Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3657/2021 03.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə Ərizəçi əmək stajının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi əmək stajının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, O, xx.xx.1956-cı ildə anadan olmuş, 1973-cü ildən həqiqi hərbi xidmətə gedənə kimi Sərdarov adına maşınqayırma zavodunda tokar peşəsində işləmiş, 1975-1977-ci illər ərzində sovet ordusu sıralarında xidmət etmiş, 1978-1980-ci illərdə Avtoyol nəqliyyat idarəsinin 2-ci trestində işləmiş, 1980-1999-cu illərdə şəhərlər arası konteyner yükdaşıma müəssisəsində sürücü işləmiş, 2000-ci ildə Zəngilan nəqliyyat avtobazasında işə qəbul olmuşdur. Həmin vaxt o, əmək kitabçası əsasında işə qəbul edilmiş, əmək kitabçasını o, Fazil adlı müdirə vermiş, 2010-cu ildə Fazil vəfat etmişdir. Həmin müəssisəyə yeni müdir təyin olunmuş, o, Yaşar adlı şəxslə bir ilə yaxın işləmiş, onun işlədiyi Kamaz markalı avtomobil 2011-ci ildə çıx-daş edilmişdir. Ümumi əmək stajı 36 ilə yaxın olsa da, əmək kitabçası olmadığı üçün iş stajını sübut edə bilmir. Hazırda onda Zəngilan Avtonəqliyyat müəssisəsində onunla 30.01.2007-ci il tarixdə bağlanmış nümunəvi müqavilənin surətini vardır. Belə ki, onunla bağlanan əmək müqaviləsi hər il təzələnirdi. O, 65 yaşının tamam olması və əmək stajının yetərli olması səbəbindən pensiyaya çıxmaq istəmiş, bu məqsədlə Bakı 1 saylı Asan xidmət mərkəzinə müraciət etmişdir. Asan xidmət mərkəzindən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Dövlət Arxivinə müraciətlər edilmiş, müraciətlərə cavab olaraq sənədlərin arxivə dövlət mühafizəsinə verilmədiyi bildirilmişdir. O, pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etməmişdir. Ona görə də onun 35 ildən artıq əmək stajının olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 ərizəyə etiraz edərək izahatında göstərmişdir ki, Ərizəçi 1978-1980-ci illərdə Avtoyol nəqliyyat idarəsinin 2-ci trestində, 1980-1999-cu illərdə şəhərlər arası konteyner yükdaşıma müəssisəsində, 2000-2011-ci illərdə Zəngilan nəqliyyat avtobazasında işlədiyini iddia etsə də, ərizəçinin işlədiyini təsdiq edən sənədlər (əmək kitabçası, əmək haqqı cədvəlləri və s.) yoxdur. Həmçinin əmək kitabçasının olmaması ilə bağlı üzrlü səbəblər qeyd edilməmişdir. Ərizəçi hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən etmək istədiyi müddət 32 il təşkil edir. İşçinin əmək fəaliyyəti haqqında sənəd onun əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamənin 16-cı bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və onların hərbi əməliyyatlar, təbii fəlakət, qəza dağıntı, milli münaqişə zəmini və digər fövqalədə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçinin bir idarədə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblərə görə arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Eyni zamanda Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Lakin ərizəçinin təsdiqini tələb etdiyi müddət 12 il 6 aydan çoxdur. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmişdir. Bundan başqa məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Ərizəçinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsini tələb etdiyi müddət pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından çoxdur. Bundan başqa ərizəçi mübahisənin qabaqcadan məhkəmədən kənar həlli qaydasına da əməl etməmişdir. Ona görə də ərizənin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 259.0. maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; Ərizəyə məhkəmə baxışı zamanı ərizəçinin mübahisənin məhkəmədən kənar həlli qaydasına əməl etməməsi, bu səbəbdən işə mahiyyəti üzrə baxılmasının mümkün olmaması müəyyən edildiyindən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Ərizəçi əmək stajının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-3657/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3657/2021
03.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver