Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3992/2021 25.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi (həcminin azaldılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində pasport qeydiyyatında olan Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehlə nikah münasibətlərinə faktiki olaraq 2017-ci il tarixdən son qoymuşlar və həmin tarixdən etibarən birgə təsərrüfat aparmırlar. Aralarında bağlanmış nikah da 2020-ci ildə rəsmi qaydada pozulmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanı 04.11.2011-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 25.08.2016-cı il tarixdə qeydə alınmışdır. Bundan sonra cavabdeh həmin mənzilə köçərək, iddiaçı ilə birlikdə orada yaşamış və mənzilə pasport qeydiyyatına alınmışdır. Həmin nikahdan 10.10.2017-ci il tarixdə X2 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-375/2020 saylı, 31.01.2020-ci il tarixli Qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olmuş uşaq cavabdehin yanında saxlanlmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Hazırda iddiaçı cavabdehlə olan ailə münasibətlərinin 2017-ci ildə bitdiyini, həmin vaxtdan cavabdehin onunla yaşamadığını, valideynləri ilə qaldığını, nikahlarının da məhkəmə qaydasında pozulduğunu, cavabdehin həmin mənzildə olan pasport qeydiyyatının formal xarakter daşıdığını bildirir və onun mənzildən olan istifadə hüququna xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə, mübahisəli mənzilə dair iddiaçının mülkiyyət hüququnun 2011-ci ildə yaranmasını, cavabdehlə isə bundan sonra, yəni 2016-cı il tarixdə nikah bağlamasını nəzərə alıb, iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, ilk növbədə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıbyaranmaması, yarandığı təqdirdə isə bu hüquqa xitam verilməsi üçün hüquqi əsasın olubolmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindənsöhbət gedə bilməz. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli münasibətlər 2016-cı ildə yarandığından hazırki mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, qanunverici Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrində ailə üzvlərin (hazırki vəziyyətdə iddiaçının keçmiş həyat yoldaşı) yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün şəxsin mülkiyətçinin ailə üzvü olması və ailə üzvünün mülkiyyətçi ilə birgə yaşaması əsas şərt kimi göstərmişdir. Bu baxımdan cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ yaranmışdır. Belə ki, o, cavabdehlə nikaha daxil olduqdan sonra onun mülkiyyətində olan mübahisəli mənzilə köçmüş və həmin mənzildə onun ailə üzvü (arvadı) olaraq 11 iyun 2017-ci il tarixədək (nikahın pozulması barədə iddia ərizəsində və buna uyğun olaraq qeyd edilən qətnamədə bu barədə qeyd var) yaşamış və birgə təsərrüfat aparmışdır. Lakin 11 iyun 2017-ci il tarixdən həmin mənzili daimi əsaslarla tərk etmiş, bundan sonra tərəflər arasında bağlanmış nikah 2020-ci il tarixdə pozulmuş və bununla da onların ailə münasibətlərinə xitam verilmişdir. Ailə münasibətlərinə xitam verilərkən və bundan sonra cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılması ilə bağlı tərəflər arasında hər hansı razılaşma olmamışdır. Hazırda cavabdeh iddiaçının keçmiş ailə üzvüdür. Bu səbəbdən cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ saxlanıla bilməz və onun bu hüququna xitam verilməlidir. Məhkəmə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərini nəzərə alıb, onu da qeyd edir ki, cavabdehin 4 ilə yaxın müddətdir ki, mübahisəli mənzili daimi əsaslarla tərk etməsi belə qənaətə gəlməyə imkan verir ki, cavabdehin bu yaşayış sahəsinə olan eytiyacı aradan qalxmış, onun bu sahədən istifadə etməsinə hər baxımdan ehtiyacı yoxdur. Bu da öz növbəsində cavabdehin keçmiş ailə üzvü olaraq, iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən müəyyən müddətə istifadə hüququnun saxlanılmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3 saylı evin, ** saylı mənzilindən Cavabdeh istifadə hüququna xitam verilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3 saylı evin, ** saylı mənzilindən Cavabdeh istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-3992/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3992/2021
25.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver