Məhkəmə qərarları › İş №2(001)-3668/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3668/2021

22.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3668/2021 22.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsi, ev 205B, ** saylı mənzildən Cavabdeh istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsi, 205B saylı evin, ** saylı mənzili X2 mülkiyyətində olmuşdur. Həmin mənzil aralarında bağlanmış 19.05.2015-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh X3 tərəfindən İddiaçı satılmışdır. Həmin vaxt mənzildə pasport qeydiyatında olan şəxslər, o cümlədən Cavabdeh bu barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etməklə, mənzilin satılmasına etiraz etmədiyini bildirmişdilər. Həmin müqaviləyə əsasən X3 alıcıya, yəni İddiaçı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür (Müqavilənin 8-ci bəndi). Bundan sonra iddiaçının bu mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır və hazırda onun mülkiyyətindədir. Mənzil satılarkən cavabdeh həmin mənzildə pasport qeydiyyatında olmuş və bugünədək pasport qeydiyyatından çıxmamışdır. Cavabdehlərin formal pasport qeydiyyatından başqa, həmin mənzillə hər hansı faktiki və hüquqi bağlılığı yoxdur. İddiaçı da məhz bu halları əsas götürüb və 10 manat məbləğində dövlət rüsumu ödəməklə, cavabdehlərin qeyd edilən mənzildən istifadə hüququnun itirilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçi tərəfindən iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad evin verilməsi öhdəliyi götürüldüyündən və bu öhdəlik mübahisə doğurmadığından, mənzilin alqı-satqı müqaviləsində istifadə hüququnun itirilməsi (saxlanılması) ilə bağlı cavabdehlə iddiaçı arasında hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, cavabdeh mənzilin satılmasına etiraz etməməsi barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etdiyindən, mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra onunla (mülkiyyətçi olaraq) cavabdeh arasında istifadə hüququnun saxlanılmasına dair notarial qaydasında təsdiqlənmiş razılaşma olmadığından, cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, habelə cavabdehin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildə pasport qeydiyyatında olması faktına onlarla mülkiyyətçi arasında Azərbaycan Respublikası MMnin 228.2-ci maddəsində müəyyən edilmiş yazılı razılaşmanın bağlanması kimi hüquqi qiymət verilə bilməz. Cavabdehlərin mübahisəli mənzilə pasport qeydiyyatına alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onların vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və hazırki vəziyyətdə onların həmin mənzildə pasport qeydiyyatında olması mənzildən istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, İsrafil Həşimov küçəsi, 205b saylı evin, ** saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçı İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, İsrafil Həşimov küçəsi, 205b saylı evin, ** saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar