Məhkəmə qərarları › İş №2(001)-3985/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3985/2024

24.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3985/2024 24.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “yaşayış sahəsinə hüququnun tanınması və köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Açar sözlər : (istifadə hüququ, mənzilə köçürmə) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “yaşayış sahəsinə hüququnun tanınması və köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “yaşayış sahəsinə hüququnun tanınması və köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onu övladları xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X13 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 25 may qəsəbəsi, 4-cü küçə, ev 139-da yerləşən fərdi yaşayış evinə hüquqları tanınmaqla köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə el adət-ənənəsinə uyğun toy məclisi olduqdan sonra onlara məxsus Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. Evə gəlin köçdüyü zamandan bir müddət sonra gəlin köçdüyü ev satışa çıxarıldı və ev satıldıqdan sonra onlara müvəqqəti yaşamağa icazə verildi. Satılmış evin pulundan əri Cavabdeh və onun payına düşən məbləğ verildi. 2007-ci ilin təxminən may ayında Bakı şəhəri, Binəqədi rayonu 28 may qəsəbəsi ərazisində torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdirməyə başladılar və əri tərəfindən evin tikintisinə əlavə pul vəsaiti qoyuldu. 2 ay müddətində evin tikintisi başa çatdı və o, əri Cavabdeh, qaynanası Çinar xanım və qaynatası Sərkər müəllimlə birlikdə həmin yeni tikdirdikləri fərdi yaşayış evində yaşamağa başladılar. xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2009-cü il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvllüdlü X13 birgə nikah dövründə həmin evdə anadan olandan yaşamışlar. Bundan sonra əri ilə birgə nikah dövründə əldə etdikləri fərdi yaşayış evinə bütün cehiz əşyalarını da gətirdi. Fərdi yaşayış evinin tikintisində onun qardaşı Şahlar, yeznəsi Natiq iştirak etmişlər. Bacısı Şahnurə isə təmizlik işlərində və ustalara yemək bişirərək və digər xırda təmir işlərində kömək edərək evi ərsəyə gətirmişlər. Hətta o, şəxsən evin divarlarını emusiya ilə rəngləmişdir. Bundan başqa evin darvazasını rəngləmiş və mütəmadi olaraq evin təmir xərcləri tərəfindən qarşılanmışdır. Bundan başqa tikdirdikləri evdə qaynatası yatan otağı o, emusiya alaraq oranı özü təmir etmişdir. Qaynanası Çinar xanım 2009-cu il tarixdə qaynatasından boşandığı üçün evin ona düşən hissəsinin pulunu onlardan tələb etdi. Bu səbəbdən o, özünə aid qızılları sataraq qaynanasına çatası 7500 ABŞ dolları düzəldib verdilər. Qaynanası isə həmin pula yaxınlıqda torpaq sahəsi alaraq ev tikdirdi. O isə ailəsi və qaynatası ilə birlikdə bu yaxın günlərə kimi həmin birgə nikahda olduqları dövrdə tikdirdikləri evdə yaşamışdır. Bundan başqa 2022-ci ilin aprel ayında birgə nikah dövründə tikdirdikləri evə kreditlə stol-stul dəsti, jurnalni və divan almışdır. Kreditini isə yenicə bitirmişdir. Bundan sonra isə aralarında mübahisə yaranmış, 2023-cü ilin iyun ayında əri onu döyərək uşaqlarla birlikdə küçəyə atdı və birgə nikah dövründə tikdikləri və təmir etdirdikləri fərdi yaşayış sahəsindən çıxmaq məcburiyyətində qalmışdır. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq qardaşının evinə sığınmış, qardaşının evi darısqal, şəraitsiz olduğu üçün orada yaşamağına şərait yoxdur. Bu səbəbdən həmin evdən də çıxmaq məcburiyyətində qaldı. Başqa qalmağa isə yeri yoxdur. Hazırda isə kirayələrdə yaşayır. Odur ki, birgə nikah dövründə tikdikləri fərdi yaşayış evinə köçərək yaşamağının təmin olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin həcmini azaltmış və məhkəmədən övladları ilə birlikdə yaşayış sahəsinə köçürülməsini və yaşayış sahəsinə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının iddia tələbinin həcminin azaldılması barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı izahatına əlavə olaraq bildirmişdir ki, Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahatında məhkəməyə bildirdi ki, həmin evi o, Sərkər Əliyevdən 2024-cü ilin aprel ayından almışdır. İddiaçının evi aldığı şəxslərlə aralarında olan mübahisələrdən məlumatı olmamışdır. Evi alan zaman evdə əşyalar olmuş, Sərkər kişi həmin əşyaların keçmiş gəlinənə məxsus olduğunu bildirərək evdən götürmüşdür. Evi aldığı tarixdən ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır, kommmunal xidmətlərlə bağlı müvafiq orqanlarla müqavilə bağlamış və sayğac adına dəyişdirilmişdir. İddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh Bakı İstintaq Təcridxanasında saxlanıldığından təcridxana rəhbərliyi vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, iddia tələbinə münasibət olaraq iddia tələbi ilə razı olmadığına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən səbəblərdən cavabdehin məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmadığından məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-77/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı və Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Qaradağ rayon Qeydiyyat Şöbəsi 1478 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X13 ananın himayəsində və yanında saxlanılmışlar. - Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 28 May qəsəbəsi ərazi nümayəndəliyinin 126 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 25 may qəsəbəsi, 4-cü küçədə 2007-ci ildən xx.xx.2023-cü il tarixədək qeydiyyatsız yaşamışdır. - Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2024-cü il tarixli, AK-02400/04-24 saylı müqavilənin surətindən görünür ki, “Azəriqaz” İB ilə X3 arasında Abşeron-14 Abşeron-045 X14 -0000-7840 ünvanda (kod:**********07840) ünvanda istifadə olunan qazın istehlakı barədə müqavilə bağlanmışdır. - 14.04.2024-cü il tarixli Aktın surətindən görünür ki, abonent kodu **********07840 olan qa sayğacı istifadə olunan qaz sayğacının məxsus olduğu mənzilin qaz istehlakçısı X3 qeyd olunmuşdur. - xx.xx.2024-cü il tarixli, 967809 nömrəli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilədən görünür ki, "xxxx" ASC ilə abunəçi X4 arasında Xırdalan, Quşçuluq Massivi ünvanında yerləşən həyətə dair müqavilə bağlanmış və həmin ünvana abonent kodu **********00341 olan nömrəli elektrik sayğacı quraşdırılmışdır. - 00000015535293 seriyalı tədiyə bildirişinin surətindən görünür ki, Xocəsən bələdiyyəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ünvana xx.xx.2024xx.xx.2024-cü il tarix intervalına hesablanmış 138,07 manat vergi borcu X2 ünvanlanmışdır. - xx.xx.2024-cü il tarixli, 48389046 nömrəli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, "xxxx" ASC ilə abunəçi X4 arasında ünvan 3 ünvana dair müqavilə bağlanmış və həmin ünvana abonent kodu **********391 olan nömrəli su sayğacı quraşdırılmışdır. - Azərbaycan Respublikası memarlıq və Dizayn Mərkəzi Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidmətləri fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsinə dair hesabat cədvəlinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi, 28 may qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən fərdi yaşayış evinin inventar dəyəri 40600 manat təşkil edir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəllənin 180-ci maddəsinə əsasən: ”180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə əsasən aşağıdakı maddələr üzrə hərəkət-hərəkətsizlik cinayət məsuliyyətini yaradır: -188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma; – 188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma; - 222-1.1. Qanunvericiliklə müəyyən olunmuş qaydada tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda; - 314-2.1. Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən torpaq sahələrini tikinti üçün ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə; - 314-3.1. Müvafiq dövlət orqanının vəzifəli şəxsinin öz vəzifələrinə səhlənkar yanaşması nəticəsində bu Məcəllənin 222.1-ci, 222-1.1-ci və 222-2.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının alınmaması. Deməli, bilvasitə olaraq belə yuxarıda qeyd edilən dispozitiv şərtlərə münasib (cinayət təhdidi altında olan) qanunsuz əməllərə mülki müstəvidə qiymət verilməsi sui-istifadəyə və qadağan edilmiş özbaşınalığa şərait yarada (rəvac verə) bilən həssas məsələdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud olmasa da, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsi şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan da etmir - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Hazırkı işin mübahisəsiz müəyyən olunan halı odur ki, tərəflər 2005-ci il tarixdə ailə qurmuş, birgə nikahda olduqları müddətdə cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəsi gedən tikilidə yaşamağa başlamış, uşaqları həmin evdə doğulmuşdur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan həmin evin yaşayış sahəsi kimi istifadə edildiyi və tərəflərin ailə münasibətlərinin pozulmasına qədər iddiaçının orada yaşadığı da işin mübahisəsiz halıdır. İddiaçı bildirir ki, nikah bağlanan zaman başqa evdə yaşasalar da, gəlin köçdüyü evin satılması nəticəsində ona və cavabdehə düşən pay olaraq verilmiş pulun müqabilində mübahisələndirdiyi evin yerləşdiyi torpaq sahəsi alınmış və ev tikilmiş, yeni evin tikilməsində iştirak etmişdir, əşyaları hələ də həmin evdədir, ev onların birgə vəsaiti hesabına tikilmiş, təmir olunmuşdur. Məhkəmə tərəfindən iddiaçının iştirakı ilə mübahisəli fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zzamanı yaşayış evinin 2024-cü il tarixdən kənar şəxslərə satılması, hazırda həmin evdə iddiaçıya məxsus əşyalar olmamaqla X5 ailə üzvləri ilə yaşadığı müəyyən edilmiş, həmin şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Ona görə, hazırki münasibətlərdə iddiaçının və cavabdehin subyektiv hüququ müstəvisində sübutların mövcud olmaması, habelə mübahisənin mülki hüquqi səciyyəsinin müəyyən edilməməsi, anoloji mülki münasibətlər baxımından belə iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə tərəfindən iddia üzrə iddiaçının diqqətinə çatdırılmalıdır ki, ilk olaraq hər hansı daşınmaz əmlaka dair hüququların təsbit edilməsi üçün müəyyən edilmiş səlahiyyətə sahib müvafiq icra hakimiyyətində rəsmi qeydiyyatdan keçdikdən sonra hüquqlarının müdafiə edilməsi üçün mübahisə yaranarsa, məhkəməyə müraciət etməkdə haqlıdıdır. Hazırki mülki hüquq münasibətlərdə iddiaçının cavabdehlə ailə (mülki) qanunvericliyinin maddi hüquq normalarının analogiya üzrə tətbiqinə belə imkan vermədiyindən, iddianın təmin edilməsi hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi və məhkəmə səlahiyyətindən kənar olaraq yolverilməzdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12, 15 və 16-cı maddələrinə əsasən: Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən: Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). İş üzrə mübahisəli tikilinin cavabdehə məxsusluğu, qeydiyyatı və ünvanı, habelə iddiaçıya aidiyyatı və əmlak (əşya) hüquqları olması sübuta yetirilmir. Əksinə, tikili əvəzli əsaslarla üçüncü şəxsin sahibliyinə verilməklə hazırda üçüncü şəxsin sahibliyində olması müəyyən edilmiş, iddiaçı özü də həmin faktı təsdiq etmişdir. Bununla belə qeyd edilməlidir ki, iddaçının mübahisə edilən tikilinin yaxşılaşdırılması və ya birgə nikah dövründə əldə edilmiş digər əmlak hüquqlarının pozulması ilə bağlı fərqli tələblər irəli sürmək hüquqları məhdudlaşdırılmır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “yaşayış sahəsinə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “yaşayış sahəsinə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar