Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3764/2021 07.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki işə 07 iyun 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 01 iyun 2020-ci il tarixli, HRP 03/20 saylı, onunla olan əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsi və onun Cavabdeh şirkətinin 2-ci mədənin NQÇ operatoru vəzifəsinə işə bərpa olunmağıma dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 1995-ci ilin may ayında cavabdeh şirkətə işə qəbul olunmuşdur. 2005-ci il tarixdə onunla əmək müqaviləsi bağlanmış, 2016-cı il tarixdə həmin müqavilənin vaxtı bitmişdir. 2016-cı ildən əmək müqaviləsi hər il üçün yenidən bağlanmışdır. Ümumilikdə 26 il Cavabdeh operator vəzifəsində işləmiş, ağır şəraitli iş olmasına, işinin uğrunda sağlamlığını belə itirməsinə baxmayaraq, daim öz işini sevmiş, tam məsuliyyətlə işi ilə bağlı öhdəliklərini icra etmişdir. İşlədiyi dövrdə hətta bir neçə dəfə rəhbərlik tərəfindən işində göstərdiyi uğurlara görə mükafatlara da layiq görülmüşdür. 2018-ci ildə o, açıq ürək əməliyyatı keçirdikdən sonra tibbi rəydə onun daya yüngül işə keçirilməyi məsləhət olunmuşdur. Həmin arayışı o, şirkətin kadrlar şöbəsinin rəisinə təqdim etmək istəsə də, sonuncu həmin arayışı qəbul etməkdən imtina etmiş, beləliklə, o, daha yüngül işə keçirilməmişdir. Lakin, ailəsinin maddi ehtiyaclarının qarşılanmasından ötrü elə həmin vəzifədə də işinə davam etmək məcburiyyətində qalmışdır. 2020-ci ilin iyun ayında şirkətin göstərişi əsasında onu tibbi yoxlamadan keçməyə göndərmişlər. Tibbi rəy alındıqdan sonra kadrlar şöbəsinin rəisi onu daha yüngül işə keçirmək lazım olduğunu bildirib ona bir sıra sənədlərə imza etdirmişdir. Səhəri gün o, həmin şəxsin yanına getdikdə sonuncu ona narahat olmamağı, 1-2 günə yeni işə keçiriləcəyini bildirmişdir. Lakin, bir neçə gün sonra kuryer ona zəng vuraraq bir sıra sənədləri təqdim etməli olduğunu bildirmiş, o, kuryerlə görüşdükdə kuryer ona əmək kitabçasını təqdim etmişdir. O, əmək kitabçama nəzər yetirdikdə ona məlum olmuşdur ki, əslində Əmək Məcəlləsinin 73-1-ci maddəsinə əsasən işdən azad edilmişdir. 26 il məsuliyyətlə çalışan, uğrunda sağlamlığından belə keçmiş və ən əsası pensiya yaşına 9 ay qalmış işçini sırf hüquqi savadsızlığı ucbatından işdən azad etmişlər. İşdən azad edildiyini anladığı gündən etibarən 01 iyul, 15 iyul və 20 iyul 2020-ci il tarixlərdə şirkətin direktoru Sergey Neymişevə işə bərpa olunmağı ilə bağlı 3 ayrı ərizə ünvanlamış, eyni zamanda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmiş, göstərilən adlar tərəfindən problem həll edilmədiyindən onlardan ərizəsinə “imtina” məzmunlu cavab aldıqdan sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, Sergey Neymişevə etdiyi ilk müraciətə 06 iyul 2020-ci il tarixdə cavab verilmiş, həmin cavabda göstərilmişdir ki, onun Şirkətlə arasında mövcud olan 1464 saylı, 22 aprel 2016-cı il tarixli Əmək Müqaviləsinin müddətinin uzadılmasına dair imzaladığı 09 saylı, 22 aprel 2020-ci il tarixli Razılaşmaya əsasən Əmək müqaviləmin müddəti 01 iyun 2020-ci il tarixədək uzadılmış, müqavilə müddəti 01 iyun 2020-ci il tarixdə bitdiyindən işdən azad edilmişdir. Cavab məktubuna son razılaşmanı, əmri və 01 iyun 2020-ci il tarixdə ona ünvanlandırılmış, 02 iyun 2020-ci il tarixdə əmək müqaviləmə xitam verilməsi barədə xəbərdarlıq qoşma edilmişdir. Sergey Neymişevə etdiyi ikinci müraciətə 17 iyul 2020-ci il tarixdə cavab verilmiş, həmin cavabda göstərilmişdir ki, şirkət ona xidmət müqaviləsi ilə əməkdaşlıq etməyi təklif edir. Və nəhayət, Sergey Neymişevə etdiyi üçüncü müraciətə 23 iyul 2020-ci il tarixdə cavab verilmiş, həmin cavabda göstərilmişdir ki, “sizin əvvəllər şirkətdə çalışdığınız vəzifə üzrə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialında hal-hazırda vakansiya olmadığından, Sizin həmin sahəyə işə qəbul olunmanız mümkün deyildir. Əlavə olaraq diqqətinizə çatdırırıq ki, “X7” tərəfindən sizə təqdim edilmiş 21759 saylı, 22.05.2020-ci il tarixli tibbi şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, “Siz, tibbi müayinədən keçirilməniz nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 dekabr 2012-ci il tarixli, 46 saylı Əmrinə əsasən, tutduğunuz vəzifədə işləməyə yararsız hesab olunmusunuz”. Həmin məktuba qoşma edilmiş, “X7” tərəfindən verilmiş 22 may 2020-ci il tarixli, 21759 nömrəli tibbi şəhadətnamədə göstərilmişdir ki, işçi, yəni mən tibbi müayinədən keçirilib və nəticədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 dekabr 2012-ci il tarixli, 46 saylı Əmrinə əsaslanaraq tutduğu vəzifədə işləməyə yararsız hesab edilmişdir. 01 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən ona ünvanlandırılmış məktubda Cavabdeh tərəfindən onun işdən azad edilməyində heç bir qanun pozuntusunun aşkar olunmadığı göstərilmişdir. Əvvəla, “X7” tərəfindən verilmiş 22 may 2020-ci il tarixli, 21759 nömrəli tibbi şəhadətnamədə göstərilənlərlə bağlı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 dekabr 2012-ci il tarixli, 46 saylı Əmri mövcud deyildir. Səhiyyə Nazirliyinin 46 saylı Əmri “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bir sıra müəssisələrinin adlarının dəyişdirilməsi barədə” əmrdir və bu əmrin onun işdən azad olunmağına heç bir aidiyyəti ola bilməz. Səhiyyə Nazirliyinin 13 dekabr 2012-ci il tarixli 46 saylı QƏRARİ mövcuddur ki, həmin qərarda işçilərin icbari tibbi müayinələrdən keçirilməsini tələb edən zərərli və təhlükəli istehsalat amillərinin, işçilərin icbari tibbi müayinələrin keçirilməsi tələb olunan işlərin siyahısı müəyyən edilmişdir. Yəni həmin qərarın da onun işdən azad edilməyinə aidiyyəti yoxdur. Cavabdeh onun işdən çıxarılma səbəbi kimi həm əmək müqaviləmin vaxtının bitməsini, həm də “X7” tərəfindən verilmiş tibbi şəhadətnaməyə əsasən işə yararsız olduğunu öz cavab məktubunda bildirmişdir. Halbuki, yuxarıda sadalanan hallar ilə müəyyən olunur ki, “X7” tərəfindən verilmiş tibbi şəhadətnamə heç bir əsas olmadan tərtib edilmişdir. Digər əsasa, yəni əmək müqaviləsinin vaxtının bitməsi ilə əmək müqaviləsinə xitam verilməsinə münasibətdə isə, bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirmiş, burada məqsəd işçilərin əsassız yerə işdən çıxarılmasının, ixtisarının qarşısının alınması olmuşdur. Bir daha bütün işəgötürənlərə xəbərdarlıq etmişdir ki, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verən, həmçinin karantin dövründə şəxslərin sərbəst hərəkətini təmin etmək məqsədilə “Əmək müqaviləsi bildirişi” altsisteminə yanlış məlumat daxil edən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görüləcək. Pandemiya dövründə işçilərin işdən azad edilməmələri ilə bağlı Azərbaycan Repsublikasının Prezidenti cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə şirkət rəhbərlərini xəbərdar etmişdir. Göründüyü kimi, Cavabdeh şirkəti onun uzun illər həmin şirkətdə işlədiyini, stajının çox olmasını, bununla da peşəkarlıq dərəcəsini, habelə pandemiya ilə əlaqədar tətbiq edilmiş karantin dövründə insanların maddi vəziyyətinin onsuzda aşağı düşməsini, bunun qarşısını almaq üçün cənab prezidentin çıxışlarını nəzərə almadan, bundan əvvəli bir neçə dəfə bir ildən-bir uzadılmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam vermişdir. Həm də bu hal onun pensiya yaşına 9 ay qalmış yaşanmışdır. O, bununla bağlı aidiyyəti orqanlara etdiyi müraciətlərə müsbət cavab ala bilmədiyindən işi məhkəmə müstəvisinə daşımaq qərarına gəlmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında navabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçının istər iddia ərizəsində göstərdikləri, istərsə də, məhkəmə iclasındakı izahatında göstərdiklərinin heç bir əsası yoxdur. Belə ki, iddiaçı ilə cavabdeh şirkət arasında əmək bağlanmış əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi səbəbi ilə xitam verilmişdir. Bundan başqa iddia ərizəsi verilərkən qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddəti də ötürülmüşdür. Sonda K.B.Hacıyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib mülki iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. İş materiallarında olan, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı arasında bağlanmış 22 aprel 2016-cı il tarixli, 1464 saylı Əmək müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi barədə razılaşmaya əsasən, şirkətlə 2-ci mədəndə NHQ operatoru vəzifəsində işləyən İddiaçı arasında bağlanmış 22 aprel 2016-cı il tarixli müqavilənin müddəti 01 iyun 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlandırılmış 01 iyun 2020ci il tarixli bildirişdə şirkətlə İddiaçı arasında 22 aprel 2020-ci il tarixdən 01 iyun 2020-ci il tarixədək bağlanmış müddətli əmək müqaviləsinin müdətinin başa çatması ilə əlaqədar əmək müqaviləsinə 02 iyun 2020-ci il tarixdə xitam veriləcəyi göstərilmiş, İddiaçı 01 iyun 2020-ci il tarixdə bildirişlə tanış olmuş, bunu öz imzası ilə təqsiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 296-cı maddənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı izahatında işdən azad edilməsinin yeni işə keçirilməsi ilə bağlı olduğunu bildirmiş, 01 iyul 2020-ci il tarixdə isə Şirkətin direktoruna ərizə ünvanlayaraq işdən çıxarılmasının əsassız olduğunu göstərməklə işə bərpa edilməsini xahiş etmişdir. Yəni, məhkəmə hesab edir ki, ona münasibətdə iddia müddəti ən geci 01 iyul 2020-ci il tarixdən başlamış, iddia ərizəsi isə məhkəməyə təxminən 8 ay sonra verilmiş, yəni, iddia müddəti ötürülmüşdür. Qeyd olunur ki, İddiaçı hazırki tələblə bağlı iddia ərizəs ilə ilk öncə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 05 mart 2021-ci il tarixli qərardadına əsasən, İddiaçı bu tələblə bağlı iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməsi üçün iddia ərizəsi ona əlavə edilmiş sənədlər geri qaytarıldığındna N.Gəncliyevin məhkəməyə iddia ilə müraciət tarixi təxminən 01 mart 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Lakin hazırda iddiaçının iddia müddətini üzrlü səbəbdən ötürülməsi qənaətinə gəlməyə əsas verən hal mövcud deyildir. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia müddəti ötürüldüyünə görə iddia rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-3764/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3764/2021
07.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver