Məhkəmə qərarları › İş №2(001)-3560/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3560/2025

06.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3560/2025 06.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ərizəsi ilə məhkəməyə müraciət edərək, onu və övladları 24 dekabr 2018-ci il təvəllüdlü X5 və 13 aprel 2020-ci il təvəllüdlü X1 onunla birlikdə ünvan 1 ünvanında yerləşən özbaşına tikilidən ibarət fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 24 dekabr 2018-ci il təvəllüdlü X5 və 13 aprel 2020-ci il təvəllüdlü X3 adlı 2 övladları dünyaya gəlmişdir. Cavabdeh1 ilə 7 il ailəli olmuşlar. Bu dövr ərzində evdə dava-dalaşları olurdu. Bu mübahisə getdikcə daha da artmağa başlamışdır. Bu münasibəti evdəki uşaqlara da pis təsir göstərirdi. Uşaqlara ağır travma verirdi. Bu səbəbdən də rəsmi nikahları Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(005)-3415/2024 saylı qətnaməsi ilə ləğv edilmişdir. Boşandıqdan sonra övladları onun himayəsinə verilmiş və onun xeyrinə aliment tutulmuşdur. Qeydiyyatı ünvan 2 ünvanlı mənzildə yaşamışlar. Sonra aralarında olan dava dalaşlardan sonra cavabdehlər onları evdən çıxartdılar. O, Nərimanovda qeydiyyatda olsa da, birgə nikahdan doğulmuş övladları ünvan 3 ünvanında qeydiyyatdadırlar. Hazırda da övladları həmin evdə qeydiyyatdadır. O, həmin evə köçəndən bugünə kimi evin bütün təsərrüfatını aparmışlar və həmin evi təmir etdirmişdir. Bununla bağlı adına dəfələrlə bankdan kredit götürülmüş hətta qızıllarına qədər girov qoyulmuşdur. Yoldaşı ilə qaynanası Cavabdeh2 onu və uşaqlarını evindən atmışlar. Hətta onun cehizləri belə hələ də o evdədir. Həmin evdə istifadə hüququnun tanınması tələbinin səbəbi yaşamaq üçün uşaqlarında evinin olmamasıdır. Boşandıqdan sonra o, uşaqlarında birgə ananın evinə yerləşmişlər. Həmin evdə 2 qardaşı və onların ailəsi də yaşayır. 3 otaqlı evin iki otaqları qardaşlarının qalan otağında isə anası və o, uşaqları ilə birgə yerləşmişlər. 3 otaqlı evdə bu qədər adamın yerləşməsi təbii ki, söz-söhbət olmadan keçmir. Sözügedən fərdi yaşayış evi özbaşına tikilidir. Mübahisə predmeti olan ev özbaşına tikili olmaqla, hüquq müəyyənedici sənədləri yoxdur. Mübahisəli evə dair hüquqlar daşınmaz Əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Hazırkı şəraitdə cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, onun və övladlarının da, həmin şərtlər daxilində evdə yaşamaq hüquqları var. Mübahisəli evdən öz iradəsindən asılı olmayan səbəbdən çıxmağı onun və uşaqlarının həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. Mübahisəli tikilidə cavabdehlərlə birlikdə yaşadığından və cavabdehlə birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən həmçinin mübahisəli ev onun və övladlarının yeganə yaşayış yeri olduğundan övladlarının da, birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməklərinə dair iddiası təmin edilməlidir. ünvan 3 ünvana cavabdehlə birlikdə yaşadığından və cavabdehlə birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən həmçinin ev onun və övladlarının yeganə yaşayış yeri olduğundan övladları ilə birlikdə ünvan 3 ünvanda fərdi yaşayış evinə köçürülməyinə dair iddiası təmin edilməlidir. Cavabdeh X6 xx.xx.2025-ci il tarixdə etiraz ilə məhkəməyə müraciət edərək, iddianın əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin 19 sentyabr tarixindən onunla rəsmi nikaha girib və yuxarıda göstərilən ünvanda müvəqqəti olaraq anası Cavabdeh2 yanında yaşamışlar. Lakin həyat yoldaşı İddiaçı o, evdə olmadığı vaxt ona xəyanət edərək, evə başqa şəxsin daxil olmasına icazə vermişdir. Onu da qeyd edir ki, bütün bu hallar onun iki azyaşlı övladlarının gözü qarşısında olmuşdur. Bütün bunlara aid sübutlar, faktlar, çəkilişlər və şəkillər məhkəmə baxışında təqdim olunacaqdır. Nikahlarına xitam verildikdən sonra övladlarına vaxtlı-vaxtında aliment ödəyir. Digər tərəfdən məhkəmənin diqqətinə çatdırır ki, o, mübahisəli mənzildə pasport qeydiyyatındadır. 2016-cı ildən orada yaşayır. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianı qəbul etmir. O, iddiaçının köçüb yaşamasına razı deyil, xəyanətə görə evə kişi salmağa görə razı deyildir. Evi həyat yoldaşı 2016-cı ildə alıb. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçı ilə birgə nikahlarından doğulmuş uşaqları 3 yaşına çatana kimi atasına məxsus evdə yaşayıblar. Lakin sonradan iddiaçı və uşaqları ilə birlikdə müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Göstərdiklərini nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 3415/2024 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, Cavabdeh1 ilə Rzayeva (Hümbətova) Fatimə Səfər qızı arasında xx.xx.2017-ci ildə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 3350 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X3 (anası) iddiaçı Rzayeva (Hümbətova) Fatimə Səfər qızının yanında saxlanılması, Cavabdeh1 xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər birinə 235 manat (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 manat sabit pul miqdarında alimentin Rzayeva (Hümbətova) Fatimə Səfər qızının xeyrinə tutulması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş 23 iyul 2025-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Gülməmməd Ramazanov, 33 saylı fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməmişdir. "xxxx" KB ASC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 13090nkADjb/22 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 3000 manat məbləğində krediti 35 ay müddətinə illik 25,5% dərəcəsi ilə borcalana verməyi və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə hər ay 121 manat banka ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh1 iddiaçının keçmiş əri, digər Cavabdeh2 isə iddiaçının keçmiş qayınanasıdır. Tərəflər nikahda olarkən Bakı şəhəri, Binəqədi rayonu, Güləmməd Ramazanov, 33 saylı fərdi yaşayış evində faktiki yaşamışlar. İşin qeyd edilən halını cavabdehlər də təkzib etmirlər. Tərəflərin münasibətləri pozulduqdan sonra iddiaçı azyaşlı uşaqları ilə birlikdə oradan çıxarılmışdır. Mübahisəsi gedən ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr alınmamışdır. Bununla belə, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdehlər tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı azyaşlı uşaqları ilə birlikdə köçmək istədiyi evdə yaşamış və hal-hazırda mübahisəli evdə yaşamaq istəsə də, halhazırda cavabdehlər buna imkan vermirlər. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Bu baxımdan məhkəmə həmçinin bir daha qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Eyni zamanda Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən istifadə olunur. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə məhkəmə, iddiaçının da azyaşlı uşaqları ilə birlikdə cavabdehlərlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onun azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən, iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı azyaşlı övladları - 24 dekabr 2018-ci il təvəllüdlü X5 və 13 aprel 2020-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 3 ünvanında yerləşən (özbaşına tikilidən ibarət) fərdi yaşayış evinə köçürülsünlər. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar