Məhkəmə qərarları › İş №2(001)-3843/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3843/2021

15.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3843/2021 15.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ailə üzvləri ilə birlikdə evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında ailə üzvü olaraq anası Cavabdeh ilə yaşamışdır. Sonradan iddiaçı ailə qurmuş, ailəsi ilə birgə həmin ünvanda yaşamağa davam etmişdir. X2 da həmin mənzildə hal hazırda iddiaçı ilə bərabər qeydiyyatdadır. X1 ailə quraraq qeyd olunan ünvanı tərk edərək ailəsi ilə başqa ünvanda yaşamağa başlamışdır. Sonradan qardaşının nikahı pozulmuş, geri dönərək onlarla birgə yaşamağa başlamışlar. Bir müddət sonra iddiaçının qardaşı ilə münasibətləri pozulmuş, qardaşı iddiaçıya mənzilin ona çatası olduğunu bildirmiş, yaşlı anası ilə iddiaçının arasında olan münasibətlərə mənfi təsir göstərmişdir. Münasibətlərin daha da pisləşməməsi üçün iddiaçı ailə üzvləri ilə birlikdə bir neçə günlük istirahət üçün şəhəri tərk etmiş və qayıdanda ona məlum olmuşdur ki, qapının açarı dəyişdirilmişdir. Həmin vaxtdan o, yaşadığı mənzildən istifadə hüququndan məhrum olunmuş və kirayədə qalmaq məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 izahatında məhkəməyə bildirdi ki, iddiaçı və qızının mübahisəli mənzilə dair istifadə hüququ olsa da, onların hal hazırda həmin mənzilə köçürülməsi mümkün deyil. Belə ki, bunu mənzilin mülkiyyətçisi Cavabdeh istəmir. Onun tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırılmış, iddiaçı və azyaşlı qızına ümumilikdə 9360 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi xahiş edilmişdir. Həmin işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək, hazırkı işə baxılması mümkün deyil və iş üzrə icraat dayandırılmalıdır. Qardaşı olan iddiaçı anaları Cavabdeh mütəmadi olaraq döymüş və təhqir etmiş, onların bir evdə yaşamaqları qeyri-mümkündür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 29.06.2021-ci il tarixdə verilmiş cavabdan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Binəqədi rayonu, keçid 1410, ev 2a, mənzil 40 qeydiyyatdan keçmiş və hazırda qeydiyyatdadır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı və X4 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsində aşağıdakılar göstərilmişdir: “ ... iddiaçı Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr., 1410 keçid, məh. 3215 ünvanında yerləşən 2A nömrəli evin 40 saylı mənzilinin mülkiyyətçisi olub, 22 dekabr 2004-cü il tarixindən etibarən həmin mənzildə qeydiyyatda olmaqla yaşamaqdadır. İddiaçıdan başqa sözügedən mənzildə cavabdehlər - iddiaçının oğlu İddiaçı (xx.xx.1973cü il təvəllüdlü) və nəvəsi X5 (05.02.2012-ci il təvəllüdlü. İddiaçı yetkinlik yaşına çatmayan övladı) da qeydiyyatdadırlar. Qeyd edilənlərdən əlavə iddiaçının digər oğlu X7 da sözügedən mənzildə qeydiyyatda olmaqla hazırda da iddiaçı ilə birlikdə yaşamaqdadır. Cavabdehlər də əvvəllər iddiaçı ilə birlikdə yaşamış və normal ailə münasibətlərində olmuşlar. 2020-ci ilin dekabr ayından etibarən cavabdehlər iddiaçı ilə birlikdə yaşamır və sözügedən mənzildən istifadə etmirlər”. Göründüyü kimi, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, keçid 1410, ev 2a, mənzil 40 Cavabdeh mülkiyyətindədir və iddiaçı azyaşlı uşağı ilə birlikdə həmin mənzilə dair istifadə hüququ əldə etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın (228.1). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (228.2). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər (228.3). Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir (228.4). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır (228.5). «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur: “ ... Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. ... MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Göründüyü kimi qanunvericilik bu müddəada qeyd olunan şəxslərin yaşayış binasının tərkib hissəsinə köçürülməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin, bunun üçün mülkiyyətçinin razılığının xüsusi olaraq mütləq şərt kimi müəyyən edilməsi qeyd olunan şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən əldə edilən istifadə hüququnun mülki hüquq sahəsi baxımından əşya hüququ kimi qiymətləndirilməli olmasına dəlalət edir. ... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Həmin müddəanın belə şərhi mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş təminat və hüquqlarını pozmur. İş materiallarından görünür ki, İddiaçı mülkiyyətçi Cavabdeh ailə üzvüdür (oğlu) və onunla birgə yaşamışdır. Bu səbəbdən də, iddiaçı Azərbaycan Respublikası MülkiMəcəlləsinin 228.5-ci maddəsinin üçüncü cümləsində göstərilən şəxslər sırasına deyil, həmin maddənin yəni, Mülki Məcəllənin 228.5-ci maddəsinin birinci cümləsindəki şəxslər sırasına aid olduğuna görə qanunverici iddiaçının yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququnu tanıyır və istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsini tələb etmir. Bunun əksi olaraq isə iddiaçının arvadı X6 Mülki Məcəllənin 228.5-ci maddəsinin üçüncü hissəsində sadalanan şəxslər sırasına aiddir və onunla mülkiyyətçi arasında istifadə hüququ barədə yazılı şəkildə bağlanmış hər hansı razılaşmanın mövcudluğu iş materialları ilə öz təsdiqini tapmır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 25.02.2012-ci il təvəllüdlü X4 münasibətdə mübahisəli hüquq münasibəti 2012-ci ildən yarandığından, mübahisəyə həmin hissədə Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində «digər qohumlar» dedikdə qanun yaşayış sahəsi mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan bacı, qardaş, baba, nənə, nəvə, tərbiyəçi, ögey oğul və qızlarını nəzərdə tutmuşdur («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı). Göründüyü kimi 25.02.2012-ci il təvəllüdlü X5 mənzilin mülkiyyətçisinin nəvəsi olduğundan «digər qohum» kateqoriyasına aiddir və bununla da yuxarıda qeyd olunan normaya əsasən onun da mübahisəli yaşayış sahəsindən istifadə hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişiniı xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normamı mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Bu baxımdan məhkəmə mülkiyyətçinin hüquqlarının qorunması zəruriliyini mübahisəsiz olaraq qəbul etsə də, hesab edir ki, istifadə hüququ mövcud olan şəxslərin yaşadıqları mənzildən məhrum edilməsi yalnız müvafiq kompensasiya ödənildikdən sonra mümkündür, lakin şəxslərin yaşadıqları mənzilə köçürülmələri kompensasiya ödənilməklə istifadə hüququnun itirilməsi barədə iddia ərizəsinə baxılıb-baxılmamasından asılı edilə bilməz. Hüquq hal-hazırda mövcuddur və şəxslərin həmin hüquqdan istifadə etmələri qanuni və əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı azyaşlı uşağı 25.02.2012-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı azyaşlı uşağı 25.02.2012-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülsün. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar