Məhkəmə qərarları › İş №2(001)-3678/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3678/2021

23.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3678/2021 23.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən binanın B blokunun, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68,7 kv.m. olan 1 otaqlı ** saylı mənzilin ona təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X4 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, ünvan 1 ünvanında inşa edilən binanın B blokunun, 5-ci mərtəbəsində yerləşən 1 otaqlı ** saylı mənzilin İddiaçı satılması ilə bağlı Cavabdeh MMC-də hər hansı məlumat aşkar edilməmişdir. Belə ki, 06 may 2019cu il tarixədək Cavabdeh MMC tərəfindən satılan mənzillərin siyahısı aktlaşdırılmış və həmin aktda mübahisələndirilən mənzilin İddiaçı satılması və ya həmin mənzilin ona satılması ilə bağlı hər hansı məbləğdə pul vəsaitinin Cavabdeh MMC-yə mədaxil edilməsi barədə hər hansı məlumat əks etdirilməmişdir. Ümumiyyətlə hazırda həmin binada yerləşən mənzillərlə bağlı çoxsaylı mübahisələr mövcuddur. Belə ki, müxtəlif vətəndaşların şikayəti əsasında həbs edilmiş Cavabdeh MMC-nin təsisçisi X5 tərəfindən həmin binada yerləşən mənzillərin alqı-satqısına dair bağlanmış yeni müqavilələr hələ də təqdim olunur. Bu da öz növbəsində həmin mənzillə bağlı da hər hansı başqa alqı-satqı müqaviləsinin olmasını istisna etmir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanında çoxmərtəbəli yaşayış binaları inşa edilir. İddiaçı (sifarişçi) İddiaçı ilə cavabdeh (icraçı) Cavabdeh MMC arasında bağlanmış 17 fevral 2018-ci il tarixli “Mənzilin tikintisi və satışına dair” Müqaviləyə əsasən cavabdeh ünvan 3 ünvanında inşa edilən çox mərtəbəli yaşayış binasının B blokunun 5-ci mərtəbəsində ümumi sahəsi 68,7 kv.m. olan ** saylı bir otaqlı mənzili inşa edərək iddiaçıya satılması, iddiaçı isə həmin mənzilin 1 kv.m. üçün 1.171,47 manat, cəmi 80.480 manat pulun cavabdehə ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdülər. Cavabdehin direktoru X6 tərəfindən verilmiş 17.02.2018-ci il tarixli, 02/17 saylı maliyyə arayışına əsasən həmin mənzillə bağlı iddiaçının maliyyə borcu yoxdur. Hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış həmin müqaviləyə və bu müqaviləyə uyğun olaraq tərtib edilmiş maliyyə arayışına istinadən müqavilədə göstərilən mənzilin dəyərini ödədiyini və bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyini iddia edir və müqavilənin predmetini təşkil edən mənzilin ona təhvil (istifadə və sahibliyinə) verilməsini tələb edir. Cavabdeh MMC iddianı qəbul etmir, həmin mənzilin iddiaçıya satılması ilə bağlı Cavabdeh MMC-də hər hansı məlumatın olmadığını, 06 may 2019-cu il tarixədək Cavabdeh MMC tərəfindən satılan mənzillərin siyahısının aktlaşdırıldığını və həmin aktda iddia üzrə tələb edilən mənzilin iddiaçıya satılması və ya satılması ilə bağlı hər hansı məbləğdə pul vəsaitinin Cavabdeh MMC-yə mədaxil edilməsi barədə hər hansı məlumatın əks etdirilmədiyini, ümumiyyətlə hazırda həmin binada yerləşən mənzillərlə bağlı çoxsaylı mübahisələrin olduğunu, bunun müxtəlif vətəndaşların şikayəti əsasında həbs edilmiş Cavabdeh MMC-nin təsisçisi X5 tərəfindən həmin binada yerləşən mənzillərin alqı-satqısına dair bağlanmış yeni müqavilələrin hələ də təqdim olunması ilə bağlı olduğunu, bu halların da öz növbəsində həmin mənzillə bağlı da hər hansı başqa alqı-satqı müqaviləsinin olmasının istisna edilmədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Cavabdeh tərəfindən təqdim edilmiş və ünvan 3 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının “A” və “B” blokları üzrə 01.07.2017-ci il tarixdən 01.09.2018-ci il tarixədək satılmış, habelə həmin binada 06.05.2019-cu il tarixədək satılmış mənzillərin siyahısında iddiaçının mübahisələndirdiyi mənzil əks olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Cavabdeh iddiaçıya qarşı bu barədə tələb irəli sürməsə də, hüquqi nəticə etibarı ilə 17 fevral 2018-ci il tarixli “Mənzilin tikintisi və satışına dair” Müqavilənin reallıqda bağlanmaması, bu müqavilənin etibarsız olması mövqeyindən çıxış edir. Bununla bağlı, məhkəmə vurğulayır ki, istənilən bir tələb barəsində iddia qaldırıldıqda məhkəmənin üzərinə düşən ən əsas və vacib vəzifə həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Pozulmuş hüquqların bərpasını təmin etmək vəzifəsini daşıyan məhkəmə bunu tərəflərin həmin tələbə dair hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil sürətdə müəyyən etmək səlahiyyətinə malikdir. Hüququn pozulub-pozulmaması da qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu nöqteyi-nəzərdən müqaviləyə istinad edilərək, hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsinə zərurət yaranır. Belə ki, müqaviləyə istinad edilərək, irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olub-olmamağından asılıdır və tələbin əsaslandığı müqavilənin etibarsız olması, həmin müqavilə üzrə tələb hüququnun yaranmadığını göstərir. Hazırki vəziyyətdə də bu barədə tələb olmadığı halda belə, müqavilə üzrə tələb hüququnun yaranıb-yaranmamasını, yəni müqavilənin etibarlı-olubolmamasını müəyyən etmək üçün onun etibarlı olub-olmamasına hüquqi qiymət verilməlidir. Başqa sözlə, müqavilənin etibarlı olub-olmaması məsələsinə bu barədə tələbin olub-olmamasından asılı olmayaraq hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının “sifarişçi” kimi göstərildiyi müqavilə cavabdehin Nizamnaməsinə əsasən belə müqavilələri bağlamaq səlahiyyətinə malik olan və həmin müqavilələr imzalanan zaman cəmiyyətin direktoru olan X6 tərəfindən imzalanmış və cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Ona həmin müqavilədə göstərilən əmlakın dəyərinin ödənilməsini təsdiq edən və yenə də buna səlahiyyətli olan X6 tərəfindən imzalanmış və cəmiyyətin möhürü ilə təsdiq edilmiş maliyyə arayışı verilmişdir. Bu baxımdan tərəflər arasında “Mənzil tikintisi və satışına dair” Müqavilədən irəli gələn münasibətlər yaranmışdır. Bu da öz növbəsində həmin müqavilənin predmeti olan mənzilin iddiaçıya satılması barədə hər hansı məlumatın olmaması və həmin mənzilin satılmış mənzillər siyahısına daxil edilməməsi ilə bağlı cavabdehin dəlillərinin əsassız olmasına dəlalət edir. Hər bir halda, belə bir müqavilələr bağlandıqdan sonra onların qeydiyatının aparılması və ya bu hadisənin məlumat olaraq hər hansı formada qeyd edilməsi sifarişçinin (alıcının) üzərinə deyil, icraçının (satıcının) üzərinə düşən bir vəzifədir. Məhkəmə, iddiaçının “sifarişçi” kimi göstərildiyi müqavilə üzrə mənzilin dəyərinin cəmiyyətin xəzinəsinə mədaxil edilməməsi (bu halın təsdiqi olaraq məhkəməyə təqdim etdiyi aktda və siyahıda iddiaçı ilə bağlı məlumatların olmaması) barədə dəlilləri ilə bağlı qeyd edir ki, bu halların mövcudluğu qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Müqavilədə göstərilən mənzilin dəyərinin ödənilməsi iddiaçıya verilmiş maliyyə arayışı ilə təsdiq edilir. Mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərini ödəyən iddiaçı ödədiyi məbləğin cəmiyyətin xəzinəsinə mədaxil edilməsinin təmin edilməsinə borclu deyil. Həmin müqavilədə göstərilən mənzilə görə ödənilmiş pulun cəmiyyətin xəzinəsinə mədaxil edilməməsinə görə iddiaçı məsuliyyət daşıya bilməz. İddiaçı müqavilənin şərtlərinə əsasən əmlakın müqavilədə göstərilən dəyərini ödəmək öhdəliyini üzərinə götürmüş və hazırda bu ödənişin həyata keçirilməsini təsdiq edən maliyyə arayışını təqdim edir. Belə olan halda, cəmiyyətin xəzinəsinə hər hansı məbləğin mədaxil edilməməsinə görə məsuliyyət onu mədaxil etmək vəzifəsi daşıyan şəxsin üzərinə düşür. Bu səbəbdən məhkəmə cavabdehin bu dəlillərini də əsassız hesab edir. Cavabdehin bu mənzilin başqa şəxsə də satılmasının istisna edilməməsi barədə dəlilinə isə məhkəmə ümumiyyətlə hər hansı münasibət bildirməyi zəruri hesab etmir. Belə bir etimalın olması mənzilin iddiaçıya təhvil verilməməsi üçün nəinki əsas ola bilməz, ümumiyyətlə heç əsas kimi nəzərdən keçirilə bilməz. Hər bir halda, araşdırma zamanı da bu mənzillə bağlı hər hansı digər şəxslə belə bir müqavilənin bağlanması halı müəyyən edilməmişdir. Məhkəmə Mülki Məcəllənin 404-cü maddəsinin tələblərinə istinadən onu da qeyd edir ki, müqavilə öhdəliyinin lazımınca icra edilməsi üçün müqavilənin məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin və müqavilənin bütün şərtlərinin düzgün anlaşmasının böyük əhəmiyyəti var. Müqavilənin təfsiri zamanı hər şeydən əvvəl müqavilədəki söz və ifadələrin hərfi mənası aydınlaşdırılmalıdır. Bu baxımdan tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndində “Sifarişçi” “İcraçıya” Ümumi Müqavilə qiymətini tam ödədi” müddəası iddiaçı tərəfindən həmin müqavilənin 5.1-ci bəndində göstərilən məbləğin gələcəkdə, o cümlədən hər hansı hadisə baş verdikdən sonra ödənilməsini deyil, həmin müqavilə imzalanan ana artıq ödənilməsi mənasını daşıyır. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, tərəflər arasında 17.02.2018-ci il tarixdə bağlanmış müqavilə etibarlıdır və qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır və həmin müqavilədə göstərilən mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Bu baxımdan həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Bununla belə, məhkəmə hesab edir ki, tərəflər razılaşdırılmış iradə ifadələrini bildirməklə qeyd edilən mənzillə bağlı öz aralarında 17.02.2018-ci il tarixdə müqavilə bağlamışlar və bununla da onların arasında mülki hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməsinə, o cümlədən mənzilin müəyyən edilmiş dəyərini ödəməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, iddiaçıya təhvil verməli olduğu mənzili müqavilədə nəzərdə tutulan qaydada ona təhvil verməmişdir. Bununla da həmin müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, həmin müqavilədə göstərilən mənzili iddiaçıya təhvil (istifadə və sahibliyinə) verməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh təşkilati-hüquqi formasına görə mənzil-tikinti kooperativi olmasa da, hazırki mübahisə üzrə podratçı qismində çıxış edərək, iddiaçının mübahisələndirdiyi mənzili inşa etmiş və iddiaçı sifarişçi qismində çıxış edərək, həmin mənzilin dəyərini tam olaraq ona ödəmişdir. Bu baxımdan iddiaçı müqavilədə göstərilən mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququnu əldə etmişdir. Bu səbəbdən mənzilin təhvil verilməsi özündə bu əmlakın iddiaçının istifadə və sahibliyinə verilməsini ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında inşa edilən binanın B blokunun, 5ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68,7 kv.m. olan 1 otaqlı ** saylı mənzilin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında inşa edilən binanın B blokunun, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68,7 kv.m. olan 1 otaqlı ** saylı mənzilin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar