Məhkəmə qərarları › İş №2(001)-3946/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3946/2020

24.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3946/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi İddiaçı İddiaçının İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların xx.xx.2016-cı il təvəllüdlü övladladı X2 ünvan 3 D (yeni qaydalarla – ünvan 1 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, onun 6 qızı və 1 oğlu var. Qızlarının 3-ü ailə quraraq, köçüb getmiş və öz ailələri ilə ayrı yaşayırlar. Mübahisəli evdə o, həyat yoldaşı və 3 qızı yaşayıblar, lakin həyat yoldaşı xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən, hal-hazırda həmin evdə qızları ilə birlikdə yaşayır. Oğlu – Cavabdeh1 xx.xx.2007-ci ildə digər Cavabdeh2 ilə ailə quraraq Həmidin Bakı şəhərində kirayələdiyi mənzilə gəlin köçmüşdür. 2008-ci ildə iddiaçı mülkiyyətində olan bağ evini sataraq 40.000 ABŞ dollarını oğluna ev alması üçün vermiş, o, da Bakı şəhəri 4-cü mikrorayon ərazisində özünə mənzil alaraq ailəsi ilə birlikdə ora köçmüşdür. Cavabdeh həmin mənzili 2019-cu ilin iyul ayında satdıqdan sonra iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 31D (yeni qaydalarla Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 225) ünvanında yerləşən mənzili xx.xx.2019-cu il tarixdə oğlu-Cavabdeh1 hədiyyə etmişdir. Bundan sonra cavabdehlər sözügedən mənzilə qeydiyyata düşmüşlər. O, ahıl yaşında olduğu üçün hesab edib ki, həyatda olmayanda oğlu bacılarına həyan olacağını, bir qardaş kimi onların qayğısına qalacağını, bütün problemlərinin həllində onlara kömək edəcəyini, atasız olmalarını hiss etməyə qoymayacağını fikirləşərək sözügedən fərdi yaşayış evini sağ ikən oğlu Həmidə bağışlamaq qərarına gəlmiş və bunun müqabilində onunla şərt kəsmişdir ki, evi qəbul edəndən sonra onunla və bacıları ilə normal davranacaq, əmlaka münasibətdə vicdanlı addımlar atacaq, onların evdə yaşamaq hüquqlarını pozmayacaqdır. Bununla bağlı o, üzərinə müəyyən öhdəliklər götürmüşdü. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən iddiaçı bağışlanma müqaviləsinin ləğv edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8125/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə bağışlama müaviləsi və Cavabdeh1 adına verilmiş çxarış ləğv edilmişdir. Cavadehlər formal olaraq qeydiyyatda olmaqla, iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, Cavabdeh1 həmin evdə 2007-ci ilə kimi, həyat yoldaşı və övladı isə ümumiyyətlə həmin evdə yaşamamışlar. Cavabdehlərin pasport qeydiyyatında qalması onun mülkiyyətində olan mənzilinə hüququnun həyata keçirilməsinə maneə törədir, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də qanunvericiliyin tələblərini nəzərə alaraq öhdəliyini yerinə yetirməyən cavabdehlərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə zərurət vardır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili R.Alışov iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və mülki işi materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2016-cı il təvəllüdlü X5 ünvan 3 D ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ********** qeydiyat nömrəli Çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 31 D (yeni qaydalarla – ünvan 1 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan X9 və X4 tərəfindən notarial qaydada verilmiş və imzalanmış xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 31 D (köhnə - ünvan 4 ünvanında qeydiyyata olmasına baxmayaraq, uzun illərdir həmin evdə yaşamır və ora gəldiyini görməmişlər. İş materiallaırna əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 adına xx.xx.2008ci il tarixdə Bakı şəhəri, Mir Cəlal küçəsindəki 16 saylı evin, 49/50 saylı mənzili (xx.xx.2013-cü ildən yeni poçt ünvanı alaraq – ünvan 5 olmuşdur) qeydiyyata alınmış və xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan məhkəmənin “elektron portalından” çıxarılmış məlumatdan məlum olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 4 mkr-n, 3169-cu məhəllə, mənzil 61 Cavabdeh1 mülkiyyətindədir. Məhkəmə iclasında şahid qismində izahat verən X9 və X4 eyni məzmunlu izahat verərək bildirdilər ki, iddiaçı onların qonşusudur, Həmidi də tanıyırlar. Evlənəndən sonra onu o evdə görməyiblər. Həmçinin İddiaçı bağ evini satıb oğluna ev aldığını, iddiaçının hal-hazırda qızları ilə birgə yaşadığını bildirdilər. Məhkəmə iclasında şahid qismində izahat verən X6 bildirdi ki, iddiaçının qızıdır. Cavabdeh2 gəlin gələrkən onlarla bir yerdə yaşamaq istəməmişdir, ona görə də iddiaçı bağı satıb onlara ev almışdır. Sonra cavabdehlər o evi satıb başqa alıblar. Cavabdehlər sözügedən mənzildə yaşamayıblar. Məhkəmə cavabdehlərin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehlərin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, o, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, Cavabdeh1 Cavabdeh2 ilə ailə həyatı qurduqdan sonra mübahisəli mənzildən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqələrini kəsmişlər. Odur ki, cavabdehlərin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutlaeyni hüquqi mahiyyətə malikdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə hesab edir ki, cavabdehlərin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 31 D (yeni qaydalarla – ünvan 1 saylı mənzilə hər hansı bir hüquqları mövcud olmadığından və bu hal iddiaçının mənzilə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, həmçinin cavabdehlərin hazırda özlərinə məxsus yaşayış sahələri olduğundan iddia tələbi əsaslıdır. Ona görə də cavabdehlərin istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüququnun və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2016-cı il təvəllüdlü X2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 31 D (yeni qaydalarla – ünvan 1 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin. Hazırkı məhkəmə qətnaməsi Cavabdehlər xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2016-cı il təvəllüdlü X2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 31 D (yeni qaydalarla – ünvan 1 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar