Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3902/2025 08.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 20 saylı Dövlət Notariat Ofisinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs5 və Maraqlı şəxs4 qarşı mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, Ərizəçi Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs5 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 20 saylı Notariat Ofisinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs5 və Maraqlı şəxs4 qarşı “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 20 saylı Notariat Ofisinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs5 və Maraqlı şəxs4 qarşı “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış “Vaz-21074” minik markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində mirasın faktiki qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin həyat yoldaşı X3 2019-cu il tarixdə vəfat etmişdir. B.Gərayevin vəfatından sonra mülkiyyətində olan avtomobil miras qalmışdır. Mirasın qəbul edilməsi ilə bağlı 20 saylı Notariat Ofisinə müraciət edilsə dənotarius tərəfindən verilmiş 84 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda məhkəməyə müraciət edilməsi bildirilmişdir. Ərizəçi həmçinin qeyd etmişdir ki, miras olaraq faktiki qəbul etdiyi avtomobil birgə nikah dövründə əldə edilmiş və hazırda onun tərəfindən idarə olunur. Digər vərəsələr – övladları isə avtomobilin onun mülkiyyətinə keçməsinə etiraz etmirlər. Hazırda avtomobilin sənədləşmə işlərinin aparılmasına zərurət olduğundan müvafiq ərizə ilə məhkəməyə müraciət edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Maraqlı şəxs3 izahat verərək bildirdi ki, ərizənin təmin edilməsinə etiraz etmir. Atası ürək xəstəliyindən əziyyət çəkirdi və xx.xx.2019-cu il tarixində vəfat edib. Atasına məxsus olan avtomobildən vərəsəlik əsasında ona düşən paydan imtina edir.
5. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Maraqlı şəxs5 izahat verərək bildirdi ki, ərizənin təmin edilməsinə etmir və avtomobildən ona düşən paydan imtina edir.
6. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Maraqlı şəxs2 izahat verərək bildirdi ki, atası 01 yanvar 2019-cu il tarixdə vəfat edib. Ondan miras olaraq **-KR- *** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı avtomobil qalıb. Həmin avtomobil anasının istifadəsindədir və həmin avtomobilə olan miras payından anasının xeyrinə imtina edərək, ərizənin təmin edilməsini xahiş edir.
7. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Maraqlı şəxs4 izahat verərək bildirdi ki, ərizənin təmin edilməsini heç bir etirazı yoxdur. Anası miras əmlakı faktiki qəbul edib. O, özünə düşən miras payından imtina edir.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs 20 saylı Notariat Kontoru (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Lakin əvvəlki məhkəmə iclasında ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.
Mülki işin materialları:
9. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Ərizəçi arasında xx.xx.1977-ci il tarixdə nikah bağlanaraq 9 nömrəli akt qeydi ilə rəsmi qeydə alınmışdır.
10. Bakı şəhəri 20 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Mülki Məcəllənin 1246-1248-ci maddələrinin tələbinə əsasən müddətin ötürülməsi səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla əlaqədar olaraq məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
11. Ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 57 nömrə ilə qeyd edilmişdir.
12. Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinə əsasən 2002-ci il buraxılışlı, **-KR-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı avtomobil X2 mülkiyyətindədir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
13. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
14. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
15. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
16. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
17. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
18. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir.
19. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
20. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
21. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
22. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
24. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
25. 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.
26. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
27. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunmuşdur ki, ... məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir.
28. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinin 5-ci hissəsində qeyd olunmuşdur ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.
Məhkəmənin mövqeyi:
29. Məhkəmə ərizəçinin, maraqlı şəxslərin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
30. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.
31. Məhkəmə qeyd edir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).
32. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Ərizəçi mərhum əri X1 miras qalmış **-KR-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı avtomobili ərinin ölümündən sonra istifadə etməyə, təmir etməyə başlamaqla əmlaka sahiblik edib mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası faktiki olaraq qəbul etmişdir.
33. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və müəyyənedici sənədi ərizəçi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktın müəyyən edilməsindən birbaşa asılıdır.
34. Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ missəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin həmin Qərarla mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır.
35. Göründüyü kimi miras sözügedən Qərarın qəbul edildiyi xx.xx.2023-cü ildən qabaq, yəni xx.xx.2019-cu il tarixdə açıldığı üçün həmin dövrün qanunvericiliyinə əsasən mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən hal-hazırda vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir.
36. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir.
37. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum əri X1 miras qalmış 2002-ci il buraxılışlı, **-KR-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı avtomobili qəbul etməsi faktı müəyyən edilməlidir.
38. Məhkəməyə ərizə verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
Ərizə təmin edilsin. Ərizəçi mərhum əri X1 miras qalmış 2002-ci il buraxılışlı, **-KR-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı avtomobili qəbul etməsi faktı müəyyən edilsin. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova