Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3731/2020 05.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağagül qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağagül qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Ağagül qızının Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-2139/2017 saylı qətnaməsinə əsasən cavabehlər X4, X1 və X5 müştərək qaydada 76396,18 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-12646/2017 saylı qətnaməsi ilə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-2139/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsi MK-nın xx.xx.2018-ci il tarixli 2(102)- 3241/18 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (103)- 12646/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzili İddiaçı QSC-nin mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış alınmışdır. Cavabdeh1, Cavabdeh2 Ağagül qızı Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzildə bugünə kimi hələ də qeydiyyatdadırlar. Bununla da cavabdehlər əmlak üzərində mülkiyyətçi kimi hüquqlarını həyata keçirilməsinə mane olur. Bununla yanaşı, həmin mənzildə qeydiyyatda olan, həmçinin keçmiş mülkiyyətçinin yetkinlik yaşına çatmayan uşaqları, yəni xx.xx.2014cü il təvəllüdlü X13 və xx.xx.2006-cı il təvəllüdlü X10 qeydiyatdadır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirmişdir ki, mübahisəli mənzillə bağlı bankda olan sənədlər arasında Cavabdeh2 Ağagül qızının mənzilin ipotekaya qoyulmasına razılığını ifadə etdiyi ərizəsi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Qaradağ Rayon Məhkəməsinin 2(002)-213/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, X4,X1 və X6 müştərək qaydada 05R000010234 saylı kredit razılaşması üzrə 54139,61 ABŞ dolları məbləğində əsas borc, 7793,68 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 62033,29 ABŞ dolları məbləğində borc, 005R********** saylı kredit razılaşması üzrə 12684,98 ABŞ dolları məbləğində əsas borc, 1627,91 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğiondə cərimə olmaqla, cəmi 14362,89 ABŞ dolları məbləğində borc, ümumilikdə 76396,18 ABŞ dolları məbləğində borc pul vəsaiti, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutularaq İddiaçı QASC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində istifadəsində olan 0,1192 ha torpaq sahəsində 3/33 nömrəli, 5 mərtəbəli binada yerləşən 43,6 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı, 35 saylı mənzilə yönəldiməsi, Həmin mənzilin açıq hərracdan satılması və tutulmalı məbləğ ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, həracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər X4, X1 və X5 ümumi qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsində istifadədə olan 0,1192 ha torpaq sahəsində 3/33 nömrəli, 5 mərtəbəli binada yerləşən 43,6 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı, 35 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X3, Cavabdeh1 və X14 həmin mənzildən çıxarılması və həmin mənzilin boşaldılması qət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzilinə “xxxxxxxxx” QSC mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 754 nömrəli reyestr kitabının 70533 nömrəli vərəqində ********** nömrə ilə xx xxxxxxx 2018-ci il tarixdə qeydiyyata alınmışdır. “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemindən xx xxxxx 2020-ci il tarixli çıxarışdan görünür ki, xx xxxx 1985-ci il təvəllüdlü Cavabdeh1, xx xxx 2014-cü il təvəllüdlü X13, xx xxxxxx 1984-cü il təvəllüdlü Cavabdeh2 Ağagül qızı və xx xxxxxx 2006cı il təvəllüdlü X12 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzilində qeydiyyatdadırlar. Bakı şəhəri 14 saylı notariat kontorunda xüsusi qaydada fəaliyyət göstərən notarius X8 tərəfindən təsdiq edilən xx xxxxx 2014-cü il tarixli Cavabdeh1 ərizəsindən görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzilinin ipoteka qoyulmasına etiraz etmir. İpotekaya (girova) qoyulmuş əmlaka gələcəkdə ödəniş yönəldildiyi halda həmin mənzili qeyri-şərtsiz və məhkəməm qətnaməsi tələb etmədən tərk edəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi Rayonu, X20 küçəsində yerləşən, 3/33 nömrəli evin 35 nömrəli mənzili iddiaçı ilə borcalan arasında kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təmin edilməsi üçün ipoteka ilə yüklü olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbin açıq hərracdan satılmaqla ipoteka predmetinə yənəldilməsi, eyni zamanda X2, X9, və Cavabdeh1 həmin mənzildən çıxarılması qət edilmişdir. Həmin mənzil qətnamənin icrası nəticəsində iddiaçının mülkiyyətinə keçmişdir. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının itirilməsini xahiş edir. Eyni zamanda müəyyən edilir ki, mənzil ipotekaya qoyulan zaman və bununla bağlı məhkəmə qətnaməsi çıxarılan zaman hazırki iş üzrə Cavabdeh2 mənzildə qeydiyyatda olmamışdır. Bu baxımdan ehtimal edilir ki, Cavabdeh2 ya qətnamənin icrası zamanı, ya da hazırki iddiaçının mənzilə mülkiyyət hüququ ilə sahiblik etdiyi dövrdə qeydiyyata alınmışdır. Mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməli, digər Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində X2 adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində əvvəlki mülkiyyətçinin mülkiyyət hüququna xitam verilmişdir. Həmin mənzildə yaşayan və mənzilin keçmiş mülkiyyətçisinin oğlu hazırki iş üzrə Cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən mənzildən çıxarılması qət edilmişdir. Bundan başqa Cavabdeh1 ipoteka müqaviləsinin bağlanmasına və mənzilə tutma yönəldikdə qeyri-şərtsiz mənzildən çıxmağa razılıq vermişdir. Odur ki, Cavabdeh1 mənzildə istifadə hüququ saxlanıla bilməz və istifadə hüququ itirilməlidir. Bununla bağlı Mülki Məcəllənin 228.4-cü maddəsində qeyd edilmişdir ki, Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə digər Cavabdeh2 münasibətdə isə qeyd edir ki, iş materiallarında onun mübahisəli mənzilin ipotekaya (girova) qoyulması barədə razılığının olması və ya mənzilin əvvəlki mülkiyyətçisi ilə hansı qohumluq münasibətinin olması, o cümlədən istifadə hüququnun yaranmasına dəlalət edən hər hansı hal müəyyən edilmir. Onun məlum olmayan şəkildə mənzilə qeydiyyata alınması istifadə hüququnun yaranması üçün əsas təşkil etmir. Belə ki, Konstitusiya Məhkəməsinin Qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ ( yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə) iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Odur ki, Cavabdeh2 mübahisəli mənzilə dair istifadə hüququnun mövcud olması sübut edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Bununla bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli Plenum qərında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzilinə istifadə hüququ itirilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzilinə istifadə hüququ itirilsin. İddia qalan hissədə, yəni Cavabdeh2 münasibətdə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev.
Məhkəmə qərarları › İş №2(001)-3731/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3731/2020
05.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver