Məhkəmə qərarları › İş №2(001)-371/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-371/2022

26.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-371/2022 26.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Rashad Dzhafarovun və nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və X9 Şəxsi cəlb edilməklə) torpaq sahəsinə sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qanuni sahiblik və istifadəsində olan fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 200 kv.m torpaq sahəsinə sahiblik və istifadə hüququna Cavabdeh tərəfindən yaradılan maneələrin törədilməsinin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 19 dekabr 2006-cı il tarixli, 2032 saylı sərəncamı ilə ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 200m2 torpaq sahəsinin sahiblik və istifadə hüquqları onun adına keçirilmişdir. Bu müddətdən sonra həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını həyata keçirir. Torpaq vergilərini vaxtı-vaxtında bələdiyyəyə ödəyir. Hazırda torpaq sahəsində fərdi ev tikmək istəyir, lakin cavabdeh gəlib buna maneçilik törədir, tikintinin getməsinin qarşısını alır və iddia edir ki, onun da əlində sərəncam var, həmin torpaq sahəsi ona da verilib. Bundan sonra bələdiyyəyə dəfələrlə müraciət etmiş və ona cavab verilmişdir ki, ona verilmiş sərəncam ilə ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları ona verilib və bu sənədlər bələdiyyənin arxivində qorunub saxlanılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçıya verilmiş sərəncama əlavə edilmiş ərazinin planında göstərilən dördüncü yer iddiaçıya aiddir, cavabdehin yeri isə beşinci yerdir. Ekspertiza keçirilən zaman bələdiyyənin nümayəndəsi də həmin ərazidə iştirak etmiş və bunu təsdiq etmişdir. Cavabdeh illərdi həmin əraziyə dair heç bir tələb irəli sürməmişdir. Cavabdehdə olan sənədlərin həqiqiliyi də şübhə doğurur. Ərazidə yaşayan qonşularda iddiaçıya verilmiş ərazinin ümumi planıdır, lakin cavabdehdə olan plan fərqlidir və bu səbəbdən həqiqəti əks etdirmir. Mübahisəli torpaq sahəsində iki dəfə ekspertlər və mütəxəssislər baxış keçirmiş, cavabdeh onlara təsir etməyə çalışmışdır. İddiaçıda olan sərəncama əsasən onun hazırki iddianı irəli sürməyə subyektiv hüququ vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, cavabdeh uzun illərdir ki, həmin əraziyə dair hər hansı tələb irəli sürmürdü, o, tikintiyə başlamaq istədikdə, həmin torpağa dair tələblər irəli sürməyə başlamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsi iddiaçıdan öncə bələdiyyə tərəfindən ona ayrılmışdır. O, bir neçə dəfə həmin torpaq sahəsində tikinti işlərini həyata keçirmək istəsə də, neft şirkətinin əməkdaşları buna maneçilik törətmiş və ondan icazə üçün pul istəmişlər. O, onlara pul vermək istəmədiyinə görə uzun illərdir ki, həmin torpaq sahəsində hər hansı tikinti işi görməmişdir. Hətta bir neçə dəfə kənar şəxslər tərəfindən həmin torpaq sahəsinin zəbt edilməsi və tikinti işlərinin aparılması cəhdləri olmuş, o, bunun qarşısını almışdır. Məhkəmə iclasında iştirak edən X4 nümayəndəsi izahatında bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt edilmişdir. Cavabdehə məxsus torpaq sahəsi qonşu sahədir və həmin sahədə cavabdehin nümayəndəsi tərəfindən tikinti işləri də aparılır. İddiaçıda olan torpağın planı həqiqəti əks etdirir, çünki həmin ərazinin planı icra hakimiyyətinin nümayəndələri ilə birgə hazırlanmışdır. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdehə torpaq sahəsinin ona aid olması barədə bələdiyyə tərəfindən verilmiş cavab məktubuna qol çəkmiş şəxslərdən birinin barəsində istintaq aparılır, digəri isə başqa işə keçirilmişdir. Hər iki tərəfə ayrılmış torpaq sahələri bələdiyyənin mülkiyyətində olmayan torpaq sahələridir, lakin Prezidentin fərmanına əsasən o torpaqların idarə edilməsi bələdiyyəyə həvalə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən digər üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: X4 19 dekabr 2006-cı il tarixli, 2032 nömrəli sərəncamının surətindən görünür ki, bələdiyyənin ərazi hüdudlarında ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 200 m2 torpaq sahəsinin sahiblik və istifadə hüquqları İddiaçı adına keçirilmişdir. X4 29 dekabr 2005-ci il tarixli, 1871 nömrəli qərarının surətindən görünür ki, bələdiyyənin ərazi hüdudları daxilində 250 m2 torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. X4 20 may 2021-ci il tarixli, 01-13/Ş-238 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh müraciətinə baxılmış və ona bildirilmişdir ki, onun istifadəsinə X4 29 dekabr 2005-ci il tarixli, 1871 nömrəli sərəncamına əsasən 250 m2 torpaq sahəsi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Ərizəsinə əsasən yerində baxış keçirilmiş, göstərilən torpaq sahəsi ilə eskiz-sxemi uyğunluq təşkil edir. X4 28 aprel 2021-ci il tarixli, 652 nömrəli arayışın surətindən görünür ki, arayış verilir Cavabdeh ondan ötrü ki, həqiqətən də X6 tərəfindən onun istifadəsinə ayrılmış torpaq sahəsinin qərarı bələdiyyənin arxivində qorunub saxlanılır. Arayış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmək üçün verilir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi əraziyə baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Lakin iş üzrə hüquqmüəyyənedici və texniki sənədlərin (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim olunmaması səbəbindən əlavə münasibət bildirilməsi mümkün olmamışdır. Həmin Cəmiyyət tərəfindən verilmiş 21 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi əraziyə baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. X6 tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə sxemində koordinat, hər hansı dəqiq istinad nöqtələrindən məsafənin və cavabdehə ayrılmış torpaq sahəsinin yerləşmə sxemində koordinat, hər hansı dəqiq istinad nöqtələrindən məsafənin göstərilməməsi və eyni zamanda sözügedən sxemlərdə ümumi ərazinin eynilik təşkil etməsinə baxmayaraq, bölgü aparılmış digər qonşu torpaq sahələri sözügedən sxemlərdə fərqli ölçülərdə göstərilməsi səbəbindən, X4 19 dekabr 2006-cı il tarixli, 2032 nömrəli və 29 dekabr 2005-ci il tarixli, 1871 nömrəli qərarları ilə ayrılmış torpaq sahələrinin coğrafi yerləşmə yerlərinin müəyyənləşdirilə bilməməsini nəzərə alaraq, mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli, 10/1221 nömrəli rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin 02 fevral 2022-ci il tarixli, **********33 nömrəli mütəxəssis arayışında qeyd olunanlara əsasən, X4 19 dekabr 2006-cı il tarixli, 2032 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsi və X4 29 dekabr 2005-ci il tarixli, 1871 nömrəli qərarı ilə X3 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 250 kv.m torpaq sahələrinin coğrafi yerləşmə yerlərinin müəyyənləşdirilə bilməməsi səbəbindən həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Tədqiqatın dəyəri 100 manat təşkil edir. 25 avqust 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər; 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X6 tərəfindən 29 dekabr 2005-ci il tarixli qərarla cavabdehə 250 m2, 19 dekabr 2006-cı il tarixli qərarla isə iddiaçıya 200 m2 torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçı ona ayrılmış torpaq sahəsinə sahiblik hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən maneələrin yaradıldığını iddia edir, cavabdeh isə iddianı qəbul etməyərək həmin torpaq sahəsinin ona ayrıldığını bildirir. İşdə olan mütəxəssis və ekspert rəylərinə əsasən torpaq sahələrinin coğrafi yerləşmə yerlərinin müəyyənləşdirilə bilməməsi səbəbindən (torpaq sahəsinin yerləşmə sxemində koordinat, hər hansı dəqiq istinad nöqtələrindən məsafənin göstərilməməsi) tərəflərə ayrılmış torpaq sahələrinin üst-üstə düşüb düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi mübahisəli torpaq sahəsinin sahəsinin iddiaçının sahibliyinə ayrılan torpaq sahəsi olduğunu bildirsə də, həmin bələdiyyə tərəfindən cavabdehə verilmiş məktubda isə torpaq sahəsinin cavabdehə məxsus olduğu bildirilmişdir. Göründüyü kimi, iş materiallarından mübahisəli torpaq sahəsinin məhz iddiaçının qanuni sahibliyində olan torpaq sahəsi olduğu müəyyən edilmir, ona görə də məhkəmə hesab edir ki, hazırki iddia tələbini irəli sürməyə iddiaçının subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və X9 Şəxsi cəlb edilməklə) torpaq sahəsinə sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və X9 Şəxsi cəlb edilməklə) torpaq sahəsinə sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar