Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3667/2021 16.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, ərizəçi İddiaçı “torpaq sahəsinin sahiblikdə və istifadədə olmasının müəyyən edilməsinə dair” ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, X1 hüdudlarında yerləşən, X1 135 saylı, xx xxxxxx 2008-ci il tarixli sərəncamı ilə X3 ayrılmış 400.kv.m torpaq sahəsinin 2008-ci ilin fevral ayından onun sahibliyində və istifadəsində olmasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 135 saylı, xx xxxxxx 2008-ci il tarixli sərəncamı ilə X3 400 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsini V. Qarabağlıdan faktiki olaraq almışdır, lakin torpaq sahəsi dövlət reyestrindən qeydiyyatdan keçmədiyinə görə alqı-satqı müqaviləsi bağlanılmamışdır, torpaq sahəsi ilə bağlı V.Qarabağlı tərəfindən xx xxxxxx 2008-ci il tarixdə 10 il müddətinə ona etibarnamə verilmişdir. Torpaq sahəsini ilə bağlı sərəncamın təsdiq edilmiş surətinin təqdim edilməsi barədə X2 müraciət etmişdir, lakin Arxivin su basması nəticəsində yararsız hala düşdüyündən müraciəti nəticəsiz qalmışdır. Torpaq sahəsi onun istifadəsindədir və faktiki olaraq sahiblik edib, sərəncam verir. Torpaq sahəsi daşla hasara alınmışdır, torpaq sahəsi ilə bağlı bütün işləri o həyata keçirir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli qərarında qeyd edirlmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır; Ərizədən görünür ki, ərizəçi başqa şəxsin adına ayrılmış torpaq sahəsini etibarnamə əsasında 10 ildir ki aldığını və faktiki olaraq sahibliyində olmaqla istifadə etdiyini bildirir. Bu əsasla torpaq sahəsinin 2008-ci ilin fevral ayından onun sahibliyində və istifadəsində olmasının müəyyən edilməsini xahiş edir. Məhkəmə əvvəla qeyd edir ki, ərizə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi kimi məhkəməyə təqdim edilmişdir. Belə ki, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Halbuki başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Bundan başqa ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, mübahisələndirilən torpaq sahəsinin X3 ayrılmasını nəzərdə tutan Sərəncamın əsli ərizəçidə yoxdur və həmin sənədin surəti sənədlərin saxlanıldığı arxivin su basması nəticəsində yararsız hala düşdüyündən təqdim edilməmişdir. Yəni ərizəçi sahiblik və istifadə faktının müəyyən edilməsini faktiki olaraq həmin Sərəncamın surətini əldə edə bilmədiyinə görə xahiş edir. Yuxarıda qeyd edilən Plenum qərarında göstərilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Lakin ərizənin və ona əlavə edilmiş sənədlərin mahiyyətindən görünür ki, ərizəçi torpaq sahəsinin mülkiyyətçisi deyil, həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmamışdır. Eyni zamanda qeyd edilən Sərəncamın “Vətəndaşlara torpaq sahələrinin ayrılması” barədə kitabda qeydiyyatının aparılması müəyyən edilsə də, Bələdiyyə tərəfindən sərəncamın yenidən bərpa edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Göründüyü kimi əvvəla hüquq haqqında mübahisə vardır və göstərilən yararsız hala düşmüş, məhv olmuş sənədin dublikatının, arxiv arayışının və.s formada əldə edilməsi qanunvericiliklə nəzərdə tutulmuşdur. Bununla bağlı qanunvercilikdə aşağıdakı normativ(qeyri) hüquqi(xarakterli) hüquqi aktlar mövcuddur. 1)“Azərbaycan Respublikası Milli Arxiv İdarəsi kollegiyasının 2013-cü il 25 dekabr tarixli Q-04 nömrəli Qərarı ilə təsdiq edilmiş "Arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə İnzibati Reqlament", 2) "Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat", 3) "Milli Arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanunu, 4) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş "Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə" və.s. Odur ki, göstərilən sənədin qanunvericiliklə başqa qaydada əldə edilməsi mümkündür və inzibati orqanlar həmin sənədin verilməsindən imtina etdikdə müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət edilə bilər. Beləliklə ərizə Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkündür. Bu səbəbdən ərizə geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi İddiaçı “torpaq sahəsinin sahiblikdə və istifadədə olmasının müəyyən edilməsinə dair” ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3667/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3667/2021
16.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver