Məhkəmə qərarları › İş №2(001)-3807/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3807/2025

22.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3807/2025 22.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evinə köçürmə, yaşayış hüququnun tanınması, yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evinə köçürmə, yaşayış hüququnun tanınması, yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında nömrəsiz ev olan fərdi yaşayış evinə yaşayış hüququnun və mülkiyyət hüququnun tanınması, onun həmin ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin yaşayış evindən istifadəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1991-ci ildə Cavabdeh1 ilə qeyri-rəsmi nikah münasibətinə daxil olmuş və əvvəlcə Kəlbəcər rayonunda, sonra isə Şəki rayonunda ər-arvad kimi yaşamağa başlamışlar. Faktiki ər-arvad kimi yaşadıqları dövrdə iki qız övladları olub. Bunlar: xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh2 və xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh3dır. O, 2006-cı ildə öz şəxsi vəsaiti ilə ünvan 1 ünvanında mişar daşından bir otaqlı fərdi yaşayış evi tikmiş və 2007-ci ildə isə Binəqədi Bələdiyyəsindən müvafiq qərar əsasında elə həmin ünvanda 3 sot torpaq sahəsində fərdi yaşayış evi tikməkdən ötrü müvafiq icazə və sənədləri almış və sonra dərhal həmin bir otaqlı evi sökərək, onun yerində iki otağı, mətbəxi, hamam-tualeti və hər cür şəraiti olan fərdi yaşayış evini mişar daşından tikdirmiş və həmin 3 sot həyətyanı torpaq sahəsini də mişar daşından hasara alaraq həyətə dəmir darvaza da qoydurmuşdur. Həmin evdə onu tikdirdiyi vaxtdan o, arvadı Cavabdeh1 Cəbbar qızı və iki qızı - Gülhanə və Mətanət ilə birgə yaşamışlar. Təxminən iki il yarımdır ki, onunla Qızılgül və qızları arasında münasibətləri pisləşmiş və səhhətində olan probemlə əlaqədar həkimə müraciət edərək xəstəxanaya düşəndən sonra həmin evinə qayıdıb, həyətinə daxil olarkən onların hər üçü onu xoşagəlməz söz-söyüşlərlə söyərək, evə daxil olmağa imkan vermir, onu məhv edəcəkləri ilə hədələyərək həyətdən qovur, onu tutdurmaqdan ötrü provakasiyaya çəkərək onları vurmağını istəyirlər. Cavabdehlər onu halalca zəhməti ilə qazandığı pula tikdirdiyi həmin evinə daxil olmağa imkan vermirlər. Bununla əlaqədar o, polis orqanına da müraciət etmişdir. Baxmayaraq ki, həmin evin mülkiyyət hüququnu təsdiq edən sənədi DƏDRX-dən alınmayıb, amma bu mülkiyyətə - fərdi yaşayış evinə onun gözlənilən mülkiyyət hüququ vardır. O, cavabdehlərdən onu vurubxəsarətləndirməsindən ehtiyatlandığı üçün evinə getməyə qorxur. Bir neçə dəfə evinə daxil olmaq istəsə də, cavabdehlər özlərini çılğın və qəribə adamlar kimi aparmaqla onu qorxutmuş və o da oradan qaçıb uzaqlaşmışdır. Bütün bunlar isə cavabdehlər tərəfindən edilən qanunsuzluq və özbaşnalıq, qanunlara, onun hüquqlarına hörmətsizlikdir. Daha ədalətli olardı ki, onun həmin yaşayış evinə yaşayış, istifadə və mülkiyyət hüququ tanınsın, o, bu evə köçürülsün, onun həmin evdə yaşamasına, bu evdən istifadəsinə yaradılmış maneələr aradan qaldırılsın və onun həmin evdə yaşamasına, ondan istifadə etməsinə cavabdehlər tərəfindən yaradılacaq hər hansı bir maneələr cavabdehlərə qadağan edilsin. Bu haqda müvafiq qətnamənin qəbul edilməsini daha ədalətli hesab edir və bunu istəyir. Çünki cavabdehlər onu əli ilə tikdirdiyi sözügedən yaşayış evində yaşamağa imkan vermir, şərait yaratmır və onu həyətə belə buraxmırlar. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, iddiaçı ilə bir evdə yaşamaq mümkün olmadığı üçün, iddiaçının həmin evə köçürülməsinə etiraz etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək, iddiaçı tərəfindən bir otaq təmir olunsa da, qalan tikinti-təmir işləri onun tərəfindən aparılmışdır. Belə ki, xeyirhaq işlərlə məşğul olan insanların köməyi ilə, bu evi tikib təmir elətdirmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh3 məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının Cavabdeh3 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmədə şahid X3 ifadəsində göstərdi ki, iddiaçını 1992-ci ildən tanıyır. Həmin yeri Telman alıb. Mübahisəli evi iddiaçıya tikməkdə o, kömək etmişdir. İki otaq tikib, həmin evdə qazı o, çəkmişdir. Hasarın bir tərəfini Neft Şirkəti tikib. Onlar evi tikəndə Qızılgül xəstəxanada olub, iddiaçının qızları onlar üçün yemak pişirirdilər. Məhkəmədə şahid X2 ifadəsində göstərdi ki, Qızılgül ilə pandemiyadan qabaq tanış olmuşam. Onların evində şərait ağır olduğu üçün, ona kömək etmişdir. Ev tikilsə də, şəraiti çox pis olmuş, oranı abadlaşdırmaq üçün hardasa 7000-8000 min manat pul xərclənib. Məhkəmədə şahid X5 ifadəsində göstərdi ki, o, Ülviyyə adlı xanımla həmin evə getmişdir. O, evdə olanda orda bir otaq görmüş, evin ön hissəsində təmir işləri getmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması cinayət tərkibi olmadığına görə rədd edilmişdir. Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, həqiqətən də 995/1 saylı, xx.xx.2007-ci il tarixli İddiaçı istifadəsinə ayrılmış 300 m² torpaq sahəsinin qərarı X1 arxivində qorunub saxlanılır. Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2007-ci il tarixli, 995/1 saylı qərarının surətindən görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsinə olan 300 m² torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Binəqədi rayonu X1 540123 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 528 manat torpağın dəyəri ödənilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 140 manat bələdiyyə əmlak vergisi ödənilmişdir. "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixli qiymətləndirmə rəyinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 106-cı korpusda yaşayan İddiaçı məxsus 1 mərtəbəli yaşayış evinin bazar dəyəri 4900 manat təşkil edir. Binəqədi rayonu X1 xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən Binəqədi qəsəbə bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata düşmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 1991-ci ildən faktiki nikah münasibətlərində olmuşlar, daha sonra 2006-cı ildən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa başlamışlar. Daha sonra tərəflərin münasibətləri pozulmuş və cavabdehlər iddiaçını sözügedən evə buraxmamış, həmin evdən istifadəsinə maneələr yaratmışlar. Bu səbəbdən də, iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. İşdə olan sübutlardan göründüyü kimi, mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, habelə tərəflərdən hər hansı biri həmin evə dair istifadə, sərəncam, sahibliklə bağlı qanunla müəyyən edilən hər hansı hüquq müəyyənedici sənədə malik deyildirlər. Bununla belə, mülki işdə olan sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2007-ci il tarixli, 995/1 saylı qərarı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsinə olan 300 m² torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Həmçinin, İddiaçı həmin fərdi yaşayış evinə görə vergi ödəyicisidir. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin "Önəryıldız Türkiyəyə qarşı" işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, "Xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından "mülkiyyət" hesab oluna bilməz (bax: Marks Belçikaya qarşı, b. 50; Zverjinskinin işi, b. 61). Lakin etiraf etmək lazımdır ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı. Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından "mülkiyyətə" bərabərdir (bax: İatridisin işi üzrə qərara, b. 55) " Tre Traktöreer AB İsveçə qarşı (xx.xx.1989, A seriyası, c59, s21, .59) və Van Marle və başqaları Niderlanda qarşı (xx.xx.1986, A seriyası,c.101, s13,b.40) işlər üzrə Avropa Məhkəməsinin qərarlarında vurğulanır ki, bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsi ilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüququn sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın "hüquq" kimi tanınması, istərsə də bu qanunlar tərəfindən həmin "mülkiyyət hüququ" hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda "mülkiyyət" hesab edilməsinin qarşısını almır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Göründüyü kimi tərəflər arasında mübahisəli yaşayış sahəsi ilə bağlı hüquq münasibəti 2006-cı il tarixdə, yəni hazırda qüvvədə olan Mülki Məcəlləsinin qüvvəyə mindiyi 01 sentyabr 2000-ci il tarixdən sonra yarandığından, eləcə də Azərbaycan Respublikası qanunvericiliyində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evlərinə istifadə hüququnun tanınması və həmin evlərə köçürülməsi ilə bağlı hüquq normaları mövcud olmadığından, məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələbinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsinə baxmayaraq Mülki Məcəllənin 11.1-ci maddəsi, yəni mülki qanunvericiliyin analogiya üzrə tətbiqi Mülki Məcəllənin aşağıda qeyd edilən normalarının hazırki iddia tələbinə tətbiq olunmasına əsas verir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi hazırkı iş üzrə hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1dən sonra yarandığından, mübahisə Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Bu Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisəli yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəbdən çıxması onun həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. İddiaçının normal yaşayış yeri və onun layiqli həyat şəraiti təmin edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili mövcuddur və onlar tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Belə ki, bu fakt tərəflərin izahatı, eləcə də mülki iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapır. Cavabdehlər mübahisəli yaşayış sahəsində normal şərtlər daxilində yaşadıqlarından, iddiaçının da həmin şərtlər daxilində tikilidə yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Məhkəmə iddianın mülkiyyət hüququnun tanınması hissəsində hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, mülkiyyət hüququnun tanınması üçün həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməlidir. Əgər müvafiq orqan bundan imtina edərsə, bu zaman hüquqmüəyyənedici sənədlərdən asılı olaraq aidiyyəti məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli və həmin yaşayış sahəsindən istifadə ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı yaradan maneələr aradan qaldırılmalı, iddia qalan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı övladı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı yaradan maneələr aradan qaldırılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar