Məhkəmə qərarları › İş №2(001)-3651/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3651/2024

20.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3651/2024 20.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə iddia tələbini artıraraq məhkəmədən, Cavabdeh MMC tərəfindən İddiaçı ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsinə dair qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 0323 saylı əmrin ləğv edilməsi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən işçinin təşəbbüsü ilə xitam verilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-də direktor müavini vəzifəsində çalışır. 2023-cü ilin mart ayından Cavabdeh MMC-nin direktoru X3 iddiaçının barəsində şər-böhtan xarakterli məlumatlar yaydığı üçün onların münasibətləri kəskinləşmiş 21 mart 2023-cü il tarixdə İddiaçı müəssisəyə işə gedərkən A.əƏləkbərov ona şər böhtan ataraq guya müəssisəyə aid olan pulu mənimsədiyini iddia edərək onu əmək funksiyasının icrasına buraxmaqdan imtina etmişdir. Bundan sonra direktor iddiaçının barəsində əsassız olaraq DTX-ya guya müəssisəyə aid pulu mənimsədiyini iddia edərək ərizəylə müraciət etmiş, lakin həmin müraciətin hər hansı nəticəsi olmamasına baxmayaraq, yenə də əmək funksiyasının icrasına buraxılmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü l tarixdən əmək müqaviləsinə xitam verilməsi üçün İddiaçı müəssisənin direktoru A.Ələkbərova yazılı ərizəylə müraciət etmiş, buna baxmayaraq heç bir əsas olmadan onun əmək müqaviləsinə xitam verilməmiş, yaranmış mübahisə ilə bağlı müəssisədə eyni zamanda faktiki olaraq kadr üzrə mütəxəssis vəzifəsini də icra edən mühasib Sevinc adlı xanımdan vatsap vasitəsilə əmək müqaviləsinə hansı səbəbə görə xitam verilmədiyi barədə məlumat istəmiş və cavab olaraq barəsində hansısa işin getdiyi və belə hallarda əmək müqaviləsinə xitam verilməsinin mümkünsüz olduğunu bildirmişlər. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X4 yazılı ərizəylə xx.xx.2023-cü il tarixdə müraciət edilmiş, bu günə qədər şikayət ərizəsi cavablandırılmamışdır. Daha sonra işəgötürənin onunla bağlanmış əmək müqaviləsinə xitam vermək istəmədiyini görüb əmək müqaviləsinə xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarında Cavabdeh MMC onun məsul şəxs olduğu üçün əmək müqaviləsinə xitam verilməsinin mümkün olmadığı, sərəncamında olan malları təhvil verəcəyi təqdirdə əmək müqaviləsinə xitam veriləcəyini bildirmişdir. Lakin xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC guya onunla bağlanmış əmək müqaviləsinə artıq xitam verildiyini bildirmiş və bu barədə xx.xx.2023-cü il tarixli əmri təqdim etmişdir. Məhkəmənin qətnaməsi ilə əmək müqaviləsinə xitam verilməsi öhdəliyi Cavabdeh MMCnin üzərinə qoyulsa da, həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsinə dair əmr qanunsuz və əsassızdır. Belə ki, həmin əmrin tarixi xx.xx.2023-cü il tarix kimi göstərilsə də ƏMAS elektron sistemindən əmək müqaviləsinin ləğvinə dair məlumat yalnız 2024-cü il tarixdə əlavə edilmişdir. Yazışmalardan da göründüyü kimi məhkəmə icraatı zamanı belə onun əmək müqaviləsi qüvvədə olmuş, sonradan köhnə tarixə əmr daxil edilmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 3651/2024 saylı qərardadı ilə iddia tələbinin İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən işçinin təşəbbüsü ilə xitam verilmiş hesab edilməsi hissəsi baxılmamış saxlanılmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi, Vəkil2 iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, cavabdeh iddiaçı barəsində Cavabdeh MMC-dən oğurluq etməsi barədə Binəqədi Rayon Prokurorluğuna və Dövlət Təhlükəsizliyi Xidmətinə şikayət etmişdir. İddiaçını bir neçə dəfə Prokurorluğa və DTX-ya dəvət ediblər. Prokurorluqda olan zaman iddiaçı ifadəsini vermişdir və bundan sonra prokurorluqdan iddiaçını bir daha dəvət etməyiblər. Cavabdehin iddiaçı barəsində etdiyi şikayətlər tamamilə əsassızdır. Belə ki, cavabdeh onu nə ilə ittiham etdiyini bilmir. Ümumiyyətlə tərəflər arasında çoxlu məhkəmə mübahisəsi vardır. Bundan başqa cavabdeh iddiaçının işdən çıxartdıqdan 1 il sonra əmri Əmas elektron sisteminə daxil etmişdir. Cavabdeh iddiaçının 5 ay işə gəlmədiyini bildirmişdir. Lakin bu hal tamamilə əsassızdır, hətta cavabdehin vəkili Bakı Apellyasiya Məhkəməsində iddiaçının barəsində köhnə tarixlə əmr verildiyini etiraf etmişdir. İddiaçının barəsində cinayət işi başlanmamışdır.

5. Əvvəlki məhkəmə iclasında isə iddiaçının digər nümayəndəsi və vəkili Vəkil1 iddia ərizsinin dəlillərinə uyğun izahat vermiş və verilən suallara cavab olaraq bildirmişdir ki, digər işə baxılarkən cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsinə qiymət verilməmişdir. Əmr onlara verilməmiş, məhkəmənin elektron sisteminə yüklənmişdir. Əmək kitabçası iddiaçının özündədir və əmək kitabçasında hər hansı qeyd aparılmamışdır.İddiaçının həmkarların üzvü olub-olmaması barədə məlumatı yoxdur. İddiaçının barəsində cinayət işi başlanmamışdır.

6. Lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

7. İddiaçı xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi əsasında Cavabdeh MMC-də icraçı direktor vəzifəsinə işə qəbul edilmişdir.

8. Onunla bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2023-cü il tarixli, 0323 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmr belə əsaslandırılmışdır ki, icraçı direktor olan İddiaçı əmək vəzifələrini kobud şəkildə pozmaqla, yəni xəbərdarlıqsız uzun müddət işə gəlməmişdir, həmçinin tutduğu vəzifələrindən sui istifadə edərək işəgötürənə maddi ziyan vurmasına dair əsaslar vardır.

9. xx.xx.2023-cü il tarixdə X3, X5, X6 tərəfindən akt tərtib edilmişdir və həmin AKT-da qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən-xx.xx.2023-cü il tarixədək üzrsüz səbəbdən işə gəlməmişdir. Dəfələrlə əlaqə saxlanılsa da, xəstə olduğunu və bu səbəbdən işə gələ bilmədiyini bildirmişdir. Müəssisə tərəfindən ondan xəstəliklə bağlı sənəd tələb edilmiş və cavabında həmin sənədləri tezliklə göndərəcəyini bildirmişdir. Bu kimi bəhanələr ilə vaxt qazanmış və üzrlü səbəbdən işə çıxmaması barədə sənəd təqdim edilməmişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 875/2024 saylı qətnaməsindən və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-3060/2024 saylı qətnamələrində əks olunmuş Cavabdeh MMC-nin iddiaya etirazında, nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında və apellyasiya şikayətində müvafiq olaraq bunlar göstərilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı tərəf işə gəlib təhvil-təslim etsin, ondan sonra əmək müqaviləsinə xitam veriləcəkdir, iddiaçı isə müxtəlif bəhanələr gətirərək, özü işə getmir, iddiaçının işdən çıxma barədə ərizəsi yoxdur ki, əmri də verilə. Cavabdeh MMC-nin direktoru X1 məhkəməyə ünvanlanan yazılı etirazında bildirmişdir ki, İddiaçı işdən çıxmaq istədikdə ona Cavabdeh MMC-nin maddi məsul şəxsi olduğunu, öz işi ilə əlaqədar təhviltəslim etməyi ona demiş, lakin Nərmin onun göstərdiklərini, yəni işi ilə əlaqədar hesabat verilməsini və təhvil-təslim etməyi yerinə yetirməmişdir. Bununla əlaqədar aidiyyəti hüquqmühafizə orqanlarına müraciət etmişdir ki, ona məxsus olan Cavabdeh MMC-nin pullarını və mallarını mənimsəyən ələsgərzadə barəsində qanuni tədbir görsünlər. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

11. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:a) müəssisə ləğv edildikdə;b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71.2-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin “ç” hissəsində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; e) bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 186-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 191.2-ci maddəsində qeyd edilmişdir ki, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır:a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda;b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 203-cü maddəsinə əsasən İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

12. İşin müəyyən edilmiş hallarından görünür ki, işəgötürən işçinin xəbərdarlıqsız uzun müddət işə gəlməməsinə, vəzifəsindən sui istifadə edərək işəgötürənə maddi ziyan vurmasına dair əsaslar olmasına əsaslanaraq, işçi ilə əmək müqaviləsinə xitam vermişdir. Lakin tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, işəgötürən işçini mənimsəmə cinayət əməlini törətməkdə ittiham etmiş və bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etmişdir. İşçi işdən çıxmaq istədiyini bildirmiş, işəgötürən isə təhvil-təslim aparılmadan onu işdən azad etməyəcəyini bildirmişdir. Göründüyü kimi işəgötürənin də işçi ilə əmək münasibətlərini davam etdirməkdə marağı olmamış, onun iş yerinə gəlməsini təhvil-təslim aparmağa görə tələb etmişdir. Bundan başqa işçinin xx.xx.2023-cü il tarixdən işdə olmadığını bilən işəgötürənin 5 ay sonra, üstəlik əmək müqaviləsinə xitam verilməsi və digər məsələlər barədə tərəflər arasında mübahisələrin davam etdiyi vaxt işçi ilə bağlanmış əmək müqaviləsinə işçinin işə çıxmaması əsası ilə xitam verməsi inandırıcı deyildir. Çünki həmin müddət ərzində işçinin əmək funksiyalarını icra etməsi tələb edilməmişdir. Yəni işçi faktiki olaraq barəsində hüquq-mühafizə orqanlarına edilmiş şikayətə görə işdən kənarlaşdırılmışdır. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, işçinin xəbərdarlıqsız uzun müddət işə gəlməməsi halı olmamışdır.

13. Əmrin verilməsinə əsas olan digər hal isə işçinin vəzifəsindən sui istifadə edərək işəgötürənə maddi ziyan vurması olmuşdur ki, bu hal da tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Belə ki, işəgötürən işçi barəsində hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirsə də, araşdırmanın nəticəsində işəgötürənə maddi zərər dəyməsi, zərərin işçinin qanunsuz hərəkətləri nəticəsində vurulması barədə hər hansı qərarın qəbul edilməsi müəyyən edilmir.

14. Beləliklə məhkəmə o qənaətə gəlir ki, işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə işəgötürənin xx.xx.2023-cü il tarixli, 0323 nömrəli əmri qanunsuz olduğundan ləğv edilməlidir. Bundan əlavə işə bərpa barədə tələb irəli sürülmədiyindən həmin məsələ məhkəmə qaydasında həll edilməmişdir. Tətbiq edilən prosessual normalar:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

16. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

17. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

18. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

19. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2023-cü il tarixli, 0323 nömrəli əmri ləğv edilməlidir.

20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:

İddia təmin edilsin. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2023-cü il tarixli, 0323 nömrəli əmri ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar