Məhkəmə qərarları › İş №2(001)-3879/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3879/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3879/2023 03.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Kristal Abşeron MTK-nın Cavabdeh qarşı müqavilənin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Kristal Abşeron MTK-nın Cavabdeh qızına qarşı müqavilənin ləğv edilməsinə və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Kristal Abşeron MTK ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə ********* saylı payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Binəqədi rayonu S.S.Axundov küçəsi 3A, 1-ci binanın sahəsi 167,3 kv.m. olan, 4 otaqlı 258\259 saylı mənzili satılmışdır. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən bank Cavabdeh 240763 manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan mənzilə kredit ayrılsa da cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair cavabdehin adına mülkiyyət hüququnu təsdiq edən cıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kedit müqavilənin 7.3-cü bəndinə əsasən Cavabdeh aldığı kredit vəsaitini 223 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 14 tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 17640 manat manat təşkil edir və bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Kristal Abşeron MTK ilə Azərbaycan Beynəlxalq Bank ASC arasında bağlanan birgə fəaliyyət haqqında sazişə əsasən, həmin öhdəliyə uğun olaraq MTK-nın daşınmaz əmlakları və əmanəti girovundadır. Bundan başqa bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği də həmin bankın depozit hesabında saxlanılmaqala girovdadır. ABB ASC ilə Kristal Abşeron MTK arasında bağlanmış müqaviləyə əsasən borc alan bank qraşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği MTK-nın ABB ASC-də yerləşdirilmiş əmanətinə yönəldilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş lakin, yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülkü Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit zaminlik müqavilələri əsassında 240753 manat kredit göturmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış payçı təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminantlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcədə təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTK-dan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1-ci bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7,8.1 eləcə də kredit müqaviləsinin 7.3,13.2, 13.9-cu bəndlərinin şərtlərini kobud şəkildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən Kristal Abşeron MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Binəqədi rayanu S.S.Axundov küçəsi 3A, 1-ci binanın sahəsi 167,3 kv.m. olan, 4 otaqlı 258\259 saylı mənzilinin boşaldılmasını tələb edir. Borc alan isə qeyd-şərtsiz həmin sahəni boşaldır. Kristal Abşeron MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Binəqədi rayonu S.S.Axundov küçəsi 3A, 1-ci binanın sahəsi 167,3 kv.m. olan, 4 otaqlı 258\259 saylı mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. Kristal Abşeron MTK Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh ödəmək qabiliyyətinin olmadığını bildirmişdir. ABB tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş gömdərilmiş, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verməkdən imtina etmiş, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh Binəqədi rayonu S.S.Axundov küçəsi 3A, 1-ci binanın sahəsi 167,3 kv.m. olan, 4 otaqlı 258\259 saylı mənzilində yaşayır, ona görə də mənzil boşaldılmalıdır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Ona görə də Kristal Abşeron MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı xx.xx.2018-ci il tarixli payçı müqaviləsinin ləğv edilməsinə, Cavabdeh oğlnun Binəqədi rayonu S.S.Axundov küçəsi 3A, 1-ci binanın sahəsi 167,3 kv.m. olan, 4 otaqlı 258\259 saylı mənzilindən çıxarılmasına və mənzilin boşaldılaraq Kristal Abşeron MTK-ya qaytarılmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı Kristal Abşeron MTK-nın nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Kristal Abşeron MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ********* saylı payçı müqaviləsinin 1.1-ci bəndindən müəyyən olunur ki, MTK Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 3A, 1-ci binanın sahəsi 167,3 kv.m. olan, 4 otaqlı 258\259 saylı mənzilini tikib Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndindən müəyyən olunur ki, payçı bu müqaviləyə əsasən pay qismində çıxış edən Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 3A, 1-ci binanın sahəsi 167,3 kv.m. olan, 4 otaqlı 258\259 saylı mənzilini qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini və həmçinin Kristal Abşeron yaşayış kompleksində xidmət göstəriləcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-2.3-cü bəndlərindən müəyyən olunur ki, mənzilin hesablaşma sahəsi 167,3 m2, müqavilənin ümumi dəyəri 272 699 manat, müqavilə üzrə ilkin ödəniş 31936 manat təşkil edir. Müqavilənin 2.4-cü bəndindən müəyyən olunur ki, payçı müqavilə qiymətinin qalan 240763 manatını payçı, MTK və Azərbaycan Beynəlxalq Bankı ASC arasında bağlanacaq olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1.3-cü bəndindən müəyyən olunur ki, mənzil MTK tərəfindən təmir olunmuşdur. Müqavilənin 8.1-ci bəndindən müəyyən olunur ki, cədvəl üzrə ödənişlərin iki aydan artıq müddətə gecikdirildiyi halda MTK müqaviləni birtərəfli qaydada ləğv etmək və mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda MTK həmin mənzili digər şəxsə satdıqdan sonra mənzilin qalıq borcu bağlanır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıya qaytarılır. Müqavilənin 8.4-cü bəndindən müəyyən olunur ki, mənzilə mülkiyyət hüququna dair DƏDR-dən çıxarış alınması üçün MTK tərəfindən qanunla məcburi olan sənədlə (müqavilə qiymətinin tam ödənişi halında) payçıya müvafiq qeydiyyat əsasında təqdim edilir. Müqavilənin 8.17-ci bəndindən müəyyən olunur ki, Cavabdeh müqavilənin mətni ilə tanışolduqdan sonra müqaviləni imzalamışdır. Borc verən Azərbaycan Beynəlxalq Bank ASC ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 95-xx-xx-2018-AF-BQ nömrəli təminatlı kredit müqaviləsindən müəyyən olunur ki, borc verən borc alana, borc alanla Kristal Abşeron MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli ********* saylı payçı müqaviləsinin predmeti olan mənzilin alınması üçün 240763 manat krediti, 224 ay müddətinə qaytarmaq (xx.xx.2036-cı il tarixədək), illik 10% ödəmək şərti ilə verməyi, borc alan krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4-cü bəndindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat üsulu ipoteka və 95-xx-xx-2018-AF-BQ nömrəli xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsidir. Kredit müqaviləsinin 5-ci bəndindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2018-ci il tarixli ********* saylı Kristal Abşeron MTK ilə Cavabdeh arasında bağlanmış müqavilənin predmeti olan Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 3A, 1-ci binanın, 3 blokunun sahəsi 167,3 kv.m. olan, 4 otaqlı 258\259 saylı mənzili üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh arasında tərtib olunmuş ödəniş cəvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2036-cı il tarixədək əsas borca görə 240763 manat faiz borcuna görə 291595,38 manat olmaqla cəmi 532358,38 manat borcu banka ödəməyi öhdəsinə götürmüşdür. Borc verən Azərbaycan Beynəlxalq Bank ASC, borc alan Cavabdeh və zamin Kristal Abşeron MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli 95-xx-xx-2018-AF-BQ saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zaminlik müqaviləsinin mahiyyəti kreditor ilə borclu arasında Bakı şəhərində bağlanmış xx.xx.2018-ci il tarixli 95-xx-xx-2018-AF-BQ saylı kredit müqaviləsinə əsasən verilən kreditin, kredit üzrə hesablanmış faizlərin və kredit üzrə hesablanmış cərimə faizlərinin alınmasından ibarətdir. Təmin edilmiş öhdəliyin ölçüsü 240763 manat, hesablanacaq faiz, cərimə faizləri, məhkəmə xərclərindən ibarətdir. Zaminlikə təmin edilmiş öhdəlik borclu tərəfindən vaxtında icra edilmədikdə və ya lazımınca icra edilmədikdə kreditorun tələbi ilə həmin öhdəlik zamin tərəfindən 3 gün müddətində icra edilməlidir. Zaminliklə təmin edilmiş öhdəliyi ifadə edən pul məbləğini borclunun və ya zaminin Azərbaycan Beynəlxalq Bankı ASC-də mövcud olanhesabından akseptsiz silmək hüququna malikdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Səbail Filialının xx.xx.2023-cü il tarixli, 1352 saylı arayışından müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankı ASC Daxili ipoteka krediti seqmenti üzrə Səbail filialının müştərisi olan fiziki şəxs Cavabdeh xx.xx.2018-ci il tarixli 95-xx-xx-2018-AF-BQ nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2036-cı il tarixədək illik 10%-lə 240763 manat məbləğində kredit verilmiş, hazırda Azərbaycan Beynəlxalq Bankı ASC Daxili ipoteka krediti seqmenti üzrə Səbail filialı qarşısında Cavabdeh xx.xx.2018-ci il tarixli 95-xx-xx-2018-AF-BQ nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 221127,08 manat, faiz borcu üzrə 14400,66 manat, cari gecikmə borcu 14697,88 manat təşkil edir. Kristal Abşeron MTK-nın xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Kristal Abşeron MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ********* saylı payçı müqaviləsinə əsasən Cavabdeh MTK-ya ilkin olaraq 31936 manat ödəmiş, Azərbaycan Beynəlxalq Bank ASC-nin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 95-xx-xx-2018-AF-BQ nömrəli təminatlı kredit müqaviləsinə əsasən Cavabdeh 240763 manat kredit verilmişdir. Payçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər Azərbaycan Beynəlxalq Bank ASC-nin ödəniş cəvəli üzrə 117841 manat ödəmiş, bu məbləğin 19635,92 manat əsas məbləğ, 98205,08 manat isə kreditin faiz məbləği olaraq hesablanmışdır. Hazırda payçının 221127,08 manat borcu vardır. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kristal Abşeron QSC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli 95-xx-xx-2018-AF-BQ nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh verilmiş kreditin təminatı olaraq ABB ASC ilə Kristal Abşeron QSC arasında bağlanmış zaminlik müqaviləsini əsas tutaraq borcalanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği Kristal Abşeron QSC-nin ABB ASC-də yerləşdirilmiş əmanətinə yönəldilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Kristal Abşeron MTKarasında bağlanmış xx.xx.2021-ci il tarixli birgə fəaliyyət haqqında sazişdən müəyyən olunur ki, bu sazişin predmeti MTK tərəfindən inşa olunan mənzillərin satış həcminin artırılması məqsədi ilə bank tərəfindən maliyələşdirilməsinin təmin edilməsi ilə bağlı bankla MTK-nın qarşılıqlı əməkdaşlıq edilməsinə dair şərtlər təşkil edir. Kristal Abşeron MTK-nın Azadlıq filialı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023cü il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə qədər kredit cədvəli üzrə aylıq 17723,83 manatın dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəniş edilmədiyi, bu halın müqavilə şərtlərini kobud şəkildə pozulası halı olduğundan, ödəniş aparılmadığı halda bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması, MTK-ya qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli ********* saylı payçı müqaviləsinə və ABB ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli 95-xx-xx-2018-AF-BQ təminatlı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında, lazımi qaydada icra etməmiş, bank yaranmış borcu xx.xx.2018-ci il tarixli 95-xx-xx-2018-AF-BQ saylı zaminlik müqaviləsinə əsasən iddiaçının hesabından silmişdir. Araşdırma zamanı daha sonra müəyyən olmuşdur ki, tərəflər arasında bağlanan xx.xx.2018-ci il tarixli ********* saylı payçı müqaviləsinin 8.1-ci bəndinə əsasən, Kristal Abşeron MTK müqaviləni bir tərəfli olaraq ləğv etmək hüququndan istifadə edərək tərəflər arasında bağlanan xx.xx.2018-ci il tarixli ********* saylı payçı müqaviləsini ləğv etdiyini cavabdehə bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddiaçı müqavilənin ləğv edilməsi barədə təklifini cavabdehə göndərməklə birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada xx.xx.2018-ci il tarixli ********* saylı payçı müqaviləsinin ləğvi baş verdiyindən, iddia tələbləri əsaslıdır, ona görə də tam həcmdə təmin edilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Kristal Abşeron MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ********* saylı payçı müqaviləsi ləğv edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 3A, 1-ci binanın sahəsi 167,3 kv.m. olan, 4 otaqlı 258\259 saylı mənzilindən çıxarılmaqla mənzil boşaldılaraq Kristal Abşeron MTK-ya təhvil verilsin. Cavabdeh dövlət rüsumuna görə 100 manat Kristal Abşeron MTK-nın xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar