Məhkəmə qərarları › İş №2(001)-3912/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3912/2022

14.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3912/2022 14.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “özünə aid əşyaları ilə birlikdə mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “özünə aid əşyaları ilə birlikdə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 40, 17 B saylı evdən mətbəx mebeli (12 şkaf), iki mərtəbəli uşaq krovatı, yataq dəsti (iki tumba), kamod və altı qapılı şifoner, iki dəst divan-kreslo, stol-stul dəsti, stenka mebel, dörd ədəd xalça, bir ədəd palma ağacı, stol-stul, bir ədəd paltaryuyan maşın, dörd ədəd pərdə, bir ədəd soba, bir ədəd tozsoran, beş dəst çay servisi, iki dəst bakal, bir ədəd televizor, bir ədəd DVD, bir ədəd krosna, bir ədəd Gepas ətçəkən maşın ilə birlikdə çıxarılması və evin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16 aprel 2004-cü il tarixli qərar ilə ona Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində torpaq sahəsi verilmiş və həmin sahədə mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, korpus 40, mənzil 17 B saylı evi tikmişdir. Həmin evdə qızı və yaşlı valideynləri ilə birlikdə yaşayır. Cavabdeh X1 həyat yoldaşıdır. Cavabdeh ilə qardaşı arasında olan nikah pozulmuş və qardaşı X6 xeyli müddətdir ki, Ukraynada yaşayır, onun Xırdalan şəhərində və ünvan 1 ünvanında mənzili olsa da, məcburi köçkün kimi dövlət tərəfindən verilən evi də almaq üçün bir müddət cavabdeh ondan mübahisəli evdə yaşamağa icazə verməsini xahiş etmiş, o da qardaşının və uşaqlarının xətrinə cavabdehin və uşaqlarının dövlət tərəfindən onlara ev verilənə qədər mübahisəli evin bir otağında yaşamasına etiraz etməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2013-cü il tarixli, 2(001)-3798/13 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı, X2, X10 və X5 qarşı mübahisəli - ünvan 2 ünvanında yerləşən mənzilə dair yaşayış sahəsindən istifadə hüquqlarının tanınması, həmin mənzilə qeydiyyata götürülməsi vəzifəsinin Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsinə dair iddiası təmin edilməmişdir. Bundan sonra Cavabdeh yenidən mübahisəli evə “istifadə hüququnun tanınması və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(001)-5658/2018 saylı qərardadı ilə yuxarıda qeyd olunan qətnaməyə istinad edilməklə iş üzrə icraata xitam verilmişdir. Bundan başqa, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli, 2(001)-6301/18 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, X3 və X4 mübahisəli evə istifadə hüquqları itirilmiş hesab edilmişdir. Sonradan iddiaçı Cavabdehlər İddiaçı X2, X10 və X5 qarşı "mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(001)-1622/2019 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, iddiaçının 2 yetkinlik yaşına çatmayan övladı ilə birlikdə ünvan 2 saylı evə köçürülməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2019-cu il tarixli, 2(103)-5550/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti, Ali Məhkəmənin 13 sentyabr 2019-cu il tarixli, 2(102)-6388/2019 saylı qərarı ilə isə kassasiya şikayəti təmin edilməmişdir. Bundan əlavə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və qeyrilərinə qarşı əmlak tələbinə dair iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyul 2019-cu il tarixli, 2(103)-9085/2019 saylı qətnaməsi ilə həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Yuxarıda qeyd olunan məhkəmə aktlarından da müəyyən olunduğu kimi onlar arasında uzun müddət çoxsaylı məhkəmə çəkişmələri olmuşdur. Bundan başqa, dəfələrlə Cavabdeh ondan hüquq mühafizə orqanlarına şikayətlər etmiş, şikayətləri əsassız olduğundan təmin edilməmişdir. Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin 18 yanvar 2019-cu il tarixli qərarı ilə Cavabdeh şikayət ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, cavabdehin onunla və onun ailə üzvləri ilə birgə yaşaması qeyri-mümkündür. Onlar arasında olan kəskin münasibətlər gələcəkdə xoşagəlməz mübahisələrin, hər hansı cinayət hadisəsinin baş verməsinə səbəb ola bilər. Buna görə də hazırkı iddia ərizəsinin verilməsi zərurəti yaranmışdır. Cavabdeh 1 ildən artıq müddətdir ki, mübahisəli evdən çıxıb getmisdir. Ona məxsus müəyyən əşyalar mübahisəli evdə qalmışdır. Bu səbəbdən cavabdehin ona məxsus yaşayış evdən istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi bütün dəlillər yanlış və böhtan xarakterli olub, öz-özlüyündə ziddiyyətlidir. İlk növbədə qeyd etməlidir ki, o, əri X6 ilə 15 iyul 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan iki övladı - 07 avqust 2003-cü il təvəllüdlü X7 və 02 may 2006-cı il təvəllüdlü X8 anadan olmuşlar. O, ailə həyatı qurduqdan sonra birgə nikah dövründə Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 40, 17 B saylı evi valideynlərinin dəstəyi, köməyi ilə tikərək orada ailəsi, yəni əri və uşaqları ilə birgə yaşamışdır. Ona məxsus cehiz əşyaları da həmin evdə onun istifadəsində olmuşdur. Bir müddət o, əri ilə mehriban dolansa da, sonradan ailə münasibətləri pozulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-498/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə əri X6 ilə olan nikah münasibətlərinə xitam verilmiş, azyaşlı uşaqlarının onun yanında saxlanması qət edilmişdir. Sonradan onun ailə münasibətlərində gərginlik yarandığı zaman o, evindən qovulmuş və nikahı məhkəmə qaydasında pozulduqdan sonra iddiaçı tərəfindən həmin evə buraxılmamışdır. Hətta bununla bağlı onlara qarşı birgə nikah dövründə tikdirdikləri evə köçürülmə barədə iddia tələbi Binəqədi Rayon Məhkəməsində mülki işə baxılarkən istifadəsində olan cehiz əşyalarının üzərinə iddianın təmin tədbiri kimi həbs də qoydurmuşdur. Ona məxsus cehiz əşyaları Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(001)-10361/2018 saylı qərardadı ilə həbsdə olduğu zaman iddiaçı tərəfindən ondan gizlincə icazəsi olmadan cehiz əşyalarını, eləcə də mətbəx mebelini sökdürərək qanunsuz olaraq evdən boşaldılmış, həyətdə istifadədə olan anbar olan nəm bir otağa yığılmışdır. O, məhkəmənin iddianın təmin tədbiri barədə qərarın icrası zamanı evində istifadəsində olan ona məxsus cehiz əşyalarını aşkar edə bilməmişdir. Cehiz əşyalarını soruşduqda ona məxsus cehiz əşyaların həyətdəki anbara yığılmasını, açarın da ona verilməməsi və həmin əşyaların oradaca qalmasını baldızı Hicran inadkarlıqla bildirmişdir. Onun əri ilə münasibətinin pozulmasından sui-istifadə edərək iddiaçı onun vəsaiti ilə inşa edilmiş evə soxularaq orada yaşamağa başlamışdır. İddiaçı bunu məqsədli şəkildə edərək onu evdən qovmaq və evindən məhrum olmaq, ailəsinin dağılmasının əsas səbəbkarı iddiaçı olmuşdur. Halbuki, həmin həyətdə onlar birgə nikahda olarkən əri ona həmin torpaq sahəsində iddiaçıya ayrıca fərdi ev inşa etdirmişdir. O zaman bir ailə kimi o da ustalara yemək, çay verməklə qulluğunda durmuşdur. Amma iddiaçı özünə məxsus evi yalandan görünüş yaratmaqla satmağını (amma həmin ev kirayədədir) bildirib onun evinə məcbur soxularaq yaşamağa başlamışdır. Onun əri ilə nikahı məhkəmə qaydasınada xitam verilməmişdən əvvəl o, evdən məhrum olsun deyə evdən qovulmuşdur. Bundan sonra iddiaçı guya ev ona məxsusdur deyə onu evdən çıxarmağa hər vasitə ilə çalışır. Halbuki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəsini almış qətnamələri mövcuddur. Məhkəmə qərarları olduğu halda həmin tələbə yenidən məhkəmədə baxıla bilməz. Belə ki, iddiaçı ona qarşı “kompensasiya verilməklə hüquqa xitam verilməsi və əşyaları ilə birgə evdən çıxarılması” tələbinə dair Binəqədi Rayon Məhkəməsinin 2(001)-1355/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi rədd edilmişdir. Belə olan halda Binəqədi Rayon Məhkəməsi icraata iddiaçının iddia tələbinin əsassız olduğu halda qəbul etməməli, iddianın yol verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməli idi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh isə iddiaya etirazını müdafiə edərək, bu işə artıq məhkəmələr tərəfindən baxılaraq hüquqi qiymət verildiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(001)-1355/2020 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları – 07 avqust 2003-cü il təvəllüdlü X7 və 02 may 2006-cı il təvəllüdlü X8 ilə birlikdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(001)-1622/2019 saylı qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, korpus 40, 17 B saylı evə əldə etmiş olduğu köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) 7.000 manat kompensasiya verilməklə xitam verilməsi və onların əşyaları ilə birlikdə evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə yaşayış və istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Göstərilən qətnamə ilə ilk və qarşılıqlı iddialar təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə mübahisələndirilən hissədə ilkin iddia üzrə İddiaçı Həbin qızına münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı artıq cavabdehin əşyaları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, korpus 40, 17 B saylı evdən çıxarılması ilə bağlı eyni əsaslar göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi rədd edilmiş və bununla bağlı çıxarılmış qətnamə qanuni qüvvəyə minmişdir. Ona görə də məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “özünə aid əşyaları ilə birlikdə mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar