Məhkəmə qərarları › İş №2(001)-3972/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3972/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3972/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdehlər qarşlıqlı iddia üzrə iddiaçıların nümayəndəsi (vəkili) X2 iştirakları ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin istifadə hüquqlarının itirilməsi” tələbi barədə ilkin və Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İlk iddia üzrə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, hal-hazırda onun ünvan 1 ünvanında qeydiyyatda olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlərin onun ünvanından pasport qeydiyyatından çıxarılıb hal-hazırda yaşadıqları öz ünvanlarına qeydiyyata düşmələrini onlardan dəfələrlə xahiş etmişdir. Lakin cavabdehlər neçə illərdir ki, onunla birgə deyil, Abşeron rayonu, Xırdalan qəbəsinin "AAAF" park yaşayış kompleksinin binasında özlərinə məxsus xüsusi mülkiyyətlərində yaşayırlar. Lakin qeydiyyatları onun ünvanında qalmışdır. O, yaşlı, təqaüd alan insandır. Aldığı təqaüd demək olar ki, özünə güclə çatır. Hər ay biri gəlib deyir ki, su pulu ver, o birisi gəlir ki, zibil pulu ver, özü də adambaşına hesablayırlar. Deyir ki, onlar burada yaşamırlar, burada heç nədən istifadə etmirlər, axı onların yerinə niyə pul verməlidir? Ona Mənzil İstismar İdarəsindən deyirlər ki, onların qeydiyyatları bu ünvana olduqlarına görə onlara da pul tutulur. Ona görə də onları da nəzərə alırlar. Həmçinin ona bildirilmişdir ki, “Əgər pul vermək istəmirsənsə, onda zəhmət çək onları qeydiyyatdan çıxart, qoy yaşadıqları ünvan üzrə öz mülkiyyətlərinə qeydiyyata düşsünlər. Sizin də kommunal ödənişləriniz azalsın” Dəfələrlə onlardan xahiş etsə də, cavabdehlər hələ də onun mənzilindən qeydiyyatdan çıxmaq istəmirlər. Əksinə, onu təhqir edir, şərəf və ləyaqətinə zərər vururlar. Hələ azmış kimi, onu döyüb söyürlər də. Hətta bu barədə Binəqədi Rayon Polis Şöbəsinin 7-ci Bölməsinə şikayəti də olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilk iddiaya qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar düzgün və ağlabatan deyildir, həqiqəti əks etdirmir, iddiaçının iddia tələbinin əsasını təsdiq edən heç bir mötəbər sübutu yoxdur. İddiaçı iddia tələbinin əsası kimi guya onların əvəzinə də kommunal xərcləri ödədiyindən ona zərər dəydiyini göstərmişdir. Bununla bağlı qeyd edilməlidir ki, bütün kommunallar (işıq, su, qaz) sayğac vasitəsi ilə ödənilir, yəni nədən istifadə edilirsə o qədər də ödəniş edirlər. Həmçinin bildirilir ki, Abbas həmin ünvanda doğulmuşdur. Bir neçə ay bundan əvvələ qədər də ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. Arvadı Vüsalə də onunla evləndikdən sonra həmin ünvana gəlin köçərək orada yaşadığından, o da həmin ünvanda qeydiyyata düşmüşdür, hətta uşaqları da həmin ünvanda doğulmuşdur. Lakin Abbasın nənəsi rəhmətə getdikdən sonra bu yaxınlarda (təxminən 1 ildən çox) babası evə başqa qadın gətirdikdən sonra tez-tez onlarla münaqişə yaratdığından o, ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq kirayə mənzil tutaraq kirayədə yaşamaq məcburiyyətində qalmış, babası isə bundan istifadə edərək onları məhkəməyə vermişdir. Bundan başqa nəzərə alınmalıdır ki, hazırkı mülki iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı mübahisə edilən əmlak üzərində sərəncam vermək hüququ olmadığından iddia tələbi rədd edilməlidir. Ona görə də hesab edir ki, iddiaçının iddiasının əsası olmadığından (eləcə də sərəncam vermək və iddia qaldırmaq üçün subyektiv hüququ olmadığından) iddia tələbi rədd edilməlidir. Daha sonra isə Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 12, 32 saylı yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Abbasın babası özünə təzə arvad gətirdikdən sonra onu yaşadıqları ünvanda yerləşən fərdi yaşayış evinə qeydiyyata saldırmaq istəsə də bu baş tutmamışdır. Hal-hazırda qeydiyyatda olduqları ünvanda yerləşən fərdi yaşayış evi əvvəllər bir mərtəbəli olmuş və həmin evin 2-ci mərtəbəsi Abbas tərəfindən tikilmiş və təmir edilmişdir. Orada Abbas ailə üzvləri ilə (arvadı və uşaqları) yaşamışdır. Sadəcə babası ilə mübahisə etməmək xatirinə, münaqişədən uzaq olmaq üçün müvəqqəti kirayədə yaşamaq məcburiyyətindədir, halhazırda ümumi ev əşyaları da oradadır. Bundan başqa, Abbas dəfələrlə Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinə müraciət edərək müvafiq vergiləri ödəmək istəsə də oradan ona bildirmişlər ki, illərdir ki, onların evlərinə görə ödəniş olmamışdır. O, həmin vergiləri ödəmək istəsə də babasının ata adı səhv göstərildiyinə görə ödəniş edə bilməmişdir. Oradan ona bildirmişlər ki, baban özü şəxsən gəlməlidir və ya etibarnamə əsasında ödəniş edə bilər, bələdiyyədən ona yalnız borc cədvəlini təqdim etmişlər. Babası hətta özü qəsdən münaqişə yaradaraq Abbasdan polisə şikayət etmişdir. Hətta əvvəlcə bir dəfə DİN-in 102 qaynar xəttinə də həqiqəti əks etdirməyən müraciət etmişdir. Yuxarıda göstərdiyi hallar Binəqədi RPİ-nin 7-ci PB-nin 17 iyul 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də təsdiqini tapır. Əlavə olaraq bildirmək istəyir ki, təminən 6-7 il bundan əvvəl hazırkı mülki iş üzrə iddiaçı olan İddiaçı ağır xəstə olduğuna görə Abbas onu Gömrük Hospitalında (ürəyindən) əməliyyat etdirmiş və onun sağalması üçün 16.000 manat pul xərcləmişdir. Təxminən 3 il bundan əvvəl nənəsi Venera xanımı da Bakı Medikal Plazada ürəyindən (stent qoydurmuşdur) əməliyyat etdirmiş və bütün xərclərini də özü qarşılamışdır. Onlar babası ilə heç vaxt pis olmamışlar. Nənəsi rəhmətə gedəndən sonra da münasibətləri əla olmuşdur. Yalnız babası indi yaşadığı qadını tapdıqdan sonra o, tamamilə dəyişmiş və onlarla münasibətləri korlamışdır. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi xahiş edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddiaya etiraz ərizəsi verərək etirazını onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 düz beş ildir ki, onunla birgə yaşamırlar. Xırdalanda yerləşən “AAAF park” yaşayış komleksində ev alaraq orada yaşayırlar. Həmin evin alınması üçün 30.000 manat məbləğində öz əli ilə Cavabdeh2 nağd pul sayıb vermişdir ki, nəvəsidir cavan ailəsi, uşağı var getsin yaşasın. O da gedib oradan ev alıb öz adına yoxsa Cavabdeh1 adına alıb bilmir. Cavabdeh onun öz nəvəsidir, onu özü böyütmüş, ali təhsil vermiş, toyunu etmiş, bütün əziyyətlərini çəkmişdir. Buna baxmayaraq əvəzində cavabdeh onu öz mənzilində döyərək ona etdiklərinin əvəzini vermişdir. Cavabdehlər öz qarşılıqlı iddialarında bildirirlər ki, o, evə qadın gətirib onları evdən çıxarmışdır. Bu tamamilə yalandır və ona qarşı böhtandır. Onlar onunla beş ildir ki, yaşamırlar. O, evə küçədən keçən qadın gətirməmişdir. O, özünə baxan, qulluğunda duran qadınla ailə həyatı quraraq nikaha daxil olmuşdur. Onu gəlib evinin içində, öz mənzilində qonşularının gözü qarşısında döyüb qanına qəltan edən şəxs onun evinə köçüb orada necə yaşaya bilər? Buna kim zəmanət verə bilər ki, onlar onun evinə köçürüldükdən sonra onu öldürməyəcəklər. Onun mənzilini ələ keçirmək üçün onu zəhərləməyəcəklər. Onun döyülməyi barədə məhkəməyə faktları təqdim etmişdir. Binəqədi Rayon Məhkəməsinin hakimi X6 6(001)-4/2021 iş nömrəli qərarı sübutdur. Həmin faktları əlində rəhbər tutaraq Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddiasını qəbul etmir və qarşılıqlı iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsində, habelə etiraz ərizəsində qeyd edilən məzmunlarda izahat verdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mənzilin hüquq müəyyənedici sənədi yoxdur. O istəyir ki, cavabdehlər ondan əl çəksinlər, qeydiyyatdan çıxsınlar. Cavabdehlərin onun evindən istifadə hüquqları yoxdur. O, kommunal ödənişlərlə bağlı əlavə xərclərə cəlb edilir. İşıqda, qazda, suda sayğac yoxdur. Kommunal ödənişləri qeydiyyatda olan adamların sayına uyğun ödəyir. Nəvəsi Abbas mübahisə predmeti olan evdə doğulmuşdur. Evlənənə kimi və evləndikdən bir müddət sonra ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. X11 ev aldılar, ona görə də onlar ora köçdülər. Mübahisə predmeti olan evin ikinci mərtəbəsi var. Evin ikinci mərtəbəsi Abbas tərəfindən deyil, onun tərəfindən tikilmişdir. Abbas sadəcə olaraq ailəsi ilə birlikdə yaşamaq üçün evin ikinci mərtəbəsini təmir etdirmişdir. Yoldaşı rəhmətə gedəndən sonra cavabdehlər Xırdalandakı öz evlərinə getdilər. Ona da təklif elədilər ki, gedib onlarla birlikdə yaşasın. O, yaşlı olduğundan, orada yaşaya bilməzdi. Bu səbəbdən getməmişdir. Tək yaşadığı üçün ona baxan bir xanımla evlənmişdir. Münaqişələr də burdan başlamışdır. Həmçinin, Abbasla atası arasında da problemlər var idi. Onun atası ilə olan münasibətinə görə Abbas onunla dalaşmışdır. Qeyd edilənlərə əsasən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehlər qarşlıqlı iddia üzrə iddiaçıların nümayəndəsi (vəkili) X10 qarşılıqlı iddia ərizəsində, həmçinin ilk iddiaya etiraz ərizəsində qeyd edilən məzmunda izahat verdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, tərəflər arasında münasibətlər həmişə yaxşı olmuş, onlar bir ailə kimi yaşamışdır. Onlar arasında bir dəfə mübahisə düşmüş, bununla bağlı ilkin iddia üzrə iddiaçı cavabdehi hüquq mühafizə orqanlarına şikayət etmişdir. Cavabdehin ailəsi ilə birlikdə həmin evdə yaşamaq, təsərrüfat aparmaq imkanı yaradılmalıdır. Ona görə də ilkin iddianın rədd edilməsini, Cavabdeh2 və Cavabdeh1 azyaşlı uşaqları – X7 və X8 ilə birlikdə ünvan 1 ünvanına köçürülməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia isə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1941-ci il təvəllüdlü İddiaçı yaşayış yeri ünvan 1-dir. AZ-İİ seriyalı, 235259 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X3 19 oktyabr 2017-ci il tarixdə nikaha daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Taleh Qarayev tərəfindən qəbul edilmiş 17 iyul 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, İddiaçı döyülməsi barədə ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən qanuni tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin Binəqədi RPİ-nin 7-ci PB-nə göndərilməsi, habelə Azərbaycan Respublikasının 22 iyun 2010-cu il tarixli “Məişət zorakılığı” haqqında qanuna əsasən gələcəkdə baş verə biləcək mübahisələrin, münaqişələrin yaranmasının qarşısının alınması məqsədi ilə qəbul edilmiş qərarın surəti profilaktiki və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Binəqədi RPİ-nin 7-ci PB-nə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin İddiaçı ünvanladığı 17 iyul 2020-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun döyülməyi barədə müraciəti əsasında araşdırılma aparılmış və toplanmış materialda cinayət hadisəsinin tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sonuncunun iddia etdiyi kimi onu döyən nəvəsi Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən qanuni tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti 7-ci PB-nin aidiyyəti əməkdaşına həvalə edilmişdir. Həyata keçirilən tədbirlərin nəticəsi barədə ona əlavə məlumat veriləcəyi bildirilmişdir. Həmçinin sonuncuya qəbul edilmiş qərar göndərilməklə, qərarla razı olmadığı təqdirdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 212.3-cü maddəsinə əsasən müvafiq olaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora yaxud məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 6(001)- 4/2021 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Taleh Qarayevin 17 iyul 2020ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və yenidən araşdırılma aparılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 fevral 2021-ci il tarixli, 742 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən də ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Onun ailə tərkibi aşağıdakılardır: oğlu - X1, gəlini – Cavabdeh1, nəvəsi – Cavabdeh2, nəticələri – X8 və X7. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilmiş 2021ci il yerli (bələdiyyə) vergilər üzrə fiziki şəxsin şəxsi hesab vərəqəsindən görünür ki, ünvan 1 ünvanı üzrə ödənilməli olan borc məbləği ümumilikdə- ilin sonuna vergi və maliyyə sanksiyası üzrə 164,7 manatdır (150 manat-ilin əvvəlinə qalıq, 14,7 manat – vergilər üzrə). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 15 iyul 2021-ci il tarixli məktubdan görünür ki, ünvan 1 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. 17 aprel 2021-ci il tarixdə ilkin iddianın məhkəmədə qaldırılması üçün İddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 28 may 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddianın məhkəmədə qaldırılması üçün Cavabdeh2 tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı nəvəsidir. Məhkəmə iclaslarında verilmiş izahatlardan görünür ki, Cavabdeh2 mübahisəli evdə doğulmuş, həmin evdə yaşamış, daha sonra digər ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh1 ailə həyatı quraraq həmin evdə yaşamağa davam etmiş, həmin evdə uşaqları dünyaya gəlmişdir. Bütün bu hadisələrin baş verdiyi müddətdə tərəflər arasında olan münasibətlər həmişə yaxşı olmuşdur. Daha sonra isə İddiaçı yenidən ailə həyat qurması ilə tərəflər arasında münasibətlər korlanmış, onlar arasında mübahisələr yaranmış, bununla bağlı hüquq mühafizə orqanına müraciət edilmiş və Cavabdeh2 ailəsi birlikdə həmin evi tərk etmişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanına istifadə hüquqlarının itirilməsini, Cavabdeh2 və Cavabdeh1 isə qarşılıqlı iddia ilə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə həmin ünvana köçürülmələrini xahiş edirlər. Məhkəmə ilkin iddia bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında öz əksini tapmışdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Göründüyü kimi, tərəflərin qeydiyyatda olduğu və İddiaçı hazırda faktiki yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 12 ünvanında yerləşən 32 saylı fərdi yaşayış evi özbaşına tikilidir. Belə ki, həmin evə nə İddiaçı, nə də başqa hər hansı şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Belə olduğu halda isə məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik olmadığından İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin istifadə hüquqlarının itirilməsi” tələbi barədə ilkin iddiası təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, qarşılıqlı iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin ilkin iddia üzrə cavabdehlərin, qarşılıqlı iddia üzrə iddiaçıların vəsaiti hesabına əldə edilməsi və ya inşa edilməsi və yaxud təmir-tikinti işlərinin aparılması və sair kimi hallar müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onların yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onların iddiası əsaslı hesab edilə bilər. Belə olan halda, məhkəmə Cavabdeh2 mübahisəli evdə doğulduğunu, həmin evdə boya başa çatdığını, həmin evdə ailə həyatı quraraq yaşamağa davam etdiyini, həmin evdə uşaqlarının dünyaya gəldiyini, habelə həmin mübahisəli evin ikinci mərtəbəsində təmir-tikinti işlərini apardığını, yaşadığı evi daimi əsaslarla tərk etmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh2 da babası – İddiaçı kimi mübahisəli evdə yaşamaq hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, digər qarşılıqlı iddiaçı olan Cavabdeh1 da Cavabdeh2 ailə üzvü olduğundan, qarşılıqlı iddia tam təmin edilməli və onlar azyaşlı uşaqları ilə birlikdə mübahisəli ünvana köçürülməlidirlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı qarşılıqlı iddiaya etirazında Cavabdeh2 ilə arasında baş vermiş münaqişələrə əsaslanaraq qarşılıqlı iddianın rədd edilməsini xahiş etsə də, tərəflər arasında davamlı surətdə baş verən məişət zorakılığının mövcud olması iş materialları ilə təsdiqini tapmır. Belə ki, tərəflərin izahatına əsasən onların arasında münasibətlər həmişə yaxşı olmuş, aralarında yalnız birdəfə münaqisə baş vermişdir. Bu əsasla qarşılıqlı iddianın təmin edilməməsi Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşadığı mənzildən qanunsuz məhrum edilməsi ilə nəticələnə bilər ki, bu da öz növbəsində ədalət balansının kobud şəkildə pozulması halıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin istifadə hüquqlarının itirilməsi” tələbi barədə ilkin iddiası təmin edilməməli, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməli, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair qarşılıqlı iddiaları təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 azyaşlı uşaqları – X7 və X8 ilə birlikdə ünvan 1 ünvanına köçürülməli, qarşılıqlı iddia üzrə Cavabdeh2 tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı tutularaq Cavabdeh2 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin istifadə hüquqlarının itirilməsi” tələbi barədə ilkin iddiası təmin edilməsin. Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair qarşılıqlı iddiaları təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 azyaşlı uşaqları – X7 və X8 ilə birlikdə ünvan 1 ünvanına köçürülsünlər. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə Cavabdeh2 tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı tutularaq Cavabdeh2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar