Məhkəmə qərarları › İş №2(001)-3499/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3499/2020

10.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3499/2020 10.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə iddia ərizəsinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 8 saylı evin 29 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.hüseynzadə küçəsi, 8 saylı evin 29 saylı mənzili xx xxx 2012-ci il tarixdə onun mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, o, həmin mənzili xx xxxxx 2012-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında Mustafayev Mustafa Hümbətəli oğlundan almışdır. Həmin vaxtdan bəri o, öz ailəsi ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh isə evin əvvəlki sahibi Mustafa Mustafayevin oğludur və cavabdehin hazırda ona məxsus evdə qeydiyyatda olması ona mülkiyyət hüquqlarından istifadə etməyə məhdudiyyət yaradır, o, cavabdehə görə kommunal xidmətlərlə bağlı əlavə pul ödəyir. Cavabdehin ona məxsus evdə yaşamaması qonşular tərəfindən tərtib olunmuş aktda da öz təsdiqini tapır. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun ona aid edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 8 saylı evin 29 saylı mənzili xx xxx 2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. xx xxxxx 2012-ci il tarixli, AN-İ seriyalı, 01284552 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı sözügedən mənzili Mustafayev Mustafa Hümbətəli oğlundan almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx xxxx 2020-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh iddia ərizəsində göstərilən mənzildə qeydiyyatdadır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, işin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə yaşamır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddənin məzmunundan göründüyü kimi mülkiyyət hüququ özündə 3 elementi – sahiblik, istifadə və sərəncam hüquqlarını birləşdirir. Məhkəmə hesab edir ki cavabdehin mübahisə predmeti olan mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 8 saylı evin 29 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, 8 saylı evin 29 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar