Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3521/2025 08.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X9 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nikah haqqında şəhadətnamədə düzəliş edilməsinə dair hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nikah haqqında şəhadətnamədə düzəliş edilməsinə dair hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası Əliheydər Məmməd oğlunun adına Bakı şəhəri, Binəqədi (əvvəlki adı Kirov ray.) rayonu, Biləcəri qəs., hazırkı İ. Mahmudov (əvvəlki 1-ci Şimal küç) küç. ev 16 ünvanda yerləşən yaşayış sahəsinə hüquqları, Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən 8/Vİ-71-ci il tarixli, (Kitab № 1, səh. 58) çıxarışla qeydiyyata alınmışdır. Hazırda həmin yaşayış sahəsində, onun ailə üzvləri olan faktiki olaraq vərəsələri yaşayırlar. Belə ki, qeyd olunan ünvanda əmlakın mülkiyyətçisi ilə yanaşı qeydiyyatda olanların siyahı üzrə təsnifatı rəsmi qaydada təsdiq edilmişdir. Yəni, Suraxanım Əliağa qızı 1913cü il təvəllüdlü (Əliheydər Məmməd oğlunun həyat yoldaşı) 1952- ci ildən 1986-cı ilədək bu ünvanda qeydiyyatda olub. Eynilə, digər vərəsələr və ailə üzvlərinin qeydiyyatda olması təqdim olunmuş arayışla təsdiq edilir. Həmin ünvanda vərəsələrinin faktiki istifadələrində olan miras paya hüquqlarının qeydiyyata alınması üçün notariat orqanında vərəsəlik işinin açılması məqsədilə müraciət edildikdə Suraxanım Əliağa qızının "Nikah haqqında şəhadətnamə"sində yazılmış adı ilə digər sənədlərdə olan ad fərqinə görə sənədləşmənin aparılması dayandırılmışdır. Bununla bağlı Binəqədi rayon VVAQ idarəsnə müraciət edilərək "Nikah haqqında şəhadətnamə"də və digər sənədlərdə adında 1913- cü il təvəllüdlü Suraxanım Əliağa qızına məxsus olmasına dair arayış verilməsi xahiş edilmiş, Bakı şəhəri Maraqlı şəxs 3-16-5/7-13-286/25 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina edimişdir. X2 adındakı uyğunsuzluq aidiyyəti təşkilatlarda hüquqların tanınması ilə bağlı hərəkətlərin yerinə yetirilməsinə maneə yaratdığından konstitusiya normaları ilə müəyyən edilmiş hüquqların əldə edilməsinə nail olmaq mümkün olmamışdır. Bu səbəbdən sənədlərdə olan 1913-cü il təvəllüdlü Suraxanım Əliağa qızının adında düzəliş verilməsini qanuni və əsaslı hesab etmişlər. Daha sonra iddia tələbinin dəiqləşdirilməsinə dair ərizə məhkəməyə təqdim edilmiş və 7/Vİİ-1932-ci il tarixli, 1212 saylı nikah haqqında şəhadətnamənin 1913-cü il təvəllüdlü Suraxanım Əliağa qızına məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçilər ərizəni müdafiə etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1212 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əliheydər Məmməd oğlu ilə Suqra Əli-ağa qızı arasında 7.Vİİ.1932-ci il tarixdə nikah bağlanmışdır. xx.xx.1986-cı il tarixli, İİİ-JQ № 363154 saylı ölüm haqında şəhadətnamənin surətindən görünür ki, Suraxanım Əliağa qızı ürək çatışmamazlığından rəhmətə getmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən göründüyü kimi, Ərizəçi2 və Ərizəçi1 anaları Suraxanım Əliağa qızıdır. xx.xx.2024-cü il tarixli, 1056 saylı arayışdan görünür ki, qeyd olunan ünvanda 1913- cü il təvəllüdlü Suraxanım Əliağa qızı (Əliheydər Məmməd oğlunun həyat yoldaşı) 1950-ci ildən 1986cı ilədək qeydiyyatda olub. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublarından müəyyən olunur ki, 1913-cü il təvəllüdlü Suraxanım Əliağa qızının yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubuna əsasən ərizəçilərə düzəliş edilməsi ilə əlaqədar müraciətlərinə baxılmış və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarinin Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Suraxanım Əliağa qızının övladları xx.xx.1950-ci il təvəllüdlü Ərizəçi1 (ölüm tarixi xx.xx.1953-cü il), xx.xx.1953-cü il təvəllüdlü Ərizəçi2 və xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi1 doğumları Maraqlı şəxsndə qeyd alınmışdır. Suraxanım Əliağa qızının ölümü isə xx.xx.1986-cı ildə adıçəkilən qurumda qeydə alınmışdır. İnformasiya sistemində Suraxanım Əliağa qızının doğumunun, nikahının, nikahının pozulasının, eləcə də başqa övladlarının doğumunun qeydə alınmasına dair hər hansı məlumat aşkar olunmamışdır. Hazırda vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində 1948-ci ildən saxlanıldığından, eləcə də Suraxanım Əliağa qızının doğumu haqqında akt qeydi qeyd edilən ildən əvvəlki dövrə təsadüf etdiyindən məsələ ilə bağlı Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3- 48-2F/2-M-08372/2023 nömrəli məktubu ilə ərizəçilərin sorğusunun icrasının imkan xaricində olması qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X1 Məmməd oğlu ilə Suqra Əli-ağa qızının birgə nikahda olmalarını, bigə nikahdan 8 övladlarının olmasını və ərizəçilərin də sonuncuların övladları olmasını bildirmişlər. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 339-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 340-cı maddəsinə müvafiq olaraq, ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. 341-ci maddəsinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci və 2-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarina əsasən
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
7. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçilər hazırki tələblərində haqlıdırlar, valideynlərinin nikah haqqında şəhadətnaməsində ana adının düzgün yazılmaması və şəxsin adı ilə ziddiyət yaratması, sözügedən hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə aradan qaldırıla bilər. Odur ki, ərizə təmin edilərək, 7/Vİİ1932-ci il tarixli, 1212 saylı nikah haqqında şəhadətnamənin 1913-cü il təvəllüdlü Suraxanım Əliağa qızına məxsus olması müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Nəticəvi hissə QƏT ETDİ: Ərizə təmin edilsin. 7/Vİİ-1932-ci il tarixli, 1212 saylı nikah haqqında şəhadətnamənin 1913-cü il təvəllüdlü Suraxanım Əliağa qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova