Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3449/2022 25.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının əvəzinin ödənilməsi və əmək kitabçasında aparılmış qeydlərə düzəliş edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının əvəzinin ödənilməsi və əmək kitabçasında aparılmış qeydlərə düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində cavabdehin direktoru tərəfindən verilmiş 004 saylı, 28 fevral 2022-ci il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi iş buraxdığı dövr üçün (əmrin imzalandığı tarixdən yenidən işə bərpa edildiyi tarixə qədər) bütün əmək haqqlarının ödənilməsi və ona məxsus əmək kitabçasında onun barəsində 004 saylı, 28 fevral 2022-ci il tarixli əmrlə bağlı aparılmış qeydlərə düzəlişin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 2021-ci ildə əmək müqaviləsi imzalanmışdır. Şirkətin təsisçisi İran İslam Respublikasının vətəndaşı Farazin Saqhanın göstərişinə uyğun olaraq, heç bir əsas olmadan şirkətin yeni təyin edilən direktoru (hansı ki, formal olaraq direktorluq vəzifəsinə təyin edilmişdir) Tural Quluzadə tərəfindən 28 fevral 2022-ci il tarixində onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq “əmək müqaviləsinin ləğv edilməsi və tutduğu vəzifədən azad edilməsi”nə dair qanunsuz əmr imzalanmışdır. Bununla bağlı, cavabdeh şirkətin səlahiyyətlisi ona heç bir məlumat verməmişdir. Həmçinin, qarşı tərəf əmək kitabçasını, əmək müqaviləsini vermədən, son əmək haqqı ödənişini etmədən qanunsuz şəkildə onun hüququnu pozmuşdur. O, dəfələrlə cavabdehdən əmək kitabçasını, əmrin əslini və əmək müqaviləsini tələb etsə də cavabdeh tərəfindən bu tələb rədd edilmişdir. O, “Mediasiya haqqında” Qanunun tələblərinə uyğun olaraq mediatora müraciət etmişdir. Lakin, cavabdehlə hər hansı barışıq əldə edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. 04 iyul 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (vəkili) iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı cavabdeh şirkətdə çalışdığı dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Bridge Plaza” Filialından Cavabdeh bank hesabından 30.000 manat pul vəsaitini əldə etməklə mənimsəmişdir. Bu səbəbdən iddiaçı 28 fevral 2022-ci il tarixli, 004 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Eyni zamanda bildirir ki, iddiaçı cavabdeh şirkətdə direktor müavini vəzifəsində çalışmış və bu vəzifəsindən istifadə etməklə tərəflər arasında bağlanmış əmək müqaviləsini və əmək kitabçasını şirkətdən özbaşına olaraq götürmüşdür. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi (vəkili) məhkəməyə gəlməmiş, lakin məhkəməyə vəsatət ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən vəsatəti təmin etməmiş və məhkəmə iclasının cavabdehin nümayəndəsinin (vəkili) iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet portalından əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh direktoru X2, hüquqi ünvanı AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Asəf Zeynallı (Biləcəri qəsəbəsi) küçəsi, ev 33, mənzil 43-dür; Cavabdeh direktoru tərəfindən qəbul edilmiş 28 fevral 2022-ci il tarixli, 004 saylı “işdən azad olunma” barədə əmrin surətindən görünür ki, İddiaçı 28 fevral 2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən, peşədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əmr edilmişdir. Həmin əmr əsaslandırılmamış, o cümlədən əmrin verilməsinə əsas olmuş sənədlərin nə(lər)dən ibarət olduğu göstərilməmişdir. X3 Xidmətinin Bakı Şəhər İdarəsinin İddiaçı ünvanladığı 14 aprel 2022-ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, sonuncunun müraciətinə idarədə baxılmış və bildirilmişdir ki, müraciətin araşdırılması ilə bağlı sənədlərin təqdim olunması məqsədilə Cavabdehnə məktublar göndərilmiş, lakin MMC məktubların göndərildiyi ünvanlarda fəaliyyət göstərmədiyindən məktublar geri qayıtmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar 01 yanvar 2023-cü il tarixədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır; Cavabdeh 03 fevral 2022-ci il tarixli, PB 244644 nömrəli qəbzinin surətindən görünür ki, İddiaçı (şəxsiyyət vəsiqəsi nömrəsi AZE ********) təyinatı digər olmaqla 30.000 manat məbləğində vəsait verilmişdir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Cavabdehndə itmiş və oğurlanmış mal və materialların audit yoxlamasına dair auditor rəyinin təqdim edilməsi ilə bağlı Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01 iyul 2022-ci il tarixli DAX********** nömrəli audit xidmətinin göstərilməsi barədə müqavilə bağlanmışdır. Hal-hazırda itmiş və oğurlanmış mal və material qalıqlarının audit yoxlaması və araşdırma hərəkətləri həyata keçirilir. Şirkət direktorunun və digər hal şahidlərinin iddialarına əsasən bütün bu qanunsuz hərəkətlərin İddiaçı tərəfindən törədilməsi ehtimal olunur. İtmiş və oğurlanmış mal və material qalıqlarının yoxlanması üzrə araşdırmalar yekunlaşdığı təqdirdə tərtib olunmuş rəy tez bir zamanda məhkəməyə təqdim olunacaqdır. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin ikinci hissəsinə əsasən Bu məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin üçüncü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 80.1-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinin birinci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 83-cü maddəsinin ikinci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinin birinci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. 84-cü maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 300-cü maddəsinin birinci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, tərəflər arasında əmək münasibətləri mövcud olmuş, 28 fevral 2022-ci il tarixdə isə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifəsindən azad olunmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, həmin əmrin ləğv edilməsini, işə bərpa edilməsini, məcburi buraxmaya görə əmək haqqının əvəzinin ödənilməsini və əmək kitabçasına müvafiq düzəlişlərin edilməsini tələb edir, cavabdehin nümayəndəsi və vəkili isə iddianı əsassız hesab edərək təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Əvvəla ona görə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair, məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iddiaçının tutduğu vəzifəsindən azad edilməsinə dair 28 fevral 2022-ci il tarixli, 004 saylı əmr verilərkən Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsində göstərilən tələblər də pozulmuşdur. Belə ki, iddiaçının mübahisələndirdiyi həmin əmrin məzmununda müəssisənin hüquqi ünvanı, iddiaçının vəzifəsinin adı göstərilməmişdir. Bunlardan əlavə, iddiaçının konkret olaraq hansı pozuntulara yol vermiş olduğu əsaslandırılmamış və o cümlədən əmrin verilməsinə əsas olmuş sənədlərin nə(lər)dən ibarət olduğu göstərilməmişdir. Eyni zamanda iddiaçının qeyd edilən əsasla işdən çıxarılması zamanı onun məsələyə (pozuntuya) dair izahata alınamış, ümumiyyətlə hər hansı araşdırma aparılmamışdır. Məhkəmə cavabdeh tərəfin etirazının dəlilləri və sübutları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi (vəkili) iddiaçının vəzifə səlahiyyətlərindən sui-istifadə edərək çalışdığı şirkətin mənafeyinə ziyan vurduğunu bildirərək, sübut kimi audit yoxlanması barədə arayışı təqdim etsə də məhkəmə hesab edir ki, sözügedən arayış qeyd olunan halları təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Çünki həmin sənəd də cavabdeh şirkətdə itmiş və oğurlanmış mal və materialların araşdırılmasının davam etdiyi, cavabdeh MMC-nin direktorunun və hal şahidlərinin iddiasına görə iddiaçının təqsirkar olduğunun ehtimal edildiyi göstərilmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi (vəkili) iddiaçı tərəfindən şirkətə məxsus 30.000 manat məbləğində pul vəsaitinin mənimsənildiyini bildirərək məhkəməyə 03 fevral 2022-ci il tarixli, PB 244644 nömrəli qəbzin surətini təqdim etsə də, həmin qəbzdən iddiaçının qeyd olunan vəsaitin qanunsuz şəkildə əldə etdiyi müəyyən edilməmişdir. Göründüyü kimi, mübahisələndirilən əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin üçüncü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Əksinə cavabdeh tərəfin etirazının məzmunundan da iddiaçının məhz şübhə əsasında (təqsirkar olduğunun ehtimal edildiyi hərəkətlərə görə) işdən çıxarıldığı müəyyən edilir. Təsvir edilənlərdən də göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad edilən maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh 28 fevral 2022-ci il tarixli, 004 nömrəli əmri ləğv edilməli, İddiaçı öz vəzifəsinə işə bərpa edilməli, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh tərəfindən ödənilməli, iddiaçıya məxsus əmək kitabçasında Cavabdeh 28 fevral 2022-ci il tarixli, 004 nömrəli əmrlə bağlı aparılmış qeydlərə müvafiq düzəlişin edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əmək mübahisəsi ilə bağlı qiymətləndirilməyən iddia olduğundan, iddiaçı da müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh 28 fevral 2022-ci il tarixli, 004 nömrəli əmri ləğv edilsin, İddiaçı öz vəzifəsinə işə bərpa edilsin və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı Cavabdeh tərəfindən ödənilsin. İddiaçı məxsus əmək kitabçasında Cavabdeh 28 fevral 2022-ci il tarixli, 004 nömrəli əmri ilə bağlı aparılmış qeydlərə müvafiq düzəlişin edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Cavabdehndən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-3449/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3449/2022
25.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver