Məhkəmə qərarları › İş №2(001)-3546/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3546/2024

30.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3546/2024 30.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X28 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X9 və Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdehlər X11 bacısı, Cavabdeh Mirzağa oğlu isə qardaşıdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 4, 28 ünvanda 212 kv.m torpaq sahəsində yerləşən bir mərtəbəli, 2 yaşayış otağından, 1 mətbəxdən, sanitar qovşaqdan, bir açıq eyvandan ibarət yaşayış evini o, sahibindən almışdır. Həmin evin hesabat cədvəlini bacısı X3 adına tərtib etdirmişdir. Evin tikintiyə aid göstəriciləri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin məsləhətçi mühəndisi O.Qasımov tərəfindən tərtib edilmiş, evin sxemi Biləcəri qəsəbə inzibati Ərazi dairəsinin nümayəndəsi İ.İ.İbrahimov tərəfindən təsdiq edilmişdir. Cavabdehlər həmin evdə qeydiyyatdadırlar. O, isə ünvan 2 ünvanda qeydiyyatdadır. Qeydiyyatda olduğu mənzil sabiq arvadı X2 mülkiyyətindədir. Nənəbacı Həsənova ilə aralarında olan nikah xx.xx.2010-cu il tarixdə pozulmuşdur. Ailə münasibətləri pozulduğundan aralarında narazılıqlar yaranmış, Nənəbacı Həsənova mənzildə yaşamağına dözülməz şərait yaratmışdır. Ona görə də, o, yuxarıda qeyd etdiyi, öz puluna aldığı evdə yaşamağa başlamış, həmçinin o, hesab edir ki, həmin ev onun yaşayış yeri sayılır. Evə və torpaq sahəsinə görə vergiləri o, ödəyir və bu barədə Biləcəri Bələdiyyəsi tərəfindən ona 04181 nömrəli 15 mart 2024-cü il tarixli arayış verilmişdir. Son vaxtlar cavabdehlər onu evə buraxmır, bu səbəbdən də, o, evə köçürülməsi uçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Köçmək istədiyi ev onun yaşayış yeridir, cavabdehlər onu yaşayış yerindən qanunsuz məhrum etmişlər. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 4, 28 ünvanda yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bununla yanaşı, iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 vəfat etməsini əsas gətirərək, yalnız Cavabdeh qarşı iddia tələbi irəli sürüldüyünü qeyd edərək, H.Qasımovanın vəsiyyətnamə üzrə vərəsəsi olduğuna əsaslanaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh eyni zamanda həmin mənzilin özbaşına tikili olduğunu, həmin fərdi yaşayış evinin məhz onun tərəfindən alınaraq, bacısına verildiyini, istər qardaşının, istərsə də onun həmin fərdi yaşayış evində yaşamadıqlarını, müxtəlif vaxtlarda bacısına baş çəkmək üçün həmin fərdi yaşayış evinə gələrək qaldığını bildirmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin, həmçinin cavabdehin izahatlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan satıcı X12 ilə alıcı X13 arasında bağlanmış 27 may 2015-ci il tarixli evlərin alqı-satqı müqaviləsindən görünür ki, X1 rayonu, DYPB-nin altı, İİ məhəllədə yerləşən mənzili X9 X4 vasitəsilə 44.000 manata satmışdır. Verilən behin məbləği 5.000 manat təşkil etmişdir. İş materiallarında olan Təcili və X20 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 09 iyun 2024-cü il tarixdə X13 üçün çağırış edilmiş, həmin gün saat 15:30-da həkimə qədər ölüm, qadın cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan "xxxx" Firması tərəfindən verilmiş 08 iyun 2024-cü il tarixli 441855 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, X8 cənazəsinin yuyulması və maşınla aparılması üçün ümumilikdə 300 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Biləcəri Bələdiyyəsi tərəfindən ünvan 3 ünvanında yaşayan İddiaçı verilmiş 12 iyun 2024-cü il tarixli arayışdan görünür ki, AZ – İİ seriyalı 430460 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən “durğunluq ürək çatmamazlığından” X13 vəfat etmiş, dəfn xərcini İddiaçı çəkmişdir. İş materiallarında olan Qusar rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Ləgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 iyul 2024-cü il tarixli, 165 nömrəli arayışdan görünür ki, mərhum X13 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Qusar rayonu Aşağı Ləgər kənd qəbiristanlığında dəfn edilmiş, onun dəfn və hüzn xərci qardaşı Cavabdeh Mirzağa oğlu tərəfindən verilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X18 tərəfindən 27 yanvar 2024-cü il tarixdə təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, o, ünvan 3 ünvanında qeydiyyatda olan X13 həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir. “1. Hazırda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakını ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət edirəm. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178 və 1193-cü maddələrinin məzmunu notarius tərəfindən mənə izah edildi. 3. Vəsiyyətnamə iki nüsxədən ibarət tərtib edilib. Onlardan biri notariat ofisində saxlanılır, ikinci nüsxə vəsiyyət edənə verilir.” İş materiallarında olan 18 may 2024-cü il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə onun qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan 18 may 2024-cü il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində X13 tərəfindən verilmiş ərizədən görünür ki, H.Qasımova ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı qeydiyyata alınmasına razıdır, etiraz etmir. İş materiallarında olan İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil tərəfindən məhkəməyə ünvanlanmış vəsatətdən görünür ki, 30 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh Mirzəağa oğlu iddianı qəbul etmədiyini, iddiaçının köçmək istədiyi evi özü aldığını, mərhum X3 dəfninin özü tərəfindən təşkil edildiyini və s. bildirmişdir. İddiaçı isə cavabdehin mülahizələrinin həqiqətə uyğun olmadığını bildirir və o, qeyd etmişdir ki, həmin evi o, yəni iddiaçı almış, evin hesabat cədvəlini bacısı X3 adına tərtib etdirmişdir. Evin tikintiyə aid göstəriciləri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin məsləhətçi mühəndisi O.Qasımov tərəfindən tərtib edilmiş, evin sxemi Biləcəri qəsəbə inzibati Ərazi dairəsi nümayəndəsi İ.İ.İbrahimov tərəfindən təsdiq edilmişdir. Cavabdeh onu və xəstə bacısı Həmiyyə Qasımovanı da evə buraxmamışdır. O, çıxılmaz vəziyyətdə qaldığına görə sabiq arvadı X5 müraciət edərək bacısı X10 mülkiyyətində olan ünvan 5 ünvanına aparmasına razılığını almış, həmin mənzildə Həmiyyə bir müddət qalmış və 09 iyun 2024-cü il tarixdə orada ölmüşdür. Bu fakt "Təcili və X17 Stansiyasının verdiyi ölüm haqqında Xəbərdarlıq vərəqəsi" ilə sübuta yetir. (Xəbərdarlıq vərəqəsi əlavə olunur) Həmiyyə Qasımovanın cənazəsini iddiaçı yudurtmuş, yuyulmağa görə 80 manat, Qusar rayonuna aparılması üçün maşına 220 manat ödəmişdir. Bu fakt "xxxx" Firmasının verdiyi 08 iyun 2024-cü il tarixli 441855 nömrəli qəbzlə sübuta yetir. Həmiyyə Qasımovanın dəfn xərcini də iddiaçı çəkmişdir. Bu fakt Biləcəri Bələdiyyəsinin 01/149 saylı 12 iyun 2024-cü il tarixli arayışı ilə sübuta yetir. Cavabdeh məhkəməyə təqdim etdiyi “2024-cü il üçün yerli (bələdiyyə üzrə fiziki şəxsin şəxsi hesab vərəqəsi" vergilərin onun tərəfindən ödənildiyini sübut etmir. Evə və torpaq sahəsinə görə vergiləri iddiaçı ödəyir. Ödəniş barədə Biləcəri Bələdiyyəsinin 04181 nömrəli 15 mart 2024-cü il tarixli arayışı iş materiallarında vardır. İddiaçının bacısı Həmiyyə 1 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş 27 yanvar 2024-cü il tarixli vəsiyyətnamə ilə bütün əmlakını ona vəsiyyət etmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ev alqı-satqısı ilə məşğul olduğunu bildirməklə yanaşı, mərhum H.Qasımova tək qadın olduğu üçün marketə yaxın ev axtarıldığını, mübahisəli fərdi yaşayış evinin onun tərəfindən göstərildiyini, lakin ödənişlərin həyata keçirilməsində iştirak etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 torpağın əvvəlki sahibi olduğunu bildirməklə yanaşı, mübahisəli fərdi yaşayış evinin tikintisinin onun tərəfindən həyata keçirildiyini, kommunalların onun adına olduğunu, Cavabdeh və H.Qasımovanın birlikdə evə gəlib baxdıqlarını, iki gün sonra beh verdiklərini, sonra tam alqı-satqı olduğunu və evi 44000 manata Cavabdeh Mirzağa oğlunun aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 mərhum H.Qasımovanın qonşusu olmaqla yanaşı, mərhum H.Qasımova ilə çox yaxın olduğunu, Cavabdeh ona baxdığını və şifahi olaraq yanında hər nəyi varsa Cavabdeh bağışladığını dediyini bildirmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iddiaçı bacısı X3 vəsiyyətnamə üzrə vərəsəsi olduğuna əsaslanaraq, H.Qasımovanın mülkiyyətində olan və ona vəsiyyət edilən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 4, 28 ünvanda yerləşən yaşayış evinə köçürülməsini tələb etsə də, mülki işdə olan sübutlarla, tərəflərin izahatları və şahid ifadələri ilə təsdiq edilir ki, mübahisəli ev özbaşına tikilidir, həmin evlə bağlı X11 ilə X12 arasında alqı-satqı müqaviləsi sadə yazılı formada bağlansa da, notarial qaydada təsdiq edilməmiş, hal-hazıradək həmin evə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı mübahisəli tikilinin onun tərəfindən alındığını iddia etsə də, onun tərəfindən alınması sübut olunmamış, həmçinin iddiaçı tələblərinin əsası kimi göstərdiyi halları mötəbər sübutlarla təsdiq etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işin faktiki hallarını və işdə olan sübutları nəzərə alaraq, belə hesab edir ki, iddiaçı vərəsəlik hüququna əsaslanaraq vəsiyyətnamə ilə ona vəsiyyət edilmiş evə köçürülməsini tələb etsə də, həmin evin X3 mülkiyyətində olması sübut edilmədiyinə görə iddia tələbi əsassız olduğundan və mötəbər sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar