Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3868/2025 28.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mülki iş üzrə (Açar sözlər: istifadə hüququnun itirilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 1 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilən mənzil xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə onun qardaşı Cavabdeh1 və onun ailəsidir. Qardaşı ilə digər Cavabdeh2 2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan Nəzakət və Rahib adlı övladları doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında olan nikah pozulmuşdur. Nikah pozulmamışdan daha öncə, təxminən 2021-ci ildən onlar ayrılmış və Cavabdeh2 övladları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Edvar İmanov küçəsi, ev 21, mənzil 28-də yaşayırlar. Bundan başqa Cavabdeh1 da başqa mənzilə köçmüşdür. Göründüyü kimi cavabdehlər faktiki olaraq başqa mənzildə yaşasalar da formal olaraq iddiaçının mənzilində qeydiyyatdadırlar. Cavabdehlərin iddiaçının mülkiyyətində formal qeydiyyatda qalmaları onun əmlakından sərbəst istifadə etməsini məhdudlaşdırır. Həmçinin onların qeydiyyatda qalması nəticəsində iddiaçı əlavə olaraq kommunal, bələdiyyə rüsumlarına və digər ödənişlərə cəlb edilir. Qeyd edilənlərə əsasən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini, həmin mənzildə yaşamadığından istifadə hüququna xitam verilməsinə etiraz etmədiyini bildirdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədiyini qeyd edərək bildirdi ki, faktiki olaraq 2021-ci ildə həmin evdən çıxsa da, 2004-cü ildən həmin evdə yaşayıb. Hazırda uşaqları ilə birlikdə Sumqayıt şəhərində kirayədə yaşayır. Qeydiyyata düşə biləcəyi hər hansı mənzil olmadığından iddia tələbinin təmin edilməməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etmədiyini, mübahisəli evdə böyüdüyünü, lakin hazırda anası ilə başqa evdə yaşadığını, qeydiyyatdan çıxarılacağı halda başqa bir mənzilə qeydiyyata düşə bilməyəcəyini qeyd edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etmədiyini, həmin evdə doğulub, böyüdüyünü, lakin 5 ilə yaxın həmin mənzildən çıxaraq anası ilə birlikdə Sumqayıt şəhərində kirayədə yaşadığını, arada vaxt olanda həmin məmzilə getdiyini bildiridi. Həmçinin qeydiyyatdan çıxarılacağı halda başqa bir mənzilə qeydiyyata düşə bilməyəcini qeyd edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işin materialları:
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışına və Texniki Pasporta əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 10, ünvanında yerləşən sahəsi 103.63 kv.m olan 68 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydə alınmışdır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2677/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə Cavabdeh2 arasında olan nikah pozulmuşdur.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8476/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın verilməsi tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, 10 saylı evin 68 saylı mənzilinə mülkiyyət hüququnun iddiaçının mərhum anası X4 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-300/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5559/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia iddia təmin edilmiş və Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti vermişdir. Verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5559/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
12. Notarial qaydada verilmiş ərizələrdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzilin X3 adına rəsmiləşdirilməsinə etiraz etməmişlər.
13. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatdadır.
Tətbiq edilən hüquq;
14. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasinin Mülki Məcəlləsi
16. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
19. Maddə 178.1.3 Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan)
20. 54-cü maddəsinə əsasən İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:
21. 2-ci maddəsinə əsasən Yaşayış yeri və olduğu yer anlayışları şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
22. 5-ci maddəsinə əsasən Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
23. 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
24. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
30. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
Məhkəmənin mövqeyi:
31. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ünvan 3 saylı mənzil İddiaçı adına rəsmiləşdirilmişdir.
32. Məhkəmə hesab edir ki, hazırda mənzil iddiaçının mülkiyyətindədir. Mənzil onun mülkiyyətinə keçdikdən sonra isə cavabdehlər iddiaçı ilə birgə yaşayıb, birgə təsərrüfat aparmamışlar.
33. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 iddia tələbini qəbul edir və mənzildən istifadə hüquqlarının itirilməsinə etiraz etmir. Digər cavabdehlər isə Cavabdeh1 keçmiş ailə üzvləridir (keçmiş həyat yoldaşı və övladları).
34. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8476/2022 saylı, xx.xx.2022-ci il qərarından görünür ki, iş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 242 saylı 29 dekabr 2011-ci il tarixli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə, 10 saylı binanın 5 otaqlı yaşayış sahəsi 67.03 kv.m olan 68-ci mənzili mərhum B.M.Kərimovun arvadı X3 ailə tərkibi 7 nəfərlə (özü, 2 oğlu, qızı, kürəkəni və 2 nəvəsi) daimi istifadəsinə verilmişdir. Ailə tərkibi: X7 – özü, 1957; X6 – qızı, 1978; Cavabdeh1 – oğlu, 1979; İddiaçı – oğlu, 1984; X16 – kürəkəni, 1970; X13 – nəvəsi, 1998; X9 – nəvəsi, 1999. Həmin sərəncamda qeyd olunur: 4 saylı ETK-nin rəhbərliyi və HİK-i tərəfindən 58/10 saylı 01 aprel 1994-cü il tarixli orderlə Biləcəri qəsəbəsi, 10 saylı binada yerləşən ailəvi yataqxananın 5 otaqlı yaşayış sahəsi 67.03 kv.m olan 68-ci mənzili həmin ETK-nin əməkdaşı X1 ayrılmışdır. Lakin xx.xx.2004-cü ildə X5 vəfat etmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 254 saylı xx.xx.1998-ci il tarixli sərəncamına əsasən Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin ailəvi yataqxanaları yerləşdikləri ərazi üzrə rayon MKTBnin balansına verilmişdir. Belə yataqxanalardan biri də BT i ŞİD-nin tabeliyində olan 7-ci mkr., Xarici Dairəvi küçəsi, 4 saylı binada yerləşən və Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə, 10 saylı və 7 saylı binalarda yerləşən ailəvi yataqxanalardır.
35. Qeyd edilən məhkəmə qərarından eləcə də müəyyən olunur ki, X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat kontoruna X6, İddiaçı və Cavabdeh1 tərəfindən müraciət olmuşdur. xx.xx.2020-ci il tarixdə X3 vəfatı ilə əlaqədar açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi müəyyən olunmuşdur və vərəsələr qızı - X6, oğlu - İddiaçı və oğlu - Cavabdeh1dur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq ünvan 4 ünvanında yerləşən mənzilə dair mərhum X3 adına veriləcək hüquqmüəyyənedici sənədin oğlu İddiaçı verilməsi xahiş olunur. Həmçinin notarial qaydada təsdiq edilmiş ərizələrə əsasən X8, X10, X16, İddiaçı, X6, Cavabdeh1, Cavabdeh2, X13 qeydiyyatda olduqları Bakı şəhəri, Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə, 10 saylı evin 68 saylı mənzilinin X3 adına özəlləşməsinə etiraz etməmişlər.
36. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək təmin olunması və onun mübahisəli mənzilə isifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Ona görə də məhkəmə hesb edir ki, iddia tələbi ona münasibətdə təmin edilməlidir.
37. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2005-ci il tarixdə Cavabdeh1 nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, mübahisəli mənzilə köçərək orada ysaşamış, digər cavabdehlər, Cavabdeh4 xx.xx.2002-ci il tarixdə, Cavabdeh3 xx.xx.2005-ci il tarixdə doğulmaqla həmin evdə yaşamışlar. Yəni həmin şəxslər əvvəlki Mənzil Məcəlləsinin qüvvədə olduğu vaxt qeyd edilən mənzilə köçmüş və orada yaşamışlar. Belə ki, 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən: İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
38. Bundan müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Lakin Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, nikahları 2023-cü ildə pozulsa da münasibətləri pisıləşdiyindən 2021-ci ildən övladları ilə birlikdə həmin mənzildən çıxaraq kirayədə yaşamağa məcbur olmuşlar. Uşaqları bəzən mübahisəli mənzilə gedib-gəlmişlər.
39. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinin 2-ci hissəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir.
40. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, cavabdehlər 2021-ci ildə mübahisəli mənzildən çıxıb gedərkən qeyd edilən mənzil X3 adına olmuş, lakin özəlləşdirilməmişdi.
41. Eləcə də müəyyən olunmuşdur ki, cavabdehlər 2021-ci ildən mübahisəli mənzildən çıxıb getmələrinə baxmayaraq indiyədək ora köçməyə cəhd etməmiş, orada yaşamaq barədə iradə ifadələrini bildirməmiş, buna dair iddia qaldırmamışlar.
42. Bundan başqa müəyyən olunmuşdur ki, cavabdehlər 2021-ci ildən mübahisəli mənzildən çıxıb çıxıb getmiş, bundan sonra həmin mənzil xx.xx.2023-cü il tarixdə vərəsəlik qaydasında İddiaçı adına rəsmiləşdirilmişdir.
43. Məhkəmə iclasında cavabdehlər iddianı qəbul etməmələrini onunla əsaslandırmışlar ki, onların qeydiyyata düşməyə başqa hər hansı bir ünvanı yoxdur.
44. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdehlər formal olaraq iddiaçının mənzilində qeydiyyatdadırlar. Cavabdehlərin iddiaçının mülkiyyətində formal qeydiyyatda qalmaları onun əmlakından sərbəst istifadə etməsini məhdudlaşdırır.
45. Eyni zamanda qeyd edilməlidir ki, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsi) Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.
46. Məhkəmə cavabdehlərin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehlərin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması, ora köçməyə belə cəhd etməməsi Cavabdeh1 və Cavabdeh2 faktiki olaraq 2021-ci ildə ayrıldıqlarından, həmin mənzildən digər cavabdehlərlə birgə çıxması və başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Odur ki, cavabdehlərin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.
47. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.
48. “Akimovanın Azərbaycana qarşı” işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.
49. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.
50. Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər.
51. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.
52. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur.
53. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə hər hansı bir hüququ mövcud olmadığından və bu hal iddiaçının mənzilə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan iddia tələbi əsaslıdır. Belə ki, cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmağı iddaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur, mülkiyyətçi kimi iddiaçının hüquqlarına ziddir. Ona görə də cavabdehlərin istifadə hüquqlarına xitam verilməlidir.
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.
55. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüququnun və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
56. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür.
57. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun qaydada qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 27-28).
58. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
59. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
60. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməlidir.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir.
62. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 10, 68 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova