Məhkəmə qərarları › İş №2(001)-3970/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-3970/2021

29.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3970/2021 29.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İş № 2(001)-3970/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QİYABİ QƏTNAMƏ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ 29 iyul 2021-ci il Bakı şəhəri Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 6, *** saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmiş və cavabdehlərin məhkəməyə gəlməməsi səbəbindən işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehlərin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməməsini nəzərə alıb, işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçının qardaşı Hüseynxan Yusifovun uşaqlarıdır, Cavabdeh2 isə həmin qardaşının yoldaşıdır (digər cavabdehlərin anası). İddiaçının köçürülməsini tələb etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 6, *** saylı fərdi yaşayış evi özbaşına tikilidir və cavabdehlər hazırda da həmin evdə pasport qeydiyyatındadır. Həmin evə qaz və su sayğacının quraşdırılmasına dair müqavilələr iddiaçının anası X2, su təchizatı ilə bağlı müqavilə isə 2018-ci ildə iddiaçı ilə bağlanmışdır. X2 bütün əmlakını qızı İddiaçı vəsiyyət etmişdir. Hazırda iddiaçı cavabdehlərin 1996-cı ilədək bu evdə yaşadıqlarını, bundan sonra həmin evi daimi əsaslarla tək etdiklərini, evin onun anasına məxsus olduğunu, anasının bütün əmlakını ona vəsiyyət etdiyini, evin kommunal xərclərinin onun tərəfindən ödənildiyini, lakin buna baxmayaraq, cavabdehlər tərəfindən evdən çıxarıldığını və evə buraxılmadığını iddia edir və həmin evə köçürülməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; 71-ci maddəsinə əsasən heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi də hər bir fiziki və hüquqi şəxsin əmlakından maneəsiz istifadə hüququna malik olmasını təsbit edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir ("Marks Belçikaya qarşı", "Mançini İtaliyaya qarşı" və sair). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, ididaçının hazırda mübahisələndirdiyi evlə bağlı tərəflər arasında əvvəllər də məhkəmə mübahisələri olmuşdur. Belə ki, iddiaçının anası X1 cavabdehlərə qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2011-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamə X2 tərəfindən apellyasiya qaydasında mübahisələndirilsə də, Bakı Apellyasiya Məhkəməsi 13 dekabr 2011-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin nəticəsini dəyişdirmədən saxlamışdır. Bundan sonra cavabdehlər iddiaçıya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının mübahisəli evdən çıxarılmasını tələb etmişdilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 yanvar 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 15.07.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 yanvar 2015-ci il tarixli, 2(001)-719/2015 saylı qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin məhkəmə icraatı çərçivəsində iddiaçıya qarşı irəli sürülmüş “yaşayış sahəsindən çıxarılma” tələbinə hüquqi qiymət verilmiş və iddiaçının ən azı bu evdən istifadə və ona sahiblik etmək hüquqlarının olması qənaətinə gəlindiyindən ona qarşı irəli sürülmüş bu tələb rədd edilmişdir. Başqa sözlə, iddiaçının qeyd edilən evdən istifadə və ona sahiblik etmək hüquqları tanınmışdır. Hazırda da iddiaçı artıq məhkəmə qaydasında hüquqları tanınmış, o cümlədən anasının və özünün yaşadığı, məhz həmin evə köçürülməsini tələb edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 6, *** saylı fərdi yaşayış evinə köçürülməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 6, *** saylı fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qiyabi qətnaməni rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev İş № 2(001)-3970/2021 QƏRARDAD BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ 29 iyul 2021-ci il Bakı şəhəri Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 6, *** saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdilər. Bu səbəbdən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmiş və cavabdehlərin məhkəməyə gəlməməsi səbəbindən işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər; 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmaqla hazırki iddia tələbinə qiyabi icraat qaydasında baxılması mümkündür. Belə ki, iş materiallarında cavabdehin məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə dair məlumatlar və işə qiyabi baxılmasına iddiaçının nümayəndəsi və vəkilinin yazılı formada razılığı mövcuddur. Qeyd olanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238-ci, 263-264-cü maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar