Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3891/2023 04.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X9 Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, onun nümayəndələri və vəkili Vəkil və Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (müstəqil tələblər irəli sürməyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “işə bərpa və s.” tələbinə dair mülki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (müstəqil tələblər irəli sürməyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barəsində verilmiş 3-17-4/3-2-864/2023 saylı əmrin ləğv olunması, iddiaçının yenidən işə bərpa olunması və məcburi işburaxma günləri ödənilməmiş əməkhaqqının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2004-cü il tarixdə 87 nömrəli əmrlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində tibb bacısı vəzifəsində fəaliyyətə başlamışdır. İşlədiyi dövr ərzində hər zaman vəzifə öhdəliklərini ləyaqətlə yerinə yetirərək müəssisənin maraqlarına xidmət etməyə çalışmışdır. Müəssisədə işlədiyi 19 ildən artıq müddətdə öz vəzifə öhdəliyini layiqincə yerinə yetirdiyinə görə bir neçə dəfə vəzifəsi yüksəlmiş, işdən azad olunarkən böyük tibb bacısı vəzifəsində çalışmışdır. Lakin, xx.xx.2023-cü il tarixdə qanunsuz və əsassız olaraq verilən 3-17-4/3-2-864/2023 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İşdən azad olunmamışdan öncə isə ona hər hansı vəzifə öhdəliyini pozması ilə bağlı heç bir xəbərdarlıq edilməmiş, işdən azad olunmasını isə barəsində qəbul edilən əmrdən sonra öyrənmişdir. İddiaçı hesab edir ki, əmr tam əsassız və qərzli olaraq qəbul edilmişdir. Belə ki, həmin maddənin müvafiq bəndinin tələblərinə əsasən, əgər o, yerinə yetirdiyi fəaliyyətlə əlaqədar olaraq, tərəfindən hər hansı vəzifə öhdəliyi pozulmuşdursa, bununla bağlı işlədiyi orqan tərəfindən ilkin olaraq ona xəbərdarlıq edilməli idi. Lakin bununla bağlı ona heç bir xəbərdarlıq edilməmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı hüquqları pozulduğundan müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə1 iddiaçının izahatına uyğun olaraq izahat verdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun olaraq izahat verdi. Bundan əlavə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı verilmiş 3-17- 4/3-2-864/2023 nömrəli əmrin ləğv olunmasını, yenidən işə bərpa olunmağını və məcburi işburaxma günləri üçün işəgötürən tərəfindən ödənilməmiş əməkhaqqının ödənilməsi barədə iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət ediblər və hazırda iş icraatdadır. Cavabdehin nümayəndəsi Nərgiz Süleymanova iddia ərizəsinə etiraz olaraq ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd edilən etiraz aşağıdakı səbəblərə görə əsassızdır və qanunsuzdur. Etirazda iddia müddəti ilə bağlı məsələyə toxunan cavabdeh onun ötürülməsini qeyd etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, işdən çıxarılma ilə bağlı əmr xx.xx.2023-cü il tarixdə verilmiş və iddiaçı Nizami Rayon Məhkəməsinə müraciət etsə də xx.xx.2023-cü il tarixdə həmin məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmiş, iddiaçı Binəqədi Rayon Məhkəməsinə 1 aylıq iddia müddətini ötürməklə müraciət etmişdir və cavabdeh həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi barədə xx.xx.2023-cü il tarixdə təklif göndərildiyini bildirmişdir. Bununla bağlı qeyd edir ki, xx.xx.2023-cü il tarixdə işdən çıxarılma barədə əmr verilmiş və xx.xx.20227-ci il tarixdə mediasiya təklifi ilə cavabdehə müraciət etmişlər. Beləliklə həmin tarixdə iddia müddətinin axımı dayandırılmışdır. Çünki Mülki Məcəllənin 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Mediasiya prosesi isə Mediasiya haqqında qanunun 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Qeyd edilən maddi hüquq normalarının mahiyyətindən aydın olur ki, xx.xx.2023-cü ildə mediasiya prosessinin tətbiqi barədə təklif göndərdiyimiz andan iddia müddətinin axımı dayandırılmış və cəmi 12 gün iddia müddəti (cavabdehin əmr verilən gün tərəfə təqdim edildiyi barədə sübutsuz mülahizəsini doğru qəbul etsək) keçmişdir. Bundan sonra cavabdehin mediatorun çağırışlarına gəlməməsinə görə ilki mediasiya sessiyası xx.xx.2023-cü il tarixdə baş tutmuş və həmin tarixdə arayış təqdim edilmişdir və həmin tarixdə mediasiya prosessinə xitam verilmiş və iddia müddətinin axımı başlamışdır. Çünki Mediasiya haqqında qanunun 2.1.9-cu maddəsinə əsasən bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış (iş materiallarına əlavə edilmiş arayış) tərtib olunduqda mediasiya prosessinə xitam verilir. Lakin iddia müddətinin axımı başlamağa başlayacağı gün yəni xx.xx.2023ci il tarixdə (bununla bağlı poçt qəbzini iş materiallarına əlavə edirəm) Nizami Rayon Məhkəməsinə müraciət edilmiş və iddia müddətinin axımı yenidən dayandırılmışdır. Lakin xx.xx.2023-cü il tarixdə iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilmiş və həmin qərardad xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir (qərardad elan olunduğu gün tərəflərə təqdim edildiyi halda, halbuki gec təqdim edilmişdir). Deməli iddia müddətinin axımı yenidən xx.xx.2023-cü il tarixdən başlamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə iddia ərizəsi Binəqədi Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. İddia müddətinin axımı mediasiya təklifindən əvvəl 12 gün getmiş və Nizami Rayon Məhkəməsinin qərardadından sonra isə 13 gün getmişdir. Sadə riyazi hesablama ilə müəyyən etmək olar ki, iddia müddətinin axımı cəmi 25 gün olmuş və ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, Agentlikdə aparılmış yoxlamalar zamanı müəyyən edilmişdir ki, 14 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının tibb bacısı vəzifəsində çalışan İddiaçı tərəfindən vəzifə səlahiyyətlərini aşaraq özgəsinə məxsus elektron imza kartı ilə əməliyyatlar aparmış, səlahiyyəti olmadığı halda vətəndaşlara əlillik təyinatının aparılmasında iştirak etdiyi məlum olmuşdur. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə İddiaçı Nazirliyin Daxili nəzarət və audit şöbəsinə dəvət olunaraq yazılı izahatı alınmışdır. Qeyd edilənlərə və iddiaçının iddia müddətini ötürməsini nəzərə alaraq, tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürən üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Müstəqil tələblər irəli sürməyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X5 məhkəmədə iştirak edən zaman bldirmişdir ki, iddiaçının idarəyə müraciət etməyi barədə heç bir məlumatı yoxdur. Cavabdeh tərəf iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “c” bəndi ilə işdən azad edilməsi barədə mülki işdə heç bir sənəd olmadığı üçün, bu bardədə heç bir fikir söyləməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələb əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı verilmiş cavab məktubundan görünür ki, İddiaçı müraciətinə aidiyyəti üzrə baxılmış və qeyd edilmişdir ki, AR Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 4.2-ci bəndinə əsasən Agentliyin idarəetmə orqanı İdarə Heyətidir və həmin Nizamnamənin 4.11.9-cu yarımbəndinə uyğun olaraq bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarı Nazirliklə razılaşdırmaqla İdarə Heyətinin sədri verir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verilmiş kobud səhvlərə görə agentlik tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-4/3-2-864/2023 nömrəli əmri ilə xitam verilmişdir. Əlavə olaraq isə qeyd edilmişdir ki, Nazirliyin tabeliyində X3 X6 filialı tərəfindən məşğulluq imkanlarının qiymətləndirilməsi və fərdi məşğulluq proqramının tərtib edilməsi məqsədilə ilə İddiaçı ilə telefon vasitəsiylə əlaqə saxlanılaraq filiala dəvət edilmiş, lakin o, əvvəlki işinə bərpa olunmaq istədiyini bildirərək filiala getməkdən imtina etmişdir. - Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü ildə Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin 18 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyasının tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci il tarixdə 21 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyasının tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu ildə həmin Komissiyanın böyük tibb bacısı vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilərək əmək müqaviləsin xitam vermiş, xx.xx.2020ci il tarixdə (əmrdən çıxarış və əmək müqaviləsinin surəti iş materiallarına əlavə edilib) Agentliyin 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında tibb bacısı vəzifəsinə təyin edilmiş və xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək vəzifələrinin kobud şəkildə pozulması) əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-864/2023 nömrəli əmrindən Çıxarışa əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 14 nömrəli Ərazi Tibbi Sosial Ekspert Komissiyasında tibb bacısı (qardaşı) vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələbini kobud şəkildə pozduğuna görə tutduğu vəzifədən azad edilmiş və onunla 2020-ci il 06 avqust tarixində bağlanmış əmək müqaviləsinə 2023-cü il 15 mart tarixdə xitam verilmiş, İddiaçı son haqq hesabı və istifadə edilməmiş 52 (əlli iki) təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. - İstifadə olunmamış məzuniyyət və iş günləri üzrə hesablama – son haqq-hesaba və ödəniş tapşırığına əsasən, İddiaçı son olaraq cəmi ödəniləcək məbləğ (əmək haqqı məbləği daxil olmaqla) 1222,11 manat hesablanmış və ödənilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X4 Komitəsinin xx.xx.2023-cü il tarixli razılığın təqdim edilməsi haqqında məktubdan və xx.xx.2023-cü il tarixli Protokoldan görünür ki, Agentliyin 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında tibb bacısı vəzifəsində çalışan İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. - xx.xx.2023-cü il tarixli akta əsasən, İddiaçı İlk X2 iclasına dəvət edilmiş, lakin iclasa gəlməmişdir. - xx.xx.2023-cü il tarixdə İddiaçı alınmış izahatdan görünür ki, sonuncunun elektron imzası olmayı və komissiyaya müraciət edən şəxsləri özünün deyil, Rizvan həkimin istifadəçi adı ilə sistemə daxil etmişdir. - xx.xx.2023-cü il tarixli 3-17-4/3-2-806/2023 saylı əmrə əsasən, İddiaçı öz ərizəsinə əsasən, 2023-cü il 06-14 mart tarixlərində 9 (doqquz) təqvim günü müddətində ödəniş məzuniyyət verilmiş, məzuniyyətə başlama tarixi 2023-cü il 06 mart, bitmə tarixi 2023-cü il 14 mart, işə çıxma tarixi 2023cü il 15 mart tarixi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 186 saylı, xx.xx.1996-cı il tarixli qərarı ilə təsdiq olunmuş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” 6.1-ci bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam olunduğu gün (sonuncu iş günü) verilir. Belə ki, Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və əsaslı olan iddia tələbi, iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, iddia ərizəsinin məzmunundan, iddiaçının izahatından və işin digər materiallarından aşkar surətdə göründüyü kimi, iddiaçı işdən azad olunması barədə əmr xx.xx.2023-cü il tarixdə verilmiş, bundan sonra iddiaçı ilkin olaraq Mediasiya Şurasına müraciət etmiş və mediasiyanın tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə göndərilmiş, xx.xx.2023-cü il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Həmin arayışdan sonra iddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş, aidiyyət qaydaları pozulduğundan geri qaytarılmış, daha sonra iddiaçı aidiyyəti üzrə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddia müddəti fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən başlandığından, hüququnun pozulmasının aşkar edildiyi gün isə - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün hesab edildiyindən, əmrin surəti isə iddiamıya təqdim edilmədiyindən, məhkəmə iclasında iddiaçıya təqdim edildiyindən, bununla da iddia müdəti iddiaçı tərəfindən ötürülmədiyindən, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmədiyindən, mübahisə tərəfi olan cavabdehin nümayəndəsi-vəkili iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiadan imtina edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 84-cü maddəsinin 1-ci bəndinə əsasən ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər və s məlumatlar göstərilir. - Həmin maddənin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. - 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi,əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə qeyd edir ki, Qanunvericilik əmək vəzifələrinin kobud şəkildə pozulması hallarında biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi göstərmişdir. Bu zaman işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud səhv, yaxud hüquqazidd hərəkətlər iş vaxti ərzində olmalıdır. Hüquq pozuntusu şəxsin hüquqazidd, təqsirli davranışı olub, cəmiyyətə zərər yetirən hərəkət və hərəkətsizliyi başa düşülür. Hüquq pozuntusu hüquqla və hüquq subyektinin iradə ifadəsi ilə əlaqədar olan əməl, yəni hərəkət və ya hərəkətsizlikdir. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa düşülür. İşəgötürən bu əsasla əmək müqaviləsinə o zaman xitam verə bilər ki, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvlər, yaxud hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilmiş olsun. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mülki iş materiallarında iddiaçı (işçi) tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi heç bir mötəbət sübutla təsdiq edilməmiş və əmək vəzifələrinin kobud şəkildə pozulması cavabdeh (işəgötürən) tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh Əmək Məcəlləsinin 84 maddəsinin tələblərinə uyğun əmr tərtib etməmişdir. Belə ki, əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmrin məzmununa mütləq qaydada daxil edilir və ƏM-nin 84-cü maddəsinin 1hissəsində göstərilən məlumatlar əhatə edilir. Lakin mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 3-17- 4/3-2-864/2023 nömrəli əmr işçinin (iddiaçının) yol verdiyi kobud səhvlər, yaxud hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirilməsi barədə hər hansı rəsmi sənədə istinad edilməməklə, formal olaraq cavabdeh (işəgötürən) tərəfindən tərtib edilmişdir və nəticədə iddiaçının(işçinin) hüquqları pozulmuşdur.Əlavə olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X4 Komitəsinin xx.xx.2023-cü il tarixli aktında İddiaçı İlk X2 iclasına dəvət edilmiş, lakin iclasa gəlməməsi barədə qeyd olunsada, iddiaçının həmin iclasın keçirilməsi barədə məlumatının olub-olmamasının tədiq edən heç bir sübut (bildiriş, məktub və s.) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Odur ki, İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verildiyindən, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-864/2023 nömrəli əmri ləğv edilməli, İddiaçı işə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ : İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17- 4/3-2-864/2023 nömrəli əmri ləğv edilsin. İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əvvəlki vəzifəsinə bərpa edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məcburi işburaxmaya müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-3891/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3891/2023
04.08.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver