Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-395/2024 14.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əskik verilmiş 5,1 kv.m mənzil sahəsinə görə 12750 manat pul məbləğinin alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC iddiaçılar arasında imzalanmış müqaviləyə əsasən tikinti şirkəti A.M.Şərifzadə küçəsi 174 ünvanda sökülmüş ümumi sahəsi 70 kv.m olan 3 otaqlı 104 saylı mənzilin əvəzində həmin ünvanda inşa edilmiş yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binasında ümumi sahəsi 84 kv.m ½ payda təmirli mənzili 24 ay müddətinə başa çatdıraraq onlara təhvil verməyi öhdəsinə götürmüşdür. 2019-cu ildə binanın tikintisi başa çatmış, mənzil təhvil verilmişdir. Müqavilənin 6.8-ci bəndində müqavilənin imzalandığı gündən qüvvəyə mindiyi və Tərəflər öz üzərlərinə götürdükləri bütün öhdəlikləri tam həcmdə yerinə yetirən ana kimi qüvvədə olacağı qeyd edilsə də, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi bu günədək tam şəkildə yerinə yetirməmişdir. Şirkətin direktoru X3 təkidi ilə İddiaçı1 ərizə ilə müraciət etdiyindən xx.xx.2021-ci il tarixdə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində mənzil üzərində hüququna xitam verilmişdir. 2021-ci ilin yazında artıq binanın mənzillərinə çıxarışlar verilsə də, o R.İsmayılov mənzil paylı olduğundan, digər tərəfin də hüquqlarına xitam verilməsini əsas gətirərək maliyyə arayışını vermədiyindən Çıxarış ala bilməmişdir. xx.xx.2022-ci il tarixdə X14 də mənzil üzərində hüququna xitam verildiyindən xx.xx.2022-ci il tarixdə R.İsmayılovdan maliyyə arayışını alan zaman onun müqavilənin onlara məxsus olan nüsxələrində ünvanı qeyd etməklə bərabər əvvəldən müqavilədə qeyd olunmayan, onlarla bu barədə razılaşma olmadığı halda oxdan oxa sözünü əlavə etdiyini görüb ona iradlarını bildirmişlər. xx.xx.2022-ci il tarixdə Ə.Ətrafi Qiyasi mənzilə olan hüququna Çıxarış almış və xx.xx.2022-ci il tarixdə öz payını qızı Məryəmə bağışlamışdır. Çıxarışda müqavilədə qeyd olunan 84 kv.m əvəzinə ümumi sahə 78,9 kv.m yazıldığını görüb dəfələrlə şirkətə narazılıqlarını bildirsələr də, şirkətin Telman adlı əməkdaşı onlara ƏMDXDƏD Kadastr və Reyestr Xidmətini məhkəməyə verməyi tövsiyə etmişdir. Baş verənlərlə əlaqədar Ə.X15 rayon İcra Hakimiyyətinin Başçısı E.E.Həsənovun qəbulunda olmuş, onun tapşırığı ilə hüquq şöbəsinin əməkdaşı tikinti şirkəti ilə dəfələrlə danışıqlar aparsa da, hətta iddiaçılar tərəfindən xx.xx.2022-ci il tarixdə şirkətin ünvanına təklif göndərilsə də, dekabr ayı ərzində nəticə əldə edilmədiyindən, İddiaçı1 də mənzilə olan hüququna Çıxarış verilməsi üçün müraciət etmiş və xx.xx.2023-cü il tarixdə onu almışdır. Müqavilədə mənzilin ümumi sahəsinin oxdan-oxa hesablanması barədə şərt olmadığı halda, müqavilə bağlanan vaxt iştirak etməyən, mənzilə köçəndən xeyli sonra şirkətin əməkdaşı kimi tanıdıqları, halhazırda isə şirkətin direktoru kimi sənədləri imzalayan R.İsmayılov yeni ünvanı qeyd etmək üçün iddiaçılardan aldığı müqavilələrə qanunsuz müdaxilə etmiş, mənzilin sahəsi müqavilədə çox göstərilsə də, az verilmiş, onlara qarşı dələduzluq əməli törədilməklə pulları mənimsənilmiş, maddi və mənəvi zərər vurulmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, ekspert gəlib akta imza elətdirib, lakin bilmədən imza etmişdir, nəyə imza etdirdiyini də izah etməmişdir. Müqavilədə mənzilin sahəsi 84 kv.m göstərilmişdir, lakin çıxarışda 79 kv.m qeyd olunmuşdur. Əskik vermişlər. Bu səbəbdən istəyir ki, əskik verilən kv.metrlərə görə pulunu versinlər, həmin pulu onlara geri qaytarsınlar, həmin mənzilə 2019-cu ildə köçmüşlər, lakin müqavilə 2017-ci ilindir. Sanitar qovşağı həmin sahəyə daxil olunub, həmçinin divar arası da sahəyə daxil edilmişdir. Qovşaqlar arasında havalandırma vardır. Bu səbəbdən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini, müqavilə öhdəliklərini icra etdiklərini, bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, İddiaçı1 ünvan 1 ünvanda yerləşən 8 blokda ümumi sahəsi 70 kv.m olan 3 otaqlı 104 saylı mənzili sökmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, Cavabdeh MMC ünvan 1 ünvanda yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi ½ 84 kv.m, təmirli mənzili “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə görürür. Müqavilənin qeyd hissəsində əl yazısı ilə qeyd olunmuşdur ki: hər iki tərəfin qarşılıqlı razılığı əsasında ünvan 2 ünvanda sökülmüş 104 saylı mənzilin əvəzində, həmin ünvanda inşa edilmiş yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında blok 1, 15 saylı mənzil ½ hissədə payla verilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanda inşa edilmiş Cavabdeh MMC-nin payçıları ½ hissə payı olan X4 və ½ hissə payı olan İddiaçı1 3 otaqlı, giriş soldan İ qapı, mərtəbə 3, 84 kv.m, 15 saylı mənzilə dair cəmiyyətin kassasına borcu yoxdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 614, 616, 618, 620, mənzil 15 (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 614, M5, m1) 78,9 kv.m sahəsi olan mənzil xx.xx.2022-ci il tarixdə ½ hissədə X2, ½ hissədə İddiaçı1 adına qeydiyyatdan keçmişdir. - xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X4 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 614, 616, 618, 620, mənzil 15 (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 614, M5, m1) ½ hissədə qızı İddiaçı2 bağışlamışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 614, M5, m1 78,9 kv.m sahəsi olan mənzil xx.xx.2023-cü il tarixdə ½ hissədə İddiaçı1, xx.xx.2022-ci il tarixdə ½ hissədə İddiaçı2 adına qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 614, M5, m1 reyestr nömrəsi **********51-05301-093179 mənzilin xx.xx.2022-ci il tarixdə tərtib edilmiş texniki pasportunun surətindən görünür ki, mənzil 3 otaqdan, ümumi sahəsi 78,9 kv.m, yaşayış sahəsi 43,6 kv.m-dən ibarətdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5319/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertiza təyin edilmiş, ekspert qarşısına aşağıdakı suallar qoyulmuşdur: 1. İddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 614, 616, 618, 620, m.15 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi, 614, M5, m1) ünvanında yerləşən mənzilin faktiki sahəsi nə qədərdir? 2. Həmin mənzilin otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə eyvanların (lociyaların, şüşəbəndlərin və terrasların) sahəsi, mənzilin ara divarları da daxil olmaqla ümumi sahəsi nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9387 saylı ekspert rəyində tədqiqat nəticəsi olaraq aşağıdakılar qeyd olunmuşdur: 1-ci sual üzrə - Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 614, 616, 618, 620, m.15 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi, 614, M5, m1) mənzilin faktiki sahəsi (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 84,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir.; 2-ci sual üzrə - Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 614, 616, 618, 620, m.15 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi, 614, M5, m1) ünvanında yerləşən mənzilin ümumi sahəsinin (otaqların, yerləşgənlərin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə eyvanların (lociyaların, şüşəbəndlərin və terrasların) sahəsi, mənzilin ara divarları da daxil olmaqla) 88,76 kv.m təşkil etdiyi müəyyən edilmişdir. - İddiaçılar ekspert qarşısında qoyulan suallara məhkəməyə yazılı etiraz ünvanlayaraq, mənzildə tikinti şirkəti tərəfindən mənzilin divarlarına və tavanına şpaklyovka qatı vurulması, elektrik, su, santexnika və istilik xətləri çəkilməsi, bütün otaqların döşəməsinə dikt vurulması, mətbəx, hamam-sanitar qovşağına, eyvana tam, dəhlizə yatımçıq styaşka vurulması kimi təmir işləri görülmüşdür. Parketi vurarkən dikt çıxarılmış və onlar tərəfindən döşəmənin şəkli çəkilmiş, sonradan məlum olmuşdur ki, bütün xətlərin üzərinə sement qatı çəkilməli idi, mənzilə günəş şüaları düşmür, səs izolyasiyası pozulmuş, qanunvericiliklə tələb olunanlara demək olar ki riayət edilməmişdir. Bu səbəbdən əldən çıxmış fayda və ödənişin gecikdirilməsinə görə maddi ziyanın ödənməsi üçün pul məbləğinin təyin edilməsi məqsədilə əskik verilmiş yaşayış sahəsinin əvvəlki qiymətləri və hal-hazırki qiymətinin neçə manat olduğu, eləcə də iddiaçılara atdığı böhtanla əlaqədar mənzilin təmirinə nə qədər vəsait xərclənmişdir, tikinti şərtlərinə nə dərəcədə əməl olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”: 3.2. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. 3.3. Açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir. 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz halları aşağıdakılardır. İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC ünvan 2 ünvanda sökülmüş 104 saylı, 70.0 kv.m.sahəsi olan mənzilin əvəzində, həmin ünvanda inşa edilmiş yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında blok 1, 15 saylı, sahəsi 84 kv.m, təmirli mənzilin ½ hissəsini İddiaçı1 və X2 mülkiyyətinə verməyi öhdəsinə götürmüş, 3 otaqlı, giriş soldan İ qapı, mərtəbə 3, 84 kv.m, 15 saylı mənzilə dair İddiaçı1 və X2 borcunun olmaması Cavabdeh MMC tərəfindən təsdiqlənmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 614, 616, 618, 620, mənzil 15 (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 614, M5, m1) 78,9 kv.m sahəsi olan mənzil xx.xx.2022-ci il tarixdə ½ hissədə X2, ½ hissədə İddiaçı1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, xx.xx.2022-ci il tarixdə X4 ½ hissədəki payını qızı İddiaçı2 bağışlamış və 78,9 kv.m sahəsi olan mənzilə dair ½ hissədə İddiaçı2 və İddiaçı1 hüquqları xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Hazırda iddiaçılar cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulduğunu qeyd edərək, müqavilədə qeyd olunan 84 kv.m əvəzinə ümumi sahə 78,9 kv.m sahənin onlara təqdim edilməsini və bunun nəticəsində 5.1 kv.m az sahəyə görə əlavə pul ödənildiyinə əsaslanaraq hazırkı tələblə çıxış edirlər. Məhkəmə aşağıdakılara görə iddiaçıların dəlilləri ilə razılaşmır. İlk növbədə məhkəmə iddiaçılardan İddiaçı2 iddiası ilə bağlı qeyd edir ki, o xx.xx.2017-ci il tarixli müqavilə üzrə tərəf olmayıb, Cavabdeh MMC onun qarşısında mübahisəli mənzillə bağlı hər hansı öhdəlik götürməyib. X4 ½ hissədəki payını xx.xx.2022ci il tarixdə ona bağışlamış, İddiaçı2 da hədiyyə qəbul edərək müqavilə bağlanmış hesab olunmuşdur. Hazırda İddiaçı2 mübahisəli mənzilin mülkiyyətçilərindən biri olsa da hazırkı tələblə Cavabdeh MMC-yə qarşı çıxış etməsini məhkəmə əsaslı esab etmir. Bununla yanaşı məhkəmə iddiaçıların birgə tələblərinin maddi hüquq normaları ilə uzlaşmadığı qənaətindədir. Belə ki, hazırkı iddianın hüquqi əsasını Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri təşkil edir və işin halları ilə həmin normalar arasındakı əlaqəyə dair müvafiq təhlil aparılmalıdır. Müqavilə bağlanan zaman tərəflər arasındakı müqavilənin alğı-satqı müqaviləsi kimi görünməsinə baxmayaraq, bu müqavilənin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri belə deməyə əsas verir ki, onların arasında podrat müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən podratçı (cavabdeh) sifarişçiyə (iddiaçı) məxsus sahəsi 70.0 kv.m. olan sökülmüş mənzilin əvəzində, həmin ünvanda inşa edilmiş yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında sahəsi 84.0. kv.m. təmirli mənzilin ½ hissəsini İddiaçı1 və X2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Hazırkı halda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmetidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan ölçüdə mənzil təhvil vermək üzrə vəzifəsinin icra olunması iş üzrə təyin edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə sübut olunur. Həmin rəydə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 614, 616, 618, 620, m.15 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi, 614, M5, m1) mənzilin faktiki sahəsi (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 84,1 kv.m təşkil etdiyi, həmin ünvanında yerləşən mənzilin ümumi sahəsinin (otaqların, yerləşgənlərin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə eyvanların (lociyaların, şüşəbəndlərin və terrasların) sahəsi, mənzilin ara divarları da daxil olmaqla) 88,76 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Sözügedən ekspert rəyində aparılmış tədqiqatların təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən, rəyin mötəbər sayılmaması üçün hər hansı əsas mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən formalaşmış məhkəmə təcrübəsinə görə də analoji işlərdə mənzilin ümumi sahəsi balkon, eyvan, lociya sahələrinə əmsal tətbiq edilmədən hesablanır. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yuxarıda istinad olunan Qaydalarında mənzilin ayrı-ayrı hissələrinin müvafiq əmsallara vurulması texniki sənədlərin tərtibi üçün əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, mülkiyyəti təsdiq edən çıxarışda müvafiq normalara uyğun ölçülərin fərqli göstərilməsi cavabdeh tərəfindən öhdəliklərinin lazımınca yerinə yetirilməməsinə dəlalət etrmir və qanunun tələbi kimi qəbul edilən ölçülərlə faktiki tikinti sahələrinin eyniləşdirilməsi fərqli meyardır. Nəzərə alınmalıdır ki, mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Sübutların iş üçün əhəmiyyətli halların müəyyən edilməsinə yetərli olubolmaması məsələsini isə məhkəmə öz daxili inamına əsasən həll ed İşin məhkəmə araşdırılması ilə iddiaçıların dəlillərinin əsaslı olması sübuta yetmədiyindən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən əskik verilmiş 5,1 kv.m mənzil sahəsinə görə 12750 manat pul məbləğinin alınıb onlara verilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı1 və İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-395/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-395/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver