Məhkəmə qərarları › İş №2(001)-3717/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3717/2024

06.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3717/2024 06.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı mülki iş üzrə (Açar sözlər: hüquqi faktın müəyyən edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 1974-cü il tarixindən 1975-ci ilin sentyabr ayınadək Laçın rayonu, Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda işləməsi barədə hüquqi faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Laçın rayonunda anadan olmuş və ona yaşa görə müavinət təyin edilmişdir. O, 1974-cü il tam daxil olmaqla 1975-ci ilin sentyabr ayınadək Laçın rayonu, Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda işləmiş və ona əmək haqqı hesablanmışdır. xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək texniki peşə məktəbində və xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək kursda olmuşdur. xx.xx.1976-cı il tarixdən əmək fəaliyyətinə davam etmiş və müəyyən fasilərlə xx.xx.2022-ci il tarixədək işləmişdir. Laçın rayonu erməni işğalçıları tərəfindən işğal edildiyindən kolxozda işləməyi barədə arxiv arayışı əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin verilmiş cavabda əlavə sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajının qanunvericliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilməsi göstərilmişdir. Həmin tarixlərdə iş stajının bərpa edilməsi onun gələcəkdə sosial hüquqlarının həyata keçirilməsi, əmək pensiyası təyin edilməsi üçün vacibdir. Bu səbəbdən də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir

3. Daha sonra ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, onun 01 yanvar 1974-cü il tarixdən 01 sentyabr 1975-ci il tarixədək Laçın rayonu, Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda çilingər işləməsi barədə hüquqi faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizəni qəbul etməyərək təmin edilməməsini xahiş etdi.

6. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadə verərək bildirdi ki, ərizəçi ilə həmkəndli olmuşlar, o 1968-ci ildən 1969-cu ilədək “Qızıl Ordu” kolxozunda işləmiş, 1970 ildən 1975-ci ilədək universitetdə təhsil almış, 1975-ci ilin noyabr ayında “Qızıl Ordu” kolxozunda mexanik vəzifəsinə işə qəbul olunmuş və 1977-ci ilin fevral ayınadək orada işləmişdir. Həmçinin bildirdi ki, o ərizəçi ilə həmin dövrlərdə işləməməsinə baxmayaraq, həmin dövrlərdə kəndə gəldiyini və ərizəçinin orada işlədiyini gördüyünü bildirdi.

7. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadə verərək bildirdi ki, xx.xx.1955-ci il tarixdə Laçın rayonunun Alxaslı kəndində anadan olmuş, ərizəçi ilə həmkəndli olmuş, ərizəçi ilə qeyd olunan tarixlərdə bir yerdə işləmiş, lakin bunu təsdiq edən sənədi (əmək kitabçası) olmadığından məhkəməyə təqdim edə bilmir.

8. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadə verərək bildirdi ki, xx.xx.1952-ci il tarixdə Laçın rayonunun Alxaslı kəndində anadan olmuş, ərizəçi ilə həmkəndli olmuş, 1975-ci ilin sentyabr ayının 15-dən “Qızıl Ordu” kolxozunda işə qəbul olmuş və orada çalışmış, əmək kitabçası Laçın rayonunda qaldığından məhkəməyə təqdim edə bilmir. b) Mülki işin materialları:

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək Pensiyası haqqında” Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu ilin yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyasl avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanılır. X1 Sisteminin Pensiya altsisteminə əsasən Ərizəçi xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil aldığı illər, o cümlədən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 24 il 2 ay 6 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 23 il 8 ay 11 gün sığorta stajına uyğun olaraq 21947,10 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 472,97 manat olmaqla, ümumilikdə 22420,07 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasımın minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, xx.xx.2023-cü il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320,00 manat, minimum əmək pensiyasının məbləği isə 280 manat müəyyən edilmişdir. Bu səbəbdən də Ərizəçi ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

10. Ərizəçi məxsus İT-1 № ******* saylı əmək kitabçasının surətindən görünür ki, Ərizəçi ilk dəfə əmək fəaliyyətinə xx.xx.1976-cı il tarixdə çilingər kimi işə qəbul edilmiş, xx.xx.1976-cı il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, daha sonra müəyyən fasilərlə xx.xx.2022-ci il tarixədək işləmişdir.

11. ******* nömrəli hərbi biletin surətindən görünür k, Ərizəçi xx.xx.1976-cu ildə hərbi xidmətə çağrılmış və xx.xx.1978-ci il tarixdə isə tərxis olunmuşdur.

12. X3 məxsus 287 nömrəli kolxozçunun əmək kitabçasının surətindən görünür ki, X4 “Qızıl Ordu” kolxozunda xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilədək kolxozçu kimi, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək mexanik vəzifəsində işləmişdir.

c) Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

13. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir.

14. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

15. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.

17. Həmin Qərarın 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

18. AR ƏƏSMN-nin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın:

19. 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir.

20. 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir.

21. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının 6 nömrəli, 24 sentyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları»nın 2.5-ci bəndinə görə də əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların, o cümlədən qaçqın və məcburi köçkünlərin sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

23. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 26.119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

28. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

ç) Məhkəmənin mövqeyi:

29. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir.

30. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

33. Müəyyən edilmişdir iş üzrə dindirilmiş şahidlərdən yalnız X2 “Qızıl Ordu” kolxozunda işləməsinə dair əmək kitabşası mövcud olmuşdur ki, o da ərizəçinin işlədiyini iddia etdiyi dövrdə həmin müəssədə işləməmişdir.

34. Dindirilmiş digər şahidlər X6 və X5 ərizəçi ilə qeyd olunan tarixlərdə bir yerdə işləmələrini bildirsələr belə onların özlərinin həmin dövrdə və həmin müəssisədə işləmələrini təsdiq edən hər hansı bir sübut, o cümlədən əmək kitabçası mövcud deyildir. Göründüyü kimi şahid qismində dindirilmiş şəxslər ərizəçi ilə qeyd olunan tarixlərdə bir yerdə işləmələri barədə fakt öz təsdiqini tapmamışdır.

35. Bundan başqa ərizəçi Cavayşir İlyasov ərizəsində Laçın rayonu uzun müddət işğal altında olduğu üçün “Qızıl Ordu” kolxozunda işləməsinə dair sənədləri təqdim etməsinin mümkün olmadığını qeyd etmişdir.

36. Məhkəmə ərizəçinin qeyd edilən dəlili ilə əlaqədar olaraq bildirir ki, ərizəçi məcburi köçkün deyildir. Onun təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, o, xx.xx.1975-ci ildən xx.xx.1976-cı il tarixədək Bakı şəhərində 12 saylı Texniki Peşə məktəbində təhsil almış, xx.xx.1976-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı şəhərində müxtəlif idarələrdə işləmişdir. Yəni məhkəmə qeyd edir ki, ərizəçinin qeyd etdiyi vaxtda və müəssisədə həqiqətən işlədiyi təqdirdə lazımi sənədləri vaxtında əldə etmək imkanı olmuşdur.

37. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi öz iddiasını məhkəmə iclasında əsaslandıra və sübuta yetirə bilməmişdir.

38. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir.

40. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,

Q Ə T E T D İ:

İddiaçı Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar