Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3855/2020 26.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı fərdi evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi olaraq 2015ci ildən ər-arvad münasibətində olmuşdur. Birgə qeyri-rəsmi nikahlarından övladları yoxdur. Hal-hazırda münasibətləri pozulmuşdur. Birgə qeyri-rəsmi nikah dövründə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış massivində yaşamaqları üçün 4x4 kv.m ölçüdə sənədsiz fərdi ev almışlar. Həmin fərdi evin alınmasına 10.000 manat sərf edilmişdir. Əlavə təmirə isə o, 1.200 manat pul qoymuşdur. Fərdi evin alınması üçün 3.160 manat qeyri-rəsmi yaşadığı cavabdeh, 6.840 manatını isə o, ödəmişdir. Fərdi evi 2018-ci ilin oktyabr ayında almışlar və həmin dövrdən 2019-cu ilin avqust ayına qədər orada birgə yaşamışlar. 2019-cu ilin may ayında cavabdeh öz qızını və 3 nəvəsini yaşadıqları fərdi evə qonaq adı altında gətirmiş və orada yaşamağa başlamışlar. Bundan sonra cavabdehlə aralarında narazılıq yaranmış, o, cavabdehdən qızının və nəvələrinin fərdi evdən çıxarılmasını tələb etmişdir. Cavabdeh “zir-zibilini götür buradan rədd ol” deyərək onun orada yaşamağına imkan verməmişdir. Əsassız bəhanələr gətirərək onun oradan uzaqlaşmağına cəhdlər etmişdir. Cavabdeh əsassız olaraq ona bildirir ki, “evi qızım üçün almışam”. Cavabdeh və qızı Fəridə evin giriş qapısının açarını dəyişməklə onu evə buraxmırlar. Ona aid pal-paltarları isə dəfələrlə küçəyə atmışlar, 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən əşyaları təkrarən içəri yığılmışdır. Həmin fərdi evə dair heç bir hüquqmüəyyənedici sənədlər yoxdur. O, həmin evin alınmasına görə ona məxsus olan torpaq sahəsini sataraq həmin fərdi evi onlara satmış olan X3 ödəmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilən məzmunda izahat verdi. Həmçinin bildirdi ki, cavabdehin etiraz ərizəsində qeyd etdiyi nüanslar yalnışdır. Belə ki, cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, guya onu öz evində qonaq kimi saxlamışdır. Bu ağ yalandan başqa bir şey deyildir. O, cavabdehlə dini kəbin kəsdirərək birlikdə yaşamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx xxxxxxx 2019-cu il tarixli, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında Cavabdeh öz izahatında etiraf etmişdir ki, o, təxminən 2 ilə yaxındır ki, Biləcəri qəsəbəsi, 1 may küçəsində yerləşən 1 otaqlı fərdi yaşayış evində yaşayır. Bundan əlavə cavabdeh bildirmişdir ki, guya o, birgə yaşadıqları dövrdə cavabdehi təhdid və təhqir edərək onu incitmişdir. Bu da uydurmadır. Belə ki, birgə yaşadıqları dövrdə o, cavabdehin qayğısına qalmış, ona həyat yoldaşı kimi maddi və mənəvi kömək olmuşdur. O, Cavabdeh özünə bir həyat yoldaşı kimi qəbul etmiş və bunu öz dost-tanışlarına, doğmalarına bildirmişdir. Hətta Cavabdeh onu tanıyan yaxınları (Pərvanə, Hicran, Nigar, Rəsmiyyə və başqaları) ona göstərdiyi qayğıları çox müsbət qarşılamışlar. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, çox böyük çətinliklərlə uzun illər yığdığı və ev almağa maddi imkanı olmadığı üçün Sumqayıt şəhərində İddiaçı aldanaraq və güvənərək 2,5 sot onun adına torpaq sahəsi almışdır. Obyektlərdə gündəlik 20-25 manat müqabilində yemək bişirərək qazandığı pul ilə Sumqayıt şəhərində torpaq sahəsi almaq qərarına gəlmişdir, çünki ev almağa imkanım yox idi. Həmin vaxtlarda yalan danışaraq, evli olduğunu ondan gizlədərək, onunla dostluq münasibətində olmaq istədiyini ona dəfələrlə söyləmiş və Bakıda heç kiminin olmadığı üçün müvəqqəti onun evində yaşamağına icazə verməyini xahiş etmişdir. O da bir insanlıq və xeyirxahlıq edərək iddiaçını öz evində qonaq kimi saxlamışdır. Evdə yaşadığı müddətdə ilk vaxtlarda özünü səliqəli, içki içməyən biri kimi tanıtsa da, bir müddət sonra göstərdiyi etibardan sui-istifadə edərək içkili, sərxoş vəziyyətdə evə gələrək yüksək səs tonu ilə danışması nəvələrini, qızını təhqir etməsi halları tez-tez baş verdiyi zamanda ətrafda yaşayan qonşular tərəfindən narazılıqlarla qarşılandığını görüb artıq burada yaşaya bilməyəcəyini demişdir. Bununla razı olmayaraq, hər cəhddə onu incidərək, təhdit və təhqir edərək, təkbaşına bir qadını qorxudaraq evdən getmək istəmədiyini demişdir. Hətta telefonundan gizlincə qardaşlarının və digər yaxın qohumlarının nömrəsini götürərək onlara telefon vasitəsilə zəng edərək üstünə əsassız şər böhtan ataraq onlara: “Qaragöz mənimlə evlənib, o mənim yoldaşımdı, artıq sizdə bilin ki, mən onu boşayıram” tipli sözlər deyərək onu öz qohumlarının yanında alçaltmağa çalışmasını onun namusuna, şərəf və ləyaqətinə edilən təhqir kimi qiymətləndirilməsini xahiş edir. Qohumlara dedikləri şər böhtan ucbatından üstündən zaman keçməsinə baxmayaraq, onlardan utandığı üçün hələdə öz yaşadığı doğma yerlərə getməkdə çətinlik çəkir. Qonaq kimi qaldığı evdə öz ailəsi ola-ola və bunu ondan gizlətməsi azmış kimi, onun insani hissləri ilə oynayaraq yalan danışaraq qalması ilə yanaşı, evdə yaşamaq və evi mənimsəmək üçün məhkəməyə iddia ərizəsi verməsi dələduzluq kimi qiymətləndirilməsini xahiş edir. Sumqayıtda torpaq alarkən 4.500 manat pulu onu aldadaraq almış və hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Əlavə olaraq, “evə aid hər hansı sənəd yoxdur” deməsinin də əksi olaraq Biləcəri qəsəbəsi Yer Quruluşundan onun adına çıxarış, “X12” QSC-nin 44.TŞ-2019-042717/D nömrəli izahat, cizgiləri və evin ona məxsus olduğunu təsdiqləyən digər sənədlər mövcuddur. İddiasının digər bir hissəsinə qeyd etdiyi 1982-ci ildə qüvvəyə minmiş Mənzil Məcəlləsindən istinad etdiyinə qarşı isə, Azərbaycan Respublikası Prezidentinin Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənmə məsələləri haqqında Azərbaycan Respublikasının xx xxxx 2009-cu il, 845-İİİ Q saylı qanunu ilə ləğv edildiyini və iddiaçı ilə aralarında hər hansı kirayə və digər müqavilədə olmadığını bildirmək istəyir. İddianın digər bir hissəsində qeyd olunan evi onun pulu ilə aldığı iddiasına cavab olaraq isə bildirir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsi A ünvanında yerləşən bir otaqlı 36 kv.m evi zinət əşyalarını sataraq, banklardan kredit götürərək X2 aldığı evi, ondan pul götürərək aldığı iddiası əsassız və yalandır. İddiaçı hər dəfəsində ondan pul alaraq qaytaracağına söz vermiş, sonra müxtəlif bəhanələr gətirərək qaytarmaqdan boyun qaçırmışdır. Artıq evi mənimsəmək üçün və sənədlərdə öz adının keçməsi üçün, o, işdə olan zaman su sayğacı quraşdırmış və ev sahibi kimi öz adını qeyd etdirmişdir. Bunu bilən zaman sayğacın dəyişdirilməsi üçün aidiyyəti üzrə şikayət edib sayğacı dəyişdirmişdir. Öz rahatçılığı üçün 25 yaşlı, ailə münaqişələri nəzdində boşanmış 3 azyaşlı uşaqla evsiz qalmış qızını evdən çıxartmağını istəməsinin də özünü artıq evin bir sahibi görməsi, öz iddiasında əsassız bəhanələr kimi qeyd etməsi də xoşagəlməz və qəbul edilməzdir. İddia ərizəsində qeyd etdiyi 2019-cu ilin may ayından əvvəl qızı və nəvələri ilə yaşadığı evi daimi yaşayış yeri kimi qeyd etməsini əks etdirən hər hansısa bir sənəd nə Biləcəri Bələdiyyəsində, nə də müvəqqəti qeydiyyata alınmalı digər dövlət qurumlarına məxsus hər hansısa bir sənədin mövcud olmadığı kimi bunu iddiaçının ərizəsinə əlavə etməsi yalan məlumat vermə və qanun pozuntusu kimi qiymətləndirilməsini xahiş edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində bildirdi ki, o, tərəflərin hər ikisini tanıyır. Mübahisəli evin alınmasında əsas səbəbkar o, olmuşdur. Evi satan Mirzəyeva Nadalya adlı şəxsdir. O da Mirzəyeva Nadalya ilə birlikdə işləmişdir. Evin sənədi olmamışdır. O, iddiaçını cavabdehin vasitəsilə tanımışdır. Cavabdeh onun zəvvar yoldaşı olmuşdur. Tərəfləri 3 il olar ki, tanıyır. Onlar birlikdə yaşayırdılar. Mübahisəli ev 2018-ci il tarixdə alınmışdır. Belə ki, tərəflər birgə yaşamaq üçün ev axtarırdılar. Evin alınması üçün ilkin olaraq beh kimi 1.000 manat pulu o, öz vəsaiti hesabına tərəflərə borc kimi vermişdir. Ev 10.000 manata satılırdı. Razılığa əsasən ilkin ödəniş kimi 5.000 manat verilməli, qalan borcu isə hissə-hissə olaraq aylıq ödənişlər vasitəsilə Mirzəyeva Nadalyaya verilməli idi. O, daha sonra beh kimi verdiyi puldan əlavə 600 ABŞ dolları məbləğində evin alınması üçün də borc vermişdir. Sonradan borcunu ona 1.000 manat behi İddiaçı şəxsən özü qaytarmışdır, qalan 600 ABŞ dolları məbləğində pulu isə İddiaçı qonşusunun bacısı vasitəsilə qaytarmışdır. Ev təmirsiz olmuşdur. Evi İddiaçı və o, təmir etmişdir. Orada usta kimi işləmişdir. Evin təmiri üçün lazım olunan tikinti materiallarını İddiaçı almışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Hicran ona 600 ABŞ dolları pulu qaytaran zaman demişdir ki, həmin pulu İddiaçı ona vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirdi ki, o, tərəfləri tanıyır. Vəliyev Ehtibar onun iş yoldaşı olmuşdur. Mübahisəli ev özbaşına tikintidir və əvvəl onun olmuşdur. Evin satılmasına köməklik etməsi üçün Vəliyev Ehtibara müraciət etmişdir. Vəliyev Ehtibar cavabdehi onun yanına gətirmişdir ki, evi alan şəxs onun zəvvar bacısıdır. Evi onun üçün alırlar. Tərəflər 1 il qeyd olunan mübahisəli evdə birlikdə yaşamışlar. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2.400 manat məbləğində pulu ona Vəliyev Ehtibar vermişdir. Ehtibar bildirmişdir ki, həmin pulu ona İddiaçı vermişdir və həmin pulu bankdan kredit kimi götürmüşdür. Sumqayıt şəhərində yerləşən İddiaçı adına olan torpaq sahəsini 6.000 manata ona vemişlər ki, satdığı evə görə 4.000 manat qalıq borc ödənilsin, qalan 2.000 manat məbləği tərəflərə geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirdi ki, Cavabdeh ona məxsus kafedə aşbaz işləmişdir. O, ona hər gün əmək haqqı kimi 25 manat məbləğində pul vermişdir. Cavabdeh ev almaq istəyini ona bildirmiş və ondan borc pul istəmişdir. O, Cavabdeh ev alması üçün köməklik məqsədilə 1.000 manat məbləğində borc pul vermişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 1.000 manat pulu Cavabdeh verdiyi tarixi dəqiq xatırlamır. O, mübahisəli evin alınmasında iştirak etməmişdir. Mübahisəli evin hansı qiymətə alınmasına dair məlumatı yoxdur. Tərəflər 1 il olar ki, mübahisəli evdə birgə yaşayırdılar. İş materiallarında olan: xx xxxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, mülk sahibi X1 şəhəri, “Yaşıl Dərə” yeni yaşayış masivvi, 2-ci məhəllə, 2,5 sot torpaq sahəsini 4.800 manata İddiaçı satmışdır. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 8-də qeydiyyatdadır. Sumqayıt şəhəri Mənzil kommunal Təsərrüfat Birliyinin 22 saylı MKİS-i tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Smqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, 6a saylı yataqxanada qeydiyyatdadır. 113 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx xxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Binəqədi ryaonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində qeydiyyatsız yaşayır. Bakı şəhəri binəqədi rayonu Polis İdarəsinin 6-cı Polis Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, Cavabdeh ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən qərarda araşdırma zamanı Abbasova Qaragöz İbi qızı izahatında göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, Mehman adlı şəxs ilə kəbinlə birlikdə yaşayır və təxminən 1 ilə yaxındır ki, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən bir otaqlı fərdi yaşayış evində yaşayır. xx xxxxxxx 2019-cu il tarixdə, səhər saatlarında şəxsi işi ilə bağlı Masallı rayonuna getmiş, həmin gün saat təxminən 22:00 radələrində yaşadığı evə qayıdan zaman aşkar etmişdir ki, taxtadan olan evin pəncərəsi açıq vəziyyətdədir, evə baxış keçirəndə məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər tərəfindən 210 manat pul oğurlanıbdır, şübhələndiyi şəxs isə Mehman adlı şəxsdir. Qeyd edilən qərarda araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, 2015-ci il tarixindən Cavabdeh tanıyır və həmin vaxtdan kəbin kəsdirərək onunla birlikdə yaşayır. Təxminən 1 il bundan əvvəl Biləcəri qəsəbəsi 1 May küçəsində yerləşən bir otaqlı fərdi yaşayış evini 10.000 manata alınmış, həmin pulun 8.000 manatını o, qoymuş həmçinin evin təmirinə 1.000 manat pul xərcləmişdir. 2019-cu ilin may ayından Qaragöz Abbasova qızlarını həmin evə gətirdiyi üçün aralarında münaqişələr baş verməyə başlamış, təxminən 4 gündür ki, həmin evdə qalmır və ümumiyyətlə həmin mənzilə getmir. xx xxxxxxx 2019-cu il tarixdə Sumqayıt şəhərində hərbi hissədə qaldığı evdə olmuş, baş vermiş oğurluq hadisəsindən məlumatı yoxdur. xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər faktiki nikah münasibətlərində olmaqla 3 ilə yaxın birlikdə yaşamışlar. Tərəflər 2018-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış massivi ünvanında yerləşən sənədsiz fərdi yaşayış evini X2 almış və həmin evdə 1 il yaşamışlar. Daha sonra cavabdehin qızı uşaqları ilə birlikdə həmin evə köçmüş və bundan sonra tərəflər arasında mübahisələr yaranmağa başlamışdır. Şahid ifadələri ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən də həmin evin alınması üçün vəsait xərclənmiş, hətta evin dəyərinin bir hissəsinə görə ona məxsus torpaq sahəsi X3 verilmişdir. Hazırda iddiaçı mübahisəli evin alınmasına onun tərəfindən də vəsait xərcləndiyini əsas gətirərək ora köçürülməyini, cavabdeh isə buna etiraz edərək iddiaçı tərəfindən evin alınmasına vəsait xərclənmədiyini bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-ci maddəsinin tələbinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığı təqdirdə hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “R.Ağalarovun” şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxxx 2007-ci il tarixli qərarında Plenum yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın olmamasına görə iddianın rədd olunması və konkert mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Məhkəmə, qanunvericilikdə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tədbiq edilən maddi hüquq normalarının olmadığını nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki mübahisəyə aşağıda qeyd olunan maddi hüquq normaları analogiya üzrə tədbiq edilməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınma barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqularına malik olmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və həmin evin əldə edilməsi üçün cavabdehlə birlikdə iddiaçı tərəfindən də vəsait xərclənmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçınının da cavabdeh kimi həmin evdə yaşamaq hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3855/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3855/2020
26.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver