Məhkəmə qərarları › İş №2(001)-3989/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3989/2024

14.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3989/2024 14.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınlarla və X3 üzrə Dövlət Komitəsi və Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətini cəlb etməklə “mənzildən çıxarılma” tələbinə dair (Açar sözlər: mülkiyyət hüququ, çıxarılma) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınlarla və X3 üzrə Dövlət Komitəsi və Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətini cəlb etməklə “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınlarla və X3 üzrə Dövlət Komitəsi və Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətini cəlb etməklə “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən Şuşa rayonundan olan məcburi köçkün kimi müvəqqəti məskunlaşmış Cavabdeh1, onun hayat yoldaşı Cavabdeh2 və onların onların azyaşlı uşaqları – X5, X6, X2 əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin boşaldılıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 34 kv.m olan 2 (iki) otaqlı mənzil iddiaçının xüsusi mülkiyyətidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli, Seriya RX, ******* nömrəli Çıxarışdan müəyyən edilir ki, mənziİ tam mülkiyyət hüququ əsasında onun xüsusi mülkiyyətidir. Mənzildə Şuşa rayonundan müvəqqəti olaraq məcburi köçkün olan Cavabdeh1, onun hayat yoldaşı Cavabdeh2 və onların azyaşlı uşaqları – X5, X6, X7 müvəqqəti olaraq məskunlaşıblar. İddiaçı dəfələrlə onlardan mənzildən çıxmalarını tələb etsə də, onlar bu gün - sabah deyə-deyə artıq neçə ildir ki, onun mənzildən çıxmırlar. Baxmayaraq ki, 4 ilə yaxındır ki, Ali Baş Komandanın rəhbərliyi altında Rəşadətli Ordu tərəfindən digər rayonlarla birlikdə Şuşa rayonu da işğaldan azad olunub, məlumatına görə Böyük Qayıdış başlayıb, bir çox məcburi köçkünlər artıq öz dədə-baba yurdlarına qayıdıblar. Lakin bütün bunlara baxmayaraq qeyd edilən cavabdehlər mənzildən çıxmırlar, mənzil dair mülkiyyət hüquqlarını həyata keçirməyə süni maneçilik törədirlər, mülkiyyət hüquqlarını məhdudlaşdırırlar, mülkiyyətində olan mənzildən öz iradəsinə uyğun istədiyi kimi istifadə etməyə, sərəncam verməyə mane olurlar, bununla da onun mülkiyyət hüquqları cavabdehlər tərəfindən pozulur. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, məlum hadisələrlə əlaqədar Şuşa şəhərindən ailəsi ilə məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışlar. 2001-ci il tarixədək məskunlaşdıqları yaşayış sahəsindən məcburi çıxarıldıqdan sonra mübahisəli evdə yaşamağa başlamışlar. Həmin yaşayış sahəsinin boş olduğunu eşitmiş, ailə üzvləri ilə birlikdə yaşamaq üçün yaşayış sahəsinə daxil olmuşlar. Mənzildən çıxmağa etiraz etməmiş, lakin yaşamaq üçün başqa mənzili olmamışdır. Dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunduqda mənzildən çıxmağa razıdır. Digər Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınlarla və X3 üzrə Dövlət Komitəsi və Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndənin iştirakı təmin edilməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınlarla və X3 üzrə Dövlət Komitəsi və Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli, Seriya RX, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 xx.xx.2014-cü il tarixdən İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir. - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binəqədi rayonu üzrə bölməsinin xx.xx.2024-cü il tarixli, 1708 nömrəli arayışından görünür ki, X8 və onun ailə üzvləri Əşrəfova paket Hüseynqulu qızı, Cavabdeh1, Cavabdeh2, X4, X6 və X1 şəhərindən gələn məcburi köçkünlər kimi Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Şuşa şəhərindən məcburi köçkünlər X8 və onun ailə üzvləri Əşrəfova paket Hüseynqulu qızı, Cavabdeh1, Cavabdeh2, X4, X6 və X7 Bakı şəhəri, ünvan 1 ünvanda məskunlaşıb yaşayırlar və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. Hal-hazırda Komitə tərəfindən işğal edilmiş ərazilərimizə köçürüləcək məcburi köçkün ailələrinin siyahıları üzrə müvafiq işlər aparılmaqdadır və həmin siyahılar üzrə yuxarıda adları qeyd olunan məcburi köçkün ailəsinin hər birinin adı məskunlaşdıqları ünvan üzrə qeydiyyata alınmışdır. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Məhkəmə cavabdehlərin mübahisəli mənzildən dövlət tərəfindən mənzillə təmin edilmələrindən sonra çıxarılmaları olmaları barədə dəlilinə də münasibət bildirməyi zəruri hesab edir. Qeyd olunan məsələ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 200 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydasında öz əksini tapır. Qaydalarda göstərilir ki, məcburi köçkünlərin müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi onların məskunlaşdığı şəhər və rayon İcra Hakimiyyəti Orqanlarının təşkil etdiyi müvafiq komissiya tərəfindən həyata keçirilir. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələbləri cavab verən başqa yaşayış sahəsi ilə təmin olunmalıdır. Başqa yaşayış sahəsi ilə təmin olunma mənzildən çıxarılmadıqdan əvvəl həyata keçirilməlidir. Eyni zamanda “Qaçqınların və Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamının 2-ci maddəsində aşağıdakılar göstərilir: “Azərbaycan Respublikası aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələr və evlərə köçürülənədək, mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər” Lakin bununla bərabər Azərbaycan Respublikası Konstitusiyasının 149-ci maddəsi Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktların iyerarxiyasını müəyyən edir. Ona görə məhkəmələr həmin normativ hüquqi aktlar arasında ziddiyyət olduğu hallarda daha yüksək hüquqi qüvvəyə malik olan normativ aktları tətbiq etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə görə, Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Həsənov Azərbaycana qarşı” 22 aprel 2010-cu il tarixli qərarında aşağıdakılar göstərmişdir: “Azərbaycanda məcburi köçkünlərin böyük sayının mövcudluğu məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunma hüquqlarına qarşı ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunmuş mülkiyyətdən maneəsiz istifadə hüquqlarının tarazlaşdırılmasını tələb edirdi. Belə olan halda, cavabdeh Dövlətə geniş mülahizə həddi təqdim edilməlidir. Lakin dövlətin mülahizəsinin həyata keçirilməsi Konvensiyanın standartlarından fərqlənən nəticələrə səbəb olmamalıdır. Bununla bağlı, hazırkı işdə olan kimi vəziyyət toxunulmuş sosial və maliyyə yükünün ədalətli bölünməsini tələb edir. Bir qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının necə əhəmiyyətli olmasından asılı olmadan bu yük konkret sosial qrupun və ya tək fərdi şəxsin üzərinə qoyula bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı Qərar (Şikayət № 19853/03) 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...42. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37).”. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli, 3587 nömrəli Sərəncam ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilmişdir. Həmin Proqramda işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, hazırkı işdə də cavabdehlərin iddiaçıya məxsus mənzildən çıxarılması onların dövlət tərəfindən mənzillə təmin olunub-olunmamasından asılı vəziyyətə qoyula bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulması müəyyən edildiyindən iddia əsaslıdır. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı uşaqları – X5, X6, X7 İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanından çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Mülki Prosessual Məcəllənin 217.4-cü madəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Məhkəmə xərcləri: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə görə, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclər qismində iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər dövlət rüsumu ödəməkdən azad edildiyindən iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı uşaqları – X5, X6, X7 İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanından çıxarılsınlar və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar