Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3483/2021 18.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzili daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında almışdır. 23 yanvar 2019-cu il tarixində müvafiq olaraq onun adına çıxarış verilmişdir. Cavabdeh mənzili ona satarkən alğı-satqı müqaviləsinin 13-cü bəndinin şərtinə əsasən qısa müddətdə qeydiyyatdan çıxacağı barədə öhdəlik götürmüşdür. Lakin bu qədər müddət keçməsinə baxmayaraq, cavabdeh qeydiyyatdan çıxmamış və onun mənzildə formal olaraq passport qeydiyyatı saxlanılmışdır. Cavabdehin harada yaşaması ona məlum deyildir. Mənzil satıldıqdan sonra həmin mənzili tərk etmişlər. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, 2019-cu ildə həmin mənzili satarkən Cavabdeh özü burada olmamışdır. Həmin evi həyat yoldaşı satmışdır. Evi görüb bəyənmiş və alğı-satqının rəsmiləşdirilməsi üçün notariusa getmişlər. Satıcı 6 ay ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüş olsa da, çıxmamışdır. Daha sonra isə satıcı ilə əlaqəsi tamamilə kəsilmişdir. Hazırda özü həmin mənzildə yaşayır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 ilə İddiaçı ilə arasında bağlanan 10.01.2019-cu il tarixli AN-İ seriyalı, ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 38,6 kv.m olan 3 otaqlı mənzili İddiaçı satmağı, İddiaçı isə daşınmaz əmlakın dəyəri olan 60000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 13-cü maddəsinə əsasən satıcı Cavabdeh 10.01.2019-cu il tarixinə kimi qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Göstərilən alqı-satqı müqaviləsi əsasında həmin mənzilə dair İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №1459797 saylı Çıxarış verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li 15.03.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh etibarnamə əsasında nümayəndəsi X1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi, 63 saylı evin, 103 mənzilin satılması barədə İddiaçı ilə razılıq əldə edilmişdir. X1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Cavabdeh qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi, 63 saylı evin, 103 mənzilin satılmasına etiraz etməmişdir. 15.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 ilə İddiaçı ilə arasında 10.01.2019-cu il tarixli AN-İ seriyalı, ******* saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Mənzilin mülkiyyətçisi həmin müqavilənin 13-cü bəndinə əsasən 10.01.2019-cu il tarixinədək qeydiyyatdan çıxmaq barədə öhdəlik götürsə də, qeydiyyatdan çıxmamışdır. Hal-hazırda cavabdeh mübahisə predmeti olan mənzildə yaşamır.Qeydiyyatı formal xarakter daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddənin məzmunundan göründüyü kimi mülkiyyət hüququ özündə 3 elementi – sahiblik, istifadə və sərəncam hüquqlarını birləşdirir. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mənzil iddiaçının mülkiyyətində olduğundan, mənzilin əvvəlki mülkiyyətçisinin həmin mənzilə dair hər hansı hüquqları saxlanmadığından, satıcının mübahisəli mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır və bu səbəbdən cavabdehin mübahisəli mənzildə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh ünvan 3 ünvanında yerləşən, 103 saylı mənzilə mənzilə istifadə hüququ itirilmiş hesab edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən, 103 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3483/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3483/2021
18.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver