Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3731/2025 03.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh5 iştirakları ilə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsi cəlb edilməklə) “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, X2 və Cavabdeh6 75000 manata aldığı İddiaçı2 məxsus olan 16 fevral 2004-cü il tarixdə Binəqədi Bələdiyyəsinin 674/1 saylı sərəncamı ilə ayrılmış 600 kv.m torpaq sahəsinin 400 kv.m sahəsi üstündə tikilmiş 7 otaqlı evdən və 68000 manata aldığı 2 evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. Məhkəmə araşdırması dövründə müəyyən edilmişdir ki, iddia ərizəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 adından verilsə də, İddiaçı1 hər iki iddiaçının adından iddia ərizəsini imzalamışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanların aradan qaldırılması tərəfə təklif edilsə də, bu nöqsanlar aradan qaldırılmamış, nəticədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-3731/2025 saylı qərardadı ilə “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən İddiaçı2 münasibətdə baxılmamış saxlanılmışdır.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfindən xx.xx.2016-cı il tarixində cavabdehlərə ümumi dəyəri 143000 manat olan 3 ev almaq təklifi edilərək, İddiaçı2 məxsus olan xx.xx.2004-cü il tarixində Binəqədi Bələdiyyəsinin 674/1 saylı sərəncamı ilə ayrılmış 600 kv.m torpağın, 400 kv.m üstündə tikilmiş 7 otaqlı evə 75000 manat X28 ödəyərək, cavabdehlər olan məcburi köçkün ailəsinin müvəqqəti sığınacaq kimi həmin evə köçürülməsini təmin etmişdir. Bundan başqa cavabdehlərə hər birinin dəyəri 34000 manat olan daha iki evin alınması üçün ümumilikdə 68000 manat vermişdir. Həmin məbləğə cavabdehlər özlərinə digər evlər almışlar. Zəfər müharibəsindən 5 il keçib, məcburi köçkünləər yeni evlər tikilərək, onların istifadəsinə verilir. Özündə olan məlumatlara əsasən cavabdehlər öz yurdlarında tikilmiş evlər verilib. Cavabdehlərdən evdən çıxmalarını tələb etdikdə onlara vaxt verilməsini xahiş etmişlər. Lakin tərəfindən cavabdehlərə vaxt verilsə də, onlar evdən çıxmırlar. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmasının qeyri müəyyən vaxtadək dayandırılmasını(təxirə salınmasını) xahiş etmiş və sonrakı məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh tərəf işə mahiyyəti üzrə baxılmasını tələb etmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7 və 259.0.11-ci maddələrinin tələbi baxımından işə mahiyyəti üzrə baxmışdır.
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, torpaq sahəsi 78 sotdur və torpağa dair hüquqmüəyyənedici sənəd var. X33 adınadır. Çıxarışda payları müəyyən olunmasa da, onlar torpaq sahəsinə münasibətdə payçı kimi 4 nəfər olmuşlar. Sənəddə onun adına heç nə yoxdur. Mahmud Həqiri ilə isə 10-12 ildir ki şəriklik münasibətləri bitmişdir. Torpaq ilk başda "xxxx" ASC-də kreditdə olub. Daha sonra satıldı və aralarında bölündü. O da, evi Zaurdan 75000 manata almış və cavabdehlərə vermişdir. Ona görə vermişdir ki, zəbt etdikləri ərazidən çıxsınlar. O vaxt cavabdehlərin atası dedi ki, torpaqları alınsa çıxacaqlar. Lakin torpaqlar alınsa da, çıxmırlar. Həmçinin iki ev alınması və sənədlərinin ona verilməsi üçün də pul vermişdir. Bundan başqa cavabdehlər ev tapdıqlarını bildirdiklərindən əlavə olaraq, 2 mənzilin alınması üçün 68000 manat məbləğində pul vermişdir. Lakin sənədlərini təqdim etmədilər. Hətta ilk başda atası gəldi dedi ki, 1 ev istəyirlər. Daha sonra gəldi dedi ki, 2 ev istəyirlər. Sonuncu dəfə isə gəldi, başını aşağı saldı və dedi ki, 3 ev istəyirlər. Səbinə xanım deyirdi ki, “inəyimə də torpaq alacaqsan.”
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavbadeh Cavabdeh2 izahatında bildirmişdir ki, torpaq sahəsinə Mahmud müəllimin icazəsi ilə daxil olmuşlar. Hansı ki, Mahmud adlı şəxs oranın sahibidir. O, icazə vermişdi ki, torpaqlar geri alınana qədər orada yaşasınlar, məskunlaşmamaq şərti ilə qalmalarına icazə vermişdi. Ərazi şəraitsiz bir yer idi və oranı atası abadlaşdırdı.1995-ci ildən 2016-cı ilədək oranı qaydaya salmışlar. Həmçinin üç qardaşına ayrı-ayrılıqda ev tikmişlər. Orada hər bir şərait qurmuşdular və kənd təsərrüfatı ilə məşğul idilər. Ailə olaraq dolanışıqlarını oradakı təsərrüfatlarından təmin edirdilər. Faiq müəllim onları hədə-qorxu ilə müqavilə bağladaraq, 3 gün ərzində oradan çıxardı. Hətta onun sürüylə heyvanı çölə töküldü və neçə baş heyvanı tələf oldu. Hazırda Zaurdan alınan evdə özü yaşayır. Faiq müəllimin verdiyi pula qardaşı ev ala bilmədi. Bir qardaşı isə hərbiçidir və daimi yer dəyişdiyi üçün evi ala bilmədi. Digər qardaşı isə ev aldı və həmin ev çökdü. Azad olunmuş ərazilərdən onlara ev verilməyib.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında notarial təsdiqli müqavilə bağlanıb. Hansı ki, hər iki müqavilənin etibarlılığı mübahisələndirilməyib və hal-hazırda da qüvvədədir. Ümumiyyətlə iddiaçının tələbinin hüquqi əsası olmamaqla yanaşı, iddianın qaldırılmasına subyektiv hüququ belə yoxdur. İddiaçının özü də, etiraf edir ki, torpaq sahəsi Zaurun olub, lakin Bilmanın faktiki sahibliyində olub. 75000 manat məbləğində vəsait isə Bilmana çatıb. Bundan başqa yazılı etirazını müdafiə edir və iddianın rədd edilməsini xahiş edir.
9. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirir ki, Əmlakın Faiqə heç bir aidiyyatı yoxdur. Əmlak Bilman adlı İran vətəndaşına məxsusdur və pul Bilman adlı şəxsə verilib. Onlar kənardan-kənara hərəkətlər ediblər. xx.xx.2016-cı il tarixdə Faiq Zaur və Səbinə arasında müqavilə imzalanıb. Müqavilənin predmetində yazılıb ki, Cavabdeh2 ailə üzvləri ilə birgə köçərək yaşamaları üçün X6 xx.xx.2004-cü il tarixli 674 saylı sərəncamı ilə vətəndaş İddiaçı2 ayrılmış 600 kv.m torpaq sahəsinin 400 kv.m ərazisində tikilmiş ev eləcə də digər tikililər İddiaçı1 tərəfindən 75000 manat ev almaq üçün verilmiş konpensasiya hesabına Cavabdeh2 oğlunun mülkiyyətinə verilir. Cavabdeh2 adına keçirilməsi üçün X8 notarial qaydada təsdiq edilmiş ərizə ilə müəyyənləşir.
10. Cavabdeh2 nümayəndəsi və vəkili iddiaya yazılı etirazında göstərir: Hesab edir ki, iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, biz ailə üzvlərimizlə birlikdə Qubadlı rayonundan məcburi köçkün kimi 1995-ci Binəqədi rayonu, Biləcəri şossesi, 107 ünvanında yerləşən ümumi sahəsi 2.257.1 kv.m. olan əmlak kompleksində bir otaqlı evə məskunlaşdıq. Ərazini abadlaşdıraraq yaşamağa başladıq. 2005-ci ildə orada qardaşıma 5 otaqlı ev tikdik, o, ailə qurdu, sonra digər qardaşıma 4 otaqlı ev tikdik ailə qurdu, sonra digər qardaşıma 3 otaqlı ev tikdik. 10 ədəd iribuynuzlu alman sortu inək, 20 başdan çox yerli inək, çoxsaylı qoyun, keçi və toyuq cücə saxlayırdıq. Süd məhsulları istehsal edib tikdiyimiz mağazada əhaliyə satırdıq. İddiaçı1 2016-cı ildə bizim yaşadığımız əraziyə gələrək bildirdi ki, ərazini boşaltmalıyıq. Əvvəlcə söz verdi ki, ferması olan ev tapıb ora köçürəcək. Çünki mal-qara, toyuq-cücə həddindən artıq çox idi. Bizə şifahi məlumat əsasında bildirmişdilər ki, bu torpaq sahəsi İran vətəndaşı olan şəxsə məxsusdur. İddiaçı1 torpağın ona məxsus olduğunu bildirdi və 3 gün ərzində torpağı boşaltmağımızı tələb etdi. Biz imtina etdikdə İddiaçı1 ailə üzvlərimizi təhdid etməyə, hədəqorxu gəliməyə başladı. Torpağı 2 boşaltmadığımız halda ailəmiz üçün çox böyük problemlər yaradacağını bildirmişdir. Bu hədə-qorxu nəticəsində mən onkoloji xəstəliyə tutulmuşam, sağlamlığım təhlükə altındadır. Biz məcbur olub 2 müqavilə bağladıq və 3 gün ərzində oranı tərk etdik. İddiaçının günahından mal-qaranın, toyuq-cücənin çoxu tələf oldu, 3000 ədəddən çox yonca bağlaması, saman bağlaması həmin ərazidə qaldı. Çox böyük məbləğdə ziyana düşdük. Müqavilənin biri notariatda təsdiq olundu, digəri isə sadə yazılı formada bağlandı. İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixdə aşağıdakı məzmunda sadə yazılı formada müqavilə bağlanmışdır: İ. Müqavilənin predmeti Binəqədi rayonu, Biləcəri şossesi, 107 ünvanında yerləşən ümumi sahəsi 2.257.1 kv.m. olan əmlak kompleksində 1995-ci ildən ailə üzvləri ilə birlikdə məskunlaşmış Cavabdeh2 və ona ev almaq üçün həmin əmlak kompleksinin boşaldılmasında maraqlı şəxs olan İddiaçı1 tərəfindən 75.000 manat kompensasiya veriləcəyi təqdirdə ailə üzvü olan atası Allahverdi ilə birlikdə 3 gün müddətində könüllü olaraq Biləcəri şossesi ünvanındakı ümumi sahəsi 2.257.1 kv.m. olan əmlak kompleksini tərk etmək öhdəliyi götürür. İİ. Müqavilənin şərtləri Cavabdeh2 ailə üzvləri ilə birlikdə köçərək yaşamaları, istifadə etmələri üçün Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 674/1 saylı sərəncamı ilə vətəndaş İddiaçı2 ayrılmış 600 kv.m. torpaq sahəsinin 400 kv.m. hissəsində tikilmiş ev 400 kv.m. torpaq sahəsi, həyətdəki ev (və eləcə də digər tikililər) İddiaçı1 tərəfindən ev almaq üçün verilməli olan 75.000 manat kompensasiya hesabına alınaraq Cavabdeh2 sahibliyinə, mülkiyyətinə verilir. X29 Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli, 674/1 saylı sərəncam əsasında ayrılmış torpaq sahəsinin və torpaq sahəsində tikdirdiyi evin (digər tikililərin) dəyəri İddiaçı2 (75.000 manat) İddiaçı1 tərəfindən müqaviləyə imza edən şəxslərin yanında ödənilir və bu barədə müqavilədə müvafiq qeyd aparılır. İddiaçı2 ona məxsus torpaq sahəsini və torpaq sahəsində tikdirdiyi evi Cavabdeh2 satması və bunun müqabilində İddiaçı1 75.000 manat alması, bundan sonra həmin torpaq sahəsi və ev barəsində hər hansı tələbinin olmayacağı barədə iltizam verir. Dadaşov X32 qəsəbə bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli, 674 saylı sərəncamı əsasında ayrılmış 600 kv.m. torpaq sahəsinin, 400 kv.m. sahəsinin (ev və tikililərin olduğu hissə) Cavabdeh2 adına keçirilməsi üçün Binəqədi qəsəbə bələdiyyəsinə notariat qaydasında təsdiq olunmuş ərizə və etibarnamə verilir. İİİ.Müqavilənin hüquqi tərəfləri Tərəflər arasında müəyyən anlaşılmazlıqlar qarşılıqlı razılaşma yolu ilə bu olmadıqda isə məhkəməyə müraciət etməklə həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 3 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin qanuna zidd olmayan müqavilələr bağlaya bilərlər. 75.000 manat pulu İddiaçı1 aldım . İddiaçı2. 75.000 manat pulu İddiaçı2 verdim. İddiaçı1. 1.İddiaçı1, Ş/V ser AZE №********. İmza 2.İddiaçı2, Ş/V ser AZE№ ********. İmza 3.Cavabdeh2, Ş/V ser AZE №0*******. İmza, Vəkil: imza X25. Bundan başqa, 20 iyul 2016-cı il tarixdə 2-ci müqavilə bağlanmışdır. Həmin müqavilənin tərəfləri və şərtləri aşağıdakı kimidir: Birinci tərəf- Mamedov X12 tərəf – Cavabdeh3 İkinci tərəf- X26. 1.Müqavilənin predmeti İstifadələrində olan Bakı Şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 107 ünvanında yerləşən ümumi sahəsi 2.257 kv.m. olan əmlak kompleksi kimi müəssisənin könüllü olaraq tərk edilməsi. 2. Tərəfləri razılaşması 2.1. X26 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 107-də yerləşən Cavabdeh3 və Cavabdeh4 istifadəsində olan əmlak kompleksi kimi müəssisəni könüllü olaraq tərk etmələri və özlərinə ev almaq məqsədi ilə hər birinə 34.000 məbləğində ümumilikdə isə 68.000 manat məbləğində kompensasiya pulu ödəniləcək. 2.2. Cavabdeh3 və Cavabdeh4 2.1- ci bənddə göstərilən razılaşmaya əsasən pulu qəbul etdikdən sonra 3 gün ərzində əmlak kompleksini könüllü olaraq ailə üzvləri ilə birlikdə tərk etməyi öhdələrinə götürürlər. 2.3. Tərəflər arasında yaranan mübahisə və ixtilaflar məhkəmə qaydasında həll olunur. 2.4.Tərəflər müqavilədə göstərilən öhdəlikləri yerinə yetimədikdə Azrbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 3.1. Bu müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minir və onlar tərəfindən üzərinə götürdüyü öhdəliklər tam icra olunanadək qüvvədədir. 3.4. Müqavilə 4 nüsxədən tərtib edilib ki, eyni hüquqi qüvvəyə malikdir və biri 14 saylı notariat kontorunun arxivində saxlanılır, digər nüsxələr tərəflərə verilir. Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin nəticələri barədə xəbərdarlıq edilmişdir. Tərəflər və X15 adından X26 imza etmişdir. Cavabdehlər ayrı-ayrılıqda bağlanmış müqavilələr üzrə məskunlaşdıqları Bakı şəhəri, Binəqədi şossesi 107 ünvanından könüllü çıxaraq, müqavilə üzrə pul kompensasiyaları 4 alaraq ev almaları və həmin evlərdə yerləşmələri barədə öhdəlik götürüb, öhdəliyi yerinə yetirmişlər. İddiaçı2 notariat qaydasında təsdiq etdirdiyi ərizəsində göstərmişdir. “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 674/1 nömrəli sərəncamına əsasən Binəqədi qəsəbə bələdiyyəsi ərazisində yerləşən və mənə ayrılmış 600 kv.m. torpaq sahəsindən 400 kv.m. torpaq sahəsini və torpaq sahəsi üzərində tikilmiş və ya tikiləcək tikilidən imtina edirəm. Həmin və ya torpaq sahəsinin üzərində olan tikili ilə birlikdə Cavabdeh2 adına keçirilməsinə, sənədləşdirilməsinə heç bir etiraz etmirəm.Gələcəkdə bu torpaq sahəsi ilə və ya üzərində olan tikili ilə əlaqədar heç bir iddia və tələbim olmayacaqdır. Bundan başqa İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsininxx.xx.2004-cü il tarixli 674/1 nömrəli sərəncamına əsasən Binəqədi qəsəbə bələdiyyəsi ərazisində yerləşən və ona ayrılmış 600 kv.m. torpaq sahəsinə dair sənədlər toplamağı, həmin sahənin özəlləşdirilməsi üçün bütün qurumlarda təmsil etməyi, məhkəmələrdə onu təmsil etməyi, iddia ərizəsinin imzalanması və s. səlahiyyətləri 2066-cı ilə qədər müddətə Cavabdeh2 etibar etmişdir. Etibarnamə 14 saylı notarusda təsdiq edilmişdir. Yuxarıda göstərilən müqavilələr, iltizam və aktlar tərəflər arasında razılaşma yolu ilə bağlanmış və nəticələr yaratmış, tərəflər tərəfindən yerinə yetirilmişdir. Müqavilələr icra olunduğu andan hüquqi qüvvəsini itirmişdir. Lakin İddiaçı1 tərəfindən 9 il müddət keçdikdən sonra belə bir iddia qaldırılmışdır. O, İddiaçı2 adından da iddia qaldıraraq, onun əvəzindən də iddia ərizəsinə imza etmişdir. Halbu ki, İddiaçı2 həm müqavilədə, həm də notariat qaydasında təsdiq edilmiş ərizədə bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsindən və üzərində inşa edilmiş evdən Cavabdeh2 xeyrinə imtina etmiş, həmin əmlakı Cavabdeh2 mülkiyyətinə verilməsinə dair səlahiyyət verən etibarnamə vermişdir. Yuxarıda göstərilən müqavilələrdə tərəflər müqavilədən irəli gələn öhdəliklər barədə xəbərdar edilmişlər. Əvvəlcə iddiaçlıarın subyektiv hüquqlarının olmaması barədə: Hər hansı bir iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə üyğun gələn iddia tələbinin qanuni əsasının dizpozisiya şərtlərinə üyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də irəli sürülmüş iddia təlbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dizpozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. İddiaçının tələbindən görünür ki, cavabdehlərin adı çəkilən evdən başqa ünvanı məlum olmayan 2 evdən çıxarılması da tələb oluinur. Halbu ki, tələb konkret olmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtinin əsası kimi cavabdehlərin1995-ci ildə məskunlaşdığı torpaq sahəsindən çıxarılmasının əvəzinə pul kompensasiyası verilməsi ilə şərtləndirilmişdir. İddiaçı və notariatda təsdiq edilmiş müqavilədə tərəf kimi çıxış edən X27 cavabdehlərin məskunlaşdığı torpaq sahəsinə hansı hüquqlarının olmasını təsdiq edə biləcək (istifadə, icarə və mülkiyyət hüququ) hər hansı bir hüquqi sənəd təqdim etmədiyi halda müqavilə tərəfi kimi çıxış etmişdir. Eyni zamanda həmin müqavilələrdə cavabdehlərə kompensasiya kimi verilmiş pulla alınmış evlərdən nə vaxtsa çıxarılmaları barədə qeyd şərt göstərilməmiş, əksinə İddiaçı2 ona ayrılmış torpaq sahəsinin 400 kv.m. hissəsi və üzərində inşa edilmiş 7 otaqlı evdən əlavə tikililərlə birlikdə Cavabdeh2 xeyrinə və əvəzli olaraq imtina etmiş və gələcəkdə həmin əmlakla bağlı hər hansı şikayəti və tələbi olmayacağı barədə müqaviləyə imza atmış və əlavə olaraq ərizə və etibarnamə vermişdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçıların hazırki iddianı qaldırmağa sübyektiv hüquqları yoxdur. İkincisi- tərəflər arasında bağlanmış müqavilələr üzrə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirlməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilədən göründüyü kimi iddiaçılarla Cavabdeh2 arasında bağlanmış və eyni məzmunlu digər Cavabdeh4, Cavabdeh3 və X27 arasında bağlanmış müqavilə, müqavilə öhdəliklərdən əmələ gələn müqavilədir. Cavabdeh2 Allahvedi qızı ailəsi ilə birlikdə məskunlaşdığı torpaq sahəsindən çıxmağı öhdəsinə götürmüş, iddiaçı isə bu öhdəliyin əvəzinə ona və ailəsinə kompensasiya vermişdir, həmin kompensasiya məbləği ilə Cavabdeh2 ailəsinə adı çəkilən ünvanda ev verilir. Eyni zamanda Cavabdeh4 və Cavabdeh3 ilə X26 arasında bağlanmış müqavilə üzrə 1-ci tərəf torpaq sahəsindən çıxmağı öhdəsinə götürmüş, əvəzində onlara kompensasiya ödənilmişdir. Bununla da müqavilərdə göstərilən öhdəliklər üzrə tərəflər üzərinə götürdükləri öhdəlikləri yerinə yetirdiyi andan müqavilə öhdəliklərinə xitam verilmişdir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və təmin edilməməsini xahiş edir.
12. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş edir. Əlavə olaraq bildirir ki, Faiq gəlib dedi ki, gedin Bilmandan evi alın onda da, sənədin bir nüsxəsini versinlər ki, evin alınmı olmasını göstərə bilsin. Həmin vaxtı onlarda Aftandil, Şirin əmi, atası və əmisi olmuşdur.
13. Digər cavabdehlər lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
14. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin 674/1 saylı, xx.xx.2004-cü il tarixli sərəncamından görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı2 alğı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır.
15. İddiaçı2 tərəfindən İddiaçı1 verilən AR-İ 483260 saylı, xx.xx.2016-cı il tarixli etibarnamədən görünür ki, istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə dair sənədləri toplamağı, müvafiq icra orqanının sənədi və icazəsi olduqda sonra, sənədləşdirməyi, özəlləşdirməyi, tikinti işləri aparmağı, tikili ilə birlikdə torpaq sahəsini özəlləşdirməyi və sair hərəkətlər etməyi 50 il müddətinə etibar etmişdir. Etibarnamə xx.xx.2066-cı il tarixinədək verilmişdir.
16. xx.xx.2016-cı il tarixli Müqavilənin predmeti: Binəqədi rayonu, Biləcəri şossesi, 107 ünvanında yerləşən ümumi sahəsi 2.257.1 kv.m. olan əmlak kompleksində 1995-ci ildən ailə üzvləri ilə birlikdə məskunlaşmış Cavabdeh2 və ona ev almaq üçün həmin əmlak kompleksinin boşaldılmasında maraqlı şəxs olan İddiaçı1 tərəfindən 75.000 manat kompensasiya veriləcəyi təqdirdə ailə üzvü olan atası Allahverdi ilə birlikdə 3 gün müddətində könüllü olaraq Biləcəri şossesi ünvanındakı ümumi sahəsi 2.257.1 kv.m. olan əmlak kompleksini tərk etmək öhdəliyi götürür. Müqavilənin şərtləri: Cavabdeh2 ailə üzvləri ilə birlikdə köçərək yaşamaları, istifadə etmələri üçün Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 674/1 saylı sərəncamı ilə vətəndaş İddiaçı2 ayrılmış 600 kv.m. torpaq sahəsinin 400 kv.m. hissəsində tikilmiş ev 400 kv.m. torpaq sahəsi, həyətdəki ev (və eləcə də digər tikililər) İddiaçı1 tərəfindən ev almaq üçün verilməli olan 75.000 manat kompensasiya hesabına alınaraq Cavabdeh2 sahibliyinə, mülkiyyətinə verilir. İddiaçı2 Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli, 674/1 saylı sərəncam əsasında ayrılmış torpaq sahəsinin və torpaq sahəsində tikdirdiyi evin (digər tikililərin) dəyəri İddiaçı2 (75.000 manat) İddiaçı1 tərəfindən müqaviləyə imza edən şəxslərin yanında ödənilir və bu barədə müqavilədə müvafiq qeyd aparılır. İddiaçı2 ona məxsus torpaq sahəsini və torpaq sahəsində tikdirdiyi evi Cavabdeh2 satması və bunun müqabilində İddiaçı1 75.000 manat alması, bundan sonra həmin torpaq sahəsi və ev barəsində hər hansı tələbinin olmayacağı barədə iltizam verir. Dadaşov X32 qəsəbə bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli, 674 saylı sərəncamı əsasında ayrılmış 600 kv.m. torpaq sahəsinin, 400 kv.m. sahəsinin (ev və tikililərin olduğu hissə) Cavabdeh2 adına keçirilməsi üçün Binəqədi qəsəbə bələdiyyəsinə notariat qaydasında təsdiq olunmuş ərizə və etibarnamə verilir.
17. İddiaçı2 tərəfindən Binəqədi qəsəbə Bələdiyyəsinin sədrinə yazılan xx.xx.2016-cı il tarixli ərizənin surətindən görünür ki, İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsininxx.xx.2004-cü il tarixli, 674/1 saylı sərəncama əsasən Binəqədi qəsəbəs Bələdiyyəsi razisində yerləşən ona ayrılmış 600 kv.m torpaq sahəsindən 400 kv.m torpaq sahəsini və ya torpaq sahəsi üzərində tikilmiş və ya tikiləcək tikilidən imtina edir. Həmin və ya torpaq sahəsi üzərində olan tikili ilə birlikdə Cavabdeh2 adına keçirilməsinə, sənədləşdirilməsinə heç bir etiraz etmir. Gələcəkdə bu torpaq sahəsi ilə və üzərində olan tikili ilə əlaqədar heç bir iddia və tələbi olmayacaq.
18. X20, X16, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10, X11 və X3 iştirakı ilə tərtib edilən xx.xx.2016-il tarixli, aktan görünür ki, xx.xx.2016-cı il tarixdə yuxarıda adı çəkilən vətəndaşlar onlara aid olan alğı-satqı agentliyinə müraciət edərək, bildirmişlər ki, onların Bakı şəhəri, Biləcəri şossesi, №107 ünvanında məskunlaşdığı etmələri üçün İddiaçı1 tərəfindən ümumi dəyəri 143000 manat olan (143000=94700 abş dolları) olan 3 ev almaq təklifi gəlmişdir. Bu səbəbdən dəyəri 75000 manat olan, İddiaçı2 16 fevral 2004cü il tarixdə Binəqədi bələdiyyəsinin 674/1 saylı sərəncamı ilə ayrılmış 600 kv.m torpağın, 400 kv.m üstündə tikilmiş 7 otaqlı evə qaçqın ailəsinin köçürülməsi üçün İddiaçı1 tərəfindən alındı. Hər birinin dəyəri 34000 manat olan daha iki evin alınması üçün tərəfimizdən Şahverdiyevlər ailəsinə təkliflər davam edir və həmin evə İddiaçı1 tərəfindən 75000 ayrıldı.
19. Mən Cavabdeh1 verirəm bu iltizamı ondan ötəri ki, həqiqətən də, o, ailə üzləri ilə birlikdə Bakı şəhəri, Biləcəri “107 olan obyektdə yaşamaq üçün məskunlaşmışlar. Göstərilən obyektin onun və ailə üzvləri tərəfindən tam boşaldılması üçün İddiaçı1 bizə 3 ev almasına və biz də öz növbəmizdə yuxarıda göstərilən obyektin boşaldılmasına öhdəlik götürdük. İddiaçı1 bizim yaşamağımız üçün evlərin alınmasına ümumilikdə 143000 (94700 abş dolları) pul ayırdı. 2 oğluna Cavabdeh3 və Məmmədov Damətə hər birinə 34000 manat (22516 abş dolları) cəmi 68000 manata 2 ev alınması üçün pul verdi.
20. Mən Cavabdeh1, həyat yoldaşım Cavabdeh6, qızım Cavabdeh2, oğlum-X11 və X4 yaşaması üçün is İddiaçı2 Binəqədi bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli, 674/1 sərəncamı ilə ayrılmış, 600 kv.m torpaq sahəsində, 400 kv.m hasarlanmış ərazidə tikilmiş 7 otaqlı ev alındı. Həmin evin sahibinə İddiaçı1 75000 manat (49670 abş dolları) pul ödədi. Biz söz veririk ki, məskunlaşdığımız əraziyə bir daha qayıtmayacağıq. Orada hər hansı bir əşyamız qalmadı. İddiaçı1 bizim evimizi aldı və 2 ədəd evin pulunu tam şəkildə bizə verdi. Biz də, söz veririk ki, 1 ay ərzində verilmiş pula 2 ev alıb, sənədini İddiaçı1a təqdim edəcəyik, İddiaçı1 istəyimizi tam həyata keçirdi, başqa iddiamız yoxdur.
21. X5 verirəm bu iltizamı ondan ötəri ki, həqiqətən mənim həyat yoldaşım X17 ilə zəbt etdiyim Bakı şəhəri, Binəqədi şossesi 107 ünvanında olan obyekti boşaldıb, başqa bir yerdə evlə təmin olunmam üçün İddiaçı1 34000 (22516 abş dolları) manat pul aldım və öhdəlik götürdük ki, dərhal obyekti boşaldıb, həmin pula 1 ay müddətində ev alacam və sənədlərini İddiaçı1 təqdim edəcəm. İddiaçı1 ailəmin evə olan tələbini tam ödədi, başqa tələbimiz yoxdur.
22. Mən Cavabdeh3 verirəm bu iltizamı ondan ötəri ki, həqiqətən mənim həyat yoldaşım X7 ilə zəbt etdiyim Bakı şəh, Binəqədi şossesi 107 ünvanında olan obyekti boşaldıb, başqa bir yerdə evlə təmin olunmam üçün İddiaçı1 34000 (22516 abş dolları) pul aldım və öhdəlik götürdük ki, dərhal obyekti boşaldıb, həmin pula 1 ay müddətində ev alacam və sənədlərini İddiaçı1 təqdim edəcəm. İddiaçı1 Ailəmin həmin evə olan tələbini tam ödədi, başqa tələbimiz yoxdur.
23. Birinci tərəf- Cavabdeh4 və Cavabdeh3 ilə ikinci tərəf- X26 arasında bağlanan 20 iyul 2016-cı il tarixli müqaviləndə göstərilir: Müqavilənin predmeti: istifadələrində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 107 ünvanında yerləşən ümumi sahəsi 2.257 kv.m. olan əmlak kompleksi kimi müəssisənin könüllü olaraq tərk edilməsi. Tərəfləri razılaşması: 2.1. X26 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 107-də yerləşən Cavabdeh3 və Cavabdeh4 istifadəsində olan əmlak kompleksi kimi müəssisəni könüllü olaraq tərk etmələri və özlərinə ev almaq məqsədi ilə hər birinə 34.000 məbləğində ümumilikdə isə 68.000 manat məbləğində kompensasiya pulu ödəniləcək. 2.2. Cavabdeh3 və Cavabdeh4 2.1- ci bənddə göstərilən razılaşmaya əsasən pulu qəbul etdikdən sonra 3 gün ərzində əmlak kompleksini könüllü olaraq ailə üzvləri ilə birlikdə tərk etməyi öhdələrinə götürürlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar və tərəflərin izahatları əsasında müəyyən edilən işin faktiki halları:
24. Cavabdehlər Qubadlı rayonundan məcburi köçkün kimi 1995-ci ildə Binəqədi rayonu, Biləcəri şossesi, 107 ünvanında yerləşən ümumi sahəsi 2.257.1 kv.m. olan torpaq sahəsində məskunlaşırlar, həmin torpaq sahəsində 3 ayrı fərdi yaşayış evi tikirlər və fərdi təsərrüfatla məşğul olurlar. Ərazinin boşaldılmasında maraqlı olan İddiaçı1 təkidi ilə tərəflər arasında torpaq sahəsinin kompensasiya qarşılığında boşaldılması barədə razılıq əldə olunur.
25. Razılıq əsasında İddiaçı1, İddiaçı2 və Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixdə müqavilə bağlanır və müqaviləyə görə Binəqədi rayonu, Biləcəri şossesi, 107 ünvanında yerləşən ümumi sahəsi 2.257.1 kv.m. olan əmlak kompleksində 1995-ci ildən ailə üzvləri ilə birlikdə məskunlaşmış Cavabdeh2 və ona ev almaq üçün həmin əmlak kompleksinin boşaldılmasında maraqlı şəxs olan İddiaçı1 tərəfindən 75.000 manat kompensasiya veriləcəyi təqdirdə ailə üzvü olan atası Allahverdi ilə birlikdə 3 gün müddətində könüllü olaraq Biləcəri şossesi ünvanındakı ümumi sahəsi 2.257.1 kv.m. olan əmlak kompleksini tərk etmək öhdəliyi götürür, Cavabdeh2 ailə üzvləri ilə birlikdə köçərək yaşamaları, istifadə etmələri üçün Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 674/1 saylı sərəncamı ilə vətəndaş İddiaçı2 ayrılmış 600 kv.m. torpaq sahəsinin 400 kv.m. hissəsində tikilmiş ev və 400 kv.m. torpaq sahəsi, İddiaçı1 tərəfindən ev almaq üçün verilməli olan 75.000 manat kompensasiya hesabına alınır və Cavabdeh2 sahibliyinə, mülkiyyətinə verilir.
26. Müqavilə üzrə həqiqətən iddiaçı tərəfindən ödənilən 75000 manat vəsait hesabına Dadaşov X32 qəsəbə bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli, 674 saylı sərəncamı əsasında ayrılmış 600 kv.m. torpaq sahəsinin, 400 kv.m. sahəsinin (ev və tikililərin olduğu hissə) Cavabdeh2 adına keçirilməsi üçün Binəqədi qəsəbə bələdiyyəsinə notariat qaydasında təsdiq olunmuş ərizə verilir.
27. Cavabdeh4 və Cavabdeh3 ilə X26 arasında bağlanan 20 iyul 2016-cı il tarixli müqavilə ilə isə Cavabdeh4 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 107 ünvanında yerləşən ümumi sahəsi 2.257 kv.m. olan əmlak kompleksi kimi müəssisəni könüllü olaraq tərk etmələri və özlərinə ev almaq məqsədi ilə hər birinə 34.000 məbləğində ümumilikdə isə 68.000 manat məbləğində kompensasiya pulu ödənilməli idi və ödənilmişdir.
28. İddiaçı iddia edir ki, İddiaçı2 ödəniş etməklə Cavabdeh2 adına aldığı evi özü üçün almış, həmçinin sonuncunun qardaşlarına verdiyi vəsaiti əslində məcburi köçkün kimi müvvəqəti yaşamaları üçün onun öz adına alınmalı olan evlərə görə vermişdir. Hansı ki, razılaşmalarına görə işğal altında olan torpaq sahələrinin işğaldan azad olunacağı təqdirdə cavabdehlər həmin evlərdən iddiaçının mənafeyinin təmini üçün çıxmalı idilər. Hazırda isə cavabdehlərin öz öhdəliklərini icra etməmələri səbəbindən tərəfindən onlara alınmış mənzillərdən çıxarılmalarını xahiş edir.
29. Cavabdehlər isə iddia tələbini qəbul etməyərək etirazlarını onunla əsaslandırırlar ki, ödənilən vəsait və alınan evə məskunlaşdıqları torpaq sahəsindən çıxmaları və inşa etdikləri tikililərdən imtina etmələri üçün kompensasiya xarakterli olmuşdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
31. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
32. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
33. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
34. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
35. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.
36. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
39. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
40. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
41. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
42. 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır.
43. 397.2. Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır.
44. 397.3. Bu Məcəllədən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal edilir.
45. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
46. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
47. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
48. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
49. Bundan başqa hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
50. Məhkəmə işin müəyyən edilən halları baxımından o qənaətə gəlir ki, iddiaçının tələbinin hüquqi əsası sahibliyin müdafiəsindən irəli gəlir. Belə ki, iddiaçı cavabdehlərin faktiki sahiblik və istifadələrində olan fərdi yaşayış evinin onun vəsaiti hesabına alındığını və cavabdehlərə müvəqqəti olaraq, yəni məcburi köçkün olduqları torpaqlar işğaldan azad olunanadək verildiyini, bu barədə aralarında olan razılığa cavabdehlərin əməl etmədiklərini, torpaqlar işğaldan azad olunsa da, onlara yeni evlər verilsə də, onun vəsaiti hesabına alınmış evlərdən qanunsuz olaraq çıxmadıqlarını iddia edir.
51. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilir ki, cavabdehlərin faktiki sahiblik və istifadələrində olan fərdi yaşayış evləri onların məcburi köçkün kimi məskunlaşdığı əmlak kompleksindən könüllü çıxmaları üçün bunda maraqlı olan iddiaçının verdiyi(baxmayaraq ki, xx.xx.2016-cı il tarixdə bağlanmış müqaviənin tərəfi kimi X26 adlı şəxs çıxış etmişdir, həm tərtib edilən aktla, həm də cavabdehlərin məhkəmə iclasındakı izahatlarıyla vəsaitin iddiaçı tərəfindən ödənildiyi mübahisə doğurmamışdır) vəsait hesabına alınmışdır. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Yəni ödənilən vəsaitin kompensasiya kimi deyil, alınan əmlakların müvəqqəti məskunlaşmaq üçün istifadəyə verilməsi ilə bağlı olması, məcburi köçkün statuslarına xitam verildikdən sonra yenidən ordan da çıxmalı olmaları sübut olunmur. İddiaçının xx.xx.2016-cı il tarixli AKT-da qeyd edilən “Biz söz verdik ki, 1 ay ərzində verilmiş pula 2 ev alıb, sənədini İddiaçı1 təqdim edəcəyik” ifadəsinə istinadla sübut etməyə çalışdığı hüquqi mövqeyi əsassızdır. Belə ki, həmin AKT digər müqavilələrlə və mübahisənin faktiki vəziyyəti ilə məcmu halda dəyərləndirildikdə, həmin ifadənin alınan puldan sui istifadənin qarşısının alınması məqsədi ilə AKT-da öz əksini tapdığı məlum olur. Eyni qaydada Cavabdeh2 üçün İddiaçı2 alınan torpaq sahəsinə dair (fərdi yaşayış evi ilə birlikdə) iddiaçıya etibarnamə verilməsi də, münasibətlərin xarakterini dəyişdirmir. Hansı ki, iddiaçının mübahisələndirmədiyi xx.xx.2016-cı il tarixli müqavilədən də müəyyən edilir ki, İddiaçı2 alınan torpaq sahəsi iddiaçının əmlakın boşaldılması üçün verdiyi kompensasiya hesabına olmuşdur. Kompensasiya sözünün mənası elə məhz əvəzləşdirmə, tarazlaşdırma deməkdir. Məhkəmənin qənaətinə görə uzun müddət yaşamaqla, tikinti-təsərrüfat aparmaqla yaranmış hüquqlara müəyyən əvəz ödənilməklə xitam verilməsi barədə tərəflər arasında razılıq olmuşdur və həmin razılığın aradan qalxması halı müəyyən edilməmişdir.
52. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərin sahibliyi qanunsuz olmadığından iddia tələbi əsassızdır. Tətbiq edilən prosessual normalar:
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
54. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
55. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
56. 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
57. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
58. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
59. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsi cəlb edilməklə) “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsi cəlb edilməklə) “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev