Məhkəmə qərarları › İş №2(1-8)-1458/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1458/2026

04.08.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1458/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi - işə bərpa tələbi (işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi – Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Daşkəsən Regional Təhsil Idarəsi Gəncə şəhər ** nömrəli tam orta məktəbə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə # ###### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək Gəncə Şəhər Birləşmiş Xəstəxanasında stasionar müalicədə olmuşdur.

2. İddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə ##.##.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan 29 bal toplamış və bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixli, *** nömrəli əmrə əsasən xitam verilmişdir.

3. Sertifikasiya imtahanından kəsilməsi ilə əlaqədar İddiaçı müraciətinə Gəncə-Daşkəsən Regional Təhsil Idarəsi tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-**/*-Ə-****/**/** nömrəli məktubda qeyd edilmişdir ki, “Təhsil haqqında” Qanuna və Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Əmək Məcəlləsinin 70ci maddəsinin c bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Bundan başqa, sertifikatlaşdırmadan keçməyən şəxslərin müraciətlərinə baxılması və onların digər vəzifələrdə məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi məqsədilə yerli təhsili idarəetmə orqanlarında komissiyalar yaradıldığı və sosial vəziyyəti ağır olan vətəndaşların işlə təmini istiqamətində müvafiq tədbirlər görülməsi bildirilmişdir.

4. İddiaçı ##.##.2025-ci il tarixdə ona aid olan əmrin surətini və əmək kitabçasını almışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil Idarəsi Gəncə şəhəri ** nömrəli tam orta ümumtəhsil məktəbinin ##.##.2025-ci il tarixli, *** saylı əmrin ləğv edilməsi, onun həmin məktəbdə tam ştat üzrə riyaziyyat müəllimi vəzifəsinə bərpa olunması və həmin dövrlər üçün maddi ziyana görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, 60 yaşı tamam olmuş müəllim təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə sertifikatlaşdırma ilə bağlı imtahandan azad olduğu halda, məktəbin direktoru tərəfindən imtahanda iştirak etməyə məcbur edilmiş, qeyd edilən imtahanda xəstəliyi ilə bağlı iştirak etməməsi üzrlü hesab edilməmişdir.

7. Məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil qeyd etmişdir ki, iddiaçı 59 yaşında olarkən xəstəxanada stasionar müalicə aldığına görə sertifikasiya imtahanında iştirak edə bilməmiş, bu barədə məktəb rəhbərliyinə məlumat vermiş, lakin ikinci dəfə şans verilməmişdir. 60 yaşı tamam olduqdan sonra imtahanda iştirakı könüllü olduğu halda, məcburi olaraq imtahana göndərilmiş, 29 bal toplamış, 1 balı çatmamışdır. Iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, 2-ci sertifikasiya imtahanı 2025-ci ildə olmuş, həmin vaxt iddiaçının 60 yaşı tamam olmuşdur. Birinci imtahanda iştirak etmədiyi üçün 2-ci imtahanda iştirakı məcburi xarakter daşımışdır. Əgər iddiaçı birinci imtahandan 30-dan yuxarı bal toplasa idi, 2-ci imtahanda iştirak etməyə bilərdi. Həmçinin sertifikasiyadan keçməyən şəxslərə məktəblərdə laborant işinin də təklif olunduğunu göstərərək, iddianın təmin olunmamasını xahiş etmişdir.

9. Gəncə Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia tələbi təmin olunmamışdır.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.

11. Tərəflər arasında bağlanmış əmək müqaviləsi iddiaçının qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçmədiyi üçün pedaqoji fəaliyyətə buraxılmaması səbəbindən ləğv olunmuşdur. Iddiaçı üzrlü səbəblərdən birinci sertifikatlaşdırmada iştirak etmədiyini iddia etsə də, qanunvericiliyə görə üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən şəxslərə 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmiş və təkrar sertifikatlaşdırmada iştirak etməyən və ya keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

12. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2 (4-cü bənd) və 70-ci (c bəndi), Mülki Prosessual Məcəllənin 77.1, 217.3 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində məhkəməsində icraat

13. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 38 ildir ki, müəllimə işləyir və minlərlə uşaqlara təhsil verib onların qayğısını çəkmişdir. Bir çox şagirdləri isə ali məktəblərə qəbul olmuşdur. Işlədiyi ** saylı tam orta ümumtəhsil məktəbində şagirdləri və kollektiv tərəfindən sevilir. 38 ilin təcrübəli müəlliməsini sertifikatlaşdırmada iştirakı könüllü olduğu halda, iştirak etməyə məcbur edib və daha sonra isə bir bala görə işdən azad olunmuşdur. Iddiaçının işdən azad olunmağı ilə bağlı əmrin surətini və əmək kitabçasını ərizə ilə müraciət edərək, ##.##.2025-ci il tarixdə götürmüşdür. Iddiaçı işdən azad olunmağını qanunsuz və əsassız hesab etdiyi üçün işə bərpa tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Işin faktiki halından da, görünür ki, iddiaçı 1-ci olaraq 60 yaşı tamam olmuş müəllimə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə sertifikatlaşdırma ilə bağlı imtahandan azad olduğu halda, məktəbin direktoru tərəfindən imtahanda iştirak etməyə məcbur edilmişdir. 2024-cü ilin iyun ayında keçirilən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə sertifikatlaşdırma ilə bağlı imtahanda xəstəliyi ilə bağlı iştirak etməməyi üzrlü hesab edilməmişdir. Lakin məhkəmə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Daşkəsən Regional Təhsil Idarəsi Gəncə şəhər ** nömrəli tam orta məktəbə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsini təmin edilməli olduğu halda təmin etməmişdir.

15. Məhkəmə ##.##.2026-cı il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, iddiaçının yaşı ilə əlaqədar sertifikatlaşdırmaya getməli olmadığı halda imtahana cəlb edildiyini, məhkəmənin isə bu halı nəzərə almadığını bildirmişdir və şikayətlərinin təmin edilməsini xahiş etmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Tural Məmmədov (sədrlik edən və məruzəçi), hakimlər Günay Cavadova və Fikrət Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçı peşəkarlıq səviyyəsinin yoxlanılması üçün keçirilən birinci imtahanda sağlamlıq vəziyyəti ilə bağlı iştirak etməmiş, həmin vaxtı onun 59 yaşı olmuş, ikinci imtahanda isə iştirak etmiş, bu imtahandan keçid balı toplaya bilməmiş və ikinci imtahan zamanı onun 60 yaşı olmuşdur. Iddiaçının tələbinin əsasını ikinci imtahanda 60 yaşı olarkən iştirak etməsi təşkil edir. Belə ki, həmin yaş qrupuna imtahanda iştirak könüllüdür.

18. Mübahisələndirilən əmrə əsasən ## #### 2025-ci il tarixdə təkrar sertifikatlaşdırma imtahanı təyin edilmiş, lakin iddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi ##.##.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh məktəb arasında əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir.

19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz.

20. Məhkəmə iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, onun birinci sertifikasiyada xəstə olması səbəbi ilə üzrlü əsasla iştirak etməməsi, ikinci sertifikatlaşdırmada isə artıq 60 yaşının olması səbəbi ilə qanunla onun bu imtahandan azad olmasına baxmayaraq onun imtahana cəlb edilməsi, işə baxan məhkəmənin isə bu halı nəzərə almaması barədə dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının istinad etdiyi hüquqi əsas Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda 60 yaşı olan şəxslərin imtahanda iştirakının könüllülük əsasında olmasıdır. Lakin qeyd edilməlidir ki, istinad olunan Qaydanın 1.5-ci bəndinə görə, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Işdə olan sənədlərə əsasən məlum olur ki, iddiaçı ##.##.1965-ci il təvəllüdlü olmaqla, ilk dəfə keçirilmiş sertifikatlaşdırma imtahanı zamanı 59 yaşı olmuşdur. Lakin o, bu sertifikatlaşdırmada iştirak etməmiş, beləliklə öhdəliyini yerinə yetirməmişdir. Bundan sonra, iddiaçıya təkrar imtahanda iştirak etmək üçün şərait yaradılsa da, iddiaçı ##.##.2025-ci il tarixdə keçirilən təkrar imtahanda keçid balı toplaya bilməmiş, nəticə etibarı ilə sertifikatlaşdırmadan keçməmiş hesab edilmişdir.

21. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı pozuntuya yol verilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64 (2-ci hissə), 65 (1-ci və 2-ci hissə), 67 (1-ci hissə), 70-ci (c bəndi), Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə, Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.5, 5.2, 5.3, 5.4-cü bəndlərinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Iddiaçı (Vəkil Tanrıverdi oğlu) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsini və ya Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilib iddiaçının işə bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə 64 (2-ci hissə). Işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.

26. Maddə 65 (1-ci hissə). Işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

27. Maddə 65 (2-ci hissə). Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

28. Maddə 67 (1-ci hissə). Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.

29. Maddə 70 (c bəndi) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydası

30. Bənd 1.5. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

31. Bənd 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

32. Bənd 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

33. Bənd 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.5-ci bəndinə əsasən, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

44. Normanın məzmunundan göründüyü kimi, həmin yaş həddinə çatmış şəxslərin sertifikatlaşdırmada iştirakı hər hansı əlavə şərtdən və ya istisnadan asılı tutulmamış, onların sertifikatlaşdırmada iştirakının könüllü xarakter daşıdığı imperativ qaydada müəyyən edilmişdir.

45. Həmin Qaydaların 5.2-ci bəndində isə üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin bir il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ nəzərdə tutulmuş, 5.3 və 5.4cü bəndlərdə isə təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərin sertifikatlaşdırmadan keçməmiş hesab edilməsinin və onlarla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsinin hüquqi nəticələri müəyyən edilmişdir.

46. Bununla belə, göstərilən normalar Qaydaların 1.5-ci bəndində nəzərdə tutulmuş hüquqi tənzimləməni istisna etmir. Qaydalarda 60 və daha yuxarı yaşda olan şəxslərin təkrar sertifikatlaşdırmada iştirakının məcburi olması, yaxud onların könüllülük hüququnun ilk sertifikatlaşdırmada iştirak etməmələri ilə əlaqədar itirilməsi barədə hər hansı göstəriş nəzərdə tutulmamışdır.

47. Iş materiallarından müəyyən edilir ki, iddiaçı ilk sertifikatlaşdırma zamanı 60 yaşına çatmamış, sağlamlıq vəziyyəti ilə əlaqədar həmin imtahanda iştirak etməmiş, təkrar sertifikatlaşdırma keçirilən zaman isə artıq 60 yaşını tamamlamışdır.

48. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatda iddiaçının birinci sertifikatlaşdırmada iştirak etmədiyinə görə təkrar sertifikatlaşdırmada iştirakının məcburi xarakter daşıdığını bildirmişdir. Lakin belə hüquqi nəticə nə Qaydaların 1.5-ci bəndindən, nə də onun digər müddəalarından irəli gəlir.

49. Hər hansı inzibati orqan tərəfindən normativ hüquqi aktlarda nəzərdə tutulmayan əlavə məhdudiyyət və ya istisnalar müəyyən edilməklə, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qüvvədə olan Qaydaların məzmununu dəyişdirən və ya tamamlayan hüquqi tənzimləmə tətbiq edilə bilməz.

50. Belə olan halda, iddiaçının 60 yaşını tamamladıqdan sonra keçirilmiş sertifikatlaşdırmada iştirakının məcburi hesab edilməsinin hansı hüquqi normaya əsaslandığı məhkəmələr tərəfindən araşdırılmamış, apellyasiya instansiyası məhkəməsi iddiaçının bu barədə dəlilini yalnız onun ilk sertifikatlaşdırmada iştirak etməməsi ilə əsaslandıraraq rədd etmiş, lakin bu halın Qaydaların 1.5-ci bəndi ilə müəyyən edilmiş könüllülük prinsipini hansı hüquqi əsasla aradan qaldırmasını göstərməmişdir.

51. Halbuki, məhkəmələr mübahisəyə tətbiq edilməli olan normativ tənzimləməni sistemli şəkildə şərh etməli, Qaydaların 1.5-ci bəndinin hüquqi nəticələrinin iddiaçının hüquqi vəziyyətinə təsirini qiymətləndirməli, 60 yaşını tamamlamış şəxsin təkrar sertifikatlaşdırmaya məcburi qaydada cəlb edilməsinin qanuni əsaslarının mövcud olub-olmadığını müəyyən etməli idilər.

52. Bu araşdırmalar aparılmadan və göstərilən hüquqi məsələyə qiymət verilmədən iddiaçı ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi əsasında xitam verilməsinin qanuni olması barədə gəlinən nəticə əsaslı hesab edilə bilməz.

53. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmamış, iş üzrə tətbiq edilməli olan hüquq normalarını düzgün şərh etməmiş və nəticədə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

54. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il ## #### tarixli qərarı).

55. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqelər nəzərə alınmaqla qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2026-cı il tarixli 2(104) ****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar