Məhkəmə qərarları › İş №2(001)-3547/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3547/2020

22.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3547/2020 22.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2013-cü il tarixdən Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsindəki 43 saylı evin 7 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsindəki 43 saylı yaşayış evinin 7 saylı mənzilini xx xxxxx 2013-cü ildə DNK-da alqısatqı qaydasında almışdır. xx xxx 2013-cü ildə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Aralarındakı alqı-satqı müqaviləsinin 12-ci bəndinə əsasən cavabdeh alqı-satqı günündən 2 ay müddətində mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin bu günə kimi onun mənzilində formal olaraq qeydiyyatda qalmışdır. Cavabdeh mənzili ona satdıqdan sonra daimi yaşamaq üçün Rusiya Federasiyasına köçüb getmişdir. Hesab edir ki, cavabdehin onun xüsusi mülkiyyəti olan mənzilə istifadə hüququ itirilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilmini məhkəmədən xahiş etdi. iclaslarının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə və teleqram ünvanlayaraq, məhkəmə iclaslarına üzürlü səbəbdən gələ bilməyəcəyini, işə onsuz baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin, cavabdehə çatdırılması üçün məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq göndərildiyindən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx xxxxx 2013-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 43 saylı evin 7 saylı mənzili Cavabdeh tərəfindən İddiaçı satılaraq alıcının mülkiyyətinə verilmişdir. Həmin müqavilənin 12-ci bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 2 ay müddətində satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, ev 43, 7 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçirilmiş və bu barədə xx xxx 2013-cü il tarixdə, ********** nömrəli qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 43 saylı evin 7 saylı mənzilində Cavabdeh qeydiyyatdadır; xx xxxx 2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir; xx xxxx 2020-ci il tarixli iddiaçının qonşuları X2, X4, X5 və X3 tərəflərindən öz imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, həqiqətən qonşuları Ağayev X1 qəsəbəsi, Y.Hüseynov küçəsindəki 43 saylı evin 7 saylı mənzilini Cavabdeh alqı-satqı yolu ilə almış və aldığı vaxtdan İddiaçı ailəsi ilə birlikdə yaşayır. Cavabdeh isə mənzili satdıqdan sonra daimi yaşamaq üçün Rusiya Federasiyasına köçüb getmişdir; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 43 saylı evin 7 saylı mənzilinin alqı-satqı müqaviləsinə əsasən mülkiyyətçisidir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla həmçinin müəyyən edildi ki, cavabdeh həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq hazırda həmin mənzildə yaşamır və həmin mənzil satıldıqdan sonra qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Ona görə də məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx xxxx 2013-cü il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 43 saylı evin 7 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzilə istifadə hüquqları itirilmiş hesab edildiyinə görə onun həmin məzində qeydiyyatda qalması üçün hər-hansı əsas yoxdur və iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığına görə hazırki qətnamə cavebdehin qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxx 2013-cü il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 43 saylı evin 7 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Bu qətnamə Cavabdeh İddiaçı mülkiyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 43 saylı evin 7 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar