Məhkəmə qərarları › İş №2(001)-399/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-399/2023

06.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-399/2023 06.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Məlikov küçəsi 3 saylı evin 2 A saylı mənzili İddiaçı mülkiyyətindədir. Bakı şəhəri Rəsulzadə qəsəbəsi Məlikov küçəsi 3 saylı evin 2 A saylı mənzili cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz şəkildə zəbt edilmişdir. İddiaçı öz şəxsi mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilmir, cavabdehlərin təqsiri səbəbindən mənzilinə daxil ola bilmir. Tərəflərin ata mülkü olan mübahisəli mənzil onların arasında bölünmüşdür. Texniki pasportda da qeyd edildiyi kimi dəhlizin 9,9 m2 hissəsi, yaşayış otağının 10,5 m2 hissəsi İddiaçı mülkiyyətindədir. Mənzilin dəhlizi və sanitar qovşağı ümumi istifadədir. Lakin qeyd edilən hissələr cavabdehlər tərəfindən özbaşına zəbt edilmişdir. İddiaçı ilk əvvəl cavabdehlərə xx.xx.2022-ci il tarixdə pretenziya və xəbərdarlıq qaydasında rəsmi şəkildə müraciət etmiş və onlara mənzili boşaltmaları üçün 5 gün vaxt vermiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Cavabdehlər hələ də iddiaçıya məxsus mənzili zəbt edərək orada yaşayırlar. Cavabdehlər iddiaçıya mülkiyyətində olan mənzilə görə 15000-20000 manat pul təklif edirlər. İddiaçı şəhid oğluna görə verilən mənzildə yaşamaq məcburiyyətindədir. İddiaçı və onun həyat yoldaşı mənzilə görə cavabdehlərdən Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Məlikov küçəsi 3 saylı evin 2 A saylı mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, 1969-cu ildə onun əmisi İddiaçı hərbi xidmətdən qayıtdıqdan sonra həyat yoldaşı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Məlikov küçəsi 3 saylı evin 2 A saylı mənzilinə gəlmiş, arvadı və iki uşağı ilə birlikdə 1998-ci ilədək bu ünvanda yaşamışdır. İddiaçının arvadı Vera Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Məlikov küçəsi 3 saylı evin 2 A saylı mənzilinə görə ondan 3000 ABŞ dolları almış, 3 aydan sonra iddiaçı mənzili boşaltda da, lakin pulu almasını təsdiq edən sənədi və mənzilin qeydiyyat vəsiqəsini ona verməmişdir. O, Cavabdeh1 ilə birlikdə ümumi birgə mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Məlikov küçəsi 3 saylı evin 2 saylı mənzilində yaşayır. Onlar iddiaçının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Məlikov küçəsi 3 saylı evin 2A saylı mənzilini zəbt etməmişlər. Ona görə də İddiaçı mülkiyyətində olan mənzilinə köçüb yaşamasına etiraz etmir, lakin bu zaman iddiaçı ona məxsus torpaq sahəsindən istifadə etməməlidir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyib Cavabdeh1 izahatını təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM № 043323 seriyalı xx.xx.2000-ci il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Məlikov küçəsi 3 saylı evin 1 otaqdan ibarət sıxlaşdırılmış 2 A saylı mənzilinə dair İddiaçı mülkiyyət hüququ 1105 saylı reyestr kitabında 30/165938 nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Rəsulzadə qəsəbəsi Ə.Məlikov küçəsi 3 saylı evin 2 saylı mənzilinə dair ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziyaxəbərdarlıqdan müəyyən olunur ki, iddiaçı cavabdehlərdən mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Məlikov küçəsi 3 saylı evin 2 A saylı mənzilini boşaltmayacaqları təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdar etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Məlikov küçəsi 3 saylı evin 2 A saylı mənzilindən cavabdehlərin yaratdıqları manelər səbəbindən istifadə edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, mülkiyyətçi mülkiyyətində olan əmlaka qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etmək, bu cür hərəkətlər davam etdirildikdə isə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb etmək hüququna malik olduğundan iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Məlikov küçəsi 3 saylı evin 2 A saylı mənzilindən çıxarılsın. Cavabdeh1 dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulsun. Cavabdeh2 dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar