Məhkəmə qərarları › İş №2(3-9)-846/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-846/2026

15.09.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-846/2026 15.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Tağızadə Lalə Kazım qızının katibliyi, iddiaçı Həsənov İmaməddin Əşrəf oğlunun, cavabdeh İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin nümayəndəsi İbayev Ruslan Bəxtiyar oğlunun, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi nümayəndə2 iştirakları ilə, İmişli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Həsənov İmaməddin Əşrəf oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin intizam tənbehinin tətbiq edilməsi haqqında ##.##.2026-cı il tarixli ** nömrəli əmrinin ləğv edilərək işə bərpa olunmasını və İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbi tərəfindən onun qanunsuz işdən çıxarılması günün sonrakı günündən, yəni ## ###### 2026-cı il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, # ###### 2017-ci il tarixdən ## ###### 2026cı il tarixə kimi İmişli rayonu Hacıalmuradlı kəndində yerləşən Qoşqar Tarverdiyev adına tam orta məktəbdə dalandar vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş və əmək intizamına daim riayət etmişdir. İşlədiyi məktəbin direktoru İbayev Ruslan Baxtiyar oğludur. ## ###### 2026-cı il tarixdə istifadəsində olan *** *** ** ** nömrəli telefona məktəbin direktoru Ruslan İbayev zəng edərək tələb etmişdir ki, “sən ərizə yazıb işdən çıxmalısan”. Əks halda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edəcəkdir. Telefonda Ruslan İbayevə bildirmişdir ki, o, dalandar işləyir, üzərinə düşən işi layiqincə yerinə yetirir, ərizə yazıb işdən çıxması üçün hər hansı bir səbəb yoxdur. Fəaliyyətində əmək və intizam pozuntusuna yol verməmişdir. Bu səbəbdən də, işdən çıxmağına dair ərizə verməyəcəyini telefonda Ruslan İbayevə söyləmişdir. Buna baxmayaraq məktəbin direktoru Ruslan İbayev onu və X2 işdən azad olunması üçün ##.##.2026-cı il tarixdə məktəbin həmkarlar ittifaqının iclasını keçirmişdir. Həmkarlar İttifaqının 28 üzvündən 10 nəfər iştirak etməmişdir. İclasda iştirak edən 18 nəfərdən 12 nəfəri Vahid Tarverdiyevin işdə qalmağına səs vermişdir. İddiaçının işdə qalması ilə əlaqədar 3 nəfər lehinə, 3 nəfər isə əleyhinə, qalan şəxslər bitərəf qalmışlar. Həmin iclasda iştirak edən nümayəndələr iddiaçının işə müntəzəm gəldiyini, əmək intizamına riayət etdiyini, hər hansı bir pozuntuya yol vermədiyini bildirmişlər və səs vermə zamanı iddiaçının işdən çıxarılmamağına dair lehinə səs vermişlər. Həmin iclasda əleyhinə direktorun arvadı və məktəbdə müəllimə işləyən Rəmziyyə müəllimə, direktorun əmisi oğlu Anar müəllim və onun arvadı İbayeva Günay Famil qızı səs vermişlər. Həmkarlar İttifaqının qərarı onun işdən çıxması üçün yetərli olmamışdır. Lakin, cavabdeh onu işdən çıxarmaqdan ötrü Həmkar İttifaqının həmin qərarını saxtalaşdıraraq onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad etmişdir. Həmkarlar İttifaqının sədri X7 həmkarlar ittifaqının qərarında saxtalaşdırmaya etiraz əlaməti olaraq ## ###### 20256-cı il tarixdə ərizə yazaraq həmkarlar ittifaqının üzvlüyündən çıxmışdır. Bu faktı məhkəmədə Gülnar Zeynalova təsdiq edə bilər. Onun işdən çıxarılmasının əsl səbəbi isə ona etdiyi telefon zəngindən 2 ay əvvəl olmuşdur. Belə ki, direktor Ruslan İbayev həmin vaxt onu və məktəbdə işləyən digər işçiləri iş otağına yığaraq tələb etmişdir ki, məktəbin təsərrüfat müdiri Vahid Tarverdiyevə müvafiq tapşırıq vermişdir və həmin qaydaları Vahid Tarverdiyev onlara bildirəcəkdir, əgər qaydalara əməl etsələr işdə qalacaqlar. Özü ailəlidir, himayəsində iki azyaşlı uşağı var. Qanunsuz və əsassız olaraq işdən çıxarılması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Mil-Muğan Regional şöbəsinə ərizə ilə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin intizam tənbehinin tətbiq edilməsi haqqında ##.##.2026-cı il tarixli ** nömrəli əmrinin ləğv edilməsi, Həsənov İmaməddin Əşrəf oğlunun İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbində dalandar vəzifəsinə bərpa edilməsi, ## ###### 2026-cı il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının Həsənov İmaməddin Əşrəf oğluna ödənilməsi, iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 350 manat və mediasiyaya görə ödənilmiş 60 manat məblədə məhkəmə xərcinin İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbindən tutularaq Həsənov İmaməddin Əşrəf oğluna ödənilməsi, İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbindən 40 manat məbləğdə dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən onun əməllərində Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd edilən kobud pozuntuların mövcud olması barədə arqumenti əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının belə pozuntulara yol verməsi, bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Kobud pozuntuların mövcud olması formal və ümumi mülahizələrdən ibarət olmamalıdır. Cavabdeh iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və sübut təqdim etməmişdir. Əmrdə iddiaçının hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, bunun məhz qəsdən və ya səhlənkarlıqla baş verməsi göstərilməmiş və ya əsaslandırılmamışdır. Halbuki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməlidir. İddiaçı ərizəsində və izahatında işəgötürən tərəfindən ona qarşı qərəzli münasibətin olmasını bildirmişdir. Məhkəmə həmin halları, digər sübutlarla birgə qiymətləndirərək belə hesab etmişdir ki, iddiaçı ilə işəgötürən arasında qərəzli münasibət mövcud olmuşdur. Həmin hal, istər iş materialına əlavə edilmiş sənədlərin formal tərtib edilməsi, istərsə də işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin kobud pozulması ilə təsdiq edilir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qaydalarına işəgötürən tərəfindən əməl edilməyərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamış, işçiyə intizam tənbehinin verilməsinə dair Əmək Məcəlləsinin imperativ göstərişləri pozulmuş, əmək müqaviləsinə xitam verilən vaxt sənədlərin tərtib edilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliyin normalarının məcburi tələbləri pozulmuş, nəticədə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əsassız əmr qəbul edilmişdir. Belə ki, işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 68-ci, 69-cu, 70-ci, 71.2-ci, 71.3-cü, 72-ci, 73-cü, 74-cü, 75-ci, 76.2-ci, 80.1-ci, 80.2-ci 83.1-ci, 83.2-ci, 84.1-ci, 84.2-ci, 85.1-1-ci, 186.2-ci, 187.1-ci,189.2-ci, 189.3-cü və 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən üçüncü şəxs apellyasiya şikayəti verərək onun ləğv edilməsini İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbi üzrə intizam tənbehinin tətbiq edilməsi haqqında ##.##.2026-cı il tarixli ** nömrəli əmrin qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesində təqdim edilmiş izahatlar, şahid ifadələri və digər təsdiqedici sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı əmək müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, əmək intizamının tələblərini pozmuş, eyni zamanda digər işçilərin əmək hüquq və qanuni mənafelərinin pozulmasına səbəb olan hərəkətlərə yol vermişdir. Belə ki, iddiaçının davranışları Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndində nəzərdə tutulmuş əmək intizamına və daxili intizam qaydalarına əməl etmək, habelə həmin maddənin “e” bəndində təsbit edilmiş iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq vəzifələrinin tələblərinə zidd olmuşdur. Bu hərəkətlər iş yerində sağlam işgüzar mühitin pozulmasına, əmək münasibətlərində gərginliyin yaranmasına və təhsil müəssisəsinin normal fəaliyyətinə mənfi təsir göstərmişdir. Bu səbəbdən, işəgötürən tərəfindən tətbiq edilmiş intizam tənbehi Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq qanuni, əsaslı və törədilmiş intizam pozuntusuna mütənasib tədbir olmuşdur. Lakin məhkəmə tərəfindən iş materiallarında olan sübutlara, şahid ifadələrinə və qanunvericiliyin tələblərinə lazımi hüquqi qiymət verilmədən iddia təmin edilmişdir. Məhkəmə qərarında faktiki olaraq Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulmuş işçinin əsas vəzifələrinin pozulmasının intizam məsuliyyəti yaratmadığı nəticəsinə gəlinmişdir ki, bu da həmin maddənin, eləcə də Əmək Məcəlləsinin 186-cımaddəsinin hüquqi məzmunu və məqsədi ilə uzlaşmır. Belə yanaşma işçinin əmək müqaviləsi üzrə vəzifələrinin icrasına dair qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin hüquqi əhəmiyyətini aradan qaldırır və əmək intizamının təmin edilməsinə xidmət edən hüquq normalarının tətbiqini faktiki olaraq mümkünsüz edir. Bu baxımdan, məhkəmə tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və işin hallarına tam, hərtərəfli və obyektiv qiymət verilmədiyi qənaətinə gəlmək üçün əsaslar mövcuddur. ##.##.2026-cı il tarixində keçirilmiş son məhkəmə iclasında nümayəndə tərəfindən iş üzrə şahid qismində dindirilən Tarverdiyev Vahid adlı şəxsə pozuntuların aradan qaldırılması istiqamətində zəruri suallar ünvanlanarkən iddiaçı dəfələrlə məhkəmə iclasının normal gedişinə müdaxilə etmiş, şahidə verilən sualları kəsməyə və onun cavablarına təsir göstərməyə cəhd etmişdir. Nümayəndə tərəfindən məhkəmənin diqqəti həmin hallara yönəldilərək iddiaçının şahidin dindirilməsinə müdaxilə etməsinin qarşısının alınması xahiş edilsə də, məhkəmə tərəfindən bu tədbirlər görülməmişdir. İddiaçı əvvəlcə əmək hüquqlarının pozulduğunu iddia edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mil- Muğan regional şöbəsinə müraciət etmişdir. Həmin müraciət əsasında aparılmış araşdırmanın nəticələrinə görə işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və müvafiq inzibati tənbeh tətbiq olunmuşdur. Sonradan həmin inzibati xəta işi aidiyyəti üzrə məhkəmə baxışına verilmiş, işə baxan məhkəmə inzibati icraat zamanı halların tam və hərtərəfli araşdırılmadığını əsas gətirərək inzibati tənbeh haqqında qərarı ləğv etmiş və materialları əlavə araşdırma aparılması üçün aidiyyəti orqana geri qaytarmışdır. Belə olan halda, eyni faktiki hallar üzrə inzibati icraat çərçivəsində araşdırmanın natamam olduğunu qeyd edən və işin yenidən araşdırılmasını zəruri hesab edən məhkəmənin, paralel olaraq həmin hallardan irəli gələn mülki mübahisə üzrə iddiaçının tələblərini təmin etməsi hüquqi baxımdan ziddiyyətli yanaşma təsiri bağışlayır. Birinci instansiya məhkəməsində şahid qismində iştirak edən X2 ifadəsində göstərmişdir ki, o, İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbində təsərrüfat müdiri vəzifəsində işləmişdir. Həsənov İmaməddin Əşrəf oğlunun işdən çıxarılma səbəbi işə gəlməməsi ilə bağlı olmuşdur. O, işə mütəmadi olaraq gəlib-gedirdi, gəlmədiyi günlər direktorun məlumatı və icazəsi olmuşdur. Sentyabr ayının sonlarından isə mal bazarları respublikada yaranmış vəziyyətlə bağlı ümumiyyətlə işləməmişdir. O, yanvar ayının 27-də ərizə yazaraq işdən icazə almışdır. Onun işdən çıxarılması zamanı həmkarlar ittifaqının iclasında iştirak etmişdir, onun işdə qalması barədə səs vermişdir. Həmin iclasın nəticəsi onlara məlum olmamışdır. ##.##.2026-cı il tarixli intizam tənbehinin tətbiq edilməsi barədə əmrdən görünür ki, İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbi ilə Həsənov İmaməddin Qoşqar oğlu arasında bağlanmış əmək müqaviləsi ## ###### 2026cı il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar ittifaqı komitəsinin sədri X8 ##.##.2026-cı il tarixli məktubundan görünür ki, həmkarlar ittifaqı komitəsi İ.Həsənov ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq vermişdir. ##.##.2026-cı il tarixli Həsənov İmaməddin Əşrəf oğlunun icazə ərizəsindən görünür ki, o, ##.##.2026-cı il tarixdə ərizə yazaraq ##.##.2026-cı il tarixdə, saat 13:00-a dək icazə almış və məktəbin direktoru Ruslan İbayev dərkənarla icazə ərizəsini təsdiqləmişdir. ##.##.2026-cı il tarixli Həsənov İmaməddin Əşrəf oğlunun izahatından görünür ki, o, ##.##.2026-cı il tarixdə, saat 08:00-dan 13:00-dək işdə olmuşdur. Sonradan məktəb direktorunun təqdimatı ilə əlaqədar məktub gəldiyi üçün regional təhsil idarəsinə getmişdir. İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbində “xadimə” vəzifəsində işləyən X4 izahatından görünür ki, İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbində “dalandar” vəzifəsində işləyən Həsənov İmaməddin Əşrəf oğlu mal bazarında olduğu günlərdə həftədə 1 gün məktəb direktorundan icazəli olaraq işə gəlmədiyini, ancaq son dövrlərdə Həsənov İmaməddin Əşrəf oğlunu hər gün işdə gördüyünü bildirmiş və izahatı öz imzası ilə təsdiq etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual pozuntulara yol verilmişdir. Bundan əlavə, iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatlar tam şəkildə qeydə alınmamışdır. ##.##.2025-ci il tarixdə Mil-Muğan Təhsil idarəsi daxil olmuş şikayətləri nəzərə alaraq, əvvəlki dövr üzrə məktəbdə yoxlama aparmışdır. Yoxlama zamanı iddiaçının iş yerində olmadığı, həmçinin təhsil qanunvericiliyinin və əmək qanunvericiliyinin tələblərinin pozulduğu, əmək funksiyalarının lazımi qaydada yerinə yetirilmədiyi müəyyən edilmişdir. Yoxlama zamanı iddiaçıdan bir neçə izahat alınmış, lakin həmin izahatlar arasında ziddiyyətlər müəyyən edilmişdir. Bundan əlavə, ##.##.2025-ci il tarixli videogörüntüdə iddiaçının mal bazarına getməsi ilə bağlı etirafı əks olunmuşdur. Həmçinin məktəbdə işə davamiyyətə dair tabel cədvəlində həftənin ikinci gününə aid imzalar arasında fərqlilik mövcuddur. Bu hal iddiaçının həmin günlərdə iş yerində olmaması ilə bağlı şübhələri əsaslandırır. Digər tərəfdən, iddiaçının atası həmin məktəbdə təşkilatçı vəzifəsində çalışmışdır. İddiaçının işdə olmadığı günlərdə tabel sənədlərinin atası tərəfindən imzalandığı düşünülür. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı ##.##.2025-ci il tarixində günün birinci yarısında işdə olmaması ilə bağlı icazəsinin olduğunu bildirsə də, verdiyi izahatlarda ziddiyyətli məlumatlar göstərmişdir. Belə ki, izahatlarının birində ##.##.2025-ci il tarixdə ərizə yazaraq ##.##.2025-ci il tarixdə saat 08:00-dan 13:00-dək mal bazarına getmək üçün icazə istədiyini bildirmiş, digər izahatında isə ##.##.2025-ci il tarixində monitorinqdən sonrakı gün işdə olduğunu qeyd etmişdir. Lakin Ruslan İbayev, Anar İbayev və Pəncəli İbişov tərəfindən iddiaçının saat 11:25-dən 15:45-dək iş yerində olmadığı rəsmi qaydada təsdiq edilmişdir. Yoxlama nəticəsində məktəb rəhbərliyi barəsində də müvafiq tədbir görülmüş və intizam tənbehi tətbiq edilmişdir. Qeyd olunanları nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin nümayəndəsi İbayev Ruslan Bəxtiyar oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, iş materiallarında olan ## ###### 2026-cı il tarixdə yazılmış icazə sənədindəki dərkənar tərəfindən yazılmış və imzalanmışdır (səh. 84). Əmək Müfəttişliyinin qəbul etdiyi qərar sonradan ləğv edilmiş, iş yenidən baxılması üçün Əmək Müfəttişliyinə göndərilmişdir. Bundan sonra həmin orqan tərəfindən yenidən apellyasiya şikayəti verilmiş və qərar qüvvədə saxlanılaraq iş təkrarən Əmək Müfəttişliyinə göndərilmişdir. Daha sonra onu dəvət edərək yenidən cərimə olunduğu barədə məlumat vermişlər. Birinci instansiya məhkəməsi tərəfindən Əmək Müfəttişliyinin ikinci qərarı və 192.6-cı maddə üzrə tətbiq edilmiş cərimə qüvvədə saxlanılmışdır. Monitorinq yanvar ayının 14-də keçirilmiş, əmək müqaviləsinə isə 28-də xitam verilmişdir. İddiaçı 27-də icazə almışdır. Monitorinqdən sonra işçilərə nəzarəti şəxsən həyata keçirmişdir. Lakin iş yükünün çox olması səbəbindən bütün işçilərə daim nəzarət etmək imkanı olmamışdır. Son 6 ay ərzində iddiaçının bazara getməsi ilə bağlı hallar müəyyən edilmişdir. Tabel sənədlərinə baxış zamanı həftənin 2-ci, 5-ci və bəzi hallarda 4cü günlərində qoyulmuş imzalar arasında fərqlilik müşahidə etmişdir. Məlum olduğu kimi, həftənin 2-ci günü İmişli bazarı, 4-cü günü Sabirabad bazarı, 5-ci günü isə Bərdə bazarı fəaliyyət göstərir. Məktəbin direktorudur və müvafiq əmri imzalayan şəxs də özü olmuşdur. Əmr Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən verilmişdir. İmişli Rayon Məhkəməsində də imzaların araşdırılması ilə bağlı vəsatət təqdim etmiş, lakin həmin vəsatət təmin edilməmişdir. Əmr verilərkən təsərrüfat müdirinin izahatı da mövcud olmuşdur. Həmin izahatda iddiaçının son 6 ay ərzində hər həftənin 2-ci günü İmişli bazarında olduğu və işə gəlmədiyi qeyd edilmişdir. Məktəbdə ümumilikdə 30 nəfər kollektiv çalışır. İş yükünün çox olması səbəbindən bütün əməkdaşların davamiyyətinə daim və birbaşa nəzarət etmək imkanı olmamışdır. Həsənov İmaməddin Əşrəf oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, qarşı tərəf mütəmadi olaraq mal bazarında olduğunu iddia edir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycanda mal bazarlarının fəaliyyətinə sentyabr ayının sonundan yanvar ayınadək məhdudiyyət qoyulmuşdur. Mal bazarına yalnız şənbə və bazar günləri, bayram günlərində və ya iş vaxtından sonra getmişdir. Heyvan alğı-satqısı ilə məşğul olsa da, heç bir halda icazəsiz iş yerindən çıxmamışdır. İşdən getməli olduğu hallarda əvvəlcədən icazə almışdır. Həmçinin Ruslan İbayevin onun işdən çıxmasını təkid etməsinə dair atası ilə telefon danışığı zamanı qeydə aldığı səs yazıları da mövcuddur. Həmin səs yazılarında Ruslan İbayev tərəfindən “İmaməddin ərizəsini yazıb işdən çıxsın” məzmununda ifadə işlədilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2.1-ci maddəsinə görə bu Məcəllə işçilərlə işə götürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. ƏM-in 3-cü maddəsinin 4-1-ci bəndinə görə əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. ƏM-in 3-cü maddəsinin 16-cı bəndinə görə fərdi əmək mübahisəsi – əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. ƏM-in 70-ci maddənin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. ƏM-in 71.2-ci maddəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. ƏM-in 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. ƏM-in 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi və s. . ƏM-in 80.1-ci maddəsinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. ƏM-in 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət və ya bələdiyyə orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. ƏM-in 186.1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. ƏM-in 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək və s. . ƏM-in 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Məhkəmə tərkibi iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarını düzgün müəyyən etmiş və onlara tətbiq edilməli hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və yaxud həmin Məcəllənin 72-ci maddəsində nəzərdə tutulan hallardan birinə yol verməsi ilə şərtlənir. Hazırkı iş üzrə isə iddiaçının belə bir hərəkətə yol verdiyini təsdiq edən mötəbər sübutlar təqdim edilməmiş, əmrdə də onun hansı konkret əmək öhdəliyini pozduğu və bu pozuntunun hansı nəticələrə səbəb olduğu göstərilməmişdir. Belə olan halda, əmək münasibətlərinə xitam üçün qanuni əsasın mövcudluğu müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin əmrin ləğvi barədə nəticəsi əsaslıdır. Eyni zamanda, əmək müqaviləsinə xitam verilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliyin müəyyən etdiyi rəsmiləşdirmə və intizam tənbehinin tətbiqi qaydalarına riayət olunması da təmin edilməmişdir. Əmrin məzmunundan və iş materiallarından xitamın əsasını təşkil edən pozuntunun konkretləşdirilmədiyi, onun hüquqi və faktiki baxımdan kifayət qədər əsaslandırılmadığı görünür. Bu hallar işəgötürənin qəbul etdiyi əmrin qanuniliyinə təsir edən mühüm pozuntular olmaqla, həmin əmrin qüvvədə saxlanılmasına imkan vermir. Bundan əlavə, cavabdehin nümayəndəsi İbayev Ruslan Bəxtiyar oğlunun izahatından müəyyən olunur ki, iddiaçının ## ###### 2026-cı il tarixdə işdən icazə almasına dair sənəddəki dərkənarı və imzanı məhz özü etmişdir. Bu hal apellyasiya şikayətinin dəlillərində göstərilən iddiaçının işə üzrsüz səbəbdən gəlməməsi barədə mövqenin işəgötürənin özünün hərəkətləri ilə ziddiyyət təşkil etdiyini göstərir. Bu fakt özlüyündə həmçinin iddiaçının bütün iş günü ərzində işdə olmaması barədə dəlili də istisna edir. Bununla belə, məhkəmə tərkibi apellyasiya şikayətində göstərdiyi dəlillərinə münasibətdə qeyd edir ki, şikayətin əsası kimi istinad etdikləri halları sübut edə bilməmiş və bu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar