların yeganə yaşayış sahəsi olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni massiv 3-cü küçə 3 saylı evin 41 saylı mənzili ünvanında yerləşən fərdi yaşayış evinə qayıtmaq istədikdə cavabdehin etirazı ilə qarşılaşmışdır. Məhkəmə qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni massiv 3-cü küçə, 3 saylı evin 41 saylı mənzili ünvanında yerləşən fərdi yaşayış evində iddiaçının övladları ilə birlikdə yaşamaq hüququ olduğundan, cavabdehin etirazında istinad etdiyi hallar iddiaçının övladları ilə birlikdə həmin evdə yaşamaq hüquqlarını istisna etmədiyi kimi iddiaçıya məxsus əmlakın da həmin evdən çıxarılması üçün əsas olmadığından ilk iddia ərizəsi fərdi yaşayış evinə köçürülmə hissəsində əsaslıdır. Ona görə ilk iddia ərizəsi bu hissədə təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni massiv 3-cü küçə, 3 saylı evin 41 saylı mənzili ünvanında yerləşən fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi tələbi ilə bağlı qeyd edir ki, bu evə dair hüquq müəyyənedici, texniki sənədlərin mövcud olmaması səbəbindən həmin evdən istifadə qaydalarının müəyyən edilməsi də mümkün deyildir. Ona görə də ilk iddia ərizəsi bu hissədə təmin edilmir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlk iddia ərizəsi qismən təmin edilsin. İddiaçı övladları xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri Biləcəri qəsəbəsi Yeni massiv 3-cü küçə, 3 saylı evin 41 saylı mənzili ünvanında yerləşən özbaşına inşa olunan fərdi yaşayış evinə köçürülsün. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı Bakı şəhəri Biləcəri qəsəbəsi Yeni massiv 3-cü küçə, 3 saylı evin 41 saylı mənzili ünvanında yerləşən özbaşına inşa olunan fərdi yaşayış evindən əmlakın çıxarılmasına dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar